Amerikadan Əliyevə mesaj var?

Şəklin mənbəyi, Azertac
Trump-ın və İsrailin dəstəkçisi kimi tanınan amerikalı senator Bakıda İlham Əliyevlə görüşüb.
Steve Daines-in İlham Əliyevə Trump adminstrasiyasından hansı mesaj gətirdiyi bəlli deyil.
Washington ötən həftələrdə bildirib ki, Azərbaycanla Ermənistan arasında tezliklə sülh imzalanmasını istəyir.
Senatorun bunu İlham Əliyevlə müzakirə edib-etmədiyi məlum deyil. Amma Steve Daines-in Bakıdan sonra Yerevana getməsi ona işarə edir ki, Birləşmiş Ştatlar regionda fəallığını artırmağa başlayıb.
Biden adminstarsiyası ilə gərgin münasibətlər yaşamış Azərbaycan hakimiyyətinin də Trump adminstrasiyasından gözləntiləri var. Azərbaycan 907-ci düzəlişlə bağlı Biden hakimiyyətinin qoyduğu qadağanın götürülməsini istəyir.
Senatorla görüşdə İlham Əliyevin bunu deyib-deməməsi məlum deyil. Rəsmi xəbərlərdə yalnız o bildirilib ki, Prezident Əliyev Trump-ın birinci hakimiyyəti dövründə münasibətlərin yaxşı olduğunu xatırladıb. O deyib ki, indi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var.
Birləşmiş Ştatlar Azərbaycanı insan haqlarının vəziyyətinə görə tez-tez tənqid edir. Bakı bu tənqidlə razılaşmır.
Trump və Əliyev adminstrasiyası arasında münasibətlərin Azərbaycandakı insan haqlarının vəziyyətinə necə təsir edəcəyi, hələ ki, məlum deyil.







