Azərbaycan müəlliminin hekayəsi: "Məktəbdə məni yalnız uşaqlarla işləmək saxlayır, bütün digər işlər məni məhv edir"

müəllim
    • Müəllif, Vəfa Zeynalova
    • Vəzifə, Həyat hekayələri, BBC News Azərbaycanca üçün

... Evinə binanın adi girişindən yox, arxa tərəfdən girirəm - eyvan tərəfdən qapı açılıb, dəmir nərdivan evin içinə aparır. Kiçik məkanın heç dəhlizi də yoxdur, mətbəxi isə otağın içindədir. İç-içə otaqlardan biri yataq otağıdır.

Divar kağızları solub, bəzi yerlərdə nəmişlikdən çırılıb. "Soruşursan, müəllim necə yaşayır? Bax, gör, beləcə", - gülümsəyir.

47 yaşlı Təranə ömrünün 28 ilini müəllimliyə həsr edib. "Ailəm sadədir, atam fəhlə idi, əlindən hər bir iş gəlirdi, anam da məktəbdə işləyirdi, amma ali təhsili yox idi.

8-ci sinifdən məktəbdən çıxıb (yeri gəlmişkən, gücnən çıxa bildim, əlaçı idim, buraxmaq istəmirdilər) Sabir adına Pedaqoji Peşə Məktəbinə qəbul olundum. İstəyirdim ki, tezliklə işləyim, pul qazanım. Bizim ailədə rollar dəyişmişdi: qardaşımın başına dolanırdılar, evin şahzadəsi o idi, mənim isə kişi xasiyyətim var idi.

Hələ uşaq bağçasına gedərkən müəllimliyi xoşlayırdım. Məktəbdə də 7-8-ci siniflərdə müəllimlər iclasa gedəndə onları əvəz edirdim. Kitab oxumağı da çox sevirdim.

Peşə məktəbində dörd il oxudum, ötən əsrin 90-cı illərində oranı bitirdim. Sovet dağılmaq üzrə idi, Qarabağ hadisələri isə yeni başlanırdı. O zaman gənc müəllimləri işləmək üçün rayonlara göndərirdilər. Bizi isə bu hadisələrlə əlaqədar şəhərdə saxladılar, hərbi vəziyyətə görə isə elə evin yanındakı məktəbə yönəltdilər.

O zaman bir çox müəllim ölkəni tərk edib gedirdi: ruslar, yəhudilər, ermənilər. Buna görə də müəllim qıtlığı var idi. İki növbə işləyirdim. Hələ işdən sonra şagird hazırlayırdım, o zaman anamdan çox qazanırdım.

"İndiki uşaqlar…"

İbtidai sinif müəlliməsi işləyirəm. O vaxtkı uşaqlar indikilərdən fərqli olaraq, daha itaətli, sözəbaxan idi, intizama riayət edirdilər. İndiki uşaqlara söz demək olmur.

İşləməyə başlayanda çox gənc idim, iki sinif verdilər.

Uşaqlar üçün testləri özüm tərtib edirəm. Çünki uşaqdan-uşağa, sinifdən-sinfə fərq var.

"Şagird səliqəli geyinəndə…"

...İndi dəyərlər də dəyişilib. Əvvəllər sadə libasla işə gedə bilirdin, indisə səni başdan-ayağa süzürlər: necə geyinib, dəbə uyğundurmu, zövqlüdürmü… Uşağı oxutmaq üçün yaxşı qazancın olmalıdır ki, onu müəllimlə, əlavə kurslarla təmin edə biləsən. Yaxşı ki, şagirdlər artıq məktəbli forması geyinirlər, bir ara yox idi axı bu. Heç olmasa indi uşaqlar geyimdə fərqlənmirlər.

Amma bir etiraf edim, şagirdlər səliqəli görünəndə, geyimini zövqlü aksessuarla zənginləşdirəndə sevinirəm, məsələn, qız uşağı hörüklərini rəngli bantla bəzəyəndə xoş söz deyirəm. Düşünürəm ki, uşaqlarda gözəllik hissi gənc yaşlarından formalaşmalıdır.

