Dağlıq Qarabağda bir erməni əsgər “yaralanıb”, bir ekskavatorçu "minaya düşüb", Erdoğan və Putinin telefon danışığı

Şəklin mənbəyi, ARIS MESSINIS/Getty Images
Dağlıq Qarabağda bir erməni əsgər "yaralanıb", bir ekskavatorçu "minaya düşüb", Erdoğan və Putin arasında telefon danışığı, Ermənistan Prezidenti Londonda xəstəxanaya yerləşdirilib, İlham Əliyev yeni Medianın İnkişafı Agentliyi yaradıb, Rusiya sülhməramlılarının həkimləri Ağdərədə 250-dən çox erməniyə tibbi yardım göstərib - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Dağlıq Qarabağ ərazisində mina partlayışı nəticəsində torpaq işlərində çalışan mülki ekskavatorçunun həlak olduğu bildirilir. Çərşənbə axşamı günü saat 17:50-də baş vermis hadisə barədə yerli istintaq komitəsi bu gün məlumat yayıb.
Hadisənin 10 noyabr Bəyanatı nəticəsində Tərtərin Azərbaycana qaytarılmamış Ağdərə inzibati ərazisində (keçmiş Ağdərə rayonu, Martakert - ermənicə-red.), "Bağer" (Bağlar) adlanan ərazidə baş verdiyi deyilir.
Məlumata görə, Dağlıq Qarabağ ərazisində müharibədən sonra çoxlu partlamamış minalar qalır. Yerli və Rusiya sülhməramlı kontingentin istehkamçıları minadan təmizləmə işləri aparırlar.
Dağlıq Qarabağda bir erməni əsgər "yaralanıb"
Dağlıq Qarabağda bir erməni əsgərinin "yaralandığı" bildirilir, Azərbaycan bu iddianı rədd edir.
Yanvarın 13-də saat 12 radələrində mərkəzi istiqamətdə "müdafiə ordusunun hərbi hissələrindən birinin şəxsi heyətinin keşik çəkdiyi ərazidə" 2000-ci il təvəllüdlü Bardan Vardanoviç Kirakosyan odlu silahdan yaralanıb, Ermənistan informasiya vasitələri "tanınmamış DQR Müdafiə Ordusu" mətbuat xidmətinə istinadən xəbər verirlər.
Hərbçinin "Azərbaycan tərəfinin atəşkəs rejimini pozması nəticəsində" yaralandığını bildirir.
Məlumata görə, hərbçi dərhal hospitala çatdırılıb, onun vəziyyəti stabil ağır kimi qiymətləndirilir.
Azərbaycan Müdafiə Nazirliyi yayılmış bu məlumatı qəti şəkildə rədd edib.
"Azərbaycan Ordusu 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın tələblərinə ciddi şəkildə əməl edir. Azərbaycan Ordusu tərəfindən heç bir atəşkəsin pozulması halı olmayıb", - Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı bildirib.

Şəklin mənbəyi, Getty Images
Erdoğan və Putin Qarabağı və ikitərəfli əlaqələri müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Recep Tayyip Erdoğan bugünkü telefon söhbətlərində Qarabağı və ikitərəfli əlaqələri müzakirə ediblər.
Bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat verib.
Məlumata əsasən Vladimir Putin həmkarına Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvarda Moskvada keçirilmiş üçtərəfli görüşünün əsas nəticələri barədə məlumat verib.
"Danışıqların əsas nəticələrindən birinin Azərbaycanla Ermənistanın münasibətləri normallaşdırmaq meylinin təsdiqlənməsi, dinc həyatın qurulmasında əməli qarşılıqlı fəaliyyətə, iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına hazır olduqları vurğulanıb. Dağlıq Qarabağ ətrafında vəziyyətin ümumi sabitləşməsini nəzərə alaraq, bu istiqamətdə bir sıra vacib addımlar barədə razılığa gəlmək mümkün olub", - Kremlin məlumatında qeyd olunub.
Recep Tayyip Erdoğan öz növbəsində Dağlıq Qarabağ nizamlanmasında Rusiyanın səylərini dəstəklədiyini, bölgənin iqtisadi inkişafı və qarşılıqlı faydalı layihələrin təşviqi baxımından Rusiya və Türkiyənin addımlarının koordinasiya olunmasının davamının tərəfdarı olduğunu bildirib.
Ayrıca olaraq Rusiya-Türkiyə atəşkəs və münaqişə bölgəsində bütün hərbi hərəkətlərə Nəzarət Mərkəzinin formalaşmasının bəzi aspektlərinə toxunulub.
İkitərəfli gündəliyi müzakirə edərkən qarşılıqlı ticarətin həcminin artırılması, əsas sahələrdə əməkdaşlığın genişləndirilməsi, eyni zamanda peyvəndlərin birgə istehsalı və istifadəsi planlarının icrası da daxil olmaqla koronavirus pandemiyasına qarşı mübarizə məsələlərinə xüsusi diqqət yetirilib.
Məlumata əsasən, Putin və Erdoğan bir-birini Yeni il münasibətilə təbrik ediblər və Rusiya ilə Türkiyə arasındakı əməkdaşlığın yeni ildə daha da inkişaf edəcəyinə əmin olduqlarını bildirdilər.
Müxtəlif səviyyələrdə müntəzəm dialoqun aparılması barədə razılığa gəlinib.
Ermənistan Prezidenti London xəstəxanasındadır

Şəklin mənbəyi, PARLIAMENT.AM
Ermənistan prezidenti Londonda xəstəxanaya yerləşdirilib
Koronavirusa yoluxmuş Ermənistan Prezidenti Armen Sarkisyan Londonda xəstəxanaya yerləşdirilib, onun mətbuat xidməti bildirir.
"Prezident ev şəraitində müalicə olunurdu, lakin səhhəti pisləşməyə başladığına görə onu xəstəxanaya yerləşdiriblər. Cənab Sarkisyanın hərarəti artıb və ikitərəfli pnevmoniya aşkar edilib", - məlumatda deyilir.
Armen Sarkisyan Londonda yanvarın 5-də koronavirus müəyyən edilib və o, evdə həkim nəzarəti altında təcrid olmuşdu.
Daha sonra Prezidentin həyat yoldaşı Nune Sarkisyanda da koronavirus aşkarlanıb.
İlham Əliyev yeni Medianın İnkişafı Agentliyi yaradıb

Şəklin mənbəyi, President.az
Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə yeni Medianın İnkişafı Agentliyi yaradılıb və qurumun nizamnaməsi təsdiq edilib.
Prezidentin saytının məlumatına görə, Agentliyin nizamnamə fondu 285 405 manat müəyyən edilib və dövlət büdcəsinin vəsaiti hesabına formalaşıb.
Prezidentin fərmanına görə, yeni yaradılan qurum Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) əsasında yaradılıb və public hüquqi şəxs status alıb.
İlham Əliyev ötən gün verdiyi sərəncamla KİVDF-in icraçı direktoru Əhməd İsmayılov yeni yaradılan agentlikdə eyni vəzifəyə təyin edib.
Media İnfişaf Agentliyinə qısa olaraq MEDİA adı verilib.
Fərmana əsasən agentlik Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun hüquqi varisidir və fondun hüquqları, öhdəlikləri, habelə əmlakı Agentliyə verilib.
Turanın məlumatına görə, yeni yaradılan Medianın İnkişafı Agentliyi cəza təyin etmək səlahiyyətlərinə malik olacaq.
Agentliyin nizamnaməsinə əsasən, Agentliyin çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək hüququ olacaq.
Rusiya sülhməramlılarının həkimləri Ağdərədə 250-dən çox erməniyə tibbi yardım göstərib

Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi
Rusiya sülhməramlılarının həkimləri Ağdərədə 250-dən çox yerli erməniyə tibbi yardım göstərib.
Rusiya Müdafiə Nazirliyinin Məlumatına görə, həkim qəbuluna ehtiyacı olanlar Azərbaycanın Ağdərə (Mardakert) şəhərindəki səhra xəstəxanasında qəbul edilib və onlara tibbi yardım göstərilib.
Nazirlik bildirib ki, Dağlıq Qarabağda yerli sakinlərin müraciətləri və müalicələri Xankəndi (Stepanakert) və Ağdərə (Mardakert) şəhərlərində qurulan səhra xəstəxanalarında aparılır.
Uzaq olan bəzi ərazilərə isə səyyar həkim qrupları tibbi xidmət göstərir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, xəstəxana fəaliyyətə başladığı gündən bu günə qədər 157-i uşaq olmaqla 1200-dən çox Dağlıq Qarabağ sakini ixtisaslı tibbi yardım alıb.
Nazirlik bildirib ki, əhalinin müraciətləri daha çox müxtəlif xroniki xəstəliklərin, ürək-damar və endokrin sistem xəstəliklərinin kəskinləşməsi və diş müalicəsi ilə əlaqədar olub.
Sülhməramlıların tibbi şöbələrində hərbi cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevtlər və epidemioloqlar da daxil olmaqla 60-dan çox tibb mütəxəssis çalışır.
Rusiya Federasiyası Prezidentinin, Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin birgə bəyanatına əsasən 2020-ci il noyabrın 10-da atəşkəs elan edilib və Dağlıq Qarabağda bütün döyüş əməliyyatları dayandırılıb.
Üçtərəfli razılaşmaya əsasən Rusiyanın sülhməramlı kontingenti Dağlıq Qarabağa atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün yerləşdirilib.Rusiya sülhməramlıları bölgəyə yerləşəndən Ermənistanda olan qaçqınların köçürülməsi, Dağlıq Qarabağda mina təmizləmə işləri, yerli infrastrukturun bərpası, əhaliyə tibbi yardım göstərilməsi və digər humanitar məsələlərlə məşğul olur.









