Mingəçevirdə özünü yandırmış kişinin atasının "üzü və qolu yanıb"

Şəklin mənbəyi, Məhərrəm Zeynalov
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında özünü yandıraraq ölən vətəndaşla bağlı Cinayət Məcəlləsinin "özünü öldürmə həddinə çatdırma" maddəsilə cinayət işi açılıb.
Mingəçevir Şəhər Prokurorluğundan BBC News Azərbaycancaya hazırda istintaq getdiyi bildirilib.
Yerli media yazır ki, 29 yaşlı İmamverdi İsmayılov xəstəxanda epilepsiya xəstəsi olan uşağına lazımı qayğı göstərilmədiyi üçün etiraz olaraq özünü yandırıb.
İyunun 28-də baş vermiş hadisənin araşdırılması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən komissiya yaradılıb.
"Axırıncı dəfə 41 dərəcəli isti ilə getdik" mərhumun xanımı Sabirə İsmayılova BBC News Azərbaycancaya deyir və iddia edir ki, müraciət etdikləri həkim xidmət göstərməkdən imtina edib və "həkimin qəbuluna sabah düşə bilərsiz, sabah gəlin" deyib.
"Sonra yoldaşım kömək edin deyəndə o, söyüş söydü. Yoldaşım götürə bilmədi, onu yüngülcə itələdi. O isə üç-dörd yumruq vurdu". "Heç nə, çıxdı özünü öldürdü".
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı məlumata görə, intihar etmiş şəxsin övladına xidmət göstərən həkim Cəfərov Elxan istintaq müddətində işindən uzaqlaşdırılıb.
Sabirə İsmayilovanın sözlərinə görə, alovu söndürmək istəyən qayınatasının üzü və qolu yanıb.
O, hadisədən sonra uşağın xəstaxanaya qəbul olunduğunu bildirib.
"28 iyunda yoldaşım özünü yandırandan sonra uşağı qəbul etdilər. O, indiyədək orada idi. Bu gün palatadan çıxardıq. Bir az babatdır. 4 yaşı olacaq iyunun 17-də".
Bir şüşə benzin ilə...
Yerli mediaya görə, İmamverdi İsmayılovun ölümü ilə bağlı ailə iddia edir ki, gecə saat 12-də evə çağrılan təcili yardım onun uşağını xəstəxanaya aparmaqdan imtina edib və ona "limitimiz dolub" deyiblər.
Bundan sonra gərginliklər yaşanıb və uşaq xəstəxanaya aparılıb, amma qızdırması yüksək olan uşağa burada yardım edən olmayıb. İddiaya görə, həkim və tibb bacıları ailə üzvlərini təhqir edib.
Uşağın vəziyyətinin daha da pisləşməsi daha gərgin vəziyyət yaradıb. Bundan sonra 29 yaşlı İmamverdi İsmayılov gedib, bir şüşə benzin alıb və xəstəxananın həyətində özünə od vurub, ailə üzvlərinə istinadən yerli media yazır.
BBC News Azərbaycanca mərhumun ailə üzvlərilə əlaqə yaratmağa cəhd etsə də, onun atası müsahibə verməkdən imtina edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirir ki, mərhumun 2015-ci il təvəllüdlü övladının hərarətinin yüksəlməsi səbəbindən iyunun 26 və 27-də xəstəxananın Təcili tibbi yardım şöbəsinə müraciət edilib.
Xəstəyə yuxarı tənəffüs yollarının infeksiyası diaqnozu qoyulub və ilkin tibbi yardım göstərilərək evə göndərilib, qurum bildirir.
"İyunun 28-də saat 00:31-də uşaq 37.7 dərəcə qızdırma ilə təkrar xəstəxananın Təcili tibbi yardım şöbəsinə gətirilib, ona ilkin tibbi yardım göstərilib, yuxarıda qeyd edilən diaqnoz bir daha təsdiqlənib. Uşağın həyatına təhlükə yarada biləcək hər hansısa problem müəyyən edilməyib", Dövlət Agentliyinin yaydığı məlumatda deyilir.
"Müdaxilə yoxdur"
Mingəçevir Şəhər Prokurorluğundan deyirlər ki, hazırda istintaq gedir və heç kim həbs edilməyib.
BBC News Azərbaycanca ilə danışan bəzi Mingəçevir sakinləri iddia edib ki, İmamverdi İsmayılov Mingəçevir Şəhər İcra hakiminin qohumudur. Onlar ailəyə müsahibə verməmək üçün təzyiqlərin də olduğunu iddia ediblər.
Lakin Mingəçevir Şəhər İcra Hakimiyyətinin informasiya təminatı və təhlili sektor müdiri Azər Hacıyev bu iddiaları rədd edib.
O, hadisənin detalları barədə çox məlumatlı olmadığını deyib.
"Mən də sizin qədər məlumatlıyam. O adam niyə özünü yandırıb səbəbi bilinmir. Psixoloji problemi varsa, biz nə edə bilərik. Ora (Mingəçevir Şəhər Xəstəxanası) publik hüquqi şəxs kimi xidmət göstərməyə başladığından biz fəxr edirik, nə qədər insan bəhrələnir. Bu günə qədər ordan şikayət olmayıb", icra hakimiyyətinin nümayəndəsi deyib.