"Xəbərçilik heç yaxşı xüsusiyyət deyil!"

Müşahidə edirəm ki, xəbərçilik edən şagirdlər çoxalıb. Söhbət ona qarşı hər hansı təzyiq, təhdid barədə xəbər verməkdən getmir, əksinə, belə hallarla üzləşəndə mütləq müəlliminə, valideyninə xəbər verməlidir. Yaxşı müəllim sinifdə bütün "nasazlıqları" hiss etməlidir.

Amma gəlib özünə aid olmayan məlumatları deməyi xəbərçilik sayıram. Məsələn, "filankəs filankəsə nəsə etdi" deyirlər. Onda cavab verirəm ki, "xəbərçilik heç yaxşı xüsusiyyət deyil!"

"Deyir, anam icazə vermir, qələmimi kiməsə verim"

Bəzən uşaqlarda xəsisliyə rast gəlirəm. Məsələn, deyirəm: "Filankəsin qələmi evdə qalıb, kimdə artıq qələm var?" Biri qayıdır: "Mənim varımdır, amma anam icazə vermir verməyə, deyir ki, sonra geri qayıtmaz". Deyirəm: "Heç olmasa, bunu demə". Anasına da yaxınlaşıb deyirəm: "Qələmə heyfiniz gəlirsə, onda heç qoymayın. Sizin uşaq da həmin vəziyyətə düşə bilər və heç kəs öz qələmini onunla paylaşmaz. Siz isə iyirmi qəpiklik qələm üstündə uşağınızda xəsislik formalaşdırırsız".

Məsələn, olub ki, uşaq məktəbə yeməksiz gəlib, anası tələsib, ya unudub, qoymayıb. Onda şagird gəlir yanıma ki, müəllimə, acımışam, yeməyim yoxdur. Deyirəm: "Uşaqlar! Dostunuzun yeməyi yoxdur, kim bölüşə bilər?" Əvvəllər çəkinirdilər, indi isə həvəslə bölüşürlər.

"Hədiyyəni kim xoşlamır?"

Bəzən bayramlarda hədiyyə gətirirlər. Bir dolab ətrim var. Deyirəm: "Mənim üçün ən yaxşı hədiyyə sənin yaxşı oxumağındır". Və ya açıqça hazırlayırlar. Evim açıqçalarla dolu idi, sadəcə nəmişliyə görə çoxu çürüdü. Amma hamısı yadımdadır.

Gizlətmirəm, hədiyyə almaq xoşdur. Həm də ki, valideynlər bununla zəhmətinə qiymət verir. Amma elə müəllimlər də olur ki, qiymət müəyyənləşdirirlər: "Əlli manatdan az atışmayın!". Valideynlər şikayət edəndə də deyir, verməsən, uşağına fəqli münasibət olacaq.

Uşaqlara qrup işi maraqlıdır, amma bunu şagirdlərin sayı az olan məktəblərdə tətbiq etmək daha uyğundur. Sinifdə qırx üç nəfər olanda yeni materialın öyrənilməsi qrup şəklində mümkün deyil.

müəllim

"Axı siz yaddaşın işləməsinə heç imkan vermirsiniz!"

Sinfimdə çox uşaq olub. Onların öhdəsindən gəlmişəm, bu, yalnız ciddi intizam ilə mümkündür. Düzdür, indi deyirlər ki, uşaqlara azadlıq vermək lazımdır, istəyəndə ayağa qalxıb sinifdə gəzə də bilərlər. Amma buna icazə versəm, uşaqlar sözümə heç baxmayacaqlar.

Hə, indi uşaqlar hazırlıqdan gəlirlər, amma bilikləri çox azdır. Rus bölməsində təxminən rusca kəlmə də kəsəmməyən 10 uşaq var. Axı bunlarla qrup işini necə təşkil etmək olar? Əvvəllər yeni materialı keçəndə təkrara da vaxt verilirdi, indi isə yeni mövzular aşıb-daşır, çatdırmaq olmur.

