Donald Trump-a qarşı ikinci dəfə "sui-qəsdə cəhd edilib"

Şəklin mənbəyi, Reuters
ABŞ-ın keçmiş Prezidenti Donald Trump-a qarşı bu il ikinci dəfə "sui-qəsdə cəhd edilib".
Hazırda Amerikada prezident seçkisi ərəfəsidir və Donald Trump da bu seçkilərdə namizədliyini irəli sürüb.
Ona qarşı birinci sui-qəsd iyulun 13-də ABŞ-ın Pensilvaniya Ştatında, seçicilərlə görüşdə baş vermişdi və nəticədə bir nəfər ölmüş, iki nəfərsə yaralanmışdı.
Bazar günki hücumun Trump Florida Ştatında qolf oynayarkən baş verdiyi bildirilib.
O, hər hansı bir zədə almayıb.
Donald Trump ABŞ Gizli Kəşfiyyat Agentliyinə və yerli polisə təşəkkür edib.
Ona hücum edənin Ukrayna tərəfdarı olduğu bildirilir.
Joe Biden ABŞ prezidentliyinə namizədliyini geri götürüb

Şəklin mənbəyi, Reuters
ABŞ prezidentliyinə namizəd, hazırkı Prezident Joe Biden builki seçkidə iştirak etməyəcəyini açıqlayıb.
O, vitse-prezident Kamala Harrisin namizədliyi üçün dəstəyini ifadə edib. Onu özünün "fövqəladə şəriki" adlandırıb.
81 yaşlı Biden noyabrda keçiriləcək prezident seçkisindən çəkilməsi üçün təzyiqlə üzləşmişdi.
Tənqidçiləri onun yaşına və səhhətinə diqqət çəkərək növbəti prezidentlik müddəti üçün bacarıqlarının yetərli olmayacağını düşünürlər.
Bu qərarından bir neçə gün qabaq Ağ Ev Biden-in koronavirusa yoluxduğunu və təcrid olunduğunu bildirmişdi.
ABŞ prezidentliyinə digər namizəd Donald Trump isə iyulun 13-də sui-qəsdə məruz qalmışdı.
Donald Trump: "Məni vurublar"

Şəklin mənbəyi, Getty Images
ABŞ-ın keçmiş Prezidenti və növbəti seçkidə namizəd olan Donald Trump-a iyulun 13-də seçicilərlə görüşündə odlu silahdan atəş açılıb.
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) hücumu sui-qəsd cəhdi kimi qiymətləndirib.
Şəkillərdə Trumpın qulağından vurulduğu görünür. O, deyib ki, "məni vurublar".
Pensilvaniya ştatında seçicilərlə görüşü zamanı hücuma məruz qalan Trump "güllənin dərisini sıyırıb keçdiyini" vurğulayıb.
Atəş açıldıqdan sonra onu xəstəxanaya çatdırıblar. Hazırda Donald Trump xəstəxanadan özünün New Jersey-dəki evinə qayıdıb.
Donald Trump "xalqı birləşməyə" və "şeytana qalib gəlməyə" çağırıb. "Biz qorxmayacağıq", - o bildirib.

Şəklin mənbəyi, REUTERS
Hadisə zamanı bir nəfərin həlak olduğu, iki nəfərinsə ağır yaralandığı bildirilir.
FTB silahlı şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğunu müəyyən edib - o, Gizli Xidmət tərəfindən güllələnərək öldürülüb.
Trump təhlükəsizlik qüvvələri tərəfindən hadisə yerindən uzaqlaşdırılarkən, yumruğunu havaya qaldıraraq, seçicilərini salamlayıb.

Şəklin mənbəyi, Reuters
BBC-nin siyasi məsələlər üzrə təhlilçisi Frank Gardner deyir ki, şənbə günü Təhlükəsizlik Xidmətinin cəmi bir işi olub, o da "möhtəşəm bir şəkildə uğursuz olub".
Siyasi təhlilçilər həm də bildirirlər ki, ABŞ-ın Gizli Təhlükəsizlik Xidməti hazırda bir çox suallara cavab verməlidir.
Siyasi təhlilçilərə görə, bu hücum ABŞ-da payızda keçiriləcək Prezident seçkisinin nəticələrinə təsir edəcək.
Trump-ın komandası "nə baş verməsindən asılı olmayaraq" onun seçki marafonuna davam edəcəyini açıqlayıb.

Şəklin mənbəyi, Getty Images
ABŞ-ın hazırki Prezidenti Joe Biden Donald Trumpa qarşı bu hücumu pisləyib və amerikalıları belə "xəstə" hücumu qınamağa çağırıb.
Dpnald Trump-ın qızı İvanka atasına qarşı baş vermiş bu hadisəni "mənasız hücum" adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev öz Facebook səhifəsində builki seçkilərdə namizəd olan Donald Trump-a olan hücumu pisləyərək, onu "siyasi zorakılıq aktı" adlandırıb.
"Prezident Trampa qarşı edilən hücum şok və dəhşət doğurur. Prezident Trampın tezliklə sağalmasını arzu edirik", - Azərbaycan Prezidentinin səhifəsində yazılıb.

Şəklin mənbəyi, EPA
ABŞ-ın milli təhlükəsizlik üzrə rəsmiləri bildiriblər ki, iyulun 13-də sui-qəsdə məruz qalan ABŞ-ın Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trump-ın müdafiəsi həmin hadisədən bir neçə həftə əvvəl gücləndirilibmiş. Buna səbəb isə İranın onu öldürmə planının olması ilə bağlı iddiaların ortaya çıxmasıdır.
Bununla belə, rəsmilər hələlik sui-qəsd cəhdi ilə İranın planı arasında hər hansı əlaqəni sübut edən faktın olmadığını deyiblər.
Təhlükəsizliyin gücləndirilməsi ilə bağlı açıqlamalar 20 yaşlı Thomas Matthew Crooks-un binaya çıxaraq, yaxın məsafədən keçmiş prezidentə atəş açmasından sonra çoxlu suallar yaradıb.

Şəklin mənbəyi, Getty Images
ABŞ milli təhlükəsizliyinin bir rəsmisi İrandan gələ biləcək mümkün təhdid barədə ABŞ-ın Məxfi İdarəsinin və Trump-ın seçki kampaniyasının üzvlərinin məlumatlandırıldığını və buna görə də, Respublikaçıların namizədinin müdafiəsinin gücləndirildiyini diqqətə çatdırıb.
ABŞ kəşfiyyatından bəzi mənbələr BBC-nin bu ölkədə xəbər tərəfdaşı olan CBS-ə açıqlamasında bu məlumatı təsdiqləyiblər. Mənbələrin bildirdiyinə görə, hələ iyun ayında İrandan mümkün təhlükənin olması ehtimalı ilə bağlı Məxfi Xidmət ciddi rejimə keçib və Trump-ın mühafizəsinə əks-hücum və anti-snayper casusları, eləcə də dron və robot itlər cəlb edilib.

Şəklin mənbəyi, Getty Images
CBS-in yaydığı məlumata görə, İranın mümkün əməliyyatı barədə detallar “insan-əsaslı kəşfiyyat məlumatı” vasitəsi ilə əldə edilib.
Trump və keçmiş dövlət katibi Mike Pompeo da daxil olmaqla, bir sıra rəsmilər 2020-ci ildə İranın Qüds qüvvələrinin komandanı Qasım Süleymaninin İraqda öldürülməsindən sonra rəsmi Tehran tərəfindən təhdidlərlə üzləşiblər.
İranın BMT-dəki missiyası yayılan xəbərləri “əsassız və pis niyyətli” adlandırıb. İranlı nümayəndə əlavə edib ki, Trump “cinayətkar olub və buna görə qanun qarşısında mühakimə edilməli və cəzalandırılmalıdır”.

Şəklin mənbəyi, Reuters







