Qurban Qurbanov: "Milli ilə vidalaşacağam"

Qurban Qurbanov

Şəklin mənbəyi, TOFIQ BABAYEV/Qarabag FK

Şəklin alt yazısı, Qurban Qurbanov millinin baş məşqçisi vəzifəsinə 2017-ci ildə təyin olunub.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) millinin baş məşqçisilə müqaviləyə xitam verildiyini elan edib.

Qurban Qurbanov istefa barədə qərarı şərh edərkən üzərindən "böyük yük"ün qalxdığını deyib.

"Gördülər ki, iki yerdə çalışmaq çətindir. Olduğum müddətdə hər şeyi düz etməyə çalışdım. Milli ilə vidalaşacağam", - Azertag agentliyi Qurban Qurbanovun sözlərindən iqtibas gətirir.

Qurban Qurbanov millinin baş məşqçisi vəzifəsinə 2017-ci ildə təyin olunub.

"Qarşılıqlı razılıq"

AFFA qərarın qarşılıqlı razılıq əsasında qəbul olunduğunu bildirir.

"Azərbaycan milli komandasının son 1 il ərzində göstərdiyi nəticələr nəzərə alınaraq və "Qarabağ" klubunda fəaliyyəti üçün daha çox vaxt ayırmasına imkan yaradılması məqsədilə millinin baş məşqçisi Qurban Qurbanovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilsin", - təşkilatın saytında dərc olunmuş qərarda qeyd olunur.

AFFA-nın İcraiyyə Komitəsi milli komandada fəaliyyətinə görə məşqçiyə minnətdarlığını bildirib.

Qurban Qurbanov bundan sonra "Qarabağ" klubunun rəhbəri postunda işini davam etdirəcəyini deyir.

Yeni baş məşqçi kim olacaq?

Növbəti baş məşqçi kim olacaq?

Bu sual hələ ki, cavabsız qalır.

Qurban Qurbanovun özü isə bu barədə AFFA-nın qərar qəbul edəcəyini bildirib.

Şənbə günü AFFA həmçinin aşağı yaş qruplarından ibarət yığma komandaların son 1 il ərzində nəticələrini qeyri-qənaətbəxş tanıyaraq U-21, U-18, U-17, U-16 və U-15 yığmalarının baş məşqçiləri ilə də müqaviləyə xitam verib.