Səhiyyənin acınacaqlı vəziyyəti: korrupsiya və savadsızlıq

Şəklin mənbəyi, Getty
- Müəllif, Günel Səfər
- Vəzifə, BBC Azərbaycanca, Bakı
Jurnalist Rasim Əliyevin vəfat etməsindən sonra vətəndaşların çoxu onun ölümünü "xəstəxanada yetərincə müayinədən keçirilməməsində" gördü.
Jurnalistin anası Seyfurə Əliyeva da, oğlu "lazımı qədər müayinə edilsəydi, daxili qanaxmanı aşkar etmək olardı", <link type="page"><caption> deyir</caption><url href="http://www.bbc.com/azeri/multimedia/2015/08/150811_rasim_aliyev_aftermath" platform="highweb"/></link>.
Rasim Əliyev avqustun 8-də Bayıl qəsəbəsində yerləşən "Bayıl market" mağazasının qarşısında bir qrup şəxs tərəfindən döyülüb və o, aldığı "çoxsaylı bədən xəsarətlərindən" avqustun 9-da <link type="page"><caption> vəfat edib</caption><url href="http://www.bbc.com/azeri/region/2015/08/150809_rasim_aliyev_dies" platform="highweb"/></link>.
Mərhumun vəfat etdiyi 1 saylı Şəhər Klinik Xəstəxanası həkimlərin Rasim Əliyevə etinasızlığı ilə bağlı iddiaları rədd edir və xəstənin vaxtında müayinə olunduğunu bildirir.
Buna baxmayaraq, jurnalistin ölümü Azərbaycan səhiyyəsinin bu günkü vəziyyətinə diqqətləri yönəltdi.
BBC Azərbaycancanın Facebook profilində istifadəçilərə bu barədə ünvanladığımız suallara gələn cavablar göstərir ki, əhali səhiyyənin vəziyyətindən, həkimlərin müalicə və müayinə üsullarından, xəstəxanalardakı vəziyyətdən narazdır.
Tibb elmləri doktoru, professor Adil Qeybullanın fikrincə, Azərbaycanda səhiyyə sahəsində islahatlar aparılmasa, bu problemlər öz həllini tapmayacaq.
İqtisadçı Azər Mehtiyev isə dövlətin səhiyyə sahəsinə ayırdığı büdcənin təyinatı üzrə xərclənmədiyini deyir.
Korrupsiya, səhv diaqnoz
"Həkimlərimizi savadsız hesab etmirəm, sadəcə bizim həkimlər universiteti bitirən zaman vicdan sözü və mənası haqqında hər şeyi unudub iş həyatına başlayırlar. Dəfələrlə öz ailəmdə, qohumlarımın ailəsində üzləşdiyim problemlər: pul xətrinə yanlış diaqnozlar, səhv müalicələr... Uzaq bir qohumumuz həyatını itirdi, səhlənkarlıq və səhv müalicə ucbatından", bunu oxucumuz Sevinc Bayramova yazır.

Facebook səhifəmizin Sudə Yurt adlı istifadəçisi isə yazır ki, Hepatit C virusuna yoluxan qohumunun müalicəsi üçün həkim onlara "10 min manatı hazırlamağı" məsləhət bilib.
"Sadəcə iynəsi 188 manatdır, həftəlik 250-300 manat. Bu ancaq müalicə üçün sərf olunacaq, hər ay testlər, müayinələri qatmadan. Bu xəstəliyin peyvəndi var, niyə milləti məlumatlandırmırlar?!", o deyir.
Bizə yazan digər istifadəçilərin sözlərinə görə, dövlət xəstəxanalarında onlardan pul istənilir, bir çox hallarda həkimlər xəstənin əsl problemini müəyyənləşdirə bilmir və bu da səhv müalicə aparılmasına səbəb olur.
Dövlət xəstəxanalarında xəstələrin ehtiyacı olan dərmanların tapılmamasıda dair də çoxlu şikayətlər var.
Əmək haqları
15 yanvar 2008-ci ildə Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı qərarla həmin il fevralın 1-dən Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmət ləğv edilib.
Səhiyyə Nazirliyinin sözçüsü Səmayə Məmmədova deyir ki, bu qərara əsasən dövlət müəssələrində stasionar müalicə alan xəstələrin müayinə və müalicəsi pulsuz aparılır. Yalnız Diqanostika mərkəzləri və stomotoloji mərkəzlər pullu xidmətlər göstərirlər. Çünki onlar təsərrüfat xarakterlidir.
İqtisadçı Azər Mehtiyev Azərbaycan səhiyyəsində yaranmış bu vəziyyətin əsas səbəblərindən biri kimi səhiyyə işçilərinin əmək haqlarının az olmasını görür.
"Hazırda səhiyyə sistemi əmək haqqına görə ölkə iqtisadiyyatında ən aşağı səviyyədə olan sahələrdən biridir. Bu da səhiyyə işçlərininin göstərdiyi xidmətin keyfiyyətinə birbaşa təsir göstərir. Onların aldığı əmək haqqı nəinki dolanışığa kifayət etmir, həm də onlara öz üzərində işləmək, ixtisaslarını artırmaq üçün əlavə kitablar almağa da imkan vermir. Bu isə həkim üçün vacib elementdir", cənab Mehtiyev deyir.
Azərtac yazır ki, ölkədə səhiyyənin prioritet sahələri üzrə 11 dövlət proqramı qəbul olunub. 2013-cü ildə ayrılan təxminən 140 milyon manat məbləğində vəsait isə xəstələrin pulsuz dərman preparatları və tibbi ləvazimatlarla təminatına sərf olunub.
İqtisadçı bu məbləğin təyinatına uyğun xərclənmədiyini deyir. Onun sözlərinə görə, bu gün xəstəxanalara müraciət edənlərin əksəriyyəti "dövlət səhiyyə ocaqlarında pulsuz dərman ala bildiyini" deyə bilməz. Müalicə və müayinə də bu obyektlərdə qeyri- rəsmi formada pullu həyata keçirilir.
Azər Mehtiyev "savadsız səhiyyə işçiləri" problemini aradan qaldırmaq üçün həkimlərin lisenziyalaşdırılmasını önəmli hesab edir. O, həm də təklif edir ki, vətəndaşların üzləşdiyi hər bir neqativ hal ictimailəşdirilsin və məsuliyyət daşıyan səhiyyə işçiləri məhkəmələr vasitəsi ilə sərt cəzalar alsın.
Tibb elmləri doktoru, professor Adil Qeybulla da səhiyyə sahəsində olan problemlərin yaranmasının həkimlərin aldığı əmək haqqının miqdarı ilə əlaqəli olduğunu deyir.
"Bazar iqtisadiyyatı şəraitində ya dövlət öz həkiminə yüksək maaş verməldir, ya da həkim onu hansısa vasitə ilə əldə etməldir. Həkim növbədə qalır, əziyyət çəkir, amma aldığı maaş 100-200 manadır. O, xəstələrin verdiyi pulu götürməyə məcburdur, çünki onun yaşayış minimumu təmin olunmalıdır".
"İrana gedəcəm..."

Son illər Azərbaycan əhalisi müalicə üçün qonşu dövlətlərə daha çox gedir. Əsasən İran və Türkiyəni seçən insanlar, Rusiya və Gürcüstan səhiyyəsinə də müraciət edirlər. Onlar bu halı qonşu ölkələrdə səhiyyə xidmətlərinin və dərmanların ucuz olması, mütəxəssislərin daha çox olması ilə əlaqələndirirlər.
Səhiyyə nazirliyi xarici ölkələrə gedən əhalinin sayında "dəfələrlə azalma" olduğunu desə də, müxbirimizin 1 saylı Şəhər Klinik Xəstəxanasında söhbət etdiyi vətəndaşlar elə düşünmür.
5 aylıq nəvəsinin müayinə olunmasını gözləyən Zəfər bəy nəvəsini Rusiyada əməliyyat etdirmək istəyib, həkimin vaxtı olmadığından Azərbaycana qayıtmalı olub.