Düzdür, müəllim öz mülahizəsinə əsasən bir mövzunu bir yox, iki dərs ərzində keçə bilər. Amma bu arzuolunmazıdır. Məcbur oluram, idman, əmək (texnologiya) dərsindən kəsib öz dərslərimi uzadım. Yeni sistemin nəticəsi odur ki, sinifdə beş-altı nəfər ümumiyyətlə üzündən oxuya bilmir.

Təsəvvür edin, əvvəllər, doxsanıncı illərdə əlifbanı may ayında bitirirdik, indi isə yanvarda. Deyirlər, uşaqların yaddaşı pisdir. Axı siz yaddaşın işləməsinə heç imkan vermirsiniz.

Bir çox məktəblərdə siniflərdə elektron lövhələr quraşdırılıb. Onlarla işləmək həm müəllim, həm şagirdlər üçün geniş imkanlar açır.

Hər bir müəllim uşaqları özünə görə tərbiyə edir. Elə olur ki, müəllim uşaqlarla valideyndən daha çox vaxt keçirir, daha çox ünsiyyətdə olur. Bəs müəllimin özünün kifayət qədər savadı yoxdursa, müəllim kitab oxumursa, özünü inkişaf etmirsə, o, uşaqlara nə bilik, nə tərbiyə verəcək?

"Prezidentin ad günündən tutmuş İranla sərhəddə qədər sual eşidə bilərsən"

İndi Təhsil Nazirliyi gənc, institutu bitirmiş kadrları işə qəbul edərkən imtahan təşkil edir. Bakı şəhəri üzrə fənn biliklərinə görə 60 baldan 48 bal yığmaq kifayətdir. Amma imtahandan sonra müsahibə də var. Prezidentin ad günündən tutmuş İranla sərhədə qədər sual verirlər.

Məsələn, İranla sərhədimiz neçə kilometr təşkil edir? Hansı ölkələrlə əməkdaşlıq haqqında müqavilələr bağlanıb? Uşaq haqları üzrə Konvensiyaya neçənci ildə qoşulmuşuq? Fənn biliklərin əla olsa da, bu suallara cavab verməsən, çətin keçərsən.

Sentyabr gələndə həmin "kəsilən" müəllimlərə zəng gəlir: "Filan məktəbə işə çıxın!" - kadr çatışmır axı. Amma onları da müqavilə əsasında işə götürürlər, daimi yox. Bu, niyə pisdir? Yay və ya digər tətillər ödənişsizdir - özünə həmin vaxt iş tapmadın, acından öl. Müqavilə bir ilə bağlanır, direktor özü qərar verir, müqavilənin müddətini uzatsın, ya yox.

"Elə bilirlər, biz varlanmışıq"

Təhsilim ali deyil, orta peşə təhsilidir, buna görə də maaşım digər, ali təhsilli müəllimlərdən qat-qat aşağıdır, halbuki, biliyim,təcrübəm onlarınkından az deyil və bütün attestasiya və imtahanlarda da əla qiymət almışam. Elə müəllim var, attestasiya imtahanlarında heç iyirmi bal da yığmayıb, amma təhsili ali olduğuna görə də maaşı çoxdur.

Yeri gəlmişkən, adamlar müəllimlərin maaşının artdığını eşidəndə düşünürlər ki, biz "varlanmışıq". Əslində maaş yox, tarif artırılır. Və ümumilikdə bu, cəmi otuz manat təşkil edə bilər. Qazancım dərslər və məktəbəqədər hazırlıq daxil olmaqla 600 manatdır.

Çalışıram uşaqları elə öyrədim ki, ikinci sinifdən ev tapşırıqlarını özləri hazırlasınlar. Çətin tapşırıq vermirəm, çətinləri sinifdə edirik. Bəzi müəllimlər əksinə edir. İkinci sinif şagirdi gündəliyini özü doldura bilər. Bu, məsuliyyət hissini formalaşdırır. İndi uşaqlara həddindən artıq qayğı göstərirlər, uşaqlar nə qələmi, nə qayçını əllərində tutmağı bacarırlar.

