Xalq şairi Musa Yaqub dəfn olunub, Azərbaycanda əyani tədris qismən bərpa olunur

Şəklin mənbəyi, Azərtac
Xalq şairi Musa Yaqub dəfn olunub, Azərbaycanda mayın 17-dən əyani tədris qismən bərpa olunur, Bakı Biden-Putin görüşünə ev sahibi namizədidirmi? Şuşa mədəniyyət paytaxtıdır, bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Xalq şairi Musa Yaqub dəfn olunub
Ötən gün 84 yaşında vəfat edən Xalq şairi Musa Yaqub İsmayıllı rayonunun Buynuz kənd qəbiristanlığında həyat yoldaşının məzarının yanında dəfn olunub.
Şairin oğlu atasının doğma kənddə dəfn olunmaq istəyinin yerinə yetirildiyini deyib. Şəhriyar Yaqubov bu barədə Azərtac agentliyinə bildirib.
"Mənim də bir oğul kimi borcumdur ki, atamın bu vəsiyyətini yerinə yetirim. Bu kəndin təbiəti, yaşıllığı onun üçün hər şey idi".
Musa Yaqub, Yazıçılar İttifaqında və "Azərbaycan" jurnalında çalışıb, İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olub.
O, 2019-cu ildə "Xalq şairi" fəxri adına layiq görülüb.
Azərbaycanda əyani tədris qismən bərpa olunur

Şəklin mənbəyi, Təhsil Nazirliyi
Təhsil Nazirliyinin qərarına əsasən, mayın 17-dən Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeron rayonunda ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris qismən bərpa olunacaq.
"Bakı ilə Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək", Nazirliyin saytındakı açıqlamada deyilir.
Bundan başqa, o cümlədən siniflərdəki sıxlıqdan asılı olaraq dərslərin forması da fərqlənəcək.
Gəncə və Şəki şəhərlərində yerləşən və "şagird sıxlığı ən azı 1.5 metr məsafəni" gözləməyə imkan verən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində tədris həftədə 4 dəfə, ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə əyani şəkildə təşkil olunacaq.
Lakin əgər həmin şəhərlərdə ən azı 1.5 metr məsafəni gözləməyə imkan verməyən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) isə həftədə 3 dəfə olmaqla əyani aparılacaq, Nazirliyin məlumatında deyilir.
Cümə günü açıqlanan qərara görə, Bakı, Sumqayıt, Şəki, Gəncə şəhərlərinin və Abşeron rayonunun ərazisində yerləşən xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin xüsusi siniflərində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla dərslər əyani bərpa ediləcək.
Bakı, Sumqayıt, Şəki, Gəncədə və Abşeron rayonunda yerləşən məktəbdənkənar təhsil müəssisələrindəki aşağı və orta yaş qruplarında (I-IX siniflər) dərnək məşğələlərinin həftədə 2 dəfə əyani formada keçiriləcəyi bildirilir.
Bakı Biden-Putin görüşünə ev sahibi namizədidirmi?

Şəklin mənbəyi, Getty Images
ABŞ və Rusiya prezidentlərinin yayda baş tutması ehtimal olunan görüşü Azərbaycanda keçirilə bilər, bunu beynəlxalq media iddia edir.
ABŞ-ın beynəlxalq münasibətlər və siyasət üzrə ixtisaslaşmış "Politico" jurnalı yazır ki, Azərbaycan paytaxtı Biden və Putinin görüşü üçün nəzərdən keçirilən Avropa şəhərlərindən biridir. Ancaq ABŞ-ın Azərbaycandakı səfirliyi deyir ki, prezidentlərin mümkün görüşünün Bakıda keçiriləcəyinə dair onlarda məlumat yoxdur.
''Bakını müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi sahəsində mükəmməl xidmət göstərən bir məkan kimi qəbul etsək də, buranın Prezident Bayden və Prezident Putin arasında gələcəkdə baş tutacaq görüş üçün potensial bir məkan kimi nəzərdən keçirilməsi barədə bizdə məlumat yoxdur'', səfirlikdən BBC Azərbaycancaya bildiriblər.
Bir neçə gün öncə ABŞ Prezidenti Joe Biden iyunun ortasında Böyük Yeddilik, NATO və Avropa İttifaqı liderləri ilə görüşmək üçün Avropaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşmək barədə "ümidi və gözləntisi" olduğunu bildirib, ''Politico''-nun məqaləsində deyilir.
Görüş barədə hələ ki, rəsmi razılaşma olmasa da, artıq bir neçə Avropa ölkəsinin görüşə ev sahibliyi etmək üçün təkliflərini verdiyi bildirilir. Bu ölkələrin NATO-nun hərbi ittifaqında yer almayan İsveçrə, Finlandiya və Avstriya olduğu və "neytral" ərazi sayıldığı qeyd olunur. Digər seçimlər arasında Reykyavik, Praqa, Lyublyana və Bakının adı hallanır.
"Azərbaycanın həm Vaşinqton, həm də Moskva ilə münasibətlərinin güclü olmasına baxmayaraq Prezident Biden-in Bakıya getmə ehtimalı zəifdir", - jurnal yazır.
Bunun səbəbləri kimi Azərbaycan-Ermənistan arasında baş vermiş 44 günlük II Qarabağ müharibəsi və ABŞ-dakı erməni icması göstərilir.
"Biden-in Bakıya səfəri çox güman ki, Ermənistanı və eləcə də bir çox erməni əsilli amerikalıları təhqir edəcək. Biden bu yaxınlarda XX əsrin əvvəllərindəki erməni soyqırımını rəsmi olaraq tanıyaraq o icmadakı çoxlarını sevindirib", - məqalədə qeyd olunur.
İlham Əliyev Şuşanı mədəniyyət paytaxtı elan edib

