7 oktyabr hücumlarının bir ili: Yaxın Şərq regional müharibənin astanasına necə gəldi?

İsrail hərbçiləri

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, Jeremy Bowen
    • Vəzifə, BBC Beynəlxlaq Xəbərlər Redaktoru

2023-cü il oktyabrın 7-dən İsrail-HƏMAS müharibəsinin başladığı bir il ərzində Yaxın Şərq yenidən genişmiqyaslı müharibənin astanasına gəlib. BBC-nin beynəlxalq xəbərlər redaktoru Jeremy Bowen müharibənin yeni mərhələyə keçdiyi 7 oktyabr hücumlarının ildönümündə bir ildə baş verən hadisələri təhlil edib.

Yaxın Şərqdə vəhşət və ağrı olmadan sakit və səssiz bir həyat yaşamaq istəyən milyonlarla insan bir il ərzində bu xəyallardan daha da uzaqlaşdı.

Bir illik müharibə göstərdi ki, dərin siyasi, strateji və dini qırılma xətləri bağlanmasa, xalqın bu həsrəti reallaşa bilməz. Müharibə növbəti dəfə Yaxın Şərq siyasətinə kölgə saldı.

HƏMAS-ın oktyabrın 7-də hücumu çoxəsrlik həll olunmamış münaqişələr nəticəsində baş verib. İsrailin ciddi mühafizə olunan sərhədlərini keçən və əksəriyyəti mülki şəxslərdən ibarət 1200 nəfəri qətlə yetirən HƏMAS yaraqlıları israillilərin başına yaxın tarixin ən böyük faciələrindən birini gətirdilər.

İsrail HƏMAS hücumlarını "onun varlığına hücum" kimi qiymətləndirib. İsrailin Baş naziri Benyamin Netanyahu hücumdan sonra ABŞ Prezidenti Joe Bidenə zəng vurduqda bunu “dövlət tarixində yaşadıqları ən böyük vəhşət” kimi qiymətləndirib.

O gündən bəri İsrail Qəzzada fələstinlilərə dəhşətli günlər göstərir. Qəzzadakı Səhiyyə Nazirliyinin məlumatına görə, əksəriyyəti mülki şəxslər olmaqla 42 minə yaxın insan həlak olub. Qəzzanın böyük hissəsi dağıntılara çevrilib. Fələstinlilər İsraili "soyqırım törətməkdə" ittiham edir.

Müharibə daha geniş ərazilərə yayılıb. HƏMAS-ın ilk hücumundan düz bir il sonra Yaxın Şərq daha pis müharibənin astanasındadır, bu münaqişə daha geniş, daha dərin və daha dağıdıcıdır.

İllüziyalara əlvida

Müharibə ilə yadda qalan bir il bir çox fərziyyələrə və illüziyalara son qoyub.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Bunlardan biri də Benyamin Netanyahunun fələstinlilərin özlərini idarə etmək istəyinə heç bir güzəştə getmədən Fələstin məsələsini idarə edə biləcəyini düşünməsi idi.

Netanyahunun aldanması hətta İsrailin “narahat olan” Qərb müttəfiqlərini də arxayın etdi. Britaniya və ABŞ liderləri düşünürdülər ki, həyatı boyu Fələstin dövlətinə qarşı çıxan Netanyahunu müharibəni bitirmək üçün Fələstin dövlətini qəbul etməyə razı salmaq olar.

Netanyahunun bundan imtina etməsi ABŞ-ın çox can atdığı “sülh planının” özəyinə dinamit qoydu.

ABŞ Prezidenti Bidenin planı, İsrailin Fələstinin müstəqilliyini qəbul etməsi müqabilində ən nüfuzlu İslam ölkəsi olan Səudiyyə Ərəbistanının İsraili tam diplomatik tanımasını təmin etməyi nəzərdə tuturdu. Səudiyyəlilər həmçinin ABŞ ilə təhlükəsizlik razılaşması ilə mükafatlandırılacaqdılar.

Bidenin planı ilk maneədə iflasa uğradı. Netanyahu fevralda demişdi ki, dövlət qurmaq HƏMAS üçün “böyük mükafat” olacaq. Kabinetindəki ultramillətçi Bezalel Smotrich də belə bir dövlətin İsrailin "varlığı üçün təhlükə" olacağını iddia edib.

Digər tərəfdən, HƏMAS lideri Yəhya Sinvarın da illüziyaları puça çıxdı. Bir il əvvəl o, İranın “müqavimət oxu”nun İsrailə qarşı müharibəyə dəstək vermək üçün tam gücü ilə işə düşəcəyini proqnozlaşdırmışdı. Ancaq yanıldı.

Sinvar 7 oktyabr hücumu planını gizli saxlamaqla düşmənini təəccübləndirib. Bununla belə, o, öz tərəfində olanları da təəccübləndirib. Diplomatik mənbələr qeyd edir ki, Sinvar hücum planlarını hətta Qətərdə mühacirətdə olan öz təşkilatının siyasi liderləri ilə də bölüşməmiş ola bilər. HƏMAS-ın kommunikasiya kanallarının zəif təhlükəsizlik protokollarına malik olduğu bilinir və onları dinləmək olar.

Qəzza İsrail tərəfindən işğal edilsə və Biden İsraili qorumaq üçün ABŞ qüvvələrini göndərsə də, İran açıq şəkildə bildirdi ki, hücuma keçmək bir yana, hərtərəfli müharibə də istəmir.

Əvəzində İranın ali lideri Ayətullah Əli Xameneiyə yaxın olan Hizbullah lideri Həsən Nəsrullah Qəzzada atəşkəs elan olunana qədər İsrailin şimal sərhəddinə raket zərbələri endirməklə kifayətlənib. İsrail bölgədən 60 mindən çox insanı təxliyə edib.

Qəzzada bütün binaların təxminən 60 faizinin dağıdıldığı təxmin edilir

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Qəzzada bütün binaların təxminən 60 faizinin dağıdıldığı təxmin edilir

İsrail açıq şəkildə bildirib ki, Hizbullah ilə sonu görünməyən müharibəni qəbul etməyəcək. Əvvəlki müharibələrdən təcrübəsi olan və raket ehtiyatı olan “Hizbullah”ın onun qarşısını kəsəcəyinə də şübhələr var idi.

Sentyabrda İsrail hücuma keçdi. İsrail ordusunun komandirləri və Mossaddan başqa heç kim İranın ən güclü müttəfiqinin bu qədər tez zədələnə biləcəyini düşünmürdü.

Peycerlər və ratsiyalar uzaqdan idarə ilə partladılıb, Hizbullahın rabitə kanalları məhv edilib və liderləri öldürülüb. Müasir münaqişələrdə ən güclü bombardmanlardan biri həyata keçirilib. İsrail hücumların ilk günündə çoxu mülki olmaqla 600 livanlını öldürüb.

Sentyabrın 27-də kütləvi hava hücumu zamanı Hizbullah lideri Həsən Nəsrullah və onun rəhbər heyəti öldürülüb. Nəsrullah İranın “müqavimət oxu”nda əsas fiqur idi.

İsrail sərhəddə yeni münaqişəyə başlayıb. Əgər onun məqsədi Hizbullahı atəşkəsə məcbur etmək və onu sərhəddən uzaq tutmaq idisə, o, bacarmadı. Livanın cənubuna hücum və işğal İranı çəkindirə bilmədi.

İran başa düşdü ki, onun müharibəni genişləndirmək istəməməsi İsraili daha güclü hücuma təhrik edib. Cavab vermək riskli idi, lakin İran rəhbərliyi bunu “iki şərdən ən kiçiki” hesab edirdi. Oktyabrın 1-də İran ballistik raketlərlə İsrailə hücum etdi.

Travma ilə dolu bir bölgə

Qəzza sərhədinin İsrail tərəfində "Kibbutz" adlanan fermalar oktyabrın 7-də HƏMAS tərəfindən hücuma məruz qalan ilk yaşayış məntəqələri olub. Kfar Aza kibbutz da sərhədə olduqca yaxındır.

Bir il əvvəl burada HƏMAS tərəfindən 62 nəfər öldürülmüşdü. 19 girov Qəzzaya aparılıb, onlardan ikisi İsrail ordusunun əməliyyatları zamanı öldürülüb. Hazırda Qəzzada beş girov qalır.

Ötən il oktyabrın 10-da İsrail ordusu jurnalistləri Kfar Azaya aparanda bura hələ döyüş meydanı idi. İsrail əsgərlərinin HƏMAS yaraqlılarına aid olduğunu düşündükləri binalara atəş açdığını eşidirdik. HƏMAS tərəfindən öldürülən mülki şəxslər cəsəd torbalarında daşınarkən, əsgərlər tərəfindən öldürülən HƏMAS silahlılarının cəsədləri uzun müddət yerdə qaldı.

Bir ildən sonra artıq yerdə meyitlər görünməsə də, bölgədə çox az dəyişiklik baş verib. Artıq burada həyatdan danışmaq mümkün deyil. Dağılmış evlər olduğu kimi qaldı. Evlərdə yalnız burada yaşayıb öldürülən insanların adları və fotoşəkilləri asılıb.

Zohar Shpak hücumdan sağ qalanlardandır. Bizə öldürülən qonşularının evlərini və ətrafı göstərir. Evin qarşısında gənc cütlüyün şəkli asılıb. Cütlük burada öldürüldükdən sonra kişinin atası öldürülən oğlunun başını tapmaq üçün həftələrlə yer qazsa da, cəsəd başsız şəkildə basdırılıb.

Oktyabrın 7-də öldürülənlərin və girovların hekayələri indi İsraildə təfərrüatı ilə məlumdur. Yerli media hələ də ölkədəki itkilərdən danışır.

Zohar Shpak
Şəklin alt yazısı, Zohar Shpak

Hələ də travma içində olduqlarını söyləyən Zohar, həyatlarını necə bərpa edəcəklərini bilmədiklərini əlavə edir:

"Biz müharibənin bitməsini istəyirik. Biz onun qələbə ilə bitməsini istəyirik. Amma bu, hərbi qələbə, müharibə qələbəsi deyil.

"Mənim qələbəm burada yaşaya bilməkdir. Oğlum, qızım, nəvələrimlə sülh içində yaşamaq. Mən sülhə inanıram".

Zohar və digər Kfar Aza sakinləri İsrail siyasətinin sol qanadı ilə həmfikir olduqlarını deyirlər. Onlar hesab edirlər ki, İsrailin sülh üçün yeganə şansı fələstinlilərə müstəqillik verməkdir. Onlar düşünürlər ki, Netanyahu 7 oktyabr hücumunun qarşısını ala bilməyən, sakinləri müdafiəsiz qoyan “pis Baş nazir”dir.

Lakin Zohar deyir ki, oktyabrın 7-dən sonra İsraildəki xəstəxanalarda müalicə alan fələstinlilərə “artıq etibar etmir”.

7 oktyabr hücumları zamanı Kfar Aza yaşayış məntəqəsi

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, 7 oktyabr hücumları zamanı Kfar Aza yaşayış məntəqəsi

Qəzzada faciə

HƏMAS liderləri İsrailə hücumların səhv olduğunu düşünmürlər. Dağıntı və ölümlə eyniləşdirdikləri işğalı günahlandırırlar.

Oktyabrın 1-də İranın İsrailə hücumundan bir saat əvvəl Qətərdə HƏMAS-ın Qəzzadan kənarda ən yüksək səviyyəli lideri Xəlil əl-Həyya ilə görüşürəm.

HƏMAS silahlılarının mülki insanları hədəf aldığını inkar edir.

“Dünyada həyəcan təbili çalmaq lazım idi, onlara demək lazım idi ki, burada tələbləri yerinə yetirilməli olan bir xalq var. Bu, sionist düşmən olan İsrailə zərbə oldu”, - Xəlil əl-Həyya deyib.

HƏMAS rəhbəri BBC-nin 7 oktyabr hücumları ilə bağlı suallarını cavablandırır.

Oktyabrın 7-də İsrail Qəzza sərhədində öz qüvvələrini yığdı və Netanyahu “ciddi qisas alacağına” söz verdi. Müharibənin məqsədi HƏMAS-ı sıradan çıxarmaq və girovları evlərinə qaytarmaq kimi elan edilib.

Netanyahu “mütləq qələbənin” hələ də mümkün olduğunu və onun qüvvələrinin girovları İsrailə qaytaracağını söyləməyə davam edir.

Onun siyasi tənqidçiləri, girovların ailələri onu atəşkəs və girov müqaviləsinə mane olmaqda ittiham edirlər. Deyilənə görə, o, hökumətindəki ultra-millətçilərin xoşuna gəlmək üçün belə edib. Onun siyasi məqsədlərini israillilərin həyatından üstün tutması tənqid olunur.

Qəzzadakı Səhiyyə Nazirliyi 1 ildə təxminən 42 min fələstinlinin öldürüldüyünü bildirir

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Qəzzadakı Səhiyyə Nazirliyi 1 ildə təxminən 42 min fələstinlinin öldürüldüyünü bildirir

Livana hücum ölkə daxilində Netanyahuya dəstəyi artırmış kimi görünsə də, Netanyahunun çoxlu siyasi “düşmənləri” olduğunu söyləmək olar. Bununla bağlı müzakirələr davam edir, lakin israillilərin əksəriyyəti tərəddüd etmədən Qəzzada müharibəni dəstəkləyir.

Müharibənin əvvəlində İsrailin müdafiə naziri Yoav Gallant Qəzza zolağının "tam mühasirəyə alınması" əmrini verdiyini açıqladı və əlavə etdi:

"Elektrik, yemək, yanacaq olmayacaq. Hər şey bağlanacaq. Biz insanabənzər heyvanlarla mübarizə aparırıq və buna uyğun hərəkət edəcəyik".

O vaxtdan bəri bütün dünyadan İsrailə blokadanı yumşaltmaq üçün təzyiqlər edilir. Netanyahu isə iddia edir ki, qəzzalılar ehtiyac duyduqları əsas ehtiyacları əldə edə bilirlər.

Dəlillər bunun doğru olmadığını açıq şəkildə göstərir. Birləşmiş Millətlər Təşkilatının (BMT) yardım təşkilatları Qəzzada humanitar fəlakət olduğunu dəfələrlə bəyan ediblər:

"2 milyondan çox fələstinli su, qida, təmizlik, sığınacaq, sağlamlıq, təhsil, elektrik və yanacaq kimi əsas ehtiyacları olmadan yaşamağa çalışır. Ailələr dəfələrlə köçmək məcburiyyətində qalıblar."

İsrailin Baş naziri Benyamin Netanyahu və onun əməkdaşları ölkə daxilindən kəskin tənqidlərlə üzləşirlər

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İsrailin Baş naziri Benyamin Netanyahu və onun əməkdaşları ölkə daxilindən kəskin tənqidlərlə üzləşirlər

Qəzza Səhiyyə Nazirliyi oktyabrın 7-dən bəri İsrailin hücumları nəticəsində təxminən 42 min fələstinlinin öldüyünü açıqlayıb.

ABŞ tədqiqatçıları Corey Scher və Jamon Van Den Hoek Qəzza zolağında bütün binaların 58,7 faizinin dağıldığını və ya zədələndiyini qeyd edirlər.

Ölüm və dağıntıdan başqa, bu müharibənin başqa bir insan dəyəri var: insanların məcburi köçkünləşməsi. İsrail ordusu mütəmadi olaraq mülki şəxslər üçün təxliyə əmrləri verir.

Peyk görüntüləri köçənlərin yaşadıqları çadırların sıxlığının daim dəyişdiyini göstərir.

BBC Verify, tədqiqat komandası İsrail ordusu tərəfindən paylaşılanlar da daxil olmaqla, 130 sosial media paylaşımını araşdıraraq Qəzzanın 80 faizindən çoxunu əhatə edən 60 təxliyə əmri aşkarlayıb.

Məlum olub ki, bu sərəncamların bir çoxunda qeyd olunan mətnə ​​uyğun olmayan sərhədlər çəkilib və təfərrüatlar anlaşılmaz olub.

Digər tərəfdən humanitar ərazi kimi qeyd olunan ərazilər də İsrail təyyarələri tərəfindən bombalanıb. BBC tədqiqat komandası təhlükəsiz zona olaraq təyin edilmiş Əl-Məvasi bölgəsinə 18 hava hücumu edildiyini müəyyən edib.

Region qeyri-müəyyənliyə doğru gedir

İsraillilər və fələstinlilər nəsillər boyu müxalifətdə yaşamağa öyrəşiblər. Yan-yana yaşayan icmalar, hətta kənarda olsalar belə, atəşkəs şəraitində və yeni liderlərin təlimi ilə sülhə bir addım daha yaxınlaşa bilərdilər.

Ancaq görünür, bu, hələlik uzaq gələcəkdədir. İlin qalan hissəsi və 2025-ci il qeyri-müəyyənliklər və təhlükələrlə doludur.

Müharibənin yayılması ilə bağlı narahatlıq özünü doğrultmuş kimi görünür. İsrail və İran üz-üzədir. Hələ gərginliyə doğru gedən ölkələr bundan uzaq qala bilmirlər.

İsrail hələ də İranın 1 oktyabr hücumlarına cavab verməyib. Onlar buna “ağır cavab” verəcəklərini deyirlər.

ABŞ və digər müttəfiqlərin böhrandan çıxış yolu təklif edə biləcəyinə dair optimizm yoxdur.

İsrail rəsmiləri güclü əllərinin olduğuna inanırlar. Amma indiyə qədər İsrail taktiki qələbələr əldə edib. Strateji qələbələr üçün düşmənlərini davranış modellərini dəyişməyə məcbur etməlidirlər. Hizbullah döyüşləri davam etdirmək niyyətindədir. İran yenidən ballistik raket hücumu həyata keçirərsə, müharibə başqa ölkələrə də keçə bilər. İraqda İrana yaxın döyüşçülər ABŞ-ı hədəfə ala bilər.

İsrailin Həsən Nəsrullahı öldürməsi və İranın “müqavimət oxuna” vurduğu zərər İsrail və ABŞ sıralarında yeni illüziyaların yaranmasına səbəb ola bilər. Təhlükəli fikir ondan ibarətdir ki, onlar Yaxın Şərqi güc yolu ilə formalaşdırmaq imkanlarına malik olduqlarını düşünürlər.

2003-cü ildə İraqa sonuncu müdaxilə zamanı o vaxtkı ABŞ Prezidenti George Bush və Böyük Britaniyanın Baş naziri Tony Blair bu yolu seçmişdilər. İraqın işğalı Yaxın Şərqdəki ekstremist zorakılığı aradan qaldırmadı;

Bu müharibəni bitirmək istəyənlərin prioriteti Qəzzada atəşkəs olmalıdır. Bu, vəziyyəti sakitləşdirməyin və diplomatiyaya yer yaratmağın yeganə yoludur. Bu il müharibə Qəzzada başlayıb və orada bitə bilər.