"Bizim də təkliflərimizi soruşurlar"

...Yeni sistemin, dərsliklərin ən böyük uğursuzluğu - dərslərin təkrarına, verilən biliklərin möhkəmləndirilməməsinə imkanın olmamasıdır. Hərçənd Təhsil Nazirliyi sorğular aparır, bizim təkliflərimizi dinləyir. Müəllimlərin təkmilləşdirilməsi üçün kurslar təşkil edir və sizə deyim, kurslar çox faydalıdır, yeni biliklər əldə etmişəm.

Məsələn, "active inspire" - interaktiv lövhə üçün proqram təminatının öyrənilməsinə cəmi dörd gün ayrılmışdı. Bu yaşda bu, mənə qorxulu gəlirdi: internetdən, kompüterdən anlayışım çox az idi.

Üç gün ərzində proqramı öyrənmək, sonra isə onun əsasında dərsin layihəsini qurmalıydıq. Gecə yatmadım, oğlumdan kömək istədim, amma layihəni hazırladım. Gərək əvvəlcə kompüter üzrə təlim keçəsən, bu yaxınlarda kompüterdə işləməyi də öyrəndim.

Bütün bu təlimlər pulsuz təşkil edilsə də, bəzi müəllimlər onlardan imtina edir, çünki tələbələrini itirmək istəmirlər - axı təlim müddəti işləmirsən. İmtina etməyə haqları var, amma sertifikat tələb oluancaq axı. Onda pullu kurs keçməyə məcbur qalacaqsan.

Bəzən həmkarlarım irad tuturlar ki, bu yeni alətləri, elektron lövhələri neyləyirsən? Deyirəm ki, uşaq məlumatın 50 faizini göz ilə qəbul edir. İndiki uşaqları isə təəccübləndirmək, maraqlandırmaq çox çətindir və buna görə də bu alətlərdən istifadə etmək lazımdır ki, dərsə maraqları soyumasın. Axı biri var, sənə ağ lövhədə yazırlar, biri də var ki, animasiya ilə məlumatı çatdırırlar.

"Bəziləri öz üzərində işləməyi sevmir"

Bəzi müəllimlər bütün bunları öyrənməyə tənbəllik edirlər. Həm yorulurlar, həm də tələbə hazırlığından qazanc itirmək istəmirlər. Deyirəm, axı sən müəllimsən! Öz üzərində işləməyəcəksənsə, müəllimliyə də getmə! Adamlar tanıyıram, müəllimliyi bitirib, amma ixtisası üzrə işləmir, deyir "uşaqları sevmirəm". Diplomu isə tək bəzək üçün alıb. Müəllimlik isə çox ağır və mürəkkəb işdir.

Valideynlərə tövsiyyə etmək istəyirəm ki, dərsləri uşaqla birlikdə etməyin, sadəcə, nəzarət edin. O zaman uşaq özü ev tapşırıqlarını hazırlamağa meylli olacaq.

... Müəllim öz uşaqlarını sevməyə bilməz. Hamını eyni dərəcədə sevirəm, heç kəsi seçmirəm, necə ki, ana bütün övladlarını sevir. Amma həmişə onlara deyirəm: "Sizi sevirəm, amma öz üzərində işləməyə bacaran şagirdə həm də hörmət edirəm".

müəllim

"Mən, sadəcə, Faiq müəlliməm"

Məktəblərin birində tarixdən dərs deyən Faiq müəllim ondan müsahibə götürmək istəyimə təəccüblənir, "qeyri-ado nə iş görürəm ki, sizə də müsahibə verim" deyir. Əlavə edir ki, sadəcə, ona zövq verən işini görür.

"Onda demək olarmı ki, siz "sadəcə öz işimi görürəm" deməklə mövcud tədris sistemi ilə razısınız?" soruşuram.

"Xeyr, işimi özüməməxsus qurmuşam. Məsələn, tapşırıq şagird qrupu üçün nəzərdə tutulur. Amma ibtidai siniflərdən yenicə çıxan bu uşaqlar hələ kollektiv işə hazır deyil. Faktiki olaraq, qrup şəklində yalnız bir-iki nəfər işləyir, digərləri isə sadəcə oturub öz qiymətlərini alır. Bu, ədalətsizlikdir. Amma mən material çərçivəsində şagirdlərdə tənqidi düşüncəni formalaşdırmağa çalışıram.

"Uşaqlar qərəzsiz düşünməyi bacarmalıdırlar"

Digər dərslikləri deyə bilmərəm, amma tarix fənni üzrə dərsliklər rus dilinə Azərbaycan dilindən tərcümə olunur. Və tərcümə zamanı redaktə olunmur. Bu proses zamanı da anlaşılmazlıqlar qaçırılmazdır. Uşaqlar belə qəbul etməyə öyrəşiblər: söhbət slavyanlardan, xristianlardan gedirsə, onlar mütləq işğalçıdır.

Teymurləng, Çingiz xandan danışanda isə, onlar digər ölkələri fəth ediblər, insanları öldürərkən qəhrəmandırlar, çünki müsəlmandırlar. Mən uşaqların diqqətini hər zaman bu uyğunsuzluqlara cəlb edirəm ki, qərəzsiz düşünməyi öyrənsinlər.

Çalışıram ki, uşaqlara stimul verim. Məsələn, kiçik summativ qiymətləndirmədə testlərdə açıq suallar olur, yəni ki, bir suala bir neçə cavab ola bilər, məsələn, a, b, c. Bunlardan yalnız "a, b" yazsan, səhv hesab olunur. Amma mən çalışıram uşaqları ruhlandırım, təki oxusunlar, cavab versinlər.

"Oplimpiadada qalib olmağım məni həvəsləndirdi"

Məktəbdə ikən tarixi çox sevirdim. Yuxarı sinifdə tarix üzrə olimpiadada qalib gəldim. Bu, mənə stimul oldu. Mükəmməl müəllimim var idi, normal dərslik olmadan bizə gözəl bilik verməyi bacarırdı.

İnstitutdasa bizi xarizması, yüksək biliyi ilə bizi cəlb edən müəllimlər yox idi. Amma dördüncü kursda bir müəllimimiz oldu: Bahadur müəllim, o, sözün əsl mənasında müəllim idi. İşə başlayanda onu ustad kimi qəbul edirdim, ilk illəri özümü ona bənzədirdim: dərsə necə başlayır, davranışı...

2000-ci illərin əvvəlində Bakının yaxınlığındakı qəsəbədəki məktəbə düzəldim.

Tarix fənni üzrə rus bölməsində müəllim heç yox idi. Tarix dərsini ya bioloq, ya coğrafiya müəllimi, ya da ki Azərbaycan bölməsinin müəllimləri deyirdi. Bir müddət tarix üzrə bir siyasətçi də dərs deyirdi, amma ixtisaslı tarix müəllimi yox idi.

İlk gün həyacanlıydım, beynimdə ssenari vardı: sinfə ilk girdiyimdə nə deyəcəm, necə davranacam. Amma nəzərdə tutduğum kimi olmadı.

"Qar sinfin yarı qırıq pəncərəsindən içəri yağırdı"

Onu deyim, məktəb təmirsiziydi, heç bir şəraiti yoxuydu. Sinifdə belə pəncərənin yarısı yoxuydu, qışda qar içəri yağırdı. Belə şəraitdə dərs keçmək mümkün deyildi. Hərdən uşaqları bufetə aparıb, çay alırdım, elə dərsi də orada keçirdim.

Uşaqların ürəklərini ələ almağın öz sirləri var. Müəllimin yumor hissi olsa, yaxşıdır. Həm də ki, uşaqların dilində, onların səviyyəsində danışmağı bacarmaq lazımdır. Elə olur ki, mənə çətin sinif düşür. Doqquzuncu sinifdə oğlan var idi, dərsə daxil olanda başını parta üzərinə qoyub, "Darıxıram, yuxum gəlir", deyirdi. Amma baxıram, sonradan dəyişirlər. Demərəm ki, hamı əlaçı olur, amma ünsiyyətimiz yaranır.

"Ayrıca Qarabağ dərsi nəyə lazımdır?

