Koronavirus: İyunun 10-dan məscidlərdə necə ibadət ediləcək? – qaydalar açıqlandı

Şəklin mənbəyi, Getty Images
Bu gün şəxsi avtomobildə maska taxmaq məhdudiyyəti götürülüb, eləcə məscidlərdə ibadət qaydaları açıqlanıb.
Mayın 31-dən yumşaldılan karantin qaydalarına görə, Azərbaycanda açıq havada maska məcburiyyəti aradan qaldırılıb, uzun müddətdir ki, işləməyən Bakı metrosu öz fəaliyyətini bərpa edib.
Ötən həftə Nazirlər Kabinetinin yanında Operativ Qərargah koronavirus pandemiyasına görə tətbiq edilən bəzi məhdudiyyətləri aradan qaldırıb. Amma xüsusi karantin rejimi 1 avqust səhər saat 6-dək uzadılıb.
Yumşaldılmış qaydalar barədə çərşənbə axşamı günü Prezidentin köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın brifinqində danışmışdı.
İyunun 10-dan məscidlərdə necə ibadət ediləcək? - qaydalar açıqlandı
Qafqaz Müsəlmanları İdarəsi Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məscidlərdə və digər ibadət yerlərində riayət olunmalı qaydaları açıqlayıb.
Məlumata əsasən, dini ayinlərin icrasında yalnız COVID-19 pasportuna (peyvənd vurulmasına dair və ya immunitet sertifikatına) malik olan şəxslərin iştirakına icazə verilir.
Məscid və ya digər ibadət yerlərinə COVID-19 xəstəliyinin əlamətlərini hiss edən şəxslərin, habelə yaşı 14-dən yuxarı olmayan uşaqların gəlməsinə yol verilmir.
İbadət etmək istəyən şəxslər məscidə namaz və ya müvafiq ibadət icra olunan zaman gəlməli və onlar başa çatan kimi ərazini tərk etməlidirlər.
Bu arada, ictimai yerlərdə qruplarda cəmlənməyə dair tələblərə, maska taxmaq, məsafə gözləmək kimi digər qaydalara da riayət olunmalıdır.
Dini ibadətlər eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaq şərtilə təşkil edilməlidir.
Məsciddə və digər ibadət yerlərindəki tələblərin icrasına imamlar, icma sədrləri və digər ibadət yerlərinin məsul şəxsləri nəzarət etməlidirlər, Koronavirusla əlaqədar Operativ Qərargahın tövsiyələri əsasında hazırlanan qaydalarda deyilir.
Dini ibadət yerləri iyunun 10-dan etibarən açılacaq.
Çərşənbə günü Azərbaycanda Nazirlər Kabineti elan edib ki, ölkədə şəxsi avtomobillərdə maska taxmaq məhdudiyyəti yoxdur. Amma ictimai nəqliyyatda, o cümlədən taksidə və qapalı yerlərdə maska taxmaq məcburiyyəti qüvvədədir.

Şəklin mənbəyi, Aziz Karimov/Getty Images
Qərarda nə deyilir?
NK-nın qərarı 31 may səhər saat 6-dan qüvvədə olacaq.
Qərara görə, Azərbaycanda 31 may səhər saat 6-dan açıq havada maskanın taxılması tələbi ləğv olunur.
Eyni tarixdən "Bakı Metropoliteni" QSC-nin fəaliyyəti bərpa olunacaq, ölkədaxili yerüstü və hava nəqliyyatı ilə sərnişindaşıma bərpa ediləcək.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov yerli mediaya deyib ki, mayın 31-dən fəaliyyəti bərpa olunacaq Bakı Metropoliteni şənbə və bazar günləri işləməyəcək.
10 iyun gecə 12-dən etibarən dini ibadət yerlərinə eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla fəaliyyət göstərməyə icazə veriləcək.
Bu qərar 10 iyundan işə başlamasına icazə verilən iri ticarət mərkəzlərindəki uşaq və digər əyləncə mərkəzləri və kinoteatrlara aid deyil.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, YouTube-dan izləyin.
Bundan başqa, çimərliklər və onların ərazisində yerləşən hovuzlar, su attraksionları və idman oyunu yerlərinə də fəaliyyət göstərməyə icazə veriləcək.
İdman və sağlamlıq-bərpa obyektlərinə maskasız getmək mümkün olsa da, Covid pasportu tələb olunacaq.
Ötən gün Şahmar Mövsümov bildirib ki, vaksinləşmə prosesi zamanı iki peyvənd dozasını alanlara vaksinasiya sertifikatı və koronavurusa yoluxub sağalmış şəxslərə immunitet sertifikatını ehtiva edən Covid pasportu veriləcək. Onun sözlərinə görə, vətəndaşlar bu sənədləri E-gov.az-dan və ya e-təbib-dən əldə edə biləcəklər.
Covid pasportu yaşı 18-dən aşağı olan şəxslərdən istənilmir.

İyulun 1-dən isə bəzi iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin Covid pasportuna və ya sertifikata malik olması istəniləcək.
"İşçilərinin 80 faizinin belə sertifikatı olmasa, həmin obyektlər bağlana bilər,"- Şahmar Mövsümov deyib.
Bu sənəd ilkin mərhələdə idman və sağlamlıq bərpa mərkəzlərində tələb olunacaq, sonralar isə kinoteatrlarda, konsertlərdə, toylarda da bu üsuldan istifadə ediləcək.
Şahmar Mövsümov bununla bağlı əlavə məlumat veriləcəyini bildirib: "Gələcəkdə həmin obyektlərin xidmətindən istifadə etmək istəyən vətəndaşlara təcili vaksinasiyadan keçməyi tövsiyə edərdim".
Bu il Bakıda keçiriləcək futbol üzrə Avropa çempionatının 4 oyununda məhdud sayda tamaşaçının iştirakına da icazə verilib.
Azərbaycanda iyunun 1-nə qədər karantin müddətidir. Bəzi yumşalmalar edilsə də, hələ ki, ölkədə kütləvi tədbirlərin, o cümlədən yas və toy məclislərinin keçirilməsi qadağandır, ölkənin quru sərhədləri bağlıdır.
Operativ Qərargahın brifinqində quru sərhədlərin iyunun 1-dən sonra açılıb-açılmayacağı barədə məlumat verilməyib.
Azərbaycanla qonşu olan Gürcüstan iyunun 1-dən quru sərhədlərini açdığını elan edib.
2020-ci ilin martından bəri Azərbaycan koronavirus pandemiyasına görə, sərt karantin rejimi və məhdudiyyətlər tətbiq etmiş, bu müddət ərzində virusa yoluxma vəziyyətindən asılı olaraq, bəzi yumşaldılmalara gedilmiş və ya yenidən sərt tədbirlərə əl atılmışdı.

Şəklin mənbəyi, Getty Images

Şəklin mənbəyi, Getty Images

Şəklin mənbəyi, Getty Images


Şəklin mənbəyi, Azertag











