UEFA Avropa Liqasının finalı Bakıda: 5 suala cavab

Futbol plakatı

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, Xanım Cavadova
    • Vəzifə, BBC News Azərbaycanca

Mayın 29-da axşam saat 11-də Bakı Olimpiya Stadionunda İngiltərənin Chelsea və Arsenal klubları UEFA Avropa Liqasının finalında qarşılaşacaq.

Final günü əhval-ruhiyyə necədir?

Bakıda hava günəşlidir. Stadiona üz tutmazdan bir neçə saat əvvəl azarkeşlər onlar üçün hazırlanmış azarkeş zonalarında gəzişirlər. Qış parkı Arsenal-ın azarkeşləri, Sahil bağı isə Chelsea azarkeşləri üçün ayrılıb. Burada onları qorumaq üçün atlı polislər də var.

Paylaşımını ötürün Instagram
Instagram məzmununa icazə varmı?

Bu məqalədə Instagram məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Instagram kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu Instagram

Azarkeşləri stadiona onlar üçün ayrılmış görüş yerlərindən pulsuz avtobuslar aparacaq.

Günlərdir finala hazırlaşan Bakının mərkəzi yerlərində futbol və çempionatda qarşılaşacaq Arsenal və Chelsea-nin simvollarını görmək mümkündür.

Arsenal futbolçuları Bakıya 25 mayda, Chelsea isə 27 mayda gəliblər. Klublar gəldikləri andan Bakıda məşqlərə başlayıblar.

Bakı, Olimpiya, Stadion

Şəklin mənbəyi, Getty Images

Britaniya hökumətinin təhlükəsizlik, cinayət və rüşvətə dair tövsiyyəsi nə olub?

Finala dörd həftə qalmış media, diqqəti Britaniya Xarici İşlər Nazirliyinin Azərbaycana aid səyahət tövsiyələrinə yönəldib.

Saytda səyahətçilərə xitabən yazılır ki, Azərbaycanda terrorçuların hücum həyata keçirməyə cəhd göstərməsi mümkündür və bu baxımdan həssas tədbirlər görməyiniz məsləhətdir. Həmçinin deyilir ki, Bakıda cinayət dərəcəsi ümumən aşağı olsa da, qaranlıq zamanı qərbsayağı barların və klubların olduğu şəhər mərkəzində oğurluq və cibsoyma ola bilər. "Ayıq-sayıq olun, özünüzlə böyük miqdarda pul götürməyin və gecə tək gəzməyin", deyə məsləhətlər də verilir.

Tövsiyyələrdə o da deyilir ki, "Azərbaycanda korrupsiya gündəlik həyatın bir hissəsidir, rüşvət verməkdən çəkinməyiniz məsləhətdir".

Britaniya hökümətinin tövsiyələri mayın ilk günlərində medianın diqqətini çəksə də, həmin məlumatlar may ayından əvvəl də saytda olub.

Azərbaycan tərəfi Britaniya XİN-in yaydığı, Azərbaycana aid səyahət tövsiyələrini "anlaşılan olmadığını və təəccüb doğurduğunu" deyib.

"Azərbaycanda təhlükəsizlik və sabitlik tam şəkildə təmin olunub", XİN sözçüsü Leyla Abdullayeva deyib.

O bildirib ki, indiyədək Azərbaycana gələn qonaqlar ictimai asayişin təmin olunması, mövcud olan sabitlik və təhlükəsizlik mühiti və bu kimi böyük miqyaslı idman tədbirlərinin təşkilatçılığından məmnun qalıblar.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Carole Crafts mayın 27-də deyib ki, Azərbaycanla bağlı səyahət tövsiyəsi "son bir neçə ildə dəyişməyib, maraqlıdır ki, niyə buna indi bu qədər maraq var?.."

"Azərbaycanda rüşvət vermək qanunla qadağandır. Əgər polis və ya başqa kimsə sizi saxlayıb pul qopartmaq istəsə, qanunla nəzərdə tutulmayan pul tələb etsə bu, qeyri-qanunidir və bunu etməkdən çəkinin. Biz bütün Britaniya vətəndaşlarına tövsiyə edirik ki, qeyri-qanuni işlər görməkdən çəkinsinlər", - səfir qeyd edib.

Carole Crofts qeyd edib ki, bu tövsiyələr "Britaniya vətəndaşlarının getdikləri ölkələrdə qanunlara riayət etməsi baxımından" yazılıb.

