Xərçəng qorxusu: Bir insanın xəstəlikdən əriyib getməsini görəndə mən inancımı da itirirdim

Gunel

Şəklin mənbəyi, Gunel

    • Müəllif, Vəfa Zeynalovadan həyat hekayələri
    • Vəzifə, Bakıdan, BBC Azərbaycanca üçün

Əvvəlcə onun Facebook-dakı statusu diqqətimi cəlb etdi: "...xərçəngdən şübhələnib əməliyyata alındım" - yazırdı.

O, çox gözəldir; sifəti qısa saçlarının çərçivəsində nur saçır. Hətta həyatının ən ağır dəqiqələrini xatırlayarkən o, gülümsəyir.

Oxumaq niyyəti ilə Günel Almaniyanın ən gözəl mənzərəli şəhərlərindən biri olan Münhenə gedir.

"Əslində xoşum gəlmədi oralardan, - deyir, - heç fəsil yoxdur, səhər pəncərəni açırsan - yağış, günorta açırsan - qar. Dərslərim axşam saat 6-da başlayırdı. Adamların işdən evə qayıdan vaxtı mən dərsə gedirdim. Yağışın, küləyin altında... Orada evdən heç kəs çətirsiz çıxmır. Səbirsizliklə yayı gözləyirdim, isti paltarlarımı qutuya yığdım ki, daha lazım olmaz. Amma yay heç olmadı....

Bir neçə aydan sonra səhhətim məni narahat etməyə başladı, tez yorulurdum. Düşünürdüm ki, bu stress, ümumi yorğunluq, Günəş işığının olmamasına görədir.

Almaniyada həkim qəbuluna bir neçə ay öncədən yazılmalısan. Ona görə mən Təcili Tibbi Xidmətə müraciət etdim. Yaxşı ki, sığortam var idi. Almaniyaya təqaüd əsasında getmişdim, amma tələbələrın çoxu sığorta pulunu özləri ödəyir. Ayda 85 avrodur, buna görə hamı bunu ala bilir. Bu, insana bir güvən, rahatlıq hissi verir ki, səhhətinlə bağlı bir fəsad olarsa, sənə istənilən halda yardım göstəriləcək.

Təcili tibbi yardımdakı həkim çox rahatlıqla mənə dedi: "Mən səndə kista görürəm, o, əməliyyat olunmalıdır. Bəli, sən deyirsən ki, nəslinizdə heç kəs xəstə olmayıb, amma mən həkiməm və törəmə görürəm. Bu törəmə bədxassəli olsa müalicələrsiz, əməliyyatsız təxmini 1-1.5 il yaşama imkanı olur pasientlərin. "

Təbii ki, ilk anda şok yaşadım. Belə xəbər eşidəndə, insan sanki reallıqdan qaçmaq istəyir. Dedim ki, qayıdım öz ölkəmə, əməliyyatı orada edim, valideynlərim başqa şəhərdədir, onlarsız əməliyyat kimi ciddi qərarı verə bilmərəm.

Həkim mənə baxaraq təəccübləndi: "Nə valideyn? Həyatından söhbət gedir! Törəmə hər an dağıla bilər. Əməliyyat olunarsan, sonra valideynlərin gələr yanına".

Onlar üçün yetkinlik yaşına çatmış hər kəs öz həyatına qərar verir. Əməliyyat haqqında, onun ola biləcək nəticələri haqda nə qədər kağız imzaladım və növbəti gün əməliyyata gələcəyimi öhdəliyimə götürdüm. Həm də məni qorxudan o idi ki, dörd ay ərzində adi həkimin qəbuluna düşə bilmirdim, amma indi məni təcili, növbəsiz əməliyyata salırdılar.

...Orada həkimlər xəstəni hər şeyə hazırlayırlar, ən pis ehtimala kimi. Bunlar da psixoloji çox ağır gəlir. Həm də adətən bu tipdə xərçəng daha çox yaşlılarda özünü biruzə verir - yaş 60-dan artıq olanda. Mən, 27 yaşımda çox uzaq idim bunlardan. Təsəvvür edin, 60 yaşında qadın belə xəstəlik tutur. Onun artıq həyatının böyük hissəsi keçib, yanında uşaqları, nəvələri, amma mən bu yaşımda bu yükü tək-tənha daşımalı oldum.

Lakin evə gələndə o dərəcədə şokda idim ki, hər şey yadımdan çıxdı.

...Xəstəxanada keçirdiyim üç gün ən ağır oldu. Palatada məndən başqa digər xəstələr də var idi. Onların hansı ölkədən olduqlarını, nə dildə danışdıqlarını bilmirdim. Tamamilə tək idim. Bütün yükü özüm daşımalı oldum. Ümumiyyətlə, Almaniyada mən heç xoşbəxt olmadım, ölkənin özündən yoruldum.

Düşünürdüm: "Mənim yaşamağa cəmi bir ilim varsa, nəyə görə mən onu burada keçirməli oldum?"

Artıq hazırlaşırdım, plan qururdum, mən bu il ərzində nə edəcəyəm; dostlarıma video ismarıclar yazacaqdım. Düşündüm ki, buna qədər nə cür yaşamışam, indi həyatıma dəyər verəcəyəm, istədiyimi edəcəyəm, sevdiyim işlə məşğul olacağam, istədiyim insanlarla işləyəcəyəm.

Ölümdən heç vaxt qorxmamışam. Sadəcə ailənin tək övladıyam, yaxınlarım barədə narahat idim, daha çox onları fikirləşirdim. Ailədən heç kimə xəstəliyim və əməliyyatım barədə demədim.

Əslində Almaniyada dost anlayışı bizimkidən çox fərqlidir. Hətta orada yaşayan azərbaycanlılar belə başqa cürə olur. Həm də məsafələr uzaqdır. Orada yaşayan ailəli dostlarım üçün daima mənim yanımda olmaq qeyri-mümkün idi. Lakin müraciət etdiyim dostlarımın sayı az olsa da, o vəziyyətdə o da mənə dəstək idi. Bir dəfə Bakıdakı rəfiqəmə qızdırmam qalxanda yazmışdım, halbuki vaxt fərqinə görə o artıq yatmışdı, amma mən ona yazıb bir az rahatladım.

Əməliyyata daxil olanda heç dili də bilmirdim. Əməliyyatdan əvvəl gecə xəstəxanaya bir qız da gətirdilər, Tunisdən idi, ingiliscə heç bilmirdi. Hamilə idi. Biz ünsiyyətə girə bilmədik.

Həkimdən soruşdum: "Ona nə olub?" - cavab verdi ki, "Deyə bilmərəm, məlumat məxfidir". Təsəvvür edin, bizim xəstəxanalarda hamı bir-biri ilə söhbət edir, hal-əhval tutur, öz həyat hekayələrini bölüşür. Qız məndən sadəcə jestlə soruşdu, mən də hamiləyəm ya yox.

Səhər saat 6-da yavaşca durdum ki, qızı oyatmayım, o, hələ yatmışdı. Heç onunla da sağollaşa bilmədim, əməliyyata gedirdim, amma yanımda "Sağ ol!" deməyə heç kim yox idi.

Məni eyni vaxtda üç əməliyyat etdilər. Sağalma vaxtı da uzun çəkdi. Yalvarmalı oldum ki, siz allah, mən təkəm, mənə baxanım yoxdur, göndərməyin məni evə. Əməliyyatdan sonra on gün xəstəxanada qaldım.

Digər çətinliklər evə qayıdanda özünü biruzə verməyə başladı. Sən başa düşürsən ki, yeriyə bilmirsən, amma yemək bişirməli, evə ərzaq almalısan. Həmin o günlər "gələcəkdə ölə bilərsən" fikrindən mənə daha ağır gəldi. Mənzilim beşinci mərtəbədə idi. Yarım saata, sürahidən tuta-tuta düşürdüm pilləkənları.

Həm də ağır əşya qaldırmaq olmaz. Mağazaya düşüb, bir-iki kartof, çörək seçirdim, baxırdım - qaldıra bilərəmmi, ağır deyil? Aparırdım evə, sonra başqa nəsə almaq üçün yenə düşürdüm.

Qaldığım evdə altı nəfər ev yoldaşım var idi, amma heç biri mənə kömək etmədi. Əməliyyatdan qayıdandan sonra mən xəstə-xəstə otağımda uzanmışdım və ev dostlarından biri gəldi və dedi: "Sənin bu gün ev yığışdırmaq növbəndir". Çalışdım başa salım ki, əməliyyatdan təzə çıxmışam. Dedi: "Eybi yox, sadəcə tozsoranla işləyərsən, dərindən təmizləmə".

