Azərbaycanın Rusiyadakı səfirliyindən "polis tərəfindən öldürülən" şəxslə bağlı müraciət

polis və gənc

Şəklin mənbəyi, Social media

Azərbaycanın Rusiyadakı səfirliyi Novosibirskdə "polis tərəfindən öldürülən" şəxslə əlaqədar aidiyyətli dövlət qurumlarına müraciət edib. Paşinyan istefa vermiş Ara Ayvazyandan izahat gözləyir , nəqliyyatda maska taxmaq qaydaları necədir? Yerevanda Qarabağ müharibəsində itkin düşənlərin qohumlarının etiraz aksiyası, Formula 1-ə görə Bakının bəzi mərkəzi küçələri bağlanır, Həftəsonları da şəhər və rayonlararası sərnişin daşıyan avtobuslarda sərnişinlərin hərarəti ölçüləcək- daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Azərbaycanın Rusiyadakı səfirliyindən "polis tərəfindən öldürülən" şəxslə bağlı müraciət

Azərbaycanın Rusiyadakı səfirliyi Novosibirskdə "polis tərəfindən öldürülən" şəxslə əlaqədar aidiyyətli dövlət qurumlarına müraciət edib.

Rusiyada "həyatını itirmiş Vəkil Abdullayevin ailəsinə və yaxınlarına başsağlığı" verən səfirlik açıqlamasında hadisənin necə baş verdiyinə toxunmayıb.

Yalnız o bildirilib ki, səfirlik mayın 28-də baş vermiş hadisənin "obyektiv və hərtərəfli araşdırılması üçün Rusiya Federasiyasının aidiyyəti qurumlarına müraciət edib.

Rusiya xəbər agentlikləri eyni tarixdə Novosibirskdə yol polisi müfəttişinin açdığı atəşlə 19 yaşlı Vəkil Abdullayevin başından güllə yarası aldığını və onun mayın 30-da xəstəxanada öldüyünü açıqlayıb.

Rusiya mediası istintaqa əsasən yazır ki, 28 may 2021-ci il tarixində axşam saatlarında yol polisi müfəttişi şəxsiyyətini müəyyənləşdirmək üçün şəxsi xidməti avtomobilə apararkən gənc müqavimət göstərib və "səlahiyyətlərindən kənara çıxan polis məmuru 19 yaşındakı kişinin bədəninə əl və ayaqla şiddət tətbiq edib".

Bundan sonra "polis xidmət tapançasını çıxararaq təsadüfən tətiyi çəkərək atəş açıb" və 19 yaşlı kişi başından güllə yarası alıb, TASS yazır.

Zərərçəkənin mayın 30-da xəstəxanada öldüyü qeyd olunub.

Rusiya mediasında yayılan videoda polis əməkdaşlarının bir şəxsi xidməti avtomobilə otuzdurtmağa çalışdığı görünür. Kənardan rusca "sakitləşin, siz nə edirsiniz" və Azərbaycan dilində sözlər də eşidilir. Avtomobilin qapısına yaxınlaşmağa cəhd edən kişiyə polisin təpiklə zərbələr endirdiyi görünür. Sonrakı kadrlarda əlində silah olan polis, kişi və qan izləri görünür.

RİA Novosti Novosibirsk bölgəsində baş vermiş hadisəni belə təqdim edib:

"Yol polisi müfəttişi sürət həddini aşan Toyota sürücüsünü saxlayıb. Bundan sonra bir neçə nəfər maşından düşərək qaçmağa çalışıb. Polis şübhəlini tutmağa çalışarkən onun yanındakı yoldaşı təsadüfən başından vurub," - agentliyin xəbərində qeyd edilib.

Agentlik bildirir ki, müfəttişə qarşı iki - səhlənkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə nəticəsində ağır bədən xəsarətləri yetirmək maddələri ilə cinayət işi açılıb.

Novosibirsk Mərkəzi Bölgə Məhkəməsi polis barəsində həbs qətimkan tədbiri seçib və polis 1 ay 29 sutkalıq həbs olunub.

Rusiya xəbər saytlarında həlak olan şəxsin milliyyəti açıqlanmasa da, nəşinin Gürcüstana göndəriləcəyi deyilib.

Amma BBC News Azərbaycanca bu məlumatı müstəqil mənbələrdən təsdiqlədə bilməyib.