Tarix dərsindən əlavə Qarabağ tarixi fənnini də daxil ediblər. Amma fakültativ şəkildə, yəni, bu dərsə görə qiymət qoyulmur. Buna görə də uşaqların oxumağa heç həvəsi olmur. Yeddinci dərsə düşəndə, dərsdən qaçırdılar. Əslində, bu dərsin əhəmiyyətini mən də dərk etmirəm.

Nəyə görə Qarabağın tarixi ayrı öyrənilir? Gəlin onda Şirvanın, Aranın tarixini də ayrı öyrənək. Özü də ki, bu tarix ibtidai icma quruluşundan başlayır, bu isə Azərbaycan tarixindəki verilən məlumatla üst-üstə düşür. Həm də ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, nəyə görə onun tarixini ayrı öyrənməliyik?

məktəb

"Təkamül nəzəriyyəsinə çoxu inanmır"

Əqidəmə görə bəzi müəllimlər mənimlə danışmırlar. Təsəvvür edin, nəinki şagirdlər, hətta müəllimlər təkamül nəzəriyyəsinə inanmırlar. Direktorumuz biologiya müəllimidir, deyir: "İnsanlar meymundan əmələ gəlibsə, nəyə görə indi meymun insana dönmür?". Bu uşaqlar belə mövqeləri müəllimlərdən, valideynlərdən, televiziyadan eşidir, mənim dediklərimsə dənizdə bir damladır.

Amma hərdən-bir dini əqidəyə də müraciət etməli oluram. Bir şagirdim var idi, demişdi: "Bütün erməni xalqını parça-parça edib məhv etmək lazımdır!". Dedim: "Axı sən inanclısan. Bəs Allah buyurub ki, bütün xalqlar eynidir və bütün insanlar bərabərdir? Necə olur ki, hamını məhv etmək istəyirsən?" Görürəm ki, düşündü.

"Sinif rəhbərliyinə cəmi 45 manat verirlər"

Sinif rəhbərliyini bir tərəfdən istəyirəm, digər tərəfdən bundan qaçıram. Qaçıram ona görə ki, bürokratiya çoxdur. Tənəffüsdə boş vaxtın yoxdur, gərək jurnalı doldurasan, gündəlikləri yoxlayasan. İdeal şəraitdə bunlar üçün əlavə katib olmalıdır. Sinif rəhbərliyinə görə ödənilən əlavə pul 45 manat təşkil edir, amma məncə, bu zəhmətə dəyməz.

Uşaqlar gəlmədikdə, bu, sinif rəhbərinin səhvi, səhlənkarlığı sayılır. Mən isə uşaqlarla daha çox ünsiyyətdə olmaq, onlarla boş vaxtda teatra, muzeyə, gəzintiyə çıxmaq istəyərdim. Amma buna da imkanım yoxdur; yuxarı siniflərin əylənməyə vaxtları olmur, o qədər hazırlığa gedirlər ki, dərsdə belə yatırlar, aşağı sinifləri isə mənimlə buraxmazlar, axı sinif rəhbərləri deyiləm.

Əvvəllər uşaqlarla əlavə dərs keçirdim, indi isə keçmirəm. Devalvasiyadan sonra əlavə məşğul olan uşaqların sayı kəskin azaldı. Həm də ki, digər müəllimlər şagirdləri artıq "bölüşdürüblər". Onların sinfindəki şagird başqa müəllimin yanına gedirsə, onu sıxışdırmağa, qiymətini aşağı salmağa başlayırlar.

"Bir şagirdim vardı..."

... Bir şagirdim var idi. Onunla həqiqətən fəxr edirəm. Çox savadlı qız idi, gözəl düşüncəsi varıydı, ona öyrətdiyim tənqidi düşüncəni, əqidəni tam mənada mənimsəmişdir. Rusiyada nüfuzlu ali məktəbə qəbul olmuşdur, atası isə getməyə icazə vermədi ki, qızım Rusiyada nə gəzir,xarici ölkə onu lap xarab edər.

