Azərbaycanla Ermənistan arasında Qarabağla bağlı danışıqlar nəyə əsaslanıb?

Şəklin mənbəyi, Azertag
Məhərrəm Zeynalov
BBC, Bakı
Qarabağda müharibə üç il əvvəl başa çatıb. Ermənistan Bakının demək olar ki, bütün tələbləri ilə razılaşıb, əvəzində Qarabağ ermənilərinə təhlükəsizlik zəmanəti verilməsini tələb edib. Bakı bəyan edir ki, onlar Azərbaycan vətəndaşları ilə eyni hüquqlara malik olacaqlar.
2020-ci il müharibəsindən sonra münaqişə tərəfləri dəfələrlə danışıqlar masası arxasına əyləşiblər, hətta bəzən elə görünüb ki, sülh müqaviləsinin imzalanması yaxındadır. Görüşlər Washington-un, Brüsselin, Moskvanın himayəsi altında keçirilir, lakin ekspertlərin fikrincə, onların irəliləyişi ermənilərin təhlükəsizliyi məsələsindən asılıdır.
Azərbaycan 44 günlük müharibədə qalib gələrək Qarabağ ərazisinin bir hissəsini və ona bitişik rayonları geri qaytardı, Rusiya sülhməramlıları isə üç ölkə başçısının razılaşmasına əsasən Dağlıq Qarabağa daxil oldu. Onlar ermənilərin yaşadığı Qarabağ ərazisinə nəzarət edir, onların təhlükəsizliyini təmin edirlər.
Ancaq ermənilər bu təminatın keyfiyyətindən narazıdırlar - inanırlar ki, sülhməramlıların Azərbaycan hərbçiləri qarşısında acizdir.
Azərbaycanlılar da öz növbəsində deyir ki, ruslar Ermənistandan gizli şəkildə Qarabağa silah daşınmasına kömək edir.
Hər bir neçə gündən bir silahlı insidentlər və atəşkəs rejiminin pozulması barədə xəbərlər gəlir.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Sülhməramlıların mandatı 2025-ci ildə başa çatacaq, Azərbaycan isə onun yenilənə bilməyəcəyinə işarə vurur.
Yerevan Qarabağda yaşamağa davam edən on minlərlə erməniyə təhlükəsizlik zəmanəti istəyir.
Qarabağ hər iki xalqda bir anda emosiya tufanına səbəb ola biləcək mövzudur. Onilliklərlə davam edən münaqişə ermənilərlə azərbaycanlıları ayıran uçurumu daha da dərinləşib.
Hər iki tərəf bu qarşıdurmada özünü qurban hesab edir, inamsızlıq və müqavimət, tökülən hər damla qanla daha da möhkəmlənir.
Ermənilər Dağlıq Qarabağdan kənardakı Azərbaycan ərazilərinə çıxa, azərbaycanlılar isə Qarabağın ermənilər tərəfindən dağıdılmış, hələ uzun illər minalardan təmizləmə və infrastrukturun bərpası işlərinin aparılacağı şəhər və kəndlərinə qayıda bilməzlər.
Bu gün Bakının Dənizkənarı Parkında bir erməninin gəzməsini, yaxud bir azərbaycanlının Ermənistandakı Sevan gölünün (Azərbaycan dilində Göyçə adlanır -red.) sahilində dincəlməsini təsəvvür etmək mümkün deyil.
Döyüş əməliyyatlarının nəticələrinin aradan qaldırılması üçün birgə addımlar, kommunikasiyaların açılması və nəqliyyatın sərbəst hərəkəti (məsələn, Naxçıvana gedən yol) hər şeydən əvvəl dialoq və kompromis tələb edir.
Ancaq nə Ermənistanda, nə də Azərbaycanda, cəmiyyət hələ buna hazır deyil və heç kim xalqı buna hazırlamır.

Sülh üçün şərtlər
Azərbaycan sülh sazişinin şərtləri kimi Ermənistana beş bənd təklif edib: sərhədlərin qarşılıqlı tanınması, ərazi iddialarının olmaması, hərbi güc tətbiqindən və təhdidindən imtina, sərhədlərin demarkasiyası və nəqliyyat kommunikasiyalarının açılması.
Ermənistan tərəfi sazişə Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə zəmanət verən beynəlxalq mexanizmlərin yaradılması ilə bağlı bənd əlavə etmək istəyir. Elə bu bənddə tərəflərin fikirləri üst-üstə düşmür.
Belə ki, bu ilin mayında Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını elan etdi, lakin bir daha əlavə etdi ki, Bakı orada yaşayan ermənilərə təhlükəsizlik zəmanəti vermək üçün “Stepanakertlə (Azərbaycanlılar onu Xankəndi adlandırır-red.) tam hüquqlu danışıqlara” getməlidir.
Erməni politoloq Aleksandr İsgəndəryan hesab edir ki, indi belə təminat əldə etmək "son dərəcə çətindir".
Bir tərəfdən, etimad böhranı var - tanınmamış DQR-də Bakının vədlərinə inanmırlar. Digər tərəfdən isə Bakı məsələn, BMT sülhməramlıları kimi zəmanətləri qəbul etməyəcək, o deyir.
“Müvafiq olaraq, əgər danışıqlar prosesi bu prosesin beynəlxalq təminatı ilə aparılarsa və bir müddət atışma və eskalasiya olmasa, o cümlədən [Ermənistandan Qarabağa] malların çatdırılması mümkün olarsa, bu, heç olmasa, zəmanətləri müzakirə etməyə çalışmaq yolunun başlanğıcı ola bilər”, - İsgəndəryan hesab edir.
2022-ci ilin dekabrından ermənilərin məskunlaşdığı region faktiki blokadadadır və bu, getdikcə güclənir. Həmin vaxt Azərbaycan hökumətinin gətirdiyi ekoloji fəallar tanınmamış DQR-i Ermənistanla birləşdirən yeganə yolu bağlamışdılar.
Bu ilin yazında isə Azərbaycan Ermənistanla sərhəddə tam işlək sərhəd-keçid məntəqəsi tikdi və yükdaşımalar dayandırıldı.
Daha sonra, artıq yayda Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobillərinin Qarabağa buraxılmasını dayandırdı və nəhayət, iyulun sonunda bir "təcili yardım" maşınını saxladı, orada olan bir xəstəni 30 il əvvəl törədilən hərbi cinayətlərdə ittiham edərək həbs etdi.
Azərbaycan öz ərazisindən - Ağdam şəhəri vasitəsilə Qarabağa humanitar yüklərin gətirilməsini təklif edir, lakin ermənilər buna qarşı çıxırlar.

Şəklin mənbəyi, GETTY IMAGES
Azərbaycan: Ermənilərin də eyni hüquqları var
Azərbaycan hərbi cəhətdən Ermənistandan daha güclüdür, onun ordusu Ermənistanla sərhədə nəzarət edir, həmçinin Şuşada, Qarabağın hakim yüksəkliyində, Stepanakertdən (Xankəndi-red.) bir neçə kilometr aralıda mövcuddur. Bakı isə öz ritorikasında güclü tərəfin mövqeyindən çıxış edir, hədə-qorxu səsləndirməkdən də geri qalmır.
Prezident İlham Əliyev kifayət qədər birmənalı şəkildə ifadə edib:"Qarabağ erməniləri ya Azərbaycan pasportunu almalıdırlar, ya da bölgəni tərk etməlidirlər. Üstəlik, həm o, həm də onun məmurları dəfələrlə bildiriblər ki, pasportla birlikdə Qarabağ ermənilərinə Azərbaycanın digər vətəndaşlarının sahib olduğu hüquqları da verirlər.
Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin pis olduğu, məktəblərdə ermənilərə qarşı nifrət təbliğatının aparıldığını deyənlər, bu bəyanatlara şübhəli yanaşır və burada etnik ermənilərə həmvətən kimi necə münasibət bəslənəcəyi sualı yaranır.
Qarabağ erməniləri hələlik Azərbaycan vətəndaşlığını almaq istədiklərini bəyan etməsə də, BBC Vətəndaşlara Xidmət üzrə Dövlət Agentliyi (ASAN) ilə əlaqə saxlayaraq, Qarabağ ermənilərinin Azərbaycan pasportu almaq istədikləri halda hara müraciət etməli olduqlarını soruşub.
BBC-yə Azərbaycan Daxili İşlər Nazirliyinə zəng etmək məsləhət görülüb. BBC nə nazirliklə, nə də Azərbaycanın Miqrasiya Xidmətilə əlaqə saxlaya bilməyib.
Bəzi müşahidəçilər, o cümlədən Aleksandr İskəndəryan hesab edir ki, Azərbaycan hakimiyyəti sadəcə olaraq, erməniləri Qarabağdan çıxarmağa çalışır.
Politoloq deyir ki, ermənilərin də azərbaycanlılarla eyni hüquqları alacağını eşidəndə özünə sual verib: hansı hüquqları?
“Bu, 1969-cu ildən bir ailənin qısa fasilə ilə hökmran olduğu monarxiyadır”, - İsgəndəryan deyir.
“Təsəvvür edin ki, ölkədə bəzilərinin (ermənilərin) hüquqları olacaq, bəzilərinin isə (azərbaycanlıların) hüququ olmayacaq, bu ki, ağlabatmazdır”.

Şəklin mənbəyi, GETTY IMAGES
Ekspert: Ermənilərə hüquqlar vermək Əliyev üçün pis presedent olar
Qarabağ münaqişəsi üzrə azərbaycanlı tarixçi Arif Yunus da İsgəndəryanla razılaşır: “Belə çıxır ki, Azərbaycanın hər yerində seçkilər qeyri-normal olur, bir yerdən başqa - belə olmur axı”.
Azərbaycan müxtəlif beynəlxalq reytinqlərdə və hesabatlarda Cənubi Qafqazın ən az demokratik ölkəsi kimi yer alır.
Bir çox jurnalistlər, siyasətçilər, hüquq müdafiəçiləri həbsxanalarda yatıb, hakimiyyəti tənqid edənlərin çoxu Azərbaycanı tərk edib.
Müxalifətin parlamentdə demək olar ki, təmsilçiliyi yoxdur və prezident seçkilərinə buraxılmış azsaylı namizədlər ya hazırkı Prezident Əliyevin tərəfdarları, ya da ictimaiyyətin az qala tanımadığı siyasətçilərdir.
Freedom House-un təkcə ölkələri deyil, əraziləri də nəzərə alan azadlıq indeksində tanınmamış DQR qismən azad, Azərbaycan isə azad deyil.
Tarixçinin fikrincə, əgər ermənilər Azərbaycanın tərkibində və təhlükəsizlikdə olarsa, beynəlxalq səviyyədə, o cümlədən Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanın milli azlıqlarının hüquqları və ümumilikdə insan haqları ilə bağlı öhdəliklərinin yerinə yetirməsini tələb edə bilərlər.
“Bu, Azərbaycana da kömək edəcək, çünki Azərbaycan müxalifətinin bacarmadığını ermənilər edəcək”, - Yunus deyir.
“Müxalifət üçün ermənilər ölkəni demokratikləşdirəcək lokomotiv ola bilər”, o əlavə edir.
Ekspertin fikrincə, Azərbaycan hakimiyyətinin məqsədi erməniləri könüllü şəkildə ərazini tərk etməyə məcbur etdirməkdir.
“Onun [Əliyevin] vəzifəsi hamının ona itaət etməsini təmin etməkdir, amma elə bir bölgə var ki, ona tabe olmur, bunlar başqa təcrübələri olan başqa insanlardır”, – tarixçi deyir.
“Ermənilərin Azərbaycanda olmasına razılıq vermək, erməniləri onlara [hakimiyyətə], onların sözünə inanmağa məcbur etmək ölkədən qaçan müxalifətçiləri dəvət etmək, onlara təhlükəsizlik vəd etmək kimi bir şeydir”, - Arif Yunus əlavə edir.

Şəklin mənbəyi, Getty İmages
Demokratlar üçün lakmus testi
2020-ci ilin 44 günlük müharibəsi zamanı Azərbaycan müxalifəti iqtidara dəstək verib, fikir ayrılıqlarını döyüş əməliyyatları başa çatanadək təxirə salıb.
Cəmiyyət də, 90-cı illərin əvvəllərində Qarabağda birinci müharibə zamanı itirilmiş əraziləri geri qaytarmağa çalışan Azərbaycan hərbçiləri ilə həmrəy olub.
Lakin sonradan Ermənistan ərazisində artıq yeni toqquşmalar baş verəndə rejimin bəzi tanınmış tənqidçiləri Azərbaycan hakimiyyətinin hərəkətlərini pisləməyə başladılar.
Buna cavab olaraq hakimiyyət sosial şəbəkələrdə onlara qarşı kampaniyaya başlayıb, hakimiyyəti tənqid edənlərin fotoşoplu möhürü olan fotolarını yayıb: “Xaini tanıyın!”.
Bu gün ölkənin müxtəlif bölgələrində hakimiyyətin zorakılığını pisləyən Azərbaycan müxalifəti Qarabağın blokadaya alınmasını tənqid etmir.
Azərbaycanlı siyasi təhlilçi Şahin Rzayev deyir ki, bu, ölkədə müxalifətin əslində indiki hakimiyyətdən daha çox millətçi olması, Qarabağ ermənilərinə rəğbət bəsləməməsi ilə bağlıdır.
Müxalifət partiyalarından birinin rəhbərliyinin keçmiş üzvü BBC-yə bildirib ki, bu gün müxalifət daha çox sağ qalmaqla və çəkişmələrlə məşğuldur:
"Hər iki hal yeni qanunla bağlıdır. Bu, bütün partiyaları yenidən qeydiyyatdan keçməyə və hər birinin neçə üzvü olduğunu saymağa məcur etdi".
Müxalif Respublikaçı Alternativ Partiyasının lideri İlqar Məmmədov BBC-nin Qarabağın blokadası ilə bağlı sualına cavab olaraq partiyasının mövqeyini belə şərh edib:
“Laçın yolundan ölkədaxili ticarət yollarının diskriminasiyası üçün yox, onların inkişafı üçün istifadə edilməlidir. Ona görə də rəsmi Bakının Ağdam-Xankəndi yolundan istifadə təklifi rədd ediləndə, bu Laçın yoluna da təsir edir. Hansı nəticələrə səbəb ola biləcəyinə isə hazırda münaqişə sonrası nizamlanma məsələsində fəaliyyət azadlığına malik hökumət qərar verməlidir. Biz Azərbaycan hökumətinin bu məsələdə bütün mümkün dinc vasitələrdən istifadəyə sadiqliyi faktından çıxış edirik”.

Şəklin mənbəyi, GETTY IMAGES
Rusiyanı kim əvəz edəcək?
Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsi həll olunana qədər tərəflər ABŞ, Aİ və Moskvanın vasitəçiliyi ilə danışıqları davam etdirirlər.
Məsələn, ABŞ-ın Qafqazda danışıqlar üzrə baş məsləhətçisi Lui Bono bu yaxınlarda sülh yolu ilə nizamlanma məsələlərini müzakirə etmək üçün Ermənistan və Azərbaycanda səfərdə olub.
Brüssel də regiondakı vəziyyəti izləyir.
Rusiya Qarabağ münaqişəsi ilə bağlı tez-tez açıqlama vermir, ancaq sülhməramlı kontingentini Qarabağda saxlayır.
Rusların mandatı iki ildən sonra başa çatacaq və bundan sonra nə olacağı hələ bəlli deyil.
Avropa Rusiyanın Ukraynada başladığı müharibə ilə məşğuldur.
ABŞ-da gələn il prezident seçkiləri gözlənilir və amerikalıların xəritədə tapa bilmədikləri regionda vəziyyəti diqqətdə saxlayacaqları inandırıcı deyil.
Qarabağın blokadası isə ermənilərlə azərbaycanlıların bir-birini başa düşməsinə kömək etmir.
Bu vəziyyətdə, Şahin Rzayevin fikrincə, Türkiyə zəifləmiş Rusiyanı vasitəçi kimi əvəz edə bilər.
Və Türkiyə Azərbaycanın tərəfdaşı olsa da, ekspertin fikrincə, Bakıya təzyiq etmək imkanı olan yeganə ölkədir.
Eyni zamanda Türkiyənin Ermənistanla sərhədlərinin açılması Yerevanın Türkiyənin vasitəçiliyini qəbul etməsi üçün mühüm stimul ola bilər.
Erməni politoloq Tiqran Qriqoryan qeyd edir ki, indi, Ukraynada müharibə getdiyi bir vaxtda “bölgədəki bu boşluğu Qərb aktyorları doldurur” və Washington sülh müqaviləsinə dair mətnin razılaşdırılmasına kömək etməyə çalışan əsas vasitəçidir.
Son zamanlar ABŞ həqiqətən də, sülhə nail olmaq üçün tərəfləri güzəştə getməyə çox çağırıb.
Qarabağ münaqişəsi üzrə tanınmış britaniyalı ekspert Lourens Broers qeyd edir ki, vasitəçilik və təhlükəsizlik təminatları iki fərqli prosesdir və onların nə vaxt və harada təmasda olacağını görmək, hələlik,çətindir.
Vasitəçilər arasında çox rəqabət olmasına baxmayaraq, hərəkətlərin koordinasiyası da var və bu, düşündüyümüzdən də çoxdur.
Onun sözlərinə görə, Azərbaycan üçün Rusiya sülhməramlılarının bölgədən çıxarılmasına nail olmaq çətin olacaq, lakin onların statusunu dəyişmək mümkün olacaq.
“Ola bilsin ki, bu, daha kiçik - sülhü təmin etməkdən daha çox reinteqrasiya prosesinə kömək etmək üçün bir missiya olacaq”, - ekspert deyir.
Məsələ burasındadır ki, bu şəraitdə orada [Qarabağda] erməni əhalisi qalacaqmı?”.
Broersin fikrincə, danışıqlar prosesinin özü "[münaqişə] yerində hadisələrin inkişafının girovuna çevrilib və öhdəliklərə və razılaşmalara gəldikdə, tərəflər arasında tam etibarsızlıq hökm sürür".
Və burada, o, fikrini belə yekunlaşdırır ki, proses ən çox milli liderlərdən asılıdır və onların yerinə “heç bir kənar vasitəçi bu problemi həll edə bilməz”.




