Bakıya yürüş edənlər polis maşınında ərazidən uzaqlaşdırılıb

Bakıda Qobu Parkda məskunlaşdığı və məcburi köçkün olduğu iddia edilən bir qrup şəxs gecə saatlarında Binə bazarı istiqamətində yürüş ediblər.
BBC News Azərbaycancanın hadisə yerində olan müxbiri xəbər verir ki, polis ora yığışan adamları polis maşınlarına mindirərək ərazidən uzaqlaşdırıb.
"Bakının Lökbatan qəsəbəsi istiqamətində Çevik Polis Alayı qüvvələri yerləşdirilib", müxbirimiz xəbər verir.
Bundan öncə sosial mediada yayılan kadrlarda onların "Qarabağ, Qarabağ", "Torpağımızı istəyirik" şüarları qışqırdığı, ətrafda polislərin olduğu görünür.
Bazar günü günorta saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində qarşılıqlı atışma baş verib. Azərbaycan tərəfi 3 əsgərini itirdiyini açıqlayıb, yaralananlar var.
Hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham edib.

Gecə saatlarında sərhəddə vəziyyətin yenidən gərginləşdiyi xəbər verilib. Azərbaycan MN məlumatına görə, Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub.Ermənistan MN isə Azərbaycanın tank və minaatanlardan atəş açdığını bəyan edib. Ölən və yaralananların olub-olmadığı barədə məlumat verilmir.
Bakıda Qobu Parkda məskunlaşdığı və məcburi köçkün olduğu iddia edilən bir qrup şəxsin toplaşdığı ərazidə sosial medida canlı yayıma çıxanlar "torpaqları işğaldan azad etmək, Qarabağı, torpaqlarını istədiklərini" bildiriblər.

Lökbatan sakini olduğunu deyən Tural Paşayev BBC News Azərbaycancanın müxbirinə bildirib ki, o, sosial mediada canlı yayımı görüb və piyada qəsəbə yaxınlığındakı Binə bazarına doğru gəlib: "Saat 12 olardı, bir vətəndaş kimi gəldim. 700-800 adam toplaşmışdı. Qarabağa azadlıq üçün yığışmışdılar. Amma polis dağıtdı, bəzisini saxladı".
Bakının Qaradağ rayon polis idarəsindən BBC News Azərbaycancanın müxbirinə bildiriblər ki, saxlanan şəxslərin şəxsiyyəti müəyyənləşdirildikdən sonra evlərinə buraxılıblar.