BBC Azərbaycanca hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycanın Rusiyadakı Səfirliyi ilə əlaqə saxlaya bilməyib.

Nikol Paşinyan Ara Ayvazyandan izahat gözləyir

Ara Ayavazyan

Şəklin mənbəyi, MFA.AM

Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan vəzifəsindən istefa vermiş xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyandan istefasının "hakimiyyətin milli maraqlara zidd təşəbbüsləri ilə əlaqəli olması" barədə izahına aydınlıq gətirməsini gözlədiyini bildirib.

"Cənab Ayvazyana gördüyü işlərə görə minnətdarıq, amma hesab edirik ki, bizim dövlət və milli maraqlarımız tələb edir ki, o, ictimai olaraq izah etsin ki, kim, nə vaxt, harada və necə ölkəmizin dövlət və milli maraqlarına zidd olan hər hansı bir addım atmaq istəyib. Cənab Ayvazyanın izahatlarını icitimaiyyət qarşısında verəcəyini gözləyirik", - Paşinyanın mətbuat katibi Mane Gevorkyan yerli mediaya bildirib.

Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan bu gün XİN işçiləri ilə vidalaşarkən istefa vermək qərarının səbəbini açıqlayıb. Ara Ayvazyan mayın 27-də istefa ərizəsini yazıb.

Ayvazyan deyib ki, bu qərarı qəbul etmək ona asan olmayıb.

"Mən xarici işlər naziri vəzifəsini tutmağa razılıq verərkən mənim üçün yeganə standart o olub ki, XİN sözsüz bizim suverenliyimizi, müstəqilliyimizi, dövlətçiliyimizi, milli maraqlarımızı qorumalıdır. Heç kəs heç vaxt şübhələnməməlidir ki, bizim nazirlik dövlətçiliyimizə, ölkəmizin milli və dövlət maraqlarına zidd olan hər hansı bir ideya və ya təşəbbüsə razılıq verə bilər", - o deyib.

Bəzi informasiya vasitələri bundan əvvəl yazırdı ki, onun Paşinyan hökumətini tərk etməsinə səbəb Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası haqqında tərəflər və Rusiya arasında razılaşdırılmış olduğu bildirilən sənəd barədə ona qabaqcadan məlumat verilməməsi olub.

Bu gün Ermənistan xarici işlər nazirliyin sözçüsü Anna Nağdalyan da vəzifədən getdiyini açıqlayıblar. Öz Facebook səhifəsində açıqlama yayan Anna Nağdalyan deyib ki, diplomatik sahədə öz fəaliyyətini davam etdirəcək.

Ermənistan mediası xarici işlər nazirinin müavini Qaqik Qalaçyanın da vəzifədən getmək üçün ərizə təqdim etdiyini yazıb.

Nəqliyyatda maska taxmaq: qaydalar dəyişməyib

maska, taksi, ictimai nəqliyyat

Şəklin mənbəyi, Aziz Karimov/Getty Images

Azərbaycanda bu gündən açıq havada maska taxmaq məcburiyyəti aradan qaldırılsa da, bu, taksi və ictimai nəqliyyata aid deyil.

Bu barədə Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev bildirib.

O, BBC News Azərbaycancaya deyib ki, ictimai nəqliyyatda bütün hallarda, şəxsi avtomobillərdə isə müəyyən hallarda maska taxmaq mütləqdir.

"İctimai nəqliyyatdan və taksi xidmətlərindən istifadə edərkən tibbi maskadan mütləq istifadə edilməlidir. Şəxsi nəqliyyat vasitələrinə gəlincə isə, sürücü avtomobildə tək və ya ailə üzvləri ilə birgə gedirsə, maskadan istifadə etməyə bilər. Lakin avtomobildə digər şəxslər olduqda həm sürücü, həm də sərnişinlər tibbi maskadan mütləq istifadə etməlidirlər. Əks halda, İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar," - cənab Hacıyev bildirib.

Azərbaycanda mayın 31-dən koronavirus pandemiyası ilə əlaqədar bəzi məhdudiyyətlər götürülsə də, xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb.

İnzibati Xətalar Məcəlləsinə əsasən, karantin rejimində maska taxmaq tələbini pozmağa görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat cərimə olunur.

Bu xətanın artıq bir dəfə inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər 800 manat cərimə olunur.

Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.

İndiyədək ölkədə 330 mindən çox şəxs koronavirus infeksiyasına yoluxub, 5 minə yaxın şəxs ölüb.

