Azərbaycan Rusiya ərazisində olan vətəndaşlarını ölkəyə qaytarmağa hazırlaşır

Rusiya sərhədi

Şəklin mənbəyi, AZERTAG

Şəklin alt yazısı, Azrərbaycan Rusiya dövlət sərhədi "Samur" buraxılış məntəqəsi

Azərbaycan Rusiya Federasiyasında yaşayan vətəndaşlarının ölkəyə geri dönüşü ilə bağlı yeni onlayn qeydiyyat portal yaradıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, Rusiyada yaşayan azərbaycanlılar www.evegedirem.info internet səhifəsində qeydiyyata düşməklə ölkəyə qayıda biləcəklər.

Saytda qeydiyyatın elektron növbə ardıcıllığı ilə aparılacağı bildirilib.

Məlumata görə, saytda qeydiyyat bu ilin 18 aprel tarixindən başlayıb və 23 aprel Moskva vaxtı ilə saat 00.00-dək davam edəcək.

Azərbaycana qayıdış vətəndaşın istəyinə görə, hava və quru nəqliyyatı ilə ola bilər.

Nazirlik bəyan edib ki, Azərbaycana hava yolu ilə qayıtmaq istəyənlərin AZAL və "Buta Airways"lə əvvəlcədən alınmış qayıdış bileti olarsa, həmin şəxslərin qayıtması ödənişsiz olacaq, digər şəxslər üçün isə çarter uçuşları ödənişli olacaq.

Biletlərin qiymətinin necə olacağı barəsində məlumat verilməyib.

koronavirus

XİN bildirib ki, vətəndaşların portalda qeydiyyatdan keçməsi elektron ardıcıllıqla olacaq və qeydiyyatdan keçənlərə qayıtma vaxtı təyin olunacaq.

Məlumatda bildirilib ki, saytda qeydiyyatdan keçənlərə ölkəyə geri qayıtmaları ilə bağlı telefon zəngləri vasitəsilə öncədən məlumat veriləcəkdir.

"Bu yolla sərhəd-keçid mənqətələrindən müəyyən olunan sayda buraxılış tənzimlənəcək" - Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlik ölkəyə qayıdan hər bir vətəndaşın karantində yerləşdiriləcəyini elan edib.

"Evə gedirəm" portalı Azərbaycandan kənarda olan və ölkəyə qayıtmaq istəyən bütün vətəndaşlar üçün nəzərdə tutulub, amma hələ ki, bu xidmətdən Rusiyada olan azərbaycanlılar istifadə edə biləcəklər.

Azərbaycan koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə qonşu ölkələrlə sərhədlərini bağlayıb. Dövlət sərhədindən yalnız yük daşınmasına icazə verilib.

Sərhədlər bağlı olduğu üçün Rusiyadan qayıtmaq istəyən minlərlə azərbaycanlının ölkəyə qayıtması mümkün olmayıb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bir neçə gün əvvəl Rusiyadakı azərbaycanlıları sərhədə getməməyə çağırıb.

Həmçinin bax:

Videonun alt yazısı, "10-15 gün əlimizdə olanı xərcləyib dolandıq, sonra nə olacaq?"