Yasamalda “üzərində qumbara partlayan” şəxs ölüb, 4 polis yaralanıb, Müharibə iştirakçılarından “rüşvət alan vəzifəli şəxslər həbs olunub”

Şəklin mənbəyi, AZERTAG
Yasamalda "qumbara partlayışından" 1 mülki şəxs ölüb, 4 polis əməkdaşı yaralanıb, DTX: Vətən müharibəsi iştirakçılarından "rüşvət alan" vəzifəlilər saxlanılıb. İyulun 27-də Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə "Bakı Bəyannaməsi" imzalanıb, Təhsil Nazirliyi müəllimlərin işə qəbulu müsabiqəsində təkrar imtahan keçirməyə qərar verib, Azərbaycanın diaspor nümayəndələrinin Şuşa səfərində 24 ölkədən 72 nəfər iştirak edir - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Bu gün Bakıda bir nəfərin "üzərində qumbara partlaması" nəticəsində bir mülki şəxs ölüb, 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə "narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotiklərlə əlaqəli və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərovun" Bakının Yasamal rayonu ərazisində idarə etdiyi avtomaşın polis əməkdaşları tərəfindən saxlanılarkən baş verib, Baş Prokurorluğun və DİN-in birgə məlumatında deyilib.
Müseyib Ələsgərov "saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Bu zaman üzərində olan qumbara partlamışdır", rəsmi məlumatda qeyd olunub.
"Avtomaşında olan sərnişin, əvvəllər soyğunçuluq cinayətinə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Elman Qurbanov isə qaçarkən saxlanılıb. Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb", hüquq-mühafizə orqalarının açıqlamasında deyilib.
Avtomaşına baxış keçirilərkən əlavə silah-sursat aşkarlanıb, rəsmi məlumatda bildiririlib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Müseyib Ələsgərovun vəkilinin və ya yaxınlarının məsələ ilə bağlı reaksiyası bəlli deyil.
DTX: Vətən müharibəsi iştirakçılarından "rüşvət alan" vəzifəlilər saxlanılıb

Şəklin mənbəyi, AZERTAG
Dövlət Təhlükəsizliyi Xidməti İkinci Qarabağ müharibəsi iştirakçılarından rüşvət istəməyə görə iki vəzifəli şəxsi saxlayıb.
Qurumun məlumatına görə, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Vüsal Eyvazovun hospitalın digər əməkdaşı Hüseyn Ağayevin "vasitəsilə çoxsaylı hərbi qulluqçuların hər birindən onlara dövlət tərəfindən birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün Vətən müharibəsində aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində pul vəsaitlərini rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib".
Vüsal Eyvazov və Hüseyn Ağayevin hadisə ilə bağlı reaksiyası bəlli deyil.
DTX onların "cinayət başında yaxalandıqlarını" və məhkəmə qərarı ilə həbs edildiklərini bildirib.
Vüsal Eyvazov barəsində vəzifəli şəxs tərəfindən təkrar rüşvət alma və Hüseyn Ağayev təkrar rüşvət almada iştirakçılıq və digər maddələrlə ittiham olunublar.
Cinayət işi çərçivəsində araşdırma davam etdirilir, qurum bildirib.
Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə "Bakı Bəyannaməsi" imzalanıb

Şəklin mənbəyi, Alexander Hassenstein/ Getty
İyulun 27-də Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə "Bakı Bəyannaməsi" imzalanıb.
Bəyannaməni Azərbaycan parlamentinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər imzalayıblar, Azərtac yazır.
Sənədin üç ölkənin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsini, siyasi münasibətlərinin gücləndirilməsini və digər sahələri əhatə etdiyi bildirilir.
"Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə dostluğunu daha da möhkəmləndirdi. Bu görüşdə imzalanan Bakı Bəyannaməsi ölkələrimizin təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir", - Azərtac Mustafa Şentopa istinadən yazır.
Türkiyə Böyük Millət Məclisi sədrinin və Pakistan İslam Respublikasının Milli Assambleyası rəhbərinin başçılıq etdikləri nümayəndə heyətləri iyulun 26-dan Azərbaycanda səfərdədir.
Narazı müəllimlərə yenidən imtahan imkanı

Şəklin mənbəyi, Təhsil Nazirliyi
Müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində istifadə edilmiş bəzi suallar əvvəlki tarixlərdə verilmiş suallardan çətinlik dərəcəsinə görə fərqlənib, bu barədə Təhsil Nazirliyi bildirir.
Qurumun açıqlamasına görə, 12 iyul tarixində ibtidai sinif, 23 və 26 iyul tarixlərində Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə keçirilmiş seanslarda istifadə edilən test tapşırıqlarının bu fənlər üzrə digər tarixlərdə keçirilmiş seanslarda istifadə edilmiş test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqləndiyi müəyyən edilib," - nazirliyin məlumatında deyilir.
Təhsil Nazirliyi bu seanslarda texniki xüsusiyyətləri baxımından fərqlənən test tapşırıqlarına görə namizədlərə əlavə ballar, istəyən şəxslərə isə könüllülük prinsipi əsasında imtahanda təkrar iştirak etmək imkanı veriləcəyini bildirib.
Xarici ölkələrdə yaşayan bir qrup azərbaycanlı Şuşaya gedir

Şəklin mənbəyi, MOD.GOV.AZ
Azərbaycanda olan diaspor nümayəndələri Şuşaya yola düşüb, Diasporla İş üzrə Dövlət Komitəsinin sözçüsü Vəsilə Vahidqızı bildirib.
Səfərin məqsədi diaspor nümayəndlərinə Şuşanı yaxından tanıtmaq, onun tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və aparılan quruculuq işləri barədə məlumat verməkdir, o deyib.
Vəsilə Vahidqızının sözlərinə görə, diaspor nümayəndələri Şuşa şəhərinin Bazarbaşı meydanını, Cıdır düzünü, "güllələnmiş heykəllər"-in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşudbanu Natəvanın evini, "Xan qızı" bulağını, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər mühüm yerləri ziyarət edəcəklər.
Komitə nümayəndəsi bir günlük səfərdə 24 ölkədən 72 nəfərin iştirak etdiyini bildirib.
1992-ci il mayın 8-dən işğal altında olan Şuşa ötən il noyabrın 8-də, 44 gün çəkmiş İkinci Qarabağ müharibəsinin son günlərində azad edilib. Şuşanın azad edildiyi gün Azərbaycanda Zəfər bayramı kimi rəsmiləşdirilib.
Azərbaycan Prezidentinin sərəncamı ilə Şuşa mayın 7-də ölkənin mədəniyyət paytaxtı elan edilib və parlamentdə şəhərin tarixinin, arxitekturasının qorunması üçün Şuşa ilə bağlı ayrıca qanun qəbul edilib.