Şəklin mənbəyi, Nurlan Hüseynov
Cümə günü Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzalayıb.
Prezidentin saytının məlumatına görə, bu qərar "Şuşa şəhərinin tarixi görkəminin bərpası, mədəni həyatına qovuşması" kimi məsələlərin beynəlxalq aləmdə təbliği məqsədilə imzalanıb.
Prezidentin sərəncamında 1977-ci ildə keçmiş Prezident Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qəbul olunan qərarına istinad olunub.
Sərəncamda bildirilib ki, mayın 8-də 1992-ci ildə Şuşa şəhərinin Ermənistan ordusu tərəfindən işğalı nəticəsində şəhərdə tarixi-mədəni irs məhv edilib.
Məlumata görə, 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunub və vurulmuş zərər hesablanaraq bərpa işlərinə başlanılıb.
İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsini Şuşa rayonuna təyin edib.
AVRO-2020 futbol turnirinin kuboku İlham Əliyevə təqdim olunub

Şəklin mənbəyi, President.az
Bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək AVRO-2020-nin Kubok turu çərçivəsində Avropa çempionatının kuboku Bakıya gətirilib.
Prezidentin saytının məlumatına görə, mayın 7-dən 9-dək Bakıda nümayiş olunacaq Avropa çempionatının kuboku Prezident İlham Əliyevə təqdim edilib.
Yarışın 2020-ci il 12 iyun-13 iyul tarixində keçirilməsi planlaşdırılsa da, global pandemiya səbəbindən bir il təxirə salınıb.
Məlumata görə, kubok "Henri Delaunay kuboku" da adlandırılır və turnirin final oyununda qalib gələn komandaya verilir.
Kubok Bakıdan sonra Danimarkanın paytaxtı Kopenhagenə aparılacağı bildirilib.
Avropa çempionatının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin oyunları müxtəlif ölkələrdə təşkil olunacaq.
Bakı Olimpiya Stadionu yarışların keçiriləcəyi 12 stadiondan biridir. A qrupunun 3 oyunu və 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.
Xalq Artisti Arif Quliyev vəfat edib

Şəklin mənbəyi, AZERTAG
Komediya janrlı rolları ilə tanınan aktyor Arif Quliyev bu gün 70 yaşında koronavirus xəstəliyindən vəfat edib. O, Azərbaycanda komediya və dram janrlarında çəkilən onlarla film və tamaşalarda oynayıb.
Azərtacın məlumatına görə, Xalq artisti Arif Quliyev koronavirus səbəbindən xəstəxanada müalicə alırdı.
"Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağ ciyərlərinin doxsan faizi buzlaşmışdı", - Azərtac yazıb.
Arif Quliyev 1950-ci ildə Şirvan (keçmiş Əli-Bayramlı) şəhərində anadan olub.
Aktyor "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi" kimi bədii filmlərdə müxtəlif obrazlarda rolları ilə tanınıb.
Onun "Şans", "Bığ əhvalatı", "Qaynana", "Lift əhvalatı", "Yarım ştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar yadda qalan olub.
Arif Quliyev 1993-cü ildə Xalq artisti fəxri adına layiq görülüb.