Almanlar, ümumiyyətlə, mənə soyuqqanlı göründü. İnsana kömək etməyə heç meylli deyildilər. Məsələn, mən Bakıya gələndə çemodanımı aşağı düşürtmək üçün evin birinci mərtəbəsində kafedə işləyən bir oğlana müraciət etdim, dedim: "Sənə 15 avro verərəm, kömək edərsən mənə?" Dedi: "Fikirləşərəm". Gəlib-gedəndə hər dəfə ona salam verirdim. Nəhayət cavab verdi ki: "Yaxşı, düşürərəm". Və bu pulla bağlı deyil; sadəcə düşünürlər ki: "Mən bunu nəyə görə etməliyəm?" Ora sənin üçün, məsələn, İtaliya deyil ki, küçə boyu beş nəfər yanına qaçacaq ki, kömək etsin. Orada isə hərəsi öz işini özü görər.

Bunlar hamısı psixoloji olaraq məni məhv edirdi. Həm də proses hələ davam edirdi, analizlərin cavablarını gözləyirdim.

Üç həftədən sonra mən Bakıya qayıdacaqdım. Üç həftə əslində çox az müddətdir. Amma mənim üçün bu günlər heç bitmirdi. Əşyalarımı yığmaq üçün şəhərin başqa bir rayonundan karton qutu almağa getdim. Gətirəndə güclə küçə boyu yerlə sürüdüm. Sürüdüyümə görə qutu cırıldı və məcbur oldum yenə gedim qutu alım.

Bakıya qayıdanda digər çətinliklərlə rastlaşdım. Mənim həddindən artıq böyük çevrəm var idi, onların arasında həqiqi dostların az olduğunu dərk etdim. Mən başa düşdüm ki, heç kəs səninlə bu yükü bölüşməyə hazır deyil. Özümə qapandım.

Bu idi məni yıxan... İndi proses bitsə də, onun ağırlığından indi çıxıram. O zaman psixoloqa ehtiyacım var idi. Təəssüf ki, Almaniyada da psixoloji dəstək verən olmadı. Özəl psixoloqun məsləhəti çox baha başa gəlir - saatı 200-250 avroya. Sığortaya daxil olan psixoloqlar isə vaxt məhdudiyyətinə görə xəstənin problemlərini dərindən müzakirə edə bilmirdi - onlar mənə yalnız yeddi dəqiqə ayıra bilərdilər. Məsələn, ABŞ-da belə hallarda ailəyə dərhal psixoloq ayrılır, hər cür yardım göstərilir, uşaqlarla məşğul olurlar, evin işlərini öz üzərinə götürürlər. Həm də könüllülər hərəkatı orada çox inkişaf edib.

Bakıda isə mən dərdlərimi çəkə bilmədim. Həm özümü düşündüm, həm dostlarımı. Fikirləşirdim: "Axı mən onlara qarşı belə olmazdım".

Düzdür, çalışırdım onlara da haqq qazandırım ki, sən onları nə qədər də özünə yaxın bilsən də, bəlkə onlar bu yolu səninlə keçməyə hazır deyillər. O, tək cavanlara aid deyil. Heç mən onlarla xəstəliyim barədə danışmaqdan demirəm, sadəcə yanımda olmaqlarını, mənimlə danışmaqlarını istəyərdim. Əsasən ölüm təhlükəsi olan zamanda...

İstənilən mövzu olsun: kitabmı, mədəniyyətmi, alış-verişmi... Əks halda özüm-özümü yeyib bitirmişdim. Kiminsə sənin ölüb-ölməyəcəyinlə maraqlanmasını istəyirsən.

"Nə qədər bu mövzuda az danışsaq, o qədər də bəd xəbərlərdən uzaq olarsan", - mənə belə deyirdilər.

