Azərbaycanda rektor təyinatı: "Yeni fərman nəyi dəyişəcək ki?"

Şəklin mənbəyi, Azertac
Artıq Azərbaycanda dövlət ali təhsil müəssisələrində rektorlar 5 illiyinə təyin ediləcək, prezident İlham Əliyev bununla bağlı fərman verib.
Bu fərman irəliyə bir addımdır, keçmiş təhsil naziri Firuddin Cəlilov BBC News Azərbaycancaya deyir.
"Heç nə dəyişməyəcək, o zaman dəyişiklik mümkün olardı ki, rektorlar seçki yolu ilə o vəzifəyə gəlsin", təhsil eksperti Nabatəli Qulamoğlu hesab edir.
Prezidentin fərmanı noyabrın 15-də Bakı Dövlət Universitetinə 1999-cu ildən rəhbərlik edən Abel Məhərrəmov vəzifəsindən azad edilməsindən sonra verilib.
Abel Məhərrəmovun uzun müddətdi tutduğu vəzifədən niyə azad edilməsinin səbəbləri açıqlanmayıb.
Eləcə də rektorların niyə 5 illiyə təyin olunması, o cümlədən, bu şəxslərin 5 ildə "toxunulmaz" olub-olmayacağı və ya dəfələrlə seçim məhdudiyyətinin tətbiq edilib-edilməyəcəyi fərmanda göstərilmir.
Sadəcə vurğulanır ki, 5 illik rektor təyinatı bu "Fərman qüvvəyə mindikdən sonra həyata keçirilən təyinatlara şamil olunur".

Şəklin mənbəyi, Bakı Musiqi Akademiyası
"İrəliyə doğru addım"
"Bu fərman irəliyə doğru bir addımdır. Yoxsa 10-15 il rektor kimi otururlar və işlədikləri müəssisəsyə öz şəxsi mülkləri kimi baxırlar", keçmiş təhsil naziri Firuddin Cəlilov deyir. Onun fikrincə, rektor təyinatında konkret bir müddətin göstərilməsi "mövcud vəziyyətdən daha yaxşıdır".
"Biz ötən əsrin 90-cı illərində hazırladığımız "Təhsil haqqında qanuna" rektorların seçki yolu ilə seçilməsini salmışdıq. Necə ki, kafedra müdirləri, dekanlar seçki yolu ilə vəzifəyə gəlirdi, həmin qanuna görə də rektorlar da ali məktəbin kollektivi tərəfindən seçilməliydi".
"Sonradan dəyişdirilən həmin maddədə göstərilmişdi ki, ali məktəb kollektivi 3 namizəd seçir və birinin təsdiqlənməsi üçün Təhsil Nazirliyinə göndərilir. Təhsil Nazirliyi də onlardan birini təsdiqləyir və seçilmiş rektor hər il kollektivə hesabat verir", həmin qanunun müəlliflərindən biri kimi Firuddin Cəlilov xatırlayır.
"Onsuz da prezident nə vaxt istəyir..."
Ancaq təhsil məsələləri üzrə şərhçi Nabatəli Qulamoğlu üçün rektorun 5 illik təyinatı ilə müddətsiz təyinatı arasında bir fərq yoxdur
"Onsuz da prezident nə vaxt istəyir, o vaxtda da rektoru dəyişə bilir. İndi 5 ildən sonra həmin adamı yenidən o vəzifəyə təyin etməklə, yaxud 10 ildən sonra hansısa rektoru vəzifəsindən uzaqlaşdırmağa nə mane olur ki?"
Şərhçi "dekorativ bir dəyişiklik" saydığı bu qərarın təhsilin keyfiyyətinin yaxşılaşacağında bir rol oynamayacağını düşünür. Nabatəli Qulamoğlu hesab edir ki, əgər ali məktəblərdə təhsilin inkişafına nail olunması istənilirsə, rektor seçkili instututa çevrilməlidir ki, onun kollektiv qarşısında hesabatlılığı yaransın.
"Rektor seçimi müəllim və tələbələrin ixtiyarına buraxılmalıdır. Ola bilər ki, ilk seçimlərdə nöqsanlara yol verilsin, amma getdikcə, bu, təkmilləşəcək", o deyir.

Şəklin mənbəyi, Azertac
Uzunömürlü rektorlar
BDU-nun keçmiş rektoru Abel Məhərrəmov heç də vəzifəsində uzun müddət outran yeganə rektor deyildi.
BBC News Azərbaycanca Təhsil Nazirliyinin saytında əksini tapmış məlumatlara görə, bəzi uzunömürlü rektorların siyahısını hazırlayıb.
Fərhad Bədəlbəyli -Bakı Musiqi Akademiyası - 1991-ci ildən
Arif Paşayev, «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyası, 1996-cı ildən
Gülçöhrə Məmmədova, Azərbaycan Memarlıq və İnşaat Universiteti -2000-ci ildən
Kamal Abdulla- Xarici Dillər Universiteti, 2017-ci ildən, amma Slavyan Universitetində 2000-2014-cü illər
Ömər Eldarov - Rəssamlıq Akademiyası, 17 ildir Rəssamlıq Akademiyasının rektoru olan Ömər Eldarov -2001-ci ildən
Nərgiz Paşayeva - Lomonosov adına Moskva Dövlət Universiteti, -2009-cu ildən
Nazim Əliyev, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, 2011-ci ildən
Urxan Ələkbərov , Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası - 2011-ci ildən.








