Azərbaycana xarici investisiyalar gəlir - İlham Əliyev elan verdi

Nazirlər Kabineti

Şəklin mənbəyi, Azərtac

Şəklin alt yazısı, Nazirlər Kabinetinin çərşənbə axşamı keçirilmiş iclasında prezident ölkəyə xarici investisiyanın gəlməsi üçün heç bir probem olmadığını, əksinə, "biznes mühitinin yaxşılaşdığını" bildirib.

Prezident İlham Əliyev Azərbaycana yeni xarici sərmayə gələcəyini elan edib.

"Sərmayə qoyuluşu olmasa iş yerləri necə yaradıla bilər?!" prezident deyib.

Nazirlər Kabinetinin çərşənbə axşamı keçirilmiş iclasında o, ölkəyə xarici investisiyanın gəlməsi üçün heç bir problem olmadığını, əksinə, "biznes mühitinin yaxşılaşdığını" bildirib.

İlham Əliyev bu günlərdə Çində olarkən yerli sahibkarların Azərbaycana maraq göstərdiyindən danışıb: "İndi xaricdən investisiya, sərmayə qoymaq istəyənlərin sayı çoxalır. Xarici sahibkarlar müraciət edirlər. Mənim bu yaxınlarda Çin Xalq Respublikasına etdiyim səfər çərçivəsində görüşdüyüm iri şirkətlərin rəhbərlərinin fikri də çox müsbətdir. Onlar da Azərbaycana sərmayə qoymaq üçün indi işlər aparırlar və böyük maraq göstərirlər".

İlham Əliyev deyib ki, xaricdən investisiya cəlbində əsas məsələ "bürokratik əngəlləri" aradan götürməkdir.

"Biz potensial investoru cəlb etməliyik, investoru axtarmalıyıq, ona sübut etməliyik ki, Azərbaycana sərmayə qoysun. Ancaq bəzi hallarda hansısa yerli və ya xarici şirkət investisiya qoymaq istəyəndə onun qarşısında süni, bürokratik və digər əngəllər yaradılır. Bu, tamamilə qəbuledilməzdir, buna yol vermək olmaz".

İlham Əliyev vurğulayıb ki, özəl sektorun "daha da böyük həvəslə" investisiyalar qoymasına çalışılmalıdır.

Prezidentin fikrincə, son vaxtlar Azərbaycanda "güclü sahibkarlar sinfi" formalaşıb.

"Əgər işıq, qaz, yol yoxdursa, hansı sahibkar harasa vəsait qoya bilər?" deyən prezident əlavə edib ki, bu il yerli sahibkarlara 170 milyon manat həcmində kredit veriləcək.

"Biz ötən il keçirilmiş prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə qədəm qoyduq", prezident İlham Əliyev bildriib.

"Qazın keyfiyyəti ilə bağlı problemlər"

İlham Əliyev həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər haqqında "siqnallar aldığını" deyib.

"Eyni zamanda, "Azəriqaz" tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, "Azəriqaz" özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır".

İlham Əliyev

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, İlham Əliyev

"35 min ödənişli ictimai iş yeri açılıb"

Prezident vurğulayıb ki, dövlət tərəfindən yaradılan iş yerləri, sadəcə olaraq, sosial xarakter alır. Amma onun fikrincə, dövlət daim iş yerlərini yarada bilməz. "Biz, sadəcə olaraq, işsizliyin azaldılması üçün bu işləri görürük. Bildirməliyəm ki, bu il 40 min ödənişli ictimai iş yeri açılır. Mənə verilən məlumata görə, artıq 35 min insan bu il ödənişli ictimai işlərlə təmin edilib".

İlham Əliyev bunun sosial təşəbbüs, sosial dəstək olduğunu vurğulayaraq əlavə edib ki, yeni iş yerlərini yaratmaq özəl sektorun öhdəsinə düşməlidir.

"İctimai nəzarət daha da güclü olmalıdır"

Prezident idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac olduğunu vurğulayıb: "Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq".

İlham Əliyev məmurları daim vətəndaşların problemləri ilə məşğul olmağa çağırıb.

O deyib ki, regional inkişaf proqramının icrası zamanı "bir çox qüsurlar, bir çox çatışmazlıqlar" olur.

Bunlar aradan qaldırılmasını vacib sayan prezident "ictimai nəzarətin daha da güclü olmasını" əlavə edib.

Manat sabitdirsə, qiymət niyə artır?

Manatın məzənnəsinin sabit olmasının əsas gətirən prezidentə görə, belə olan halda, süni qiymət artımına yol vermək "qətiyyən olmaz".

"Bəzi hallarda bəzi məhsulların qiymətlərində artım olur. Bunun heç bir əsası yoxdur. Bəzi hallarda mövsümi xarakter daşıyır. Amma bəzi hallarda qiymətlər süni şəkildə artırılır", İlham Əliyev deyib.

O bildirib ki, maaşların, müavinətlərin artmasından "hansısa natəmiz adamlar, möhtəkirlər istifadə etsinlər", qiymətləri süni şəkildə qaldırsınlar, yaxud da ki, hansısa bir inhisarçılıqla məşğul olsunlar.

Ona görə istehlak qiymətlərinə daim nəzarət olmalı, süni qiymət artımına qətiyyən yol verilməməlidir, İlham Əliyev mövqeyini açıqlayıb.