Stresli vəziyyətlər yuxumuza niyə təsir edir?

Yuxu
Şəklin alt yazısı, 2011-ci ildə ABŞ-da aparılan bir araşdırma yuxulardan müalicənin bir növü kimi istifadənin mümkünlüyünü göstərib.

BBC Bitesize proqramı həyatımızda baş verən gerçək hadisələrin yuxularımıza niyə və necə təsir göstərdiyi barədə daha ətraflı məlumat almaq üçün Swansea Universitetindən psixoloq, professor Mark Blagrove ilə danışıb.

Son bir ildə həmişəkindən daha qəribə yuxular görmünüz?

Ötən ildən başlayaraq indiyədək bir çox insan yuxu ilə əlaqəli problemlərlə üzləşib.

Qlobal pandemiya və çoxsaylı karantinlər yuxu rejimlərinə təsir göstərib və qəribə, bəzən də xoşagəlməz yuxu görmə hallarının sayı artıb.

2020-ci ildə Southampton Universiteti tərəfindən ötən il pandemiyanın pik dövründə aparılan bir araşdırma narahatlıq səbəbindən yuxu pozuntusu hallarının faizinin altıda birdən dörddə birədək artdığını aşkar edib. Finlandiyada isə oktyabr ayında aparılmış digər bir tədqiqat pis yuxuların 55 faizinin Covid-19 ilə əlaqəli olduğunu iddia etməyə əsas verib.

Görəsən, bu cür stresli vəziyyətlər nə səbəbdən gecə vaxtına təsadüf edir? BBC Bitesize proqramı həyatımızda baş verən gerçək hadisələrin yuxularımıza niyə və necə təsir göstərdiyi barədə daha ətraflı məlumat almaq üçün Swansea Universitetindən psixoloq, professor Mark Blagrove ilə danışıb.

Karantin dövründə yuxu

Hər şeydən öncə məsələ yuxunu nə vaxt görməyimizlə bağlıdır.

Yuxunun müxtəlif mərhələlərində beynimiz fərqli fazalara daxil olur.

Həmin fazaların müddəti dəyişir və bu proses yuxumuzun nə qədər dərin olduğunu əks etdirir.

Ümumiyyətlə yuxu Sürətli Göz Hərəkətı (REM) mərhələsində baş verir. Yuxuladığımız zaman müddətinin təxminən dörddə birini REM-də keçiririk - bu, çox aktiv və bir çox cəhətdən oyaq olduğumuz hala bənzər bir mərhələdir.

Karantin rejiminin nəticələrindən biri gündəlik yaşadığımız həyat rejiminin dəyişməsi olub - bir çoxumuz evdə daha çox vaxt keçirdiyimiz üçün günün səhər saatlarını tamamilə fərqli keçiririk, çünki məktəbə və ya işə getmək üçün səhər tezdən oyanmağa ehtiyac qalmayıb. Bu, bəzi insanlara daha uzun müddət yatmağa və nəticədə yuxunun REM fazasının artmasına səbəb olub.

Professor Blagrove hesab edir ki, yuxuların emosional fonunun daha güclü ola bilməsinin səbəblərindən biri karantin dövründə "insanların evdən bayıra çıxmamaları və bununla bağlı hiss etdikləri stres" ola bilər.

Bu hissiyatı ağırlaşdıra biləcək amil evdə qaldığımız dövrü adi vaxtlarda bir yerdə olmağa vərdiş etmədiyimiz insanlarla keçirmək məcburiyyəti ola bilər.

"Bəzi insanlar deyirlər ki, belə yuxuların əmələ gəlməsi duyğu, xatirə və baş verən hadisələri yuxuda təhlil etməyimizlə əlaqəlidir. Digər insanlar isə yuxuda gödüklərini real həyatları barədə sanki çəkilən və arzularından ibarət qısametrajlı filmlərə bənzədirlər".

Yuxunun mənası nədir?

Bu illər ərzində yuxularımızın gündəlik həyatımıza təsiri barədə bir çox ziddiyyətli fikirlər olub.

Bu mübahisə 1900-cü ildə Sigmund Freud-in məşhur "Yuxuların təfsiri" kitabını nəşr etdirdiyi vaxtlardan bəri davam edir. Freud hesab edirdi ki, yuxularımız gündəlik həyatımızda baş verən hadisələrin simvolik və məna daşıyan bir təsvir toplusudur. Onun qənaətincə, yuxular şüursuz düşüncələrimizi əks etdirir.