Yerevanda aksiya

Ermənistan

Şəklin mənbəyi, Aysor.am

İkinci Qarabağ müharibəsində itkin düşənlərin qohumları Yerevanda mərkəzi prospektlərdən birini bağlayıblar. Onlar deyirlər ki, hakimiyyət "əlavə səs-küy qalxmasın deyə" müharibədə həlak olanların meyitlərini soyuducularda gizli saxlayıblar.

"Müxtəlif yerlərdə 200-dən çox meyit gizli saxlanırmış, o cümlədən, meyvə üçün soyuducularda, məsələn, Aştarak şəhərində. Uşaqlarımızın meyitlərini hələ indi qohumlarına verirlər", - itkin düşənlərdən birinin atası Arsen Ğukasyan öz Facebook səhifəsində yazıb.

Ğukasyan hakimiyyətin müharibə qurbanlarının həqiqi sayını gizlətmək istədiyini iddia edib.

Hökumət rəsmilərinin bununla bağlı reaksiyası məlum deyil.

Etiraz aksiyasında iştirak edənlər məsələni araşdırmaq üçün itkin düşən və həlak olan hərbçilərin qohumlarının iştirakı ilə dövlət komissiyası yaradılmasını tələb edirlər.

May ayının əvvəlinə olan rəsmi məlumatlara görə, İkinci Qarabağ müharibəsində Ermənistan tərəfindən həlak olmuş 3029 nəfərin siyahısı dərc olunub.

Eyni zamanda Ermənistan Səhiyyə Nazirliyinin bundan bir ay əvvəlki tarixə olan məlumatına görə, 3684 meyitin məhkəmə-tibbi ekspertizası keçirilib.

Ermənistanda müharibədə itkin düşənlərin rəsmi sayı hələ ki, açıqlanmayıb.

Formula 1-ə görə bəzi küçələr bağlanır

Bakı

Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq "Bakı şəhər halqası"-nın keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti mayın 31-dən etibarən iyunun 8-i, səhər saat 06:00-dək dayandırılacaq.

Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, məhdudiyyətin tətbiq olunduğu müddət ərzində əhalinin ictimai nəqliyyata əlçatanlığını təmin etmək üçün trekin və onun ətrafındakı küçələrdən keçən marşrut xətlərinin hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Artıq bir neçə ildir ki, Bakıda Formula 1 yarışları keçirilir. Yalnız ötən il koronavirus pandemiyası səbəbindən Formula 1 keçirilməmişdi.

Ölkədə avqustun 1-nə qədər karantin rejimi olduğundan bu il yarışın tamaşaçısız keçirilməsinə qərar verilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti

Şəklin mənbəyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti

Ölkədaxili sərnişindaşıma həftəsonları da işləyəcək

Azərbaycanda şəhərlərarası və rayonlararası sərnişin daşımaları həftəsonları da xidmət göstərəcək. Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sözçüsü Nuridə Allahyarova açıqlayıb.

Koronavirus pandemiyasına görə, ötən ilin martından ölkə üzrə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti dayandırılmışdı. Nazirlər Kabinetinin qərarına əsasən, bölgələr arası sərnişindaşımanın fəaliyyəti mayın 31-dən bərpa olunub.

"Elə uzaq məsafələrdən gələn avtobuslar var ki, həm də bazar ertəsi yola çıxmalıdırlar. Əgər onlar cümə günü yola düşüblərsə, sürücünün istirahəti təmin olunduqdan sonra geri qayıtmalıdırlar və bu zaman geri qayıdarkən sərnişinlə geri qayıtmaq aidiyyatı qurumlar tərəfindən məqbul görülüb," - Nuridə Allahyarova deyib.

Qurumun sözçüsü bildirib ki, həftəsonları da şəhər və rayonlararası sərnişin daşıyan avtobuslarda sərnişinlərin hərarəti ölçüləcək, hərarəti olan sərnişinlər tibb məntəqəsinə göndəriləcək.

Onun sözlərinə görə, tibbi göstərişlərə görə avtobusa buraxılmayan sərnişinlərin biletləri dəyişdiriləcək və ya geri qaytarılacaq.

Pandemiya qaydalarına görə, bölgələrdə həftəsonları şəhərdaxili ictimai nəqliyyatın işləməməsi qaydası qüvvədə qalır.