Azərbaycan-Ermənistan: Aİ tərəflər arasında müzakirə üçün hansı mövzuları görür?

Michel və Paşinyan

Şəklin mənbəyi, AFP/Getty images

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Yerevana səfəri vaxtı Azərbaycan və Ermənistan arasında problemlərin həlli ilə bağlı müzakirə mövzuları barədə fikirləri ilə bölüşüb. Charles Michel bu barədə Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla keçirilən birgə brifinqdə danışıb.

"Biz bölgədə sabitlik və əmin-amanlığın bərqərar olunması üçün qısa, orta və uzun müddətdə müzakirə edilməli olan dörd mövzunu görürük", - avropalı rəsminin sözləri Sputnik saytında iqtibas olunur.

Məlumata əsasən, Charles Michel belə mövzular arasında "aqressiv ritorikadan" yayınma, sərhədlərin delimitasiyası, o cümlədən nəqliyyat sahəsində mümkün əməkdaşlıq layihələri və "Qarabağın statusu" məsələsini qeyd edib.

Azərbaycan dəfələrlə "Dağlıq Qarabağ" məfhumunun artıq mövcud olmadığını və münaqişənin arxada qaldığını bildirib.

Yerevanda keçirilən birgə brifinq vaxtı Nikol Paşinyan Azərbaycanın qonşu ölkələrə ərazi iddiaları olduğunu iddia edib. O, həmçinin, Bakını hərbi toqquşmalar törətmək niyyətində və sərhədlərin delimitasiyasına maneələr yaratmaqda ittiham edib.

Şənbə günü Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanda səslənən iddiaları "tamamilə yalan" adlandıraraq rədd edib.

"Ərazi bütövlüyünü təmin edən Azərbaycan, ərazilərinin işğalı faktorunun aradan qaldırılması ilə beynəlxalq hüquq prinsipləri əsasında münasibətləri normallaşdırmağa, delimitasiya və demarkasiya prosesini başlamağa hazır olduğunu bəyan edib, bu istiqamətdə əməli addımlar atıb", - Azərbaycan XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Yerevana səfəri vaxtı avropalı rəsmi həmçinin Ermənistandakı "prioritet proqramlar" üçün 2,6 mlrd. avro dəyərində maliyyə paketinin ayrılması ilə bağlı planlarını təsdiqləyib. O, "Şərq Tərəfdaşlığı" proqramı üzrə ayrılacaq vəsaitin infrastruktur, rabitə, nəqliyyat və demokratik institutların inkişafı kimi sahələrə yönəldiləcəyini deyib.

İyun ayında Aİ bölgədə uzunmüddətli sülhün möhkəmlənməsi üçün Azərbaycan və Ermənistana yardım göstərməyə hazır olduğunu bildirib.

Charles Michel Ermənistana cümə günü gəlib. Yerevandan sonra o, Bakı və Tbilisiyə səfər edəcək.

Digər xəbərləri oxuyun

Hərbi avtomobillər karvanı

Şəklin mənbəyi, AZƏRBAYCAN MÜDAFİƏ NAZİRLİYİ

Şəklin alt yazısı, İyun ayında Naxçıvanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimləri keçirilib

Azərbaycan mövqeləri sərhəd boyu "atəşə tutulub"

"Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 16-sı saat 20:40-dan 22:30-dək Basarkeçər rayonunun Yuxarı Şorca kəndi ərazisində yerləşən mövqelərindən fasilələrlə və iyulun 17-si saat 01.00 radələrində Berd rayonunun Mosesqex kəndi istiqamətindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu kəndi və Tovuz rayonunun Ağdam kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub".

Şənbə günü Naxçıvanın Sədərək rayonu istiqamətindəki mövqelərin də atəşə məruz qaldığı bildirilir. Azərbaycan Müdafiə Nazirliyinə əsasən, atəş sərhədin qarşı tərəfindəki Vedi rayonunun Arazdəyən kəndi yaxınlığındakı mövqelərdən açılıb.

Ermənistan tərəfi bu məlumata münasibət bildirməyib.

Bundan əvvəl baş vermiş atışmada Azərbaycan ordusunun hərbi qulluqçusu yaralanmış, Ermənistanın isə bir əsgəri həlak olmuşdu. Azərbaycan və Ermənistan atəşkəsin pozulmasına görə bir-birlərini ittiham edirlər.

Qoyun

Şəklin mənbəyi, TASS/Getty Image

Rusiya bölgəsindən ət idxalına "məhdudiyyət"

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın Kostroma vilayətindən diri xırdabuynuzlu heyvanların və onlara aid məhsulların idxalına "müvəqqəti məhdudiyyətin" qoyulduğunu bildirir.

"Rusiya Federasiyasının Kostroma vilayətindən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub", - agentliyin saytındakı məlumatda deyilir.

AQTA-ya əsasən, qərar çiçək xəstəliyinin qeydə alınması ilə bağlıdır.