İsrailli ekstremist mühacirlər fələstinlilərin yaşadığı Qərb Sahilindəki torpaqları necə sürətlə ələ keçirir?

İsrail, Fələstin, münaqişə
    • Müəllif, Jake Tacchi, Ziad Al-Qattan, Emir Nader & Matthew Cassel
    • Vəzifə, BBC Eye komandası

Fələstinli Aişə Ştayyə deyir ki, ötən ilin oktyabrında əli silahlı bir nəfər onun 50 ildir yaşadığı evinə girərək burdan çıxmasını tələb edib.

O, BBC-yə müsahibəsində bildirib ki, bu silahlı təhdid 2021-ci ildə işğal edilmiş Qərb Sahili ərazisində, onun evinə yaxın yerdə qanunsuz məskunlaşmadan sonra başlayan və getdikcə artan zorakı və hədə-qorxu kampaniyasının kuliminasiya nöqtəsi olub.

BBC-nin yeni araşdırmaları göstərir ki, son illərdə bu cür məskunlaşmaların sayı sürətlə artıb. Qərb Sahili boyunca hazırda ən azı 196 məskunlaşma məntəqəsi var və onlardan 29-u ötən il yaradılıb. Bu isə əvvəlki illə müqayisədə çoxdur.

Bu məntəqələr – ferma, daxma və ya bir qrup səyyar evdən (karavandan) ibarət ola bilər. Əksər hallarda bu cür yaşayış məntəqələrinin bitdiyini göstərən hasar və ya çəpərlər olmur və həm İsrail, həm də beynəlxalq qaydalara görə, bunlar qanunsuz sayılır.

Lakin BBC Dünya Xidməti İsrail hökuməti ilə yaxın əlaqələrə malik təşkilatların mühacirlərə yeni qanunsuz yaşayış məntəqələri tikmək üçün torpaq və pul verdiklərini göstərən sənədlər aşkar edib.

Bundan əlavə, BBC açıq mənbələr əsasında bu cür yaşayış yerlərinin yayılması prosesini analiz edib və Aişə Ştayyeni təhdid edən mühacirin kimliyini araşdırıb.

Ekspertlər deyir ki, qəsəbələrin qurulmasından fərqli olaraq, bu cür yaşayış məntəqələrini salmaq daha tez başa gəlir və qısa müddətdə geniş ərazini əhatə edə bilir. Onların sözlərinə görə, bu cür məntəqələrin artması Fələstin ictimaiyyətinə qarşı zorakılıq və hədə-qorxuların da artmasına gətirib çıxarır.

Fələstin, İsrail

Şəklin mənbəyi, Matthew Cassel / BBC

Şəklin alt yazısı, Aişə Ştayye məcburən çıxarıldığı evinə qayıtmaq istəyir

Belə məntəqələrin sayı barədə rəsmi rəqəmlər yoxdur. Lakin BBC Eye xidməti İsraildə bu cür məskunlaşmalara qarşı olan Peace Now və Kerem Navot kimi təşkilatların, eləcə də Qərb Sahilinin bir hissəsinə nəzarət edən Fələstin hökumətinin məlumatları əsasında onların sayı və xəritədəki yerlərini nəzərdən keçirib.

Məskunlaşma yerlərini və onların salınma tarixini müəyyənləşdirmək üçün yüzlərlə peyk şəkillərini araşdırdıq. Bununla belə, BBC sosial media paylaşımlarını, İsrail hökumətinin məlumatlarını və bununla bağlı xəbər mənbələrini gözdən keçirdikdən sonra, hazırda hansı məntəqələrin hələ də istifadə olunduğuna dair məlumatları üzə çıxardı.

Bizim araşdırmamız onu göstərir ki, 196 məskunlaşma məntəqəsinin demək olar ki yarısı (89) 2019-cu ildən sonra salınıb.

İsrail, Fələstin
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Onların bəziləri Qərb Sahilində Fələstin cəmiyyətinə qarşı zorakılığın artması ilə əlaqəlidir.

Bu ilin əvvəlində Britaniya hökuməti fələstinlilərə qarşı zorakılıq törədən və ya bunu qızışdıran 8 ekstremist mühacirə sanksiya tətbiq edib. Onlardan ən azı 6-sı qanunsuz məskunlaşma məntəqəsi quran və ya hazırda orada (Qərb Sahilində) yaşayanlardır.

Bu məqalədə tapdıqlarımıza cavab olaraq, Britaniyanın Xarici İşlər İdarəsinin sözçüsü bildirib ki, “Britaniya hökuməti Fələstin cəmiyyətinə qarşı mühacir zorakılığının misli görünməmiş şəkildə artmasını kəskin şəkildə pisləyir”.

“Biz İsrail hökumətini cəzasızlıq mədəniyyətinə son qoymağa və günahkarları cəzalandırmağa çağırırıq”, - qurumun bəyanatında qeyd olunub.

İsrail ordusunun Qərb Sahilində xidmət etmiş keçmiş komandiri Avi Mizrahi deyir ki, həmin məntəqələrdə məskunlaşanların çoxu qanuna tabe olan İsrail vətəndaşlarıdır, lakin o etiraf edir ki, bu cür məskunlaşmaların mövcudluğu zorakılıqlara gətirib çıxarır.

“Nə zaman ki, sən o ərazidə qanunsuz məntəqələr yaradırsan, həmin ərazidə yaşayan fələstinlilərlə gərginliyin yaranmasına səbəb olursan”, - o deyib.

Britaniya hökumətinin sanksiyası ilə üzləşən ekstremist mühacirlərdən biri Moşe Şarvitdir. Bu, Aişəni silahla təhdid edən həmin şəxsdir.

O və onun Aişənin evindən 800 metr aralıda qurduğu məntəqə bu ilin martında ABŞ hökuməti tərəfindən də sanksiyaya məruz qalıb. Onun tikdiyi məskunlaşma məntəqəsi “fələstinlilərə qarşı zorakılıq törədən baza” kimi təsvir olunub.

“O bizim həyatımızı cəhənnəmə çevirib”, - hazırda öz oğlu ilə birlikdə Nablus yaxınlığndakı bir qəsəbədə yaşayan Aişə deyir.

İsrail, Fələstin

Qəsəbələrdən fərqli olaraq, bu cür məntəqələrin İsrail hökuməti tərəfindən rəsmi olaraq tanınması mümkün görünmür. Qərb Sahilində inşa edilmiş və yəhudi eksklavları formasında salınan daha geniş və şəhər tipli qəsəbələr isə İsrailin mövcud qanunlarına görə qanuni yaşayış yeri sayılır.

Mülki vətəndaşları işğal edilmiş ərazilərə köçürməyi qadağan edən beynəlxalq qaydalara görə isə, bunların hər ikisi – həm yəhudi qəsəbələri, həm də məskunlaşma məntəqələri qanunsuzdur. Lakin Qərb Sahilində qanunsuz məskunlaşanların çoxu iddia edir ki, yəhudi olaraq tarixi və dini baxımdan onların bu torpaqlarla bağlılığı var.

İyulda BMT-nin ali instansiya məhkəməsi bildirdi ki, İsrail hökuməti yeni məskunlaşma fəaliyyəti ilə bağlı addımları dayandırmalı və bütün mühacirləri işğal edilmiş Fələstin ərazisindən çıxarmalıdır. İsrail bu qərarın “kökündən yanlış” olduğunu bildirdi və birtərəfli qərar adlandırdı.

Məskunlaşma məntəqələrinin qanunsuz olmasına baxmayaraq, İsrail hökuməti onların sayının artmaması üçün, demək olar ki, heç nə etmir.

BBC İsrail hökumətinə yaxın olan iki təşkilatın Qərb Sahilində yeni məskunlaşma məntəqələrinin tikilməsinə necə maliyyə dəstəyi verdiyini və torpaq ayırdığını sübut edən sənədlər əldə edib.

İsrail, fələstin

Şəklin mənbəyi, Matthew Cassel / BBC

Onlardan biri, bir əsrdən çox yaşı olan və İsrail dövlətinin qurulmasında mühüm rol oynamış Dünya Sionist Təşkilatıdır (DST). Bu təşkilatın 1967-ci ildən bəri İsrail tərəfindən işğal olunan torpaqların idarə edilməsi və məskunlaşdırılmasına cavabdeh olan Məskunlaşma Şöbəsi mövcuddur.

Bu şöbə bütövlükdə İsrailin dövlət büdcəsi hesabına yaradılıb və özünü “İsrail dövlətinin qolu” kimi təsvir edir.

Peace Now tərəfindən əldə edilən və BBC tərəfindən araşdırılan müqavilələrdə göstərilir ki, Məskunlaşdırma Şöbəsi məntəqələrin tikilməsinə davamlı olaraq torpaq ayırıb.

Müqavilələrdə DST hər hansı struktur tikintinin aparılmasını qadağan edir və torpaqların yalnız otlaq və əkinçilik üçün istifadə edilməli olduğunu bildirir. Lakin peyk görüntülər sübut edir ki, ən azı 4 məskunlaşma məntəqəsi tikilib.

Belə müqavilələrdən biri də Zvi Bar Yosef ilə 2018-ci ildə imzalanıb. O da Moşe Şarvit kimi fələstinlilərə qarşı zorakılığa görə Britaniya və ABŞ-ın sanksiyalarına məruz qalıb.

Biz DST ilə əlaqə saxlayıb, onların ayırdıqları torpaqlarda qanunsuz məskunlaşma aparıldığı ilə bağlı məlumatlı olub-olmadıqlarını öyrənməyə çalışdıq. Lakin müraciətimizə cavab verilmədi. Biz Zvi Bar Yosefə də suallarımızı ünvanladıq, amma cavab ala bilmədik.

BBC daha iki sənəd əldə edib. Həmin sənəddə Amana təşkilatı yüz minlərlə şekel (İsrail pul vahidi) ayıraraq məskunlaşma məntəqələrinin tikilməsinə köməklik göstərib.

Maliyyə dəstəklərinin birində, təşkilat bir mühacirə İsrail qanunlarına görə qanunsuz sayılan məntəqələrin birində istixana tikməsi üçün bir milyon NIS (270 min dollar) ayırıb.

İsrail, Fələstin

Amana 1978-ci ildə yaradılıb və həmin tarixdən etibarən, Qərb Sahilində yəhudi qəsəbələrinin salınmasında İsrail hökuməti ilə yaxından işləyib.

Son illərdə isə faktlar göstərir ki, Amana qəsəbələrlə yanaşı, məskunlaşma məntəqələrinin tikintisinə də dəstək verib.

Bir fəal tərəfindən sızdırılan və 2021-ci ildə təşkilatın idarə heyəti üzvlərinin iclasında qeydə alınan səs yazısında Amana təşkilatının İdarə Heyətinin rəhbəri Ze’ev Hever-in bu sözləri dediyi eşidilir:

“Son üç ildə… genişləndirmiş olduğumuz fəaliyyətimizdən biri də maldarlıq təsərrüfatıdır [məskunlaşma mətəqələri]. Bu gün [onların nəzarət etdiyi] ərazi tikilmiş qəsəbələrin sahəsindən demək olar ki iki dəfə çoxdur”.

Bu il Kanada hökuməti Amana təşkilatı və fərdlər də daxil olmaqla, “fələstinli mülki insanlara və onların Qərb Sahilindəki əmlaklarına qarşı zorakılıq edənlərə” sanksiya qərarı qəbul etdi. Lakin bu sanksiyalara məskunlaşma məntəqələri daxil olunmadı.

BBC məskunlaşma məntəqələrinin qurulması üçün Amana-nın nəyə görə maliyyə vəsaiti ayırdığına dair təşkilata sorğu göndərsə də, qurum suallara cavab verməyib.

