BMT-də Laçın yolu müzakirələri öncəsi Qarabağda və sərhəddə gərginlik

Şəklin mənbəyi, Getty
BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın yolunun “bağlanmasından” sonra yaranmış “humanitar böhranı” müzakirə etmək üçün çərşənbə günü təcili iclasını keçirəcək.
Sessiyada Azərbaycanı ölkənin BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev təmsil edəcək.

Şəklin mənbəyi, Getty images
Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Laçın dəhlizinin kommersiya, humanitar və şəxsi avtomobillər üçün bağlanması ilə bağlı narahatlıq ifadə edib.
Vedant Patel-in sözlərinə görə, bu, humanitar vəziyyəti daha da pisləşdirir və sülh prosesinə “etimadın yaradılması” səylərini sarsıdır.
Dövlət Departamentinin sözçüsü Azərbaycan hakimiyyətini Laçın dəhlizini açmağa çağırıb.
Çərşənbə günü Azəbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev xarici ölkə diplomatlarını yeni tikilmiş Ağdam yolunun açılışına dəvət edib. Qarabağ ermənilərinə bu yoldan istifadə edərək, humanitar yardımların qəbul edilməsi təklif olunur, amma onlar hələlik bu təklifi rədd edirlər.
Hərbi geyimlinin saxlanılması

Şəklin mənbəyi, mod.gov.az
BMT-də müzakirələr ərəfəsində Azərbaycan Ermənistan silahlı qüvvələrinin “kəşfiyyat-diversiya qrupunun” bir üzvünün saxlanıldığını bildirib.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
“Ermənistan bölgədə vəziyyətə dair BMT Təhlükəsizlik Şurasının iclası ilə eyni gündə hərbi təxribatları davam etdirməsini manipulyasiya siyasətinin davamı kimi qiymətləndirir və qətiyyətlə pisləyirik”, - XİN-in yaydığı açıqlamada deyilir.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, avqustun 16-da saxlanılan şəxsin "ilkin araşdırmalara görə" 1983-cü il təvəllüdlü Voskanyan Qaqik Aşotoviç olduğu ehtimal edilir.
Ermənistan Azərbaycanın məlumatını təkzib edib və adı Q.V. kimi verilən hərbçinin “saxlanılması” ilə bağlı video yayıb, Müdafiə Nazirliyinə istinadən rəsmi Armenpress agentliyi bildirir.
“Ermənistan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbçisinin naməlum səbəblərdən Azərbaycan tərəfinə keçən ehtiyatda olan Q.V.-yə yaxınlaşaraq əvvəlcə onunla danışdığını, sonra onu saxlayıb avtomobillə naməlum istiqamətdə aparılmasını əks etdirən videoçarx təqdim edib”, Armenpess xəbər verir.
Azərbaycan bildirib ki, bölgədə vəziyyətin gərginləşməsi ilə bağlı məsuliyyət Ermənistanın "hərbi-siyasi rəhbərliyinin" üzərindədir.
Bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi xarici ölkələrin hərbi attaşeləri və beynəlxalq təşkilatların nümayəndələri üçün brifinq keçirib, onlara Qarabağ və Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı birləşmələrinin cəmləşməsi barədə məlumat verib.
Qarabağda "aclıq təhlükəsi"
Tanınmamış "Dağlıq Qarabağ Respublikası" Ombudsmanı Qeqam Stepanyan deyib ki, “blokadanın yaratdığı fəlakətli ərzaq vəziyyəti insanların pis qidalanmasına və aclıq təhlükəsinə” səbəb olub.
Çərşənbə axşamı günü qurum "xroniki pis qidalanma ilə bağlı 40 yaşlı kişinin ölməsi" barədə məlumat yayıb.
Açıqlamada deyilir ki, blokadanın səhiyyə sektoruna təsirini ilk növbədə cəmiyyətin ən həssas qrupları - uşaqlar, hamilə qadınlar, xəstələr və yaşlılar hiss edir.
Ötən gün Azərbaycan Laçın yolundan “qanunsuz hərbi” daşımalar üçün istifadənin yolverilməz olduğu deyilib. Bakı həmçinin bildirir ki, alternativ Ağdam-Xankəndi yolu Qarabağ ermənilərinə yüklərin sürətlə çatdırılmasını və onların Azərbaycana reinteqrasiyasını təmin edəcək.
Dünən Azərbaycanın xarici işlər naziri Rusiya (BMT Təhlükəsizlik Şurasının daimi üzvü) və BƏƏ-dəki (hazırda BMT TŞ-nin qeyri-daimi üzvü) həmkarları ilə regional vəziyyəti müzakirə edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla söhbətində Ceyhun Bayramov Ermənistanı Laçın yolu və digər alternativ marşrutlardan istifadə ilə bağlı razılaşmalara əməl etmədiyini deyib.
Azərbaycan Xarici İşlər Nazirliyi həmçinin Fransanın xarici işlər naziri Catherine Colonna-nın Bakının Qarabağı “blokadaya alması” ilə bağlı açıqlamasını “əsassız ittihamlar” adlandırıb.
Azərbaycan aprel ayında Laçın yolu üzərində, Ermənistanla sərhəddə öz sərhəd-keçid məntəqəsini qurub.
Bundan sonra Ermənistan yolun tamamilə bağlı olduğunu və bölgədə “humanitar bohranın” yarandığını bildirir. Bakı bu iddiaları rədd edir, separatçı bölgəsilə Ağdam üzərindən əlaqə qurmağı təklif edir.




