Daha 106 hərbçisinin meyiti Ermənistana verilib, Dağıstanda saxlanılmış bəzi azərbaycanlılar “azadlığa buraxılıb”

Ermənistana 106 cəsəd verilib

Şəklin mənbəyi, News.am

Daha 106 erməni hərbçisinin meyiti Ermənistana verilib, keçən ilin iyununda Dağıstanda saxlanmış Azərbaycan vətəndaşlarından 7-nə qarşı cinayət işlərinə xitam verilib, bu gündən Azərbaycanda 50 yaş və daha yuxarı şəxslərin vaksinləşdirilməsinə başlanılır - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Daha 106 erməni hərbçisinin meyiti Ermənistana verilib, bu barədə "Sputnik Armenia" xəbər yayıb.

Sayt yazır ki, Azərbaycan tərəfi 44 günlük müharibədə həlak olmuş 106 erməni hərbçisinin meyitini Rusiya sülhməramlılarının vasitəçiliyi ilə bu gün qarşı tərəfə verib.

Xəbərdə deyilir ki, tanınmamış "DQR Fövqəladə Hallar üzrə Dövlət Xidməti" "tanınmaz halda" olan hərbçilərin əvvəlcə dəfn olunduğu, daha sonra qalıqlarının Füzuli, Hadrut və Cəbrayıl qəbirlərindən çıxarılaraq təhvil verildiyi ehtimal olunduğunu bildirib.

Azərbaycan Müdafiə Nazirliyindən bu barədə hələlik şərh almaq mümkün olmayıb.

Bundan əvvəl tanınmamış "DQR Prezidenti" Arayik Arutyunyan öz Facebook hesabında 106 hərbçinin qalıqlarının Ermənistan tərəfinə verildiyini yazıb.

O, həmçinin bildirib ki, tərəflər 1990-cı illər müharibəsində həlak olanların qalıqlarının axtarışı və mübadiləsi üçün də səy göstərirlər.

"Qarabağın daxili işlər naziri Karen Sarkisyan Ədli Tibb Bürosuna (morqda) gəlib. Nazir itkin düşənlərin və ölən hərbçilərin cəsədlərinin axtarışı üçün bütün addımların atıldığını və gələcəkdə danışıqların davam etdiriləcəyini əmin edib. O, həmçinin həlak olmuş hərbçilərin valideynlərinə başsağlığı verib, onlara güc və səbr diləyib", - Sputnik Armenia yazır.

Sayt yazır ki, atəşkəsin bərqərar olmasından sonra son döyüş əməliyyatları zonasında aparılan axtarışlar zamanı "həm hərbi, həm də mülki şəxslərin 1485 nəfərinin cəsədləri və qalıqları tapılıb".

Ötən il Dağıstanda saxlanmış Azərbaycan vətəndaşlarından 7-nə qarşı cinayət işlərinə xitam verilib

AZERTAG Rusiya Azərbaycan sərhəd koronavirus həyat sağlamlıq peyvəndləmə vaksinasiya 50 yaş üstü

Şəklin mənbəyi, AZƏRTAC

Keçən ilin iyununda Dağıstanda saxlanmış Azərbaycan vətəndaşlarından 7-nə qarşı açılmış cinayət işlərinə xitam verilib, bu haqda AZƏRTAC agentliyi xəbər yayıb.

Agentliyin xəbərinə görə, Azərbaycanın Rusiyadakı Səfirliyi sözügedən şəxslərin azadlığa buraxıldıqlarını açıqlayıb.

2020-ci il iyun ayının 15-də Rusiya-Azərbaycan sərhədində Azərbaycanın 10 vətəndaşı saxlanaraq istintaqa cəlb edilib.

Bunlar Ceyhun Namazov, Elbrus Əhmədov, Nahid Ağayev, Əziz Fərəczadə, Elmar Mehdiyev, Tural Qiyasov, Elmar Musayev, Ənvər Muradov, Rövşən Hüseynov və Emin İmaməliyev olub.

Səfirliyin açıqlamasına görə, buraxılanlar Ceyhun Namazov, Elbrus Əhmədov, Nahid Ağayev, Əziz Fərəczadə, Elmar Mehdiyev, Tural Qiyasov, Elmar Musayev.

"Vətəndaş Ənvər Muradov Dərbənd Rayon Məhkəməsinin qərarı ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318.2-ci (hakimiyyət nümayəndəsinin vəzifə borcunun icrası ilə əlaqədar olaraq ona və ya onun yaxınlarına qarşı həyat və ya sağlamlıq üçün təhlükəli zor tətbiq etmə) maddəsi ilə ümumi rejimli cəzaçəkmə müəssisəsində 1 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib…," qurumun məlumatında bildrilib.

Səfirlik sözügedən hadisələr zamanı saxlanılmış iki Azərbaycan vətəndaşı ilə bağlı bildirib ki, onlarla bağlı "ittihamların həcmi ilkin istintaq zamanı dəyişdirilib".

"İki vətəndaş - Rövşən Hüseynov və Emin İmaməliyevə gəldikdə isə onların hərəkətləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318.2-ci maddəsinə əsasən müəyyən olunur və ittiham aktları onlara təqdim edildikdən sonra cinayət işləri müvafiq olaraq fevralın 19-da və martın 5-də mahiyyəti üzrə baxılması üçün Dağıstan Respublikasının Mahərrəmkənd Rayon Məhkəməsinə göndəriləcək. Bu şəxslər hazırda ev dustaqlarıdır," məlumatda deyilir.

Azərbaycanda 50 yaş və üstü şəxslərin vaksinləşdirilməsinə başlanılır

GETTY IMAGES Koronavirus vaksini harada peyvənd etdirim Peyvənd üçün hara zəng edim Vaksinasiya üçün kimə müraciət etməli

Şəklin mənbəyi, Getty Images

Bu gündən Azərbaycanda 50 yaş və daha yuxarı şəxslərin vaksinləşdirilməsinə başlanılır.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında deyilir ki, "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na əsasən, növbəti mərhələdə, fevral ayının 17-dən etibarən 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası nəzərdə tutulur.

Məlumatda deyilir ki, bu yaş qrupuna aid şəsxlər randevu.its.gov.az saytına daxil olaraq, vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

Azərbaycanda vaksinasiya prosesinə yanvarın ikinci yarısında başlanılıb və ilkin mərhələdə tibbi işçiləri, 65 yaş və üstü şəxslər, o cümlədən hüquq-mühafizə orqanlarının işçilərinin peyvəndlənməsinin həyata keçirildiyi bildirilib.

BBC News Azərbaycancanın vaksinasiya üçün qeydiyyat qaydaları və yarana biləcək çətinliklərin həlli haqqında hazırladığı materialı bu keçiddən oxuya bilərsiniz.