BDU tələbəsi aksiyaya qoşulduğu üçün "təqib olunur"?

Bakı Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsinin birinci kurs tələbəsi Rüstəm İsmayılbəyli bloqçu Mehman Hüseynova dəstək aksiyasında iştirakına görə cəzalandırılmayıb, "o, müəlliminə hörmətsizlik edib", fakültənin dekanı Elxan Əzizov BBC News Azərbaycancaya deyib.
Rüstəm İsmayılbəyli bloqçu Mehman Hüseynov həbsdə olarkən ona dəstək verilməsi üçün keçirilmiş aksiyaya qoşulub və o iddia edir ki, bundan sonra fakültə dekanlığı ona qarşı "sərt münasibət" göstərib.
Tələbə deyir ki, universitet rəhbərliyi ondan mitinqdə niyə iştirak etməsini soruşub və ona töhmət verildiyi "şifahi elan edilib".
"Mən yanvarın 6-da Mehman Hüseynova dəstək aksiyasında iştirak edəndən sonra prorektor məni otağına çağıraraq rəsmi kağızda izahat yazdırmışdı. Mənə deyirdi ki, polisə niyə düşmüsən, siz aksiyalar təşkil edirsiniz, Mehman Hüseynovu tanıyırsanmı və s. Bundan sonrakı aksiyalarda hər dəfə zəng edib deyirdilər ki, qeyri-adekvat tədbir görüləcək, ehtiyatlı olun. Buna görə düşünürəm ki, töhmətlərim siyasi xarakterlidir".

Şəklin mənbəyi, Rüstəm İsmayılbəyli
Rüstəm İsmayılbəyli əlavə edir ki, fakültənin bir müəllimi ilə arasında biliyinin doğru qiymətləndirilməməsi mübahisəsi yaranıb və buna görə də dekanlığa müraciət edib, amma müəllimə qarşı qeyri-etik rəftara yol verməyib.
O, dekanın onu hədələdiyini və bununla bağlı rektorluğa müraciət etdiyini deyir: "Əgər rektorluq bununla bağlı tədbirlər görməsə, mən məhkəməyə müraciət edəcəyəm".
Dekan Elxan Əzizov tələbəyə heç bir töhmət verilmədiyini, sadəcə, müəllimlərə qarşı davranışları ilə bağlı Rüstəm İsmayılbəyliyə xəbərdarlıq etdiyini deyir.
Cənab Əzizov onu da bildirir ki, tələbədən onun atasına şikayət edib və o, rektorla görüşə çağırılıb.
Dekanın sözlərinə görə, Rüstəm İsmayılbəylinin atası ilə "tələbənin özünün universitetin daxili nizam-intizam qaydalarına uyğun aparması" ilə bağlı söhbət aparılıb.
Rüstəm İsmayılbəylinin "hədə" iddiasını rədd edən Elxan Əzizov əlavə edir ki, universitetin nizamnaməsində "tələbənin siyasi fəaliyyəti ilə bağlı hansısa təlimat yoxdur və bu, tələbənin öz işidir".









