Baş Prokurorluq: "Əli Həsənov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmayıb"

Əli Həsənov

Şəklin mənbəyi, Azertag

Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmayıb, Baş Prokurorluq bildirib.

Sosial şəbəkələrdə Əli Həsənovun "Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundakı (KİVDF) qanunsuzluqlar və jurnalistlərə mənzillərin paylanılması" ilə bağlı başlanan cinayət işinə cəlb olunduğu haqda iddialar yer alıb.

İddialarda deyilir ki, Əli Həsənovun "Türkiyədə olduğu xəstəxana ilə əlaqə saxlanılıb və onun səhhətinin təyyarəyə minməsinə imkan verib-vermədiyi" öyrənilib. Bundan başqa, iddialara görə, Əli Həsənova yaxın günlərdə Azərbaycana qayıtmayacağı təqdirdə "haqqında beynəlxalq axtarış elan ediləcəyi və Azərbaycana qolu qandallı" gətiriləcəyi deyilib.

Baş Prokurorluq Əli Həsənovun istintaqa təqsirləndirilən şəxs qismində cəlb olunmadığını bildirib.

"Hazıradək qeyd olunan cinayət işi üzrə hər hansı şəxs təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmayıb", - Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov BBC News Azərbaycancaya bildirib.

İddialarla bağlı Əli Həsənovun özü ilə əlaqə saxlamaq mümkün olmayıb.

Çərşənbə axşamı günü Facebookda Əli Həsənovun adına olan səhifədə onun cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunması ilə bağlı iddialar təkzib olunub.

"Məlumat verirəm ki, mövcud cinayət işi ilə bağlı prokurorluq orqanlarının təqsirləndirilən şəxs kimi mənimlə maraqlanmaları və hansısa axtarış tədbirləri həyata keçirmələri haqqımda yayılan məlumatların heç bir əsası yoxdur. Mən hazırda Türkiyədə müalicədəyəm və yəqin ki, hər şey yaxşı keçsə on-on beş günə Azərbaycana qayıdacağam", - Əli Həsənovun adına olan Facebook səhifəsində yazılıb.

Baş Prokurorluq açıqlayıb ki, KİVDF-nin vəzifəli şəxsləri tərəfindən yol verilən qanunsuz əməllərə görə "külli miqdarda mənimsəmə, "vəzifə səlahiyyətlərindən sui-istifadə", "külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə" və "dövlət satınalmalarını qanunsuz keçirmə" maddələri ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Qurum hazırda həmin cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində intensiv və zəruri istintaq tədbirlərinin davam etdirildiyini bildirib.