Erməni əsilli futbolçu Henrix Mxitaryan Bakıya gəlmədi

Mxitaryan

Şəklin mənbəyi, Getty Images

Arsenal klubu erməni əsilli futbolçu Henrix Mxitaryan "ailəsi ilə məsləhətləşdikdən sonra" Bakıya gəlməmək barədə qərar verdi.

Futbolçunun şəxsi fikrinə hörmətlə yanaşdığını deyən Arsenal klubu, rəsmi açıqlamasında bu barədə UEFA ilə danışacaqlarını da dilə gətirdi.

Qərardan əvvəl Arsenal, Dağlıq Qarabağ münaqişəsinə görə futbolçunun Azərbaycana uça bilməmək ehtimalından "çox narahat olduqlarını" bildirib.

"Oyunçularımızın salamatlığı və təhlükəsizliyinin bizim üçün böyük əhəmiyyəti var", Arsenal sözçüsü bildirib.

UEFA bildirib ki, Azərbaycan Henrix Mxitaryan-ın təhlükəsizliyi üçün "ən yüksək səviyyədə" zəmanət verib.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov CNN-ə müsahibəsində "Mxitaryana təhlükəsizliyinin 100 faiz təmin olunacağını çatdırmışıq. Bundan artıq nə ola bilər?" deyə bu məsələni şərh edib.

Mxitaryan bundan əvvəl də Arsenalın tərkibində və əvvəlki klubu Dortmund-un tərkibində Bakıda keçirilmiş oyunlara qatıla bilməyib.

Arsenal və Chelsea biletlərin bir hissəsini niyə qaytardı?

Finalın keçirildiyi yer bəlli olduğu andan bəri futbol azarkeşlərinin və futbol klublarının Bakıya səyahət, biletlərin sayı barədə narazılıq ifadə edən sualları da başlayıb.

Lakin oyuna bir neçə gün qalmış Arsenal və Chelsea birlikdə onlara ayrılmış 12000 biletdən 4000-i AFFA-ya geri verib.

Britaniya mediasındakı xəbərlərə görə, oyunun keçiriləcəyi yerin - Bakının İngiltərədən uzaq olması, Azərbaycana birbaşa uçuşları həyata keçirən yeganə hava yollarına bilet tapılmaması və ümumilikdə, oyuna baxmaq üçün səyahət xərclərinin baha olması azarkeşləri narazı salıb.

AFFA BBC News Azərbaycancaya bildirib ki, satılmayan biletlərin qaytarılmasını Azərbaycan istəyib.

Mayın əvvəlində Arsenal və Chelsea Bakı Olimpiya Stadionunun 68700 yer tutduğunu diqqətə gətirərək onlara birlikdə 12000 biletin ayrılmasından narazı qalmışdılar.

Arsenal cəmi 6000 biletin ayrılmasından "pərişan" olduğunu və bunun kluba "həddindən artıq çətinliklər" gətirdiyini bildirib.

Klub deyib ki, bu mövsümdə Avropa Liqasını izləmiş azarkeşlər, eləcə də kluba illərlə pərəstiş edənlər finala qatıla bilməyəcəklər.

Arsenal biletlərin qiymətinin 57.50 - 268 AZN arası olduğunu, əksər biletlərin isə 96 manata olduğunu deyib.

UEFA məkanın iki il əvvəl seçildiyini diqqətə gətirib və bildirib ki, həmin vaxt hansı klubun finala seçiləcəyini bilmək mümkün deyildi.

"Bunu və ən əhəmiyyətlisi, coğrafi məkanı və ev sahibliyi edən şəhərdə və ondan ətrafda hava limanlarının daşıma gücünü nəzərə alaraq təxminən 15 000 izləyicinin (finalçıların azarkeşləri və ümumi izləyicilər) xaricdən gələcəyi hesab edilmişdir".

Bu səbəbdən "iştirakçı komandaların azarkeşlərinə, onların Bakıya müvafiq səyahətləri üçün zəmanət olmadan əlavə bilet təklifi məsuliyyətli seçim kimi qəbul edilməyib", UEFA-nın bəyanatında deyilir.

UEFA-nın qərarından narazı qalan Arsenal Supporters' Trust (AST) qurumu bildirib ki, "UEFA-nın davranışı və azarkeşlərlə rəftarının əsaslı dəyişikliyə ehtiyacı var.

Chelsea Supporters' Trust qurumu (CST) isə 6000-lik yer ayrılmasını "tamamilə qeyri-adekvat" kimi təsvir edib.

Avropa Liqasının finalının Bakıda keçiriləcəyi 2017-cı ildə məlum olub. Həmin vaxt finalın keçirilməsi üçün təklif verən şəhərlər arasında Seville və İstanbul da var idi.

