Deputat Rafael Cəbrayılovun istefası "borca görədir"
Video açılmasa, YouTube-da izləyin.
Rafael Cəbrayılovun istefası "borc qalmaqalına görədir", bunu millət vəkili Fazil Mustafa deyir.
Bazar ertəsi payız sessiyasına başlayan Milli Məclisdə Rafael Cəbrayılovun istefa verdiyi məlum olub.
Milli Məclisin İntizam Komissiyasının üzvü Hikmət Babaoğlu BBC News Azərbaycancaya bildirib ki, Rafael Cəbrayılov deputat mandatından imtina ilə əlaqədar müraciət edib.
"Məsələ deputat vəsiqəsi ilə bağlı idi, ictimailəşəndən sonra Rafael Cəbrayılov konstitusiyaya əsasən istefa ərizəsini verdi", Fazil Mustafa deyir.
Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli paramentdə bildirib ki, Rafael Cəbrayılov müraciətində həm seçicilərindən, həm Azərbaycan cəmiyyətindən üzr istəyərək istefa vermək qərarına gəlib.
Bir müddət öncə Rafael Cəbrayılovun külli miqdarda borc alması müqabilində deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərləri yayılmışdı.
1958-ci il təvəllüdlü Rafael Cəbrayılov 46 saylı Şirvan seçki dairəsindən deputat seçilib, bitərəfdir. Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü olub.

Şəklin mənbəyi, Aezrtac
"Parlament adına böyük rüsvayçılıq"
"O, istefa mədəniyyətini göstərdi", deyən Fazil Mustafa onu da bildirir ki, Rafael Cəbrayılovun sənədləri Mərkəzi Seçki Komissiyasına göndərilib və orada baxılacaq.
"Yəqin özü müraciət etdiyinə görə deputat mandatından məhrum ediləcək", cənab Mustafa deyir.
"Bir millət vəkili üçün mandatını girov qoymaqdan böyük rüsvayçılıq ola bilməz", keçmiş millət vəkili, hazırda müxalif siyasətçi Gültəkin Hacıbəyli belə hesab edir.
O, bu halı həm də "parlament adına böyük rüsvayçılıq" adlandırır.
"Adamın deputat fəaliyyəti ortada yoxdur. Bir dəfə irticaçı bir təşəbbüslə- razılaşdırılmamış aksiyalara görə sanksiyaların ağırlaşdırılmasilə bağlı çıxış edib. Adamın biznes fəaliyyəti göz önündədir. Belə bir şəxsin parlamentdə oturmağı rüsvayçılıqdır", Gültəkin Hacıbəyli deyir.
Gültəkin Hacıbəyli hesab edir ki, Rafael Cəbrayılov istefa üçün şəxsi təşəbbüs göstərməyib, onu buna "hakimiyyət məcbur edib".
Rafael Cəbrayılovun özündən istefası barədə şərh almaq mümkün olmayıb.
"Hakimiyyət anlayıb ki, bu, Gülər Əhmədova olayından daha rüsvayçı olaydır. Bu addımı təqdir edirəm", o deyir.
Keçmiş deputat Gülər Əhmədova isə bu ittihamları qəbul etmir, deyir ki, bu, "qurama işdir".
BBC News Azərbaycancaya açıqlamasında Gülər Əhmədova bildirib ki, onun hadisəsi "Azərbaycan dövlətçiliyinə qarşı" "qurulmuş oyun" olub.
"Gültəkin Hacıyeva "kürü diplomatiyasının" başında duranlardan biri idi. O, müxalifətdə qalması üçün bu işin üstündən sükutla keçdi".
Məsələ ilə bağlı Rafael Cəbrayılovdan şərh almaq mümkün olmayıb.
Siyasi şərhçi Şahin Hacıyevə görə isə, bu halın həm müsbət, həm də mənfi tərəfi var.
"Müsbət tərəfi ondadır ki, deputat öz günahını faktiki olaraq boynuna alır və özü özü haqqında qərar verir. Mənfi tərəfi isə odur ki, qanunvericiliyə əsasən deputat bizneslə məşğul olmamalıdır. Dövlət məmuru bizneslə məşğul olanda belə şeylər baş verir", şərhçi deyir.
"Nəticənin nə olacağını demək çətindir, amma bu ciddi problemin göstəricisidir", Şahin Hacıyev əlavə edir.