Ancaq digər nəzəriyyəçilər yuxuların beynimizdə hadisələri təhlil edib onlara hazırlaşmaq imkanı verdiyini zənn ediblər. "İbtidai instinkt məşq nəzəriyyəsi' adlanan bu fərziyyəyə görə, pis yuxularımız özümüzü real həyatın təhlükələrindən qorumaq yollarını düşünməyimizə imkan verir.

Nəzəriyyələrdən birinə görə, yuxularımız həyatımızdakı hadisələrə uyğunlaşmağa və qavramağımıza kömək etmiş olur.

2011-ci ildə ABŞ-ın Berkeley şəhərindəki Kaliforniya Universitetinin alimləri yuxuların insanın həyatındakı stres və narahatlığı azaltmağa kömək etdiyi fərziyyəsini irəli sürüblər. Onlar yuxunun bir növ gecə ərzində baş verən terapiya üsulu olduğunu zənn ediblər.

Berkeley qrupu yuxunun REM mərhələsində beynimizdə (bədənimizə kimyəvi siqnallar göndərən və stress hissini yaradan) neyrotransmitterlərin daha az sayda olduğunu aşkar edib. Bu səbəbdən REM fazasında yuxu görməyimiz beynimizi stres hiss etmədən çətin vəziyyətlər haqqında düşünməyə öyrədir.

Tədqiqatın nəticələri nəşr olunarkən, Berkeley alimlərindən biri olan Matthew Walker deyib: "Özünəməxsus neyrokimyəvi tərkib əsasında baş verən yuxunun yuxu görmə mərhələsi bizə ötən günün emosional təsirinin ağırlığını yüngülləşdirməyə, emosional yaraları sakitləşdirici məlhəm kimi sağaltmağa imkan verir."

Rejimin pozulması

Prof Blagrove-yə görə, insanların son bir ildə gördüyü qəribə yuxular, pandemiyanın yaratdığı stresin və gündəlik iş rejiminin pozulmasının nəticəsi ola bilər.

"İnsanların dörd divar içində keçirdiyi həyat daha əsəbi ola bilər, iş yeri ilə bağlı narahatlıq əlavə stress yarada bilər. Bütün bunlar daha çox dərəcədə qəribə və yadda qalan yuxular görməyə səbəb ola bilər".

Yuxu
Şəklin alt yazısı, Yuxu rejimini yaxşılaşdırmaq və yatmağa gedənədək elektron cihazlara baxış vaxtını azaltmaqla stresli yuxu görmək ehtimalını azaltmaq olar.

Uşaqlıq dövründə xoşagəlməz yuxular adətən 3-6 yaş arasında başlayır. Bu cür yuxular 10 yaşadək tez-tez ola bilər, baxmayaraq ki, xoşagəlməz yuxu ara-sıra olsa da, hər kəsin yuxusuna girə bilər.

Yeniyetmə yaşlarında gördüyümüz qorxulu və ya qəribə yuxuların çoxu əsasən məktəb, kollec və ya universitetdəki imtahanlarla əlaqəli olur. Pandemiya kimi imtahanlar da gündəlik həyatımızda stress mənbəyidir və həmin bu stresli vəziyyətlər yuxularımızda da öz əksini tapa bilər.

Yuxulara necə yanaşmalı?

Professor Blagrove deyir ki, "yuxular gerçək həyatımızı olduqca poetik və məcazi tərzdə təsvir etsə də, yuxunun süjeti olan əhvalata həmin yuxunu görən insan çox vaxt nəzarət etmir".

Alim, ağır yuxuları başqa insanlarla müzakirə etməyi məsləhət görür. Bu, bir qədər rahatlıq verməklə yanaşı, həm də təkrarlanan süjetləri və ya stresli mövzuları müəyyənləşdirməyə, gerçək həyatımızda belə halların qarşısını almağa kömək edə bilər.

Stresi azaltmaq və bu cür yuxuların təkrarlanmasının qarşısını almağın başqa bir yolu, sağlam yuxu rejiminə əməl etməkdir - bu üsul bizi sakitləşdirə və kifayət qədər yuxu aldığımızı təmin edə bilər.

Sağlam yuxunu təmin etmək məqsədilə, dərindən nəfəs alma məşqləri, etibarlı insanlarla hisslərimiz barədə danışmaq və yatmazdan əvvəl mobil telefonu işlətmək və ya televizora baxmaq kimi beynimizi yükləyən və narahatlığımıza səbəb olan hər hansı hərəkətdən çəkinmək məsləhətdir.