Putin: "Erdoğan sözündən qaçmır", Horadiz və Cəbrayılda Ermənistan hərbçilərinin "meyitləri tapılıb"

Şəklin mənbəyi, Mikhail Svetlov/Getty Images
Putin: Erdoğan "sözündən qaçmır", Horadiz və Cəbrayılda Ermənistan hərbçilərinin "meyitləri tapılıb", Mevlüt Çavuşoğlu: "Atəşkəsi müşahidə nöqtələri Dağlıq Qarabağa yaxın ərazilərdə olacaq", - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Putin: "Erdoğan sözündən qaçmır"
Rusiya Prezidenti beynəlxalq hüquq baxımından Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu deyib.
Bu barədə Vladimir Putin illik mətbuat konfransında deyib.
Rusiya prezidenti deyib ki, Qarabağla bağlı beynəlxalq vasitəçilər də sözdən işə keçməli və yerli əhaliyə kömək etməli, bu sahəni yalnız Rusiyaya buraxmamalıdır.
Rusiya lideri həmçinin Çin və Türkiyə dövlət başçıları ilə əlaqələrini şərh edib.
Vladimir Putin Receb Tayyip Erdoğanla tez-tez razılaşmadığını, onun ancaq sözünə əməl etdiyini deyib.
"Prezident Erdoğanla müəyyən mövzularda tez-tez fikir ayrılığımız olur. Bəlkə bəzən əks fikirdə oluruq. Lakin o, sözünə əməl edən insandır, kişidir. Sözündən qaçmır".
Rusiya liderinin sözlərinə görə, Qarabağda Rusiya sülhməramlılarının sayı artırıla bilər, ancaq münaqişə tərəfləri ilə razılaşdırılmaqla.
Rusiya Prezidenti illik mətbuat konfransında Azərbaycan və Qarabağla bağlı bir sıra suallara cavab verib.
Rusiyanın mövqeyi həmişə bundan ibarət olub ki, "qan tökülmədən razılığa gəlməliyik", Vladimir Putin deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağın statusu dəyişməz olaraq qalmalı, status-kvo saxlanılmalı, lakin Dağlıq Qarabağla Ermənistan arasında əlaqə imkanları olmalıdır və bunun üçün də dəhliz yaradılıb.
"Türkiyənin mövqeyi budur ki, onlar Azərbaycanın haqlı işini, yəni işğal olunmuş ərazilərin qaytarılmasını müdafiə etdilər. Beynəlxalq hüquq baxımından bu, doğrudan da Azərbaycan ərazisidir, Dağlıq Qarabağın özü kimi ", Rusiya Prezidenti deyib.
Onun sözlərinə görə, hər iki tərəfin öz həqiqəti var.
"Dağlıq Qarabağ erməniləri vaxtilə həyatlarını və ləyaqətlərini qorumaq üçün əlinə silah alıblar", o, sözlərinə davam edib.
Vladimir Putin deyib ki, tərəflər atəşkəs barədə razılığa gəliblər və razılaşmanın imzalanması vaxtı tutduqları mövqelərdə qalıblar: "Onlar elə orada da qalmalıdırlar".
Rusiya Prezidentinin sözlərinə görə, əsas odur ki, insanların həyatını və sağlamlığını qorumaq lazımdır, ancaq infrastrukturla bağlı problemlər ortaya çıxıb.
Horadiz və Cəbrayılda Ermənistan hərbçilərinin "meyitləri tapılıb"

Şəklin mənbəyi, AA/Getty images
Dünən axtarış qrupları Horadiz və Cəbrayıl ərazilərindən 41 Ermənistan hərbçisinin meyitini təxliyə edib. Bu barədə, tanınmamış "Dağlıq Qarabağ Fövqəladə Hallar Xidmətinin başçısı" Hunan Tadevosyan mətbuata məlumat verib.
Onun sözlərinə görə, noyabrın 13-dən bəri 933 meyit tapılıb.
Axtarış işləri pis hava şəraitinə görə, həmçinin "Azərbaycan tərəfinin maneələr törətmək cəhdləri" ucbatından çətinləşir, o deyib. Azərbaycanın buna rəsmi reaksiyası məlum deyil.
Hunan Tadevosyan deyib ki, axtarışlarda müharibə nəticəsində itkin düşənlərin valideynləri də iştirak edir.
Rusiya sülhməramlıları axtarışlarda bilavasitə iştirak etmir, lakin (Azərbaycan tərəfi ilə) danışıqlar prosesini təmin edirlər.

Şəklin mənbəyi, ADEM ALTAN/Getty Images
Mevlüt Çavuşoğlu: "Atəşkəsi müşahidə nöqtələri Dağlıq Qarabağa yaxın ərazilərdə olacaq"
Türkiyənin Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu deyib ki, "Qarabağda atəşkəsi müşahidə nöqtələri Dağlıq Qarabağa yaxın ərazilərdə olacaq".
Türkiyənin 24 TV kanalına müsahibəsində Mevlüt Çavuşoğlu bildirib ki, atəşkəs və problemin həlli məsələsində yaxşı mövqedəyik.
Onun sözlərinə görə, "Rusiya ilə imzalanan razılaşmada açıq göstərilib ki, Qarabağda müşahidə nöqtələri Azərbaycanın göstərdiyi yerlərdə olacaq".
"Son günlərdə Qarabağda atəşkəsin pozulması olub Azərbaycan cavabını verib, amma burada Rusiyanın məsuliyyəti var. Rusiyanın Ermənistana yaxın bölgədə Laçın tərəfdə qüvvələri var və atəşkəsi qorumalıdır. Əks təqdirdə cənab İlham Əliyev lazimi mesajı verib", - Mevlüt Çavuşoğlu deyib.
Cənab Çavuşoğlu deyib ki, Türkiyə ilə Ermənistanın sərhədlərinin açılması Dağlıq Qarabağda prosesin düzgün və effektiv işləməsindən asılı olacaq.
O bildirib ki, Türkiyə ilə sərhədlərin açılması və ticari əlaqələrin bərpasının daha çox Ermənistan və Ermənistan xalqı üçün faydalı olacaq.

Şəklin mənbəyi, Alex McBride/Getty Images
Bu günə kimi döyüş bölgəsindən 314 Azərbaycan, 775 Ermənistan hərbçisinin meyiti çıxarılıb
Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib ki, bu günə kimi döyüş bölgəsindən 314 Azərbaycan, 775 Ermənistan hərbçisinin meyiti çıxarılıb.
Azərtacın məlumatına görə, hazırda Azərbaycan Ermənistanda saxlanılan və beynəlxalq təşkilatların da qeydiyyata aldığı üç vətəndaşının qaytarılmasını Ermənistandan tələb edir.
Bir neçə gün əvvəl Azərbaycan və Ermənistan Rusiya sülhməramlıları və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vastəçiliyi ilə "hamının-hamıya" prinsipi ilə 14 azərbaycanlı əsir və girovun qaytarılmasını həyata keçirib.
Rəsmi məlumata görə, onlardan 12 nəfəri İkinci Qarabağ müharibəsində əsir düşənlər, iki nəfər isə 2014-cü ilin iyul ayında Kəlbəcər rayonu ərazisində girov götürülərək həbs edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyev olub. Azərbaycan tərəfi onların həbsini qeyri-qanuni hesab edir.
Məlumata görə, hazırda qaytarılan şəxslər müalicə olunurlar.
Eldar Səmədov deyib ki, meyitlərin çıxarılması prosesi davam edir.
Dövlət Komissiyasının təmsilçisi bildirib ki, İkinci Qarabağ müharibəsi başlayandan indiyə kimi Azərbaycan tərəfi dörd dəfə 29 oktyabr, 2 dekabr, 9 dekabr və 11 dekabr tarixlərində 9 ermənini Ermənistana təhvil verib.
Onun sözlərinə görə, Azərbaycan ilk növbədə yaşlı insanları qeyd-şərtsiz azad edib.
"Keçirilmiş bütün humanitar proseslərdə bütövlükdə 54 erməni azad edilib. Onlardan 6 nəfəri 2020-ci il sentyabrın 27-dən əvvəl Azərbaycan ərazisində saxlanılmış şəxslərdir. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində qoyub getdikləri ağır xəstə olan 2 nəfər yaşlı erməni mülki şəxs Azərbaycan tərəfindən yerləşdirildikləri xəstəxanada aldıqları müalicəyə baxmayaraq, vəfat etdikləri üçün meyitləri beynəlxalq təşkilatların vasitəçiliyi ilə qarşı tərəfə təhvil verilib",- Eldar Səmədov deyib.
Cənab Səmədov bildirib ki, Azərbaycan sentyabrın 27-dən sonra təslim olmuş Ermənistan hərbçilərinə və döyüş bölgəsindən çıxarılmış mülki şəxslərə Cenevrə konvensiyasının şərtlərinə uyğun davranıb.
Onun sözlərinə görə, onların saxlanma şəraiti, onlarla davranış, qida, su təminatı və yaralıların müalicə hüquqları tam təmin olunub.
Bundan başqa Dövlət Komissiyası əsir düşmüş Ermənistan hərbçiləri və saxlanılan şəxslər barədə BQXK-ya onlar barədə məlumatlar verib və ailələri ilə əlaqə saxlamalarını təmin edib.
Eldar Səmədov bildirib ki, Birinci Qarabağ müharibəsində 3890 Azərbaycan vətəndaşı itkin düşüb və onların axtarışı davam etdirilir.
O deyib ki, beynəlxalq razılaşmaya əsasən indiyədək itkinlərə aid 3600-dən çox sorğu anketi toplanılıb və itkin düşənlərin ailələrindən bioloji (DNT) nümunələr götürülüb.
"Son illər ərzində 3 minə yaxın bioloji nümunə toplanaraq sənədləşdirilib",- Eldar Səmədov deyib.
Dövlət Komissiyasının təmsilçisi bildirib ki, Ermənistan tərəfinin azərbaycanlı əsrirlər və ya girovlara davranışı barədə azad olunan şəxlərlə sorğular keçirilir.
O deyib ki, ibtidai araşdırma və ekspertizalar aparılır.
Eladar Səmədov deyib ki, araşdırmalar "yekunlaşdırıldıqdan sonra müvafiq qanuni qərarlar qəbul olunacaq".

Şəklin mənbəyi, Getty Images
Ermənistan Hadrut tərəfdə itkin düşmüş 73 hərbçisini axtarır
Ermənistan tərəfi Hadrut rayonunun Çaylaqqala (Xtsaberd)-Hin Tağlar kəndləri istiqamətində 73 hərbçisinin itkin düşdüyünü bildirib.
Sputnik Ermənistanın yaydığı məlumata görə, itkin düşən erməni hərbçiləri barədə mətbuatda ziddiyyətli məlumatlar yayılıb.
Məlumata görə, tanınmamış "Dağlıq Qarabağ Respublikası" Müdafiə Nazirliyi Hadrut bölgəsinin Çaylaqqala (Xtsaberd)-Hin Tağlar ərazisində itkin düşən 73 nəfərin taleyinin hələ də məlum olmadığını bəyan edib.
Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyanın bu məsələ ilə bağlı Dağlıq Qarabağa gəldiyi bildirilib.
Azərbaycan tərəfindən itkin düşən erməni hərbçiləri barədə şərh verilməyib.
"Hadisənin ilk saatlarından etibarən Rusiya sülhməramlılarının dəstəyi ilə hərbçilərimizin taleyini öyrənmək üçün təcili işlər görülür", - tanınmamış "Dağlıq Qarabağ Respublikası" Müdafiə Nazirliyi bildirib.
Qurum Çaylaqqala (Xtsaberd)-Hin Tağlar ərazisində itkin düşən Ermənistan hərbçilərinin sayı barədə ziddiyyətli məlumatlar yayıldığını deyib və onların sayının 171 yox 73 olduğunu təsdiq edib.
Buna qədər sosial şəbəkələrdə və mətbuatda Çaylaqqala (Xtsaberd)-Hin Tağlar ərazisində 100-dən çox erməni döyüşçünün son bir neçə gün ərzində əsir düşməsi barədə məlumatlar yayılıb.
Daha əvvəl tanınmamış "Dağlıq Qarabağ Respublikasının"ombudsmanı Artak Beglaryan, Hadrut bölgəsində təxminən 60 hərbçinin itkin düşdüyünü təsdiqləyib.
Çoxlu Ermənistan hərbçisinin Azərbaycan tərəfinə əsir düşməsi və ya itkin olması barədə məlumatlar Ermənistanda və Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində etirazlara səbəb olub.
Ötən gün Dağlıq Qarabağda bəzi ermənilər Şirak bölgəsində etiraz əlaməti olaraq ərazidəki yolları bağlayıb. Ermənistanda isə paytaxt Yerevanda itkin düşmüş hərbçilərin qohumları Ermənistan Müdafiə Nazirliyi qarşısında etiraz aksiyasını keçirib. Etirazçılar nazirliyin qapısını sındırıb binaya daxil olublar.
Hadrut rayonunun Çaylaqqala (Xtsaberd)-Hin Tağlar kəndləri istiqamətində 11 və 12 dekabrda döyüşlər olub. Dekabrın 13-də Rusiya sülhməramlılarının müdaxiləsi ilə döyüşlər dayanıb.
Sputnik Ermənitanın məlumatına görə, hazırda kəndlər Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Rusiya Müdafiə Nazirliyinin son yenilədiyi xəritəyə görə, Hadrut rayonunun Çaylaqqala (Xtsaberd)-Hin Tağlar kəndləri Azərbaycanın nəzarət etdiyi bölgə kimi təqdim olunub.
Həmçinin bax:









