Siyasi mühacirin qardaşı: "Dedilər ki, dövlətə qarşı çıxırsan"

Şəklin mənbəyi, Tural Sadıqlı
Daxili İşlər Nazirliyi Almaniyada siyasi mühacir olan Tural Sadıqlının inzibati qaydada həbs edilən qardaşının polis tərəfindən işgəncə görməsi iddialarını təkzib edir.
Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə BBC Azərbaycancaya bildirib ki, bütün ittihamlar əsassızdır.
"Elgiz Sadıqlının işgəncələrə məruz qalması həqiqətə uyğun deyil və böhtan xarakteri daşıyır", Orxan Mansurzadə deyib.
Almaniyada siyasi mühacir olan Tural Sadıqlının qardaşı Elgiz Sadıqlı bu il fevralın 23-də iş yerinin önündə polis tərəfindən saxlanıldığını və Sabunçu rayon polis idarəsinə aparıldığını bildirir.
"Aparandan sonra bir saat ərzində 8-9 nəfər məni döydü. Sonra çay verdilər, içdim. Ondan sonra başım gicəlləndi, ayaqlarım keyidi. Yoxlanışdan sonra qanımda narkotik maddə aşkarlandığını dedilər", Sadıqlı deyir.
"Döyüləndə dedilər ki, dövlətə qarşı çıxırsan, dedim ki, mən çıxmıram. Dedilər sən çıxmırsan, amma qardaşın çıxır".
30 sutka
Elgiz Sadıqlı BBC Azərbaycancaya deyib ki, məhkəmə zamanı ona vəkil tutmağa imkan yaradılmayıb və yalnız dövlət vəkillərinin təyin oluna biləcəyi deyilib.
O, polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası alıb. Bundan sonra idarə rəhbərliyi tərəfindən "əziyyətlərə məruz qaldığını" deyir.
"Elektroşok verdilər. Bilmirəm nə günahım vardı, nə düşmənçilikləri vardı mənimlə ki belə əziyyət verdilər", Sadıqlı danışır.
Elgiz Sadıqlı martın 25-də azadlığa buraxılıb.
O, özünə qarşı olan ittihamları əsassız sayır və qardaşının fəaliyyətinə görə təqib edildiyini deyir.
Elgiz Sadıqlı deyir ki, ona bölmədə işgəncə verdikləri zaman "hakimiyyətə qarşı çıxmağın cəzası budur" deyiblər.
Avropada etiraz nümayişləri
Tural Sadıqlı 4 ildir Almaniyada siyasi mühacir kimi yaşayır.
O da BBC Azərbaycancaya açıqlamasında qardaşının siyasi fəaliyyətlə məşğul olmadığını və onun fəaliyyətinə görə həbs olunduğunu deyib.
Elgiz Sadıqlı 2015-ci ildə də narkotik vasitələrin saxlanması və dövriyyəsi ittihamı ilə 2 il müddətinə həbs edilmiş, daha sonra qərar 2 il şərti cəza ilə əvəzlənmişdi.
Tural Sadıqlı deyir ki, həmin vaxt Azərbaycan preizdenti İlham Əliyev Berlində Angela Merkellə görüşərkən etiraz nümayişi keçiriblər. Bundan sonra onun qardaşı həbs olunub.
O deyir ki, Avropada yaşayan siyasi mühacirlərlə birgə etiraz nümayişləri keçirirlər. Bu aksiyalardan biri "dünyada diktatoru tanıdaq" aksiyasıdır.





