Bakıda qaz problemi

İki gündür Bakının bir neçə rayonunda qazın kəsilməsi və ya təzyiqin azalması müşahidə olunur.
Bu barədə BBC Azərbaycancaya Bakı sakinləri bildiriblər.
Bakının Səbail, Qaradağ, Yasamal və bir neçə digər rayonlarında sakinlər qazın kəsilməsindən və ya təzyiqin azalmasından şikayətçidirlər.
"Hal-hazırda təbii qazın mövcudluğu ilə heç bir ciddi problem yoxdur. Havaların kəskin dəyişməsi ilə qaz kəmərlərində olan təzyiq aşağı enib", "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.
O, BBC Azərbaycancaya açıqlamasında havanın kəskin dəyişməsinə görə əhali arasında qaza tələbatın artdığını vurğulayıb.
İbrahim Kərbalayev "Azəriqaz" İstehsalat Birliyinin qaynar xəttinə də qaz kəsilməsi və ya təzyiqin azalması ilə bağlı şikayətlərin daxil olduğunu, amma bunun kütləvi xarakter daşımadığını söyləyib.
O əlavə edib ki, daxil olan müraciətlər əsasında tənzimləmə işlərinin aparılır.
İbrahim Kərbalayev deyib ki, sakinlərin təbii qaza artan tələbatını ödəmək üçün qaz verilişini artırıblar.