Proses davam etdiyi dövrdə xəstəliyimdən ümumi danışırdım, həkimin dediklərini isə heç kimlə bölüşmədim. Ölümün məndən nə qədər uzaq, nə qədər yaxın olduğunu bilmirdim. Ən pis ehtimallarda yanında hansı dostlarının olacağını özün üçün dəqiqləşdirirsən. Ətrafını qeyri-ixtiyari filterlənir. Həmin dövrdə dostlarının səninlə addımlamağını, xəstəliyini bölüşməyini istəyirsən. Bəlkə də, həmən dövrdə insanlar xəstəliyini onlara yükləmək istədiyini düşünürlər deyə uzaqlaşırlar. Bu qrip deyil ki, "sən tək bacararsan" deyib, uzaqlaşasan dostlarından. Həyatının insanlar, dostların üçün önəmli olduğunu hiss etmək istəyirsən.

Amma hamı belə deyildi. Mənimlə oxuyan rəfiqəm var idi, mənim əməliyyatımdan bir həftə əvvəl Bakıya qayıtdı. Əməliyyat olduğumu eşidəndə hətta bilet alıb geriyə qayıtmaq istədi ki, yanımda olsun.

Psixoloqa da müraciət etmişdim, amma nədənsə məndə empatiya hissi yaratmadı, uzaqlaşdım ondan. İşləyə də bilmirdim, apatiya içində idim.

Mən çox fəal idim həyatımda, institut vaxtı könüllü işləmişəm, gün ərzində işlərimi çatdıra bilmirdim və mən artıq bir ildir ki, bu vəziyyətdə idim, özümü bitki kimi hiss etdim - gülümsəyir - Əslində belə böyümək istəmirdim.

Amma yaxşı cəhətləri də oldu. Bir neçə illik dostlarımdan ayrılmalı oldum. Amma dostluq birlikdə nələrdən keçdiklərindən asılıdır. Və bu dostlar bu mərhələni keçmədi. Bəlkə bu, belə tez olması da yaxşıdır. Dostunla paylaşma etməyi bacarmalısan, həm şad günündə, həm də qəmdə. Paylaşarkən adam sanki yüngülləşir, içindəkilərdən azad olur.

Mən bütün yaşadıqlarımla Bakıda qarşılaşsaydım, düşünürəm ki, daha rahat olardım. Həm yaxınlarım yanımda olardı, həm cəmiyyətimiz daha istiqanlıdır, ürəyi açıqdılar. Belə isə heç xəstəliyimin dərdini çəkməyə imkanım olmadı.

Bundan əvvəl də onkologiya ilə qarşılaşmışam. Bir gənc qız var idi, hələ sosial şəbəkələrdə onun üçün dəstək istəyir və əməliyyat üçün pul yığırdılar. Nərmin idi adı, cəmi 16 yaşı var idi. Bacısı ilə dost idim. İlk əməliyyatı üçün pulun yığılmasında da iştirak eləmişəm. Hərdənbir yanına gedirdim. 2013-cü ilin aprelin 30-u o zobdan əməliyyat olundu və bir aydan sonra məlum oldu ki, xərcəng dördüncü dərəcəyə keçib. Ondan da çıxan olmur... Hələ lap uşaq idi. Çox pis olurdum. Başa düşürdük ki, sağalmayacaq, ancaq kampaniyaya başlamışdıq, il ərzində pul yığırdıq ki, ona dəstək olaq.

İki - biri varlı, biri kasıb - ailə olsa və uşaqları eyni xəstəlikdən əziyyət çəksə, varlı uşağının sağalması üçün yalnız dua edir, çünki pul haqqında artıq düşünmür. Kasıb ailənin bir fikri olur - ancaq pul tapmaq; düşünür ki, pul tapılsa, uşaq mütləq sağalacaq.

Nərmindən də kiçik əməliyyat keçirən uşaqlar görmüşəm. Onların ağrılarını görmək çox çətindir. Və çox vaxtı bu yükü maddi problemlər daha da çətinləşdirir. Hansısa uşaq ağrıdan qışqırırdı, həkimə deyirdim, get bax ona, deyirdi, pulumu versinlər sonra.

Nərmin heç bilmirdi ki, xərçəngdən əziyyət çəkir, öləcəyini düşünmürdü. Bir insanın xəstəlikdən əriyib getməsini görəndə mən inancımı da itirirdim.

Həm öz təcrübəmdən, həm də digərlərinin əziyyətlərinin şahidi kimi, demək istəyirəm: insanlara dəstək lazımdır.

Sadəcə xəstənin, onun yaxınlarının yanına gəlib, bir-iki saat söhbət etməklə, təsəvvür edin, necə böyük yükü onların çiyinlərindən götürə bilərsiniz.