Azərbaycanın Eurovision 2021 mahnısı, Azərbaycan ordusu hərbi təlimlərə başlayıb

Samira Efendi

Şəklin mənbəyi, Eurovision Song Contest YouTube səhifəsi

Şəklin alt yazısı, Samira Əfəndi "Mata Hari" mahnısının klipindən görüntü

Azərbaycanın Eurovision 2021 mahnısı məlum olub, Azərbaycan ordusu İkinci Qarabağ müharibəsindən sonra ilk iri miqyaslı hərbi təlimlərinə başlayıb - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Azərbaycanı Eurovision 2021 beynəlxalq mahnı müsabiqəsində təmsil edən Samira Əfəndi "Mata Hari" mahnısı ilə çıxış edəcək.

Mahnının musiqisi və sözləri Amy van der Wel, Josh Earl, Luuk van Beers, Tony Cornelissen-ə aiddir.

Samira Əfəndi Azərbaycanı Eurovision 2020-də Cleopatra (Kleopatra) mahnısı ilə təmsil etməli idi, lakin COVİD 19 pandemiyasilə əlaqədar müsabiqə təxirə salınmışdı.

Video: İctimai TV və Eurovision Song Contest YouTube səhifəsi.

Video açılmırsa YouTube-dan izləyin.

Azərbaycan ordusu hərbi təlimlərə başlayıb

Hərbi təlimlər

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Bu gündən Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsindən sonra ilk iri miqyaslı hərbi təlimlərinə başlayıb

Bazar ertəsi günü Azərbaycan ordusu əməliyyat-taktiki təlimlərinə başlayıb. Bu Azərbaycan ordusunun ölkə ərazisində İkinci Qarabağ müharibəsindən sonra həyata keçirdiyi ilk geniş miqyasılı hərbi təlimdir.

Bunadan əvvəl bir qrup Azərbaycan hərbçisi Türkiyədə Qars bölgəsində hərbi təlimlərə qatılıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərə 10 min nəfərədək hərbçi, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu cəlb olunub.

Bundan başqa, hərbi təlimlərdə reaktiv yaylım atəş sistemi, minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları da istifadə olunacaq.

Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, hərbi təlimlər dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək və İkinci Qarabağ müharibəsində qazanılan təcrübə istifadə olunacaq.

"Əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib", - Azərbaycan Müdafiə Nazirliyi bəyan edib.

Rəsmi məlumata görə, "qoşunlar terrorçu dəstələr, həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları" üzrə tapşırıqları icra edəcək.

Təlimlərin qoşunların 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq aparıldığı və martın 18-dək davam edəcəyi bildirilib.

Sabahdan başlayaraq Ermənistan da hərbi təlimlər keçirəcək. Ermənistanın hərbi təlimlərinə 7500 nəfər hərbçinin, 200 raket və artileriya qurğusunun, 100-dək tank və zirehli texnikanın 90-dan çox aviasiya vasitələrinin cəlb olunacağı bildirilib.

Ermənistanda hərbi təlimlərin martın 20-də bitməsi planlaşdırılıb.

Ötən ilin sentyabrın 27-də Ermənistan və Azərbaycan arasında İkinci Qarabağ müharibəsi baş verib və döyüşlər 44 gün davam edib. Hərbi əməliyyatlar 2020-ci ilin noyabrın onunda Rusiyanın vasitəçiliyi ilə atəşkəs bəyənatının imzalanması ilə dayanıb. Razılaşmaya görə, Rusiya sülhməramlı qoşunları Qarabağa gəlib və Ermənistan Ağdam, Kəlbəcər rayonlarını Laçının isə böyük hissəsini Azərbaycana döyüşsüz qaytarıb.

Rəsmi olaraq Azərbaycan tərəfi münaqişəni bitmiş sayır və işğalın aradan qaldırıldığını hesab edir. Ermənistan isə rəsmən bəyan edib ki, Dağlıq Qarabağın statusu məsələsi müzakirə olunmalıdır.