Gülər Əhmədova 1 milyon ABŞ dolları ələ keçirməkdə ittiham olunur

Azərbaycanda keçmiş hökümətyönlü deputat <link type="page"><caption> Gülər Əhmədova</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/gulargate_cluster.shtml" platform="highweb"/></link> dələduzluqda ittiham edilərək iki aylıq həbs olunub.
Baş Prokurorluğun məlumatına görə, istintaqla müəyyən edilib ki, o, keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevi deputat seçilməsinə köməklik etmək barəsində “yalan” vədlərlə aldadaraq 1.000.000 (bir milyon) ABŞ dollarını ələ keçirməklə “dələduzluq” edib.
Əhmədova bu hərəkətləri “külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə 2005-ci ilin oktyabr-noyabr aylarında tanışı Sevinc Babayeva ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə sonuncunun vasitəsi ilə Abdullayevlə görüşərək ona qarşı olan etibarından sui-istifadə edib”.
Dələduzluq maddəsi ilə cinayət işinin açılmasına səbəb Abdullayevin Gülər Əhmədova ilə bağlı mediada yaydığı videoçəkilişlərdə əks olunan məlumatlar olub.
Bunlar əsasında Cinayət Məcəlləsinin etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə (178.3.2-ci) maddəsi ilə cinayət işi başlanıb.
Cinayəti "gizlətmə"
Eyni zamanda, onun barəsində <link type="page"><caption> Sevinc Babayeva</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2012/12/121229_sevinj_babayeva_othopsy.shtml" platform="highweb"/></link>nı Türkiyəyə göndərdiyi üçün “Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə” maddəsi ilə də iş açılıb.
Babayeva Türkiyəyə Əhmədova tərəfindən şəxsi münasibətlərə görə, ötən ilin 26 sentyabrında göndərilib və oradakı “qeyri-leqal” həyatını maliyyələşdirilib. Bu, Babayevanın dələduzluqda ittiham edilərək haqqında axtarış verilməsindən sonra baş verib.
Məlumata görə, Əhmədova Babayevanın tutulmasına “aktiv mane” olub qabaqcadan vəd etmədən ağır cinayəti gizlədib.
Babayeva haqqında 2007-ci ilin mayında vətəndaş Namiq Əliyev və başqalarının etibarından sui-istifadə etməklə dələduzluq yolu ilə külli miqdarda özgə əmlaklarını ələ keçirdiyinə görə haqqında 19 yanvar 2009-cu il tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanmış cinayət işi açılıb və ötən ilin sonunda vəfat etdiyi üçün işə xitam verilib.
Dələduzluq maddəsi təsdiqlənərsə, Əhmədovaya 7-12 il, Cinayəti gizlətmə maddəsinə görə isə, 2-5 min manat və ya 3 ilədək həbs cəzası verilə bilər.