İsrail hökumətinin bu məskunlaşma məntəqələrini tədricən qanuniləşdirdiyi və onları qəsəbələrə çevirməyə yönəlik tendensiyası müşahidə edilir. Misal üçün, ötən il hökumət ən azı 10 məskunlaşma məntəqəsinin qanuniləşdirilməsi prosesinə başlayıb və digər 6-sına isə tam hüquqi status verib.

Fələstin, İsrail

Şəklin mənbəyi, Matthew Cassel / BBC

Aişə Ştayye deyir ki, Moşe Şarvit fevralda onu evindən çıxarıb və bu, bəzi kameralar tərəfindən qeydə alınıb. Həmin görüntülərdə Moşe Şarvit səmimi şəkildə, məskunlaşma məntəqələrinin əraziləri tutmaq üçün nə qədər səmərəli olduğu barədə danışıb

“Qəsəbələr salarkən ən böyük məyusluğumuz o olur ki, biz çəpərlər daxilində ilişib qalırıq və ərazimizi genişləndirə bilmirik. Təsərrüfat olduqca vacibdir, lakin bizim üçün ən vacib məsələ ətraf ərazilərdir”, - Moşe kütlə qaşrısında çıxışında deyib.

O iddia edir ki, hazırda 7 kvadrat kilometrlik torpaq sahəsinə nəzarət edir. Bu sahə Qərb Sahilində mövcud olan və minlərlə əhalisi olan müasir şəhər tipli qəsəbələrin çoxundan daha genişdir.

Peace Now təşkilatının nümayəndəsi Hagit Ofran deyir ki, bəzi mühacirlər üçün Fələstin icmalarına məxsus torpaqların qəsb edilməsi hesabına daha geniş əraziyə nəzarət etmək əsas hədəfə çevrilib.

“Yüksək təpələrdə yaşayan mühacirlər özlərini “torpağın müdafiəçisi” kimi görür və hər gün fələstinliləri bu ərazilərdən daha da uzaqlaşdırmağa özlərinin gündəlik işi kimi baxırlar”, - o əlavə edib.

Aişə deyir ki, Moşe Şarvit zorakılıq və hədə-qorxu kampaniyasına 2021-ci ildə öz məskunlaşma məntəqəsini qurduqdan dərhal sonra başlayıb.

Aişənin əri Nabilin sözlərinə görə, keçilərini on illərdir sahib olduqları otlaqlarda otararkən, Şarvit digər gənc mühacirlərlə birlikdə səhra avtomobilləri ilə həmin əraziyə gələrək heyvanları oradan uzaqlaşdırıb.

“Mən cavab verdim ki, ərazidən yalnız hökumət, və ya polis və ya məhkəmə dediyi halda çıxacam. Şarvit isə mənə dedi ki, “hökumət də mənəm, hakim də mənəm, polis də mənəm”, - Nabil qeyd edib.

Ekstremist mühacirlər İsrail hökumətinə yaxın olan güclü qruplardan maliyyə dəstəyi və torpaq alırlar və həmin əraziləri və pulu qanunsuz məskunlaşma məntəqələri tikmək üçün istifadə edirlər, BBC Eye üzə çıxarıb.

BBC Eye komandası 6 aydan çoxdur ki, extremist mühacirlər tərəfindən yeni növ qanunsuz tikililərin aparıldığını araşdırır. Onlar bu prosesi “heyvandarlıq üçün məskənlərin” salınması adlandırırlar.

Otlaq sahələrinə girişi məhdudlaşdırmaqla, Moşe Şarvit kimi mühacirlər fələstinli fermerləri olduqca təhlükəli vəziyyətə salırlar, Fələstin hökumətinin Müstəmləkə və Divarlara Müqavimət Komissiyasının rəhbəri Moayad Şaban bildirib.

“Bu elə bir məqama gəlib çıxır ki, fələstinlilərin artıq