Tovuzun atışma gedən kəndləri: "qadın, uşaq və yaşlıları kənddən çıxarmışıq"

Şəklin mənbəyi, Azertag
Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini D-30 topundan atəşə tutub, Azərbaycanın Müdafiə Nazirliyi açıqlayıbıb.
Nazirliyin məlumatına görə, "kənd sakinlərinə heç bir ziyan dəyməyib" və "daha sərt cavab tədbirləri görülür".
Prezident İlham Əliyev bundan əvvəl Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində "gərgin vəziyyətin" davam etdiyini, vəziyyətin sabitləşmədiyini bildirib.
"Bildiyimə görə kəndi topdan atəşə tutublar. Qəbiristanlığın yanı tərəfdə postumuz yerləşir. Deyilənə görə bizim topumuzu vurublar, 3 nəfər yaralanıb. Kəndə zərər dəyməyib. Bir nəfərin həyətyanı sahəsinə top düşüb. Heç bir xəsarət alan olmayıb. Camaatın arxın yanı deyilən ərazidə yaşayan qismi daha təhlükəsiz yerə keçiblər", Dondar Quşçu bələdiyyəsi Gülnarə Quliyeva BBC News Azərbaycanaya bildirib.
Onun sözlərinə görə, kənd sakinləri arasında Tovuza, qohum-əqrəbasının evinə gedənlər olub: "Bizim kənd Əlibəyliyə yaxın olduğuna görə orda gedən döyüşlər bizə də təsir edir, camaat qorxur, vahimələnir. Ona görə bəziləri kənddən çıxıblar. Ümumiyyətlə qadın, uşaq və yaşlıları kənddən çıxarıblar".
"Mən özüm hazırda Aşağı Quşçu kəndindəyəm. Burda vəziyyət yaxşıdır, aradabir top səsləri gəlir. Ancaq bizim kənddəki kimi deyil vəziyyət. Biz də bu gecəlik çıxmışıq. Yəqin ki, səhər qayıdarıq yenə", Gülnarə Quliyeva əlavə edib.
Əlibəyli kəndinin sakini Çingiz Babayev deyir ki, "uşaq və yaşlıları kənddən çıxarıblar. Gözləyirik indi görək nə olacaq."
Əlibəyli Kəndinin bələdiyyəsindən Azad Xamayev BBC News Azərbaycancaya bildirib ki, "bu gündən kəndə də atmağa başlayıblar."
"Dünənə qədər kəndə atmırdılar. Bu gün kəndi də vurdular. Bu dəqiqə kəndin girişində izləyirik atışmanı. Evlərə ziyanlıq vermək üçün atırlar. Hami yollarda atışmadan sonra baxırıq ki kimə zərər dəyib. Kənddən uşaq, qadın və yaşlıları kənddən çıxarmışıq. Hərə öz qohumunun eüvinə yollayıb, kişilərin hamısı kənddədir."
Ağdam kəndinin bələdiyyəsindən BBC News Azərbaycancaya bildiriblər ki, bu kəndin də "bəzi əhalisi kənddən çıxıb."
"Kənddən çıxan da var, çıxmayan da. Camaatının bəzisi də dərələrə doluşub. Daldeyə çəkiliblər. Gözləyirik görək nə olacaq. Kəsirmi? Kəsmirmi? Atırlar aradabir. Görək nə olur."
Koxanəbi kəndinin bələdiyyəsi bildiribdki, xəstədir. Kənddə baş verənlərlə bağlı məlumatı yoxdur
Tovuzun Əlibəyli kəndinin bələdiyyə sədri Azad Xamayev bu səhər BBC News Azərbaycanaya bildirib ki, atışma "hər 15-20 dəqiqədən bir mütəmadi" davam edir. Kənd sakini Gülşən Hüseynova indi "həmişəkindən daha çox" atıldığını deyib.
Ermənistan bazar ertəsi günü daha 3 əsgərinin yaralandığını deyib, ölkənin Müdafiə Nazirliyi bundan əvvəl iki polis nəfərinin yaralanması barədə məlumat vermişdi.
Ermənistan Müdafiə Nazirliyi Ermənistan hərbiçilərinin "Azərbaycan yaşayış məntəqələrini atəşə tutmadığını, yalnız infrastruktur və texniki vasitələri hədəfləndiyini bildirir.
Azərbaycan tərəfi də "mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmadığını" qeyd edib.
Bazar günü günorta saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində qarşılıqlı atışma baş verib. Azərbaycan tərəfi 4 hərbçisini itirdiyini açıqlayıb, yaralananlar var. Ermənistan ikisi polis əməkdaşı olmaqla, beş nəfərin yaralandığını bildirib. Hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham edib.
Prezident İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində "gərgin vəziyyətin" davam etdiyini, vəziyyətin sabitləşmədiyini bildirib.

Şəklin mənbəyi, President.az
O, baş verən atışmaları "Ermənistanın təxribatı" adlandırıb.
İlham Əliyev yaranan vəziyyətə görə Ermənistanın "məsuliyyət daşıdığını" vurğulayıb.
Prezident deyib ki, son bir neçə ay ərzində "Ermənistanın təxribatı nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxslər həlak olub".
"Dünən günorta saatlarında onların növbəti təxribatı nəticəsində bir neçə hərbçimiz həlak olub. Qəflətən bizim hərbi postumuza artilleriya atəşi vurulub və bu çirkin əməl nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət etsin, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.
Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və bir santimetr belə Ermənistan əsgərləri Azərbaycan torpağına keçə bilməyiblər," - İlham Əliyev söyləyib.
Azərbaycanlı nazir ATƏT-lə danışıb
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun Rusiya Federasiyasından olan həmsədri İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzey Kaprzyk-lə ilə telefon söhbətləri baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, nazir Elmar Məmmədyarov "Ermənistanın bu yeni təxribatını təcavüz aktı kimi" qiymətləndirib. "Elmar Məmmədyarov Ermənistanın məqsədyönlü şəkildə həyata keçirdiyi bu təxribatın üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək və Ermənistan cəmiyyətinin daxili problemlərdən fikrini yayındırmaq məqsədi güddüyünü qarşı tərəfin diqqətinə çatdırıb,"- məlumatda deyilir.
"Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir"
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, döyüşdə baş leytenant Mahmudov Rəşad Rəşid oğlu həlak olub.
Azərbaycan MN bildirib ki, Ermənistan hərbçilərinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən Qaraqaya yüksəkliyini ələ keçirməsi xəbərləri yanlışdır.
Nazirlik gecə davam edən döyüşlərdə Ermənistan tərəfinin tenxnika və canlı qüvvəsinin "məhv edildiyini" bildirib və Ermənistan tərəfinin "itkilər barədə məlumatları gizlətdiyini" iddia edib.
"Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir", - Azərbaycan Müdafiə Nazirliyinin bazar ertəsi yaydığı məlumatında deyilir.
Nazirliyin sözçüsü Vaqif Dərgahlı hazırda atışmaların davam etdiyini, "qismən dayandığını" deyib.
Azərbaycan MN atəşkəsin cəbhənin müxtəlif istiqamətlərində də pozulduğunu bildirib.
"Hər 15-20 dəqiqədən bir atırlar"
Tovuzun Əlibəyli kəndinin bələdiyyə sədri Azad Xamayev BBC News Azərbaycanaya bildirib ki, iyulun 12-si günorta saatlarından başlayaraq atışma səsləri eşidilir. O, atışma səslərinin hələ də davam etdiyini bildirib.
"Evlər silkələnir, tankdan-topdan, iriçaplı silahlardan atırlar. Atışma dünən günorta təxminən saat 2-nin yarısından başlayıb, hələ də davam edir. Hər 15-20 dəqiqədən bir mütəmadi atırlar".
Azad Xamayev söyləyir ki, kənd sərhəd bölgəsində yerləşdiyi üçün atışma yerli camaat üçün "adi, həmişə olan şeydir", buna görə də hamı "öz iş-gücündədir".
"Kənd camaatı qorxmur, hamı deyir bizi də silahlandırsınlar, biz də gedək döyüşə. Bizim kəndə güllə düşməyib, amma erməni Yuxarı Öysüzlü kəndinə minomyotdan atıb, evin arxasına düşüb, xoşbəxtlikdən mərmi açılmayıb," - bələdiyyə sədri deyib.
Əlibəyli kənd sakini Gülşən Hüseynova da atışma səslərinə "öyrəşdiklərini", buna görə də "qorxmadıqlarını" deyir.
"Atışma səslərinə öyrəşdiyimiz üçün fərqli bir şey kimi qəbul etmirik. Bəlkə öyrəşməsəydik, vahiməyə düşərdik. Düzdür, indi həmişəkindən daha çox atırlar, amma yenə də adi gün kimidir. Hərdən uşaqlar bir az qorxur, böyüklər isə yox".
Ermənistan rəsmiləri Andrzey Kaprzyk-lə danışıb
Azərbaycan-Ermənistan arasındakı döyüş nəticəsində Ermənistan tərəfdən iki polis əməkdaşı yaralanıb, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz Facebook hesabında bildirib.
Ermənistan Müdafiə Nazirliyi yaydığı bəyanatda bildirir ki, Ermənistan baş naziri, müdafiə və xarici işlər nazirləri iyulun 13-nə keçən gecə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzey Kaprzyk-lə təmasda olub.
"Müdafiə naziri David Tonoyan cənab Kasprzyk-ə məlumat verib ki, Ermənistan Silahlı Qüvvələri birləşmələrinin komanda heyətinə təmkinliliyi qorumaq, lakin lazım gələrsə, qarşı tərəfin Ermənistan sərhədində təxribatına cavab olaraq, yeni, daha əlverişli mövqelər tutmaq əmri verilib," - nazirliyin yaydığı bəynatda deyilir.
Nazirlik Ermənistan hərbçilərinin Azərbaycan yaşayış məntəqələrini atəşə tutmadığını, yalnız infrastruktur və texniki vasitələri hədəfləndiyini bildirir.
Ermənistan Müdafiə Nazirliyi hesab edir ki, "vəziyyətin gərginləşməsi və Azərbaycan tərəfinin itkiləri üçün məsuliyyət Azərbaycan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".
Bazar günü nə baş verib?
Azərbaycan ordusu bazar günü cəbhədə döyüşlər nəticəsində 4 hərbçisinin şəhid olduğunu bildirib.
Azərbaycan MN-nin açıqlamasına görə, hücumun qarşısı alınarkən döyüşdə çavuş Vüqar Lətifov, baş əsgər Elşad Məmmədov, eləcə də, daha sonra, yaralanmış əsgər Xəyyam Daşdəmirov həlak olub.
"Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan ordusunun mövqelərini ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib", Azərbycan MN məlumatında deyilir.
Azərbaycan MN bazar günü beş əsgərin yaralandığını da bildirmişdi.
Ermənistan Müdafiə Nazirliyinin (MN) məlumatına görə, Azərbaycan ordusu bazar günü atəşə tutduğu mövqeləri axşam saat 23.45-də yenidən tank və minaatıcılardan atəşə tutub.
Azərbaycan Müdafiə Nazirliyinin (MN) məlumatında deyilir ki, "Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən artilleriya atəşinə tutub. Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirir".
Nazirlik Ermənistan silahlı qüvvələrinin Tovuzun Ağdam kəndini "120 millimetrlik minaatanlardan atəşə tutduğunu" açıqlayıb.
"Hazırda cəbhə xətti boyu əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür", - Müdafiə Nazirliyinin məlumatında deyilir.

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi
"Ərazi itkisinə yol verilməyib"
Ermənistanın bəzi kütləvi informasiya vasitələrində (KİV) Ermənistan hərbi bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirməsi ilə bağlı iddialar yer alıb.
Azərbaycan Müdafiə Nazirliyi bu iddiaları təkzib edib.
"Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır", - Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
Nazirlik Ermənistan KİV-lərində Azərbaycana məxsus pilotsuz uçuş aparatlarının (PUA) vurulması barədə iddiaları "dezinformasiya" adlandırıb.
"Bildiririk ki, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur", - Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
Bazar günü Tovuzun Ağdam kəndinin bələdiyyəsindən BBC News Azərbaycancaya bildiriblər ki, kəndin əhalisi təşviş içərisindədir.
"İri çaplı silahlardan atışma başladı, kənd camaatı panikaya düşüb. Kənddə vəziyyət pisdir. Rayon rəhbərliyinin məlumatı var. 20 dəqiqə olar qarşı tərəf susdurulub", bələdiyyə başçısının müavini Qismət Məmmədov deyib.
Rayonun Koxanəbi kəndinin bələbiyyə başçısı isə bu barədə tam məlumatlı olmadığını deyib.
Ermənistan tərəfi nə deyir?
Azərbaycan Silahlı Qüvvələri bu gün "iki dəfə dövlət sərhədini pozub, dayaq nöqtəsini ələ keçirməyə cəhd göstərib", - bunu isə Ermənistan Müdafiə Nazirliyi bəyan edib.
"Bu gün saat 12:30 radələrində Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri, bizə məlum olmayan səbəblərə görə, Ermənistanın Tavuş rayonu istiqamətində UAZ avtomobili ilə dövlət sərhədini pozmağa cəhd ediblər. Ermənistan tərəfindən xəbərdarlıqdan sonra qarşı tərəfin hərbçiləri UAZ avtomobilni qoyub öz mövqelərinə qayıdıblar", - öz Facebook səhiəsində Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan yazıb.
Ermənistan MN rəsmisinin sözlərinə görə, saat 13:45-də Azəbaycan Silahlı Qüvvələri tərəfindən artilleriya atəşindən istifadə edərək, Ermənistan dayaq nöqtəsini ələ keçirmək cəhdi edilib, lakin qarşı tərəf "itkilərlə geri çəkilib". Ermənistan ordusu itki vermədiyini bəyan edib.
Bundan əvvəlki məlumatında Azərbaycan Müdafiə Nazirliyi qeyd etmişdi ki, "iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Hər iki tərəfdən itki var. Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".
İyun ayının sonunda Azərbaycan və Ermənistan XİN başçıları videogörüş keçirmişdi.








