Azərbaycanda “26 min boş iş yeri var”, büdcə xərcləri 27 492 200 000 manat olacaq, harada çimməli?

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib ki, Azərbaycanda boş iş yerləri olsa da, vətəndaşlar "işdən imtina edirlər", bu gün İqtisadiyyat Nazirliyi məlumat yayıb ki, Azərbaycanda pandemiyadan əziyyət çəkən fərdi (mikro) sahibkarlara yenidən dəstək göstəriləcək, bu gündən çimərliklər açılır, bəs, harda çimməli? Parlament büdcəyə yenidən baxır - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Azərbaycanda "26 min boş iş yeri var"
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin çərşənbə axşamı günü keçirilən iclasında deyib ki, Azərbaycanda boş iş yerləri olsa da, vətəndaşlar "işdən imtina edirlər".
O söyləyib ki, insanlar "işləmək əvəzinə daha çox 190 manat üçün müraciət edirlər".
"Hazırda məşğulluq mərkəzlərində 26 mindən artıq vakant iş yeri var. 190 manatla bağlı şikayətlər nazirlik tərəfindən fərdi qaydada araşdırılır, onlara mövcud qanunvericilik çərçivəsində müxtəlif işlər təklif olunur. Amma bir sıra halda vətəndaşlar bu işlərdən imtina edir, 190 manat ödənilməsini tələb edirlər. Məşğulluq Mərkəzi təklif edilən işdən imtina edən vətəndaşı işsiz kimi qeydiyyata almaqdan imtina edir," - Anar Əliyev deyib.
O bildirib ki, pandemiya dövründə işini itirən şəxslərə verilən 190 manatın ilkin olaraq 200 min nəfərə verilməsi nəzərdə tutulsa da, İlham Əliyevin tapşırığı ilə 600 min nəfərə verilib.
Nazir müavini qeyd edib ki, 190 manatla bağlı daxil olan şikayətlər "nazirlik tərəfindən fərdi qaydada araşdırılır".
BBC News Azərbaycancaya Facebook-dan yazan Emil Çingiz adlı bir oxucu nazir müavinin bu sözlərinə etiraz edib: "İnsanların əsəbləriylə oynamayın. Heç bir iş yeri yoxdur, heç kimə heç bir iş yeri təklif olunmayıb. Bunlar hamısı yalandır və bu uğursuz 190 manatı vətəndaşlara ödəməmək üçün bəhanədir. Xalq artıq ümidsizlikdən dözülməz məmurlara və korrupsiyalaşmış hökumətə gülür. Yetər artıq".

Bəzi sahibkarlara 250 manat birdəfəlik dəstək veriləcək
Azərbaycanda pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı qərar qəbul edilib.
İqtisadiyyat Nazirliyinin açıqlamasına görə, sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar çərşənbə günü Nazirlər Kabineti tərəfindən qəbul edilib.
Nazirlik bildirib ki, bu günədək pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əmək haqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək.
Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək, - qurum açıqlayıb.
Eyni zamanda daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcək.
Qurum "birinci mərhələ çərçivəsində maliyyə dəstəyi əldə etmiş vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyacın olmadığını" bildirib.
"Maliyyə dəstəyi proqramının ikinci mərhələsi üzrə ödənişlər proqramın birinci mərhələsində bu dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçiriləcək. İndiyə qədər maliyyə dəstəyi almamış vergi ödəyiciləri də dəstək üçün müraciət edə bilərlər. Yeni müraciətlər avqust ayının 10-dək qəbul ediləcək".

Şəklin mənbəyi, AZERTAG
Parlament büdcəyə yenidən baxır
Milli Məclis növbədənkənar sessiyasında dövlət büdcəsinin xərclərinin azaldılmasını ilk oxunuşda qəbul edib.
Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 359 milyon 465 min manat, yerli gəlirləri 764 milyon 535 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 677 milyon 330 min manat, yerli xərcləri 814 milyon 870 min manat) məbləğində olacaq.
Bu il üçün dövlət büdcəsi gəlirləri 24 milyard 134 milyon manat, xərcləri 26 milyard 894 milyon manat məbləğində təsdiq edilmişdi.
Artırılmış xərcləri qarşılamaq üçün Neft Fondundan büdcəyə əlavə 800 milyon manat transfert ediləcək, yerdə qalan məbləğ isə büdcədaxili mənbələr hesabına formalaşacaq.
Bütövlükdə əlavə tələb olunan 1 milyard 371 milyon manat zəruri xərclərin aşağıdakı əsas istiqamətlər üzrə istifadəsi nəzərdə tutulur:
- xərclər əsasən ölkənin müdafiə xərcləri üçün 465 milyon;
- səhiyyə sahəsi üzrə əlavə tələbatın ödənilməsi üçün 369 milyon;
- pandemiya ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238 milyon;
- dövlət şirkətlərinə maliyyə dəstəyinin davam etdirilməsi üçün 136 milyon;
- iqtisadi dəstək üzrə tədbirlərin maliyyə təminatı, o cümlədən sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyinin davam etdirilməsi üçün 100 milyon;
- cari ildə bir sıra təşkilatlar üzrə artırılmış əmək haqlarının maliyyə təminatı və vakant vəzifələrin komplektləşdirilməsi üçün 37,3 milyon manat
Bundan başqa da bəzi xərclər nəzərlər tutulur.

Şəklin mənbəyi, cimerlik.az
Bu gündən çimərliklər açılır, bəs, harda çimməli?
Çərşənbə günündən etibarən Azərbaycanda çimərliklərin istifadəsi sərbəstdir.
Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) və digər aidiyyatı qurumlar əhaliyə "istifadəyə yararlı çimərliklərə getməyi" və "təhlükəsizlik qaydalarına əməl etməyi" tövsiyə edirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi istifadəyə yararlı çimərliklərin siyahısını açıqlayıb.
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən çimərliklərdə keçirilən monitorinqlərin nəticələrinə görə, Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri "istifadəyə yararlıdır".
Qurum bildirir ki, hazırda Xəzər dənizinin digər çimərliklərində də monitorinq və araşdırmalar davam etdirilir.
Hansı çimərliyə getməli?
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən bildirilib ki, əhali koronavirus pandemiyasının yayılmasının qarşısının alınmasına dəstək olmaq üçün cimerlik.az saytından istifadə etməklə hansı çimərlikdə boş yer olduğunu müəyyənləşdirib ordan istifadə edə bilər.
Bu arada Fövqəladə Hallar Nazirliyi (FHN) çimərlikdə ikən bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir.
FHN tövsiyə edir ki, çimərlikdə ailə üzvləri istisna olmaqla, insanlar arasındakı məsafə 2 metr, çətirlərin oxları arasındakı minimal məsafə 4 metr olmalıdır.
"Qapalı yerlərdə mütləq, açıq ərazilərdə və su ilə təmas olmayan yerlərdə mümkün qədər tibbi maskadan istifadə edilməlidir! Özünüzdə COVID-19 infeksiyasına yoluxmaya xas simptomlar olan qızdırma, quru öskürək və s. hiss etdikdə dərhal tibb məntəqəsinə müraciət edilməlidir," -qurum bildirir.
FHN həmçinin çimərlik ərazisində aşağıdakı halların qadağan olunduğunu bildirir.
- nəzərdə tutulmamış ərazilərdə çimmək
- çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək
- küləkli havada dənizə girmək
- çimərlikdə gecələmək
- sərxoş halda çimərlikdə olmaq
- suda kobud hərəkətlər etmək
- çimərlikdə balıq tutmaq
- xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq
Qurum, həmçinin çimərlik ərazisində azyaşlıları nəzarətsiz qoymamağı, nişan və lövhələrin göstərişlərinə əməl etməyi, vətəndaşlara günəş altında fasiləsiz dayanmamağı və hava qaraldıqdan sonra suya girməməyi tövsiyə edir.