"Öyrəndik ki, burda da o əməliyyat edilir. Amma əlacım olsaydı, Rusiyada əməliyyat olunmasını istəyərdim, çünki həyat yoldaşım Hepatit xəstəsi idi. Burda həkimi səhv diaqnoz qoymuşdu. Təkcə sistemlərə 1500 manat xərcim çıxmışdı. Amma Rusiyada əməliyyat etmək üçün beşcə min pul verdim. İndi həkimlər dərman yazandan sonra, dərmanı almalı olduğun aptekin adını da deyir", müsahibimiz qeyd edir.
Yaxınlıqda əyləşən Mirvari xanım isə bel nahiyəsindəki ağrılardan şikayətçidir. O, bu xəstəxanaya Maqnit rezonans tomoqrafiyadan keçmək üçün gəlsə də müalicə üçün İrana gedəcəyini bildirir.
"İki oğlumda da ağırılar var idi. Birinin belində iki "qrija" var idi. Burda dedilər əməliyyat olmalıdır. Apardım İrana, həkim əməliyyat olmaz dedi, dərmanlar yazdı. İndi oğlum əvvəlkindən yaxşıdır".
Mirvari xanımın ikinci oğlu isə şiddətli baş ağrılarından əziyyət çəkib. O deyir ki, Bakıda heç kim oğluna düzgün diaqnoz qoya bilməyib.
"İranda dedilər ki, sinirlərinə soyuq dəyib, müalicənin 3-cü günündə uşaq özünə gəldi. İranda həkimin qəbuluna düşmək üçün 60 manat verirsən. O pula bütün analizlərini edir, aparatlardan keçirir və diaqnozu qoyur. Təbrizdə oğluma yazılmış bir reseptə cəmi 20 manat xərcim çıxmışdı", Mirvari xanım deyir.

Yuxarıda sadaladığımız bu neqativ hallar əhalidə yerli səhiyyə xidmətinə qarşı güvənsizlik olduğunu sübut edir.
İcbari sığorta
Təhlilçilərin fikrincə, icbari sığorta səhiyyədə olan problemlərin çözülməsinə yardım edə bilər.
Azərbaycanda “Tibbi sığorta haqqında” qanun 1999-cu ildə qəbul olunub.
Prezident İlham Əliyev 2007-ci ildə “Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyası”nın təsdiq edilməsi haqqında", 2008-ci ildə isə Nazirlər Kabineti yanında Tibbi Sığorta Agentliyinin yaradılması haqqında sərəncamlar imzalayıb.
Azər Mehtiyev deyir ki, bu sərəncamlardan sonra 2012-ci ilə qədər ölkdə icbari tibbi sığortaya keçid istiqamtində addımlar atılacağı gözlənilirdi. Amma bu baş vermədi.
"İcbari tibbi sığorta tətbiq olunsa, dövlət büdcəsindən ayrılan vəsait birbaşa sığortaolunanlara veriləcək. Vətəndaş xəstəxanalara müraciət edərkən həmin vəsaitdən təyinatı üzrə istifadə edə biləcək", cənab Mehtiyev deyir.
Onun sözlərinə görə, icbari sığortanın tətbiqindən sonra səhiyyə işçiləri və xəstələr arasındakı münasibətə nəzarət edən bir qurum mövcud olacaq. Bu qurum da həkimlərin resept yazarkən sui-istifadə hallarına yol verməməsinə şərait yaradacaq.
"Həkimlərin müalicə və müayinə üsullarına, onların əlavə prosedur və ya dərman yazdıqlarına hazırda nəzarət edən yoxdur. Yaradılmış sığorta qurumu isə bu halları yoxlayacaq və səhv nüanslar olarsa, ödənişi etməyəcək".
İqtisadçı onu da deyir ki, icbari sığortanın gecikməsi Azərbaycanda səhiyyə sisteminin bu günkü vəziyyətində "kimlərinsə maraqlı olması" deməkdir.
Millət vəkili Musa Quliyev icbari tibbi sığortaya keçid üçün Nazirlər kabinetində "ciddi iş" getdiyini deyir. Onun sözlərinə görə, bununla yanaşı həkim və müəlimlərə dövlət qulluqçusuna yaxın status verilməsi məsələsi də müzakirədədir.



