Azərbaycanda bu gündən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir - yeni qaydalar nədir?

Bakı, korona

Şəklin mənbəyi, Aziz Karimov/Getty Images

Azərbaycanda bu gündən 18 yanvaradək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək, SMS icazə sistemi yenidən tətbiq ediləcək.

Nazirlər Kabineti həmçinin qərar verib ki, ölkə üzrə xüsusi karantin rejiminin müddəti gələn ilin yanvarın 31-dək uzadılacaq.

Sərt karantin dövründə NK-nin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılır.

Restoran, çayxana və kafelər kimi ictimai iaşə obyektləri və ticarət obyektləri müştərilərə yalnız çatdırma xidmətləri göstərə bilər və ya onlayn satışa icazə verilir.

Bəzi rayon və şəhərlərə giriş-çıxış məhdudlaşdırılır

Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılır.

Operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisnadır.

Yuxarıda sadalanan ərazilərdə hərəkət məhdudiyyəti tətbiq ediləcək. Bu səbəbdən, NK-nın qərarı əsasında müəyyənləşdirilmiş siyahı üzrə müvafiq qurumlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda qərarla müəyyən edilmiş digər təşkilatların və qurumların işçiləri onlar barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az" portalına daxil edildikdən sonra bu ərazilərdə hərəkət edə biləcəklər.

Məlumatlar "icaze.e-gov.az" portalına 9 dekabr saat 10:00-dan etibarən daxil edilməlidir.

Adları çəkilən ərazilərdə yaşayan bütün digər şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS-icazə sistemi və ya Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzindən icazə almalıdır.

SMS-icazə sistemi necə tətbiq ediləcək?

- Təxirəsalınmaz tibbi zərurət və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün.

Bu icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir, qərarda qeyd olunur.

- Ərzaq və digər gündəlik tələbat malları və dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti və açıq havada vaxt keçirilməsi üçün

Bu icazə gündə 3 saat olmaqla 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir.

- Yaxın qohumunun dəfnində iştirak üçün isə hər bir DİN-in 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

- Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin hərəkətlərinə bilet və ya pasporta vurulmuş ştamp əsasında icazə verilir.

İcazə mesajları necə olmalıdır?

İcazə istəyən şəxslər 8103 nömrəsinə SMS göndərməli və ya həmin icazə üçün "E-Təbib" tətbiqindən istifadə etməlidirlər.

SMS mətnində aşağıdakı iki indeksdən biri qeyd edilməlidir: "1" rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün istifadə olunmalıdır.

"2" rəqəmi isə ərzaq, digər gündəlik tələbat malları, dərman vasitələrinin alınması, dövlət, bank, poçt və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə üçündür.

O, həmçinin, açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçündür.

Metro və avtobus necə işləyəcək?

Bakı metropolitenində sərnişindaşımanın və bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 31 yanvar saat 06:00-dək uzadılır.

190 manat yardım geri qayıdır

14 dekabrdan 18 yanvaradək əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım göstəriləcək. Eyni zamanda zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara yardım edilməsi nəzərdə tutulur, NK-nın qərarında bildirilir.

Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunur.

Əvvəllər hansı qaydalar qüvvədə idi?

Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah bir müddət əvvəl elan etmişdi ki, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır.

Bundan başqa indiyədək sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında müddət 7 dekabr saat 06:00-dək uzadılıb.

Bakı Metropoliteni də 28 dekabr saat səhər saat 6-dək işləməyəcək.

Məlumata görə, noyabrın 21-dən saat 28 dekabr səhər saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Budəfəki dəyişiklərdən biri də odur ki, "şənbə və bazar günləri yalnız xüsusi nömrə nişanları almış taksilər fəaliyyət göstərə biləcəklər," Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov deyib.

"Hansı taksilərin, hansı şirkətin rəsmi icazəsi var və taksiləri xüsusi fərqlənmə nişanları ilə təmin ediliblər onlar fəaliyyətlərini davam etdirə bilər".

DİN rəsmisi Ehsan Zahidov vətəndaşların diqqətinə çatdırır ki, "həm taksidən, həm də şəxsi maşınlardan istifadə zamanı mütləq sərnişin də, sürücü də maskada olmalıdırlar və maska da düzgün istifadə olunmalıdır".

Bundan başqa, şənbə və bazar günləri aptek və ərzaq mağazaları və həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri istisna olmaqla digər sahələr xidməti dayandıracaq.

Operativ Qərargah məlumatına görə, 21 noyabrdan ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi olacaq.

Qurum yüksək risk qrupuna daxil olan yaşı 65-dən yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə edib.

Qərargah özəl sektor və digər sahələrə tövsiyə edib ki, işçilərin say həddini 30 faizədək azaltsınlar və digər işçiləri məsafədən iş rejiminə keçirsinlər.

Uzadılan xüsusi karantin rejimində Nazirlər Kabineti bir sıra sahələrdə fəaliyyət göstərməsinə icazə verilən sahələrin siyahısını dərc edib.

  • hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti;
  • fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti;
  • səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri;
  • kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı fəaliyyəti;
  • fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti;
  • apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti;
  • kütləvi informasiya vasitələrinin fəaliyyəti;
  • mühafizə xidmətləri