İlham Əliyev

Şəklin mənbəyi, Azertag

Şəklin alt yazısı, Mart ayında Azərbaycanın UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final görüşünə ev sahibliyi etməsi ilə bağlı Bakıda "Ulduzlar Finalı" adlı yoldaşlıq görüşü keçirilib və prezidentə UEFA Avropa Liqasının kuboku təqdim edilib.

Bakıya səyahət çətinlikləri nədir?

CST heyət üzvü Tim Rolls BBC Sports-a deyib ki, azarkeşləri biletlərin sayından çox Bakıya səyahət çətinlikləri əsəbləşdirib.

Roll deyib ki, o, oyunu izləmək üçün Tbilisiyə uçacaq və sonra 7 saat avtobusla Bakıya gedəcək.

"Bakı Britaniyadan səyahət üçün Avropanın ən əlçatmaz şəhərlərindən biridir. Bir neçə uçuş var və onlar ağlasığmaz dərəcədə bahadır, Roll deyib.

"979 funtluq Chelsea və Arsenal çarter uçuşu gülünc dərəcədə baha və ağlasığmazdır".

Onun sözlərinə görə, bu mövsümdə Chelsea-nin 40-50 oyununu səyahət edərək izləmiş adamlar bu dəfə sadəcə olaraq, gedə bilməyəcəklər.

"Bu, oranın ən pis məkan olması ilə bağlı olmalıdır", Tim Rolls deyib.

BBC Sports yazır ki, tək Chelsea azarkeşləri deyil, ümumilikdə, futbolsevərlərin günlərlə qızğın müzakirəsinə səbəb olan məsələ iki ingilis futbol klubunun 90 dəqiqəlik qarşılaşma üçün niyə 4000 km-dən çox yol qət etməsi olub. Halbuki, onların Britaniyadakı stadionları arasında cəmi 12 kilometr məsafə olsa da, Chelsea və Arsenal azarkeşləri Avropa Liqasının finalı üçün Avropanın şərq ucqarına getməlidirlər, sayt yazır.

Bakıya getməyin yollarını araşdıran sayt yazır ki, AZAL-ın yeganə birbaşa London-Bakı-London reysinə bilet tapmaq mümkün deyil.

Klopp

Şəklin mənbəyi, BBC Sport

Şəklin alt yazısı, Liverpool klubunun rəhbəri Jurgen Klopp finalların keçiriləcəyi yerlər barədə daha "həssas və məqbul" qərarlar verməyə çağırış edib.

Alternativ yollar isə təyyarə, avtobus və qatarla olmaqla İstanbul və Kiyev üzərindən daha uzun gözləmə ilə müşahidə olunur.

Həftənin cüt günləri üç dəfə olmaqla London-Bakı-London birbaşa reysini həyata keçirən yeganə şirkət - Azərbaycan Hava Yolları AZAL 29 və 30 may birbaşa London-Bakı-London uçuşlarını həyata keçirəcəyini açıqlayıb.

Azərbaycan Dövlət Turizm Agentliyi bildirib ki, AZAL həmçinin başqa, xarici azarkeşlərin oyunu izləməsi üçün 40-dan çox çarter reys təşkil edəcək.

Ən qəti mövqe qoyan isə Liverpool klubunun rəhbəri Jurgen Klopp olub. O, finalların keçiriləcəyi yerlər barədə daha "həssas və məqbul" qərarlar verməyə çağırış edib.

Klopp mayın 29-dakı finalı izləmək üçün Bakıya səyahət etməkdə çətinliklərlə üzləşəcək və bahalaşmış otel və təyyarə biletləri almaq məcburiyyətində olan azarkeşlərə indidən rəğbətini bildirib.

"Finalı necə Bakıda və Kiyevdə [ötən il Çempionlar Liqasının finalında Liverpool klubu Kiyevdə oynamışdı] keçirə bilərsən? Bilmirəm, bu səyahət təşkil edən adamlar səhərlər nə yeyirlər?"

Azarkeşlərə Azərbaycana getmək üçün həmçinin viza lazımdır.

Dövlət Turizm Agentliyi bildirib ki, Bakıda ulduz dərəcəsinə uyğun olaraq müxtəlif büdcəli, həm beynəlxalq, həm də yerli brendlərə məxsus hotellər mövcud olduğundan qonaqların "rahatlığının təmin olacağını" bildirib.

Agentlik həmçinin otellərə "qiymətləri gələn qonaqlara uyğun səviyyədə saxlamağı" məsləhət görüblər.