Əli Həsənov vəzifəsindən azad edilib

Əli Həsənov

Şəklin mənbəyi, Azertag

İlham Əliyev ictimai-siyasi məsələlər üzrə köməkçisini, Əli Həsənovu vəzifəsindən azad edib.

O, bu barədə cümə günü sərəncam imzalayıb.

Həmçinin oxuyun:

Əli Həsənov kimdir?

59 yaşlı Əli Həsənov 2015-ci ilin fevralından bəri Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin-şöbə müdiri vəzifəsini icra edirdi.

Bundan 10 il əvvəl isə o, PA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsində idi. Cənab Həsənov 1996-2005-ci illərdə Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri, bundan daha bir il əvvəl isə bu şöbədə müdir müavini vəzifələrində çalışıb.

Naxçıvanda doğulmuş Əli Həsənovun məmurluq dövrü 1994-cü ildən, onun Naxçıvandan Bakıya gəlməsindən sonra başlayıb. Mediada adı Azərbaycanın mərhum üçüncü prezidenti Heydər Əliyevin "sadiq tərəfdarı" kimi keçən Əli Həsənov elə həmin ildən hakim partiyada ideologiya şöbəsinin müdiri kimi çalışıb.

Onun həmçinin Yeni Azərbaycan partiyasının yaranmasında yaxından iştirak etdiyi yazılır.

Bəzi hökumətyönlü saytlara görə, o, uzun illərdir ki, ölkədə ictimai-siyasi sabitliyin bərpa olunmasında, "dövlətlə KİV-lər, QHT-lər, vətəndaş cəmiyyəti arasında uğurlu münasibətlərin yaranmasında" xüsusi rolu olub.

Prezidentin yeni köməkçiləri kimlərdir?

Cümə günü Prezident Administrasiyasının yeni strukturu təyin olunub və Prezidentə yeni köməkçilər və PA-nın şöbə müdirləri təyin olunub.

Neft Fondunun sabiq icraçı direktoru, Şahmar Mövsümov prezidentin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri təyin edilib. Neft fondunun yeni icraçı direktoru, əvvəl bu idarədə icraçı direktorun müavini vəzifəsini tutan İsrafil Məmmədov olub.

Birinci vitse prezidentin köməkçisi Anar Ələkbərov vəzifəsindən azad edilərək Prezidentin köməkçisi təyin edilib. O, həmçinin Heydər Əliyev Mərkəzinin direktorudur.

Fuad Ələsgərov Prezidentin köməkçisi − PA-nın Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.

Prezidentin digər köməkçisi - PA-nınİqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov təyin olunub.

Zeynal Nağdəliyev isə Prezidentin köməkçisi − PA-nın Ərazi təşkilat məsələləri şöbəsinin müdiri təyin edilib.

Ədalət Vəliyev isə PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri təyin edilib.

Şahin Əliyev PA-nın Hüquq ekspertizası şöbəsinin müdiri təyin edilib.

Kərəm Həsənov Prezidentin köməkçisi − PA-nın Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri təyin edilib.

Hikmət Hacıyev Prezidentin köməkçisi − PA-nın Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.

Süleyman İsmayılov PA-nın Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilib.

Fərəh Əliyeva PA-nın Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilib.

Sabiq ədliyyə nazirinin müavini Məhərrəm Əliyev Prezidentinin köməkçisi − PA-nın Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib.

Eldar Nuriyev Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilib.