ASAN Xidmət: icaze.e-gov.az portalında icazələrin bir hissəsi ləğv edilib

Nazirlər Kabinetinin qərarı ilə işçilərin 50 faizinin işə çıxmasına icazə verilən sahələrdə icaze.e-gov.az portalı vasitəsilə verilən icazələrin bir hissəsi elan olunmuş tələblərə "uyğun gəlmədiyinə" görə ləğv edilib.
İyunun 25-də ASAN Xidmət xəbərdarlıq edib ki, daxil edilən icazələr nəzərdə tutulan həddi aşdığı təqdirdə onlar avtomatik olaraq ləğv ediləcək, Azərtac xəbər verib.
Bundan əvvəl 19 iyunda Nazirlər Kabineti fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verib.
Mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı isə əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır.
İşçilərin qeyd olunmuş nisbətlərdə işə çıxmasına icazə verilən sahələr gündəlik baxım və gigiyena vasitələrinin istehsalı, tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri, mühəndislik və layihələndirmə xidmətləri, qablaşdırma məhsullarının istehsalı, daş, metal və taxta məhsullarının istehsalı; mebel istehsalı və təmiri; zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri; tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri; onlayn satışlar; kimyəvi təmizləmə; mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi; avtomobillərin təmiri; avtomobil yuyulma məntəqələri;heyvan sığınacaqları; tərcümə xidmətləri kimi sahələri əhatə edir.
ASAN Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, artıq sistem vasitəsilə müvafiq Qərara uyğun olmayan icazələrin bir hissəsinin portalda ləğvi həyata keçirilib.
"Bir daha fəaliyyətinə icazə verilən sahələrdən xahiş olunur ki, icaze.e-gov.az portalına daxil olmaqla onlara aid məlumatların müvafiq Qərara uyğun tənzimlənməsini həyata keçirsinlər", - ASAN Xidmətin məlumatında qeyd olunub.
Qurum, sistemdə nəzərdə tutulan həddi aşan icazələrin ləğvinin davam edəcəyini deyib.
ASAN Xidmətdən bildirilib ki, icazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallarla bağlı hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilər.








