Təmas xəttində nə baş verib?

Əsgər

Şəklin mənbəyi, APA.az

Təmas xətti ərazisindən Azərbaycan hərbi qulluqçusunun nəşi çıxarılıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova BBC News Azərbaycancaya bildirib ki, qurum tərəflərin "müraciəti və razılaşması" əsasında "neytral vasitəçi " kimi "bu əməliyyatda" iştirak edib.

Azərbaycan Müdafiə Nazirliyi hərbi qulluqçunun təmas xəttində öldürülməsi ilə bağlı heç bir "rəsmi məlumat verilməyəcəyini" bəyan edib, qurumdan BBC News Azərbaycancaya bildirilib.

Ermənistan kütləvi informasiya vasitələri tanınmamış Dağlıq Qarabağ Respublikasının rəsmilərinə istinadən yazıb ki, hər iki ölkənin XİN başçılarının ABŞ-da görüşü ərəfəsində "Qarabağda təmas xəttində Azərbaycan tərəfindən diversiya müdaxiləsi cəhdi edilib".

Bu məlumata görə, sentyabrın 22-də "Qarabağ-Azərbaycan təmas xəttinin cənub-şərq istiqamətində qarşı tərəf diversiya müdaxiləsi etmək cəhdi edib" və "təmas xəttində baş verənlər orda yerləşdirilmiş videokameralarla qeyd olunub".

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub, Azərtac dövlət agentliyi yazır.

"Ermənistan KİV-lərində guya Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə yayılan məlumatlar yalandır", nazirlik bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyətini müəyyən etmək üçün" nazirlərin iki ölkənin New Yorkda baş tutmuş görüşü təmas xəttində "Azərbaycanlı hərbi qulluqçunun öldürülməsi ilə yadda qalıb".

"Azərbaycan bütün vasitələrlə bu hadisəni izləyəcək və onu törədənlər cəzalandırılacaq", Azərbaycan XİN öz məlumatında vurğulayıb. Ermənistan tərəfi hadisəni "təxribat kimi" qiymətləndirib.