Ermənistan XİN rəhbəri əvəzi Ayvazyan istefa verib, Azərbaycan əsgərinin "ölümü araşdırılır"

Şəklin mənbəyi, TASS/Getty images
Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan istefa verib, Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub, Kəlbəcərdə hərbi maşının minaya düşməsinə görə "xəsarət alanlar var", bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Ermənistan xarici işlər naziri Ara Ayvazyan istefa ərizəsini təqdim edib, bu barədə XİN mətbuat katibi Anna Nağdalyan öz Facebook hesabında yazıb.
Ara Ayvazyanın istefa verəcəyi haqqında şayiələr bundan bir həftə əvvəl yayılmağa başlayıb.
Bəzi informasiya vasitələrinə əsasən, Ayvazyanın istefasına səbəb Ermənistanla Azərbaycan sərhədlərinin delimitasiyası haqqında tərəflər və Rusiya arasında razılaşdırılmış olduğu deyilən sənəd barədə ona qabaqcadan məlumatın verilmədiyi olub.
Əvvəlcə belə bir "erməni tərəfini sərf etməyən" sənədin mövcud olduğu barədə Vatikanda Ermənistanın keçmiş səfiri, Serj Sarkisyanın kürəkəni Mikayel Minasyan xəbər yaymışdı.
Sonradan parlament üzvlərinin tələbi ilə belə sənəd olduğunu Nikol Paşinyan da təsdiq edib.
Xarici işlər naziri vəzifəsinə Ara Ayvazyan 2020-ci il noyabrın 18-də dərhal Zohrab Mnatsakanyan bu vəzifəni tərk etdikdən sonra təyin olunub.
Azərbaycan əsgərinin "ölümü araşdırılır"

Şəklin mənbəyi, STRINGER / AFP) (Photo by STRINGER/AFP via Getty I
Azərbaycan ordusunda hərbi qulluqçunun ölümü araşdırılır. Əsgər Qorxmaz Sadıqovun qeyri-döyüş şəraitində öldüyü bildirilir.
Hadisənin harada baş verdiyi barədə məlumat verilmir.
Müdafiə Nazirliyi ölüm faktını təsdiq etsə də, "qeyri-döyüş şəraiti" dedikdə nəyin nəzərdə tutulduğuna aydınlıq gətirməyib.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Kəlbəcərdə hərbi maşın "minaya düşüb"

Şəklin mənbəyi, AZERBAIJANI PRESIDENCY/HANDOUT
Mayın 27-də Azərbaycan Silahlı Qüvvələrinin hərbi yük maşınının Kəlbəcər rayonunun Aşağı Ayrım kəndi yaxınlığında minaya düşməsi barədə məlumat yayılıb.
Müdafiə Nazirliyinin nümayəndəsi hadisənin "bir neçə gün əvvəl" baş verdiyini qeyd edib.
Onun sözlərinə görə, insident vaxtı ölən olmayıb. Amma "xəsarət alanlar" var.
MN nümayəndəsi yaralıların sayı barədə dəqiq rəqəmlərin olmadığını bildirib.