Dedim, mütləq imkan tapıb gedib təhsilini davam etdirəsən, lazım olsa, atanla da danışaram. Bəxti gətirdi ki, əmisi Moskvada yaşayırdı. Getdi orda təhsil aldı, bitirdikdən sonra İspaniyada oxudu, ondan sonra Norveçə getdi, indi BMT-nin ofisində çalışır.

Əhvalım aşağı olanda onun uğurlarını xatırlayıram və bu, məni ilhamlandırır. Hərdən mənə sosial şəbəkədə yazır: "Həyatımda siz olmasaydınız..." Amma onun daxilində böyük bir qüvvə var idi, sadəcə mən buna yön verdim".

Əslində qarşıma belə bir məqsəd qoymuram ki, bütün şagirdlərim xaricdə oxusun. Onları düşünməyi, təhlil etməyi bacaran, tolerant, dünya ilə maraqlanan bir təfəkkür sahibi kimi böyüdə bilsəm, öz missiyamı heç olmasa qismən yerinə yetirilmiş hiss edərəm.

məktəb

Şəklin mənbəyi, bakuoxfordschool

"Təzə örtüklü köhnə məzmun"

Dərsliklərə gəldikdəsə, bəziləri sovet vaxtındakıdır, yəni, təzə örtüklü köhnə məzmundur: eyni düşmənçilik dili qalıb, sadəcə mənbələr, istiqamətləndirici suallar əlavə olunub. İndi eyni doqmatik fikri uşağın beyninə direktiv yolla yox, manipulyasiya yolu ilə yeridirlər. Deyirlər ki, şagird tədqiqat aparmalıdır. Amma sinifdə uşaqların sayı az olsaydı, kurrikulum sistemi işləyərdi.

Hesabatların sayı artıb, bürokratiya işimizi çətinləşdirir. Daimi keçirilən kiçik summativ qiymətləndirmələr iki gündən bir keçirilərək hamını mənəvi məhv edir.

Devalvasiyadan əvvəl qazancım pis deyildi, maaşım az olsa da, tələbələrim var idi. Heç olmasa, tətildə rayona getmək üçün bir məbləğ ayıra bilirdim. İndi heç bu da alınmır. Maaş artsa da (indi "şatat yarım"a 540 manat alıram) əlavə hazırlaşmaq üçün tələbə yoxdur.

"Kurs daha ucuzdur"

Uşaqların çoxu hazırlıq kurslarına gedirlər. Burda həm qiymət münasibdir, həm də lazımi fənnlər hamısı bir yerdə yerləşir. Orda dərsləri adi məktəb müəllimləri deyirlər. Elə müəllimlər var ki, məktəbi atıb tamamilə kursa keçir. Düzdür, dövlət qurumu olmadığına görə, staj hesablanmır.

Yuxarı siniflərin şagirdlərinin çoxu kursa, müəllim yanına gedir deyə bəzən heç dərsə də gələ bilmirlər. Olur ki, direktor buna göz yumur, axı ali məktəbə nə qədər çox şagird qəbul olsa, məktəbin nüfuzu da artar.

Kişi müəllimə nə hədiyyə etmək olar?

Mənə nərd, hindli maskası, parfümeriya dəsti, kitab hədiyyə ediblər. Adətən müəllimlər gününə, çox nadir hallarda 23 fevralda hədiyyə edirlər. Mən hədiyyə heç vaxt götürmürəm, geri qaytarıram.

Düzdür, yenə də gətirirlər, kimsə bilmir ki, götürmürəm, kimsə düşünür ki, bu dəfə qəbul edərəm. Uşaqlar bir gəzinti təşkil edib məni də dəvət etsələr, bu, mənə böyük hədiyyə olar.

Kişi müəllim olmaq nə deməkdir?

Uşağa əl qaldırmağın da əleyhinəyəm. Düzdür, bəzən o həddə çatdırırlar ki, güclə özümü saxlayıram. Dərs boyu ayaq üstə dayanıb danışıram. Uşaqlarla daimi ünsiyyətdə olmağa çalışıram. Onlar isə baxırsan, dinləmir, öz işləri ilə məşğuldurlar. Onda diqqəti cəlb etmək üçün yaxınlaşıram, əlimi çiyininə qoyuram, vəssalam.

Bir dəfə bir şagirdi vurmuşam. Təsadüfən oldu, istəmirdim. O vaxt altıncı sinifdə idi, mənim cəmi otuz yaşım var idi. Təbii ki, indi belə bir hərəkət etmərəm.

Sinfə girəndə gördüm ki, bir şagird başqasını, özündən daha kiçik və zəifi təpik altına salıb. Qəzəbləndim, o kiçiyi müdafiə etmək istəyirdim. Yaxınlaşdım, yalandan əlimi qaldırdım ki, güya vurmaq istəyirəm. Amma bu zaman oğlan mənə doğru çevrildi, əlim yanağına toxundu. Dedim: "Valideynlərinə danışarsan ki, səni vurmuşam və deyərsən, nəyə görə". Amma valideynlərdən səs-səmir çıxmadı.

Şagirdin qarşısında həmişə üzr istəməyə hazıram, onlar bunu qiymətləndirirlər. Öz nüfuzunu itirməkdən qorxmuram. Əvvəllər onların sevgisini qazanmağa can atırdım, indi isə başa düşürəm ki, bu, düzgün deyil, uşaqlar bunu zəiflik kimi qəbul edir.

Gender və seks

Elə yerdə işləyirəm ki, orada uşaqların çoxu dini ailələrdən gəlir və təbii ki, seksual mövzuları müzakirə edə bilmirəm. Amma gender mövzularını digər mövzuların içində müzakirə etməyə çalışıram.

Məsələn, bu yaxınlarda dərsdə bir mövzunu müzakirə edirdik. Birinci Dünya müharibəsi zamanı, 1916-cı ildə Bakıda qadın qiyamı olub; uşaqlarının acından qırıldığına dözməyən qadınlar küçələrə çıxıbmış.

Evdə ölümlə küçədə ölümün arasında fərq olmayanda elə olur. Bu qiyamı boğmaq üçün Şimali Qafqazdan ordu çağrılmışdır və qadınları öldürmüşdülər.

Bir oğlan qalxıb dedi: "Öldürüblər, əcəb ediblər! Qadınların küçədə nə işi var?" Halbuki oğlan, məsələn, qadınların işləməsinə etiraz etmirdi, amma küçəyə çıxıb haqq tələb etmək onun mövqeyincə heç qadın işi deyildi. Dedim, təsəvvür et ki, sənin uşağın acından ölür, məgər əlindən gələni etməzsənmi? Bəs sənin anan onların yerində olsaydı?.. Qalan cavabı oğlanın sözlərinə qəzəblənən qızlar verdi və haqlarını ona sübut etdi.

Təəsüf ki, "İnsan və cəmiyyət" fənnini ləğv etdilər, amma mən dərslərimdə təkcə çarlardan, sərkərdələrdən, müharibələrdən yox, o zamanın həyatı, məişəti haqqında da danışmağa çalışıram. Dərsliklərdə müəlliflər bizim görkəmli maarifçilərimiz Mirzə Fətəli Axundovun, Cəlil Məmmədquluzadənin dünyagörüşü əqidələrindən yan keçirlər və manipulyasiyalara yol verirlər.

İşdə motivasiya - bunu hardan tapmalı

Uzun illər avqust gələndə artıq məktəb üçün darıxmağa başlayırdım; indi isə sentyabrda özümü güclə motivasiya edirəm. Məktəbdə məni yalnız uşaqlarla işləmək saxlayır, bütün digər işlər məni məhv edir.

Hərdən bir xaricdə keçirilən təlim və konfranslarda iştirak etməyə çalışıram. Təəsüf ki, bütün tədbirlərə öz hesabıma gedirəm, həm də ki, o zaman maaşımdan azı 50 manat kəsilir.

Amma dəyər; orada yeni insanlarla tanış oluram, nəsə öyrənirəm, sonra isə pyrəndiklərimi işimdə tətbiq edirəm. Kitab oxuyuram. Hərdən xaricdə oxuyan tələbələrimi xatirlayıram, bu da mənə qüvvə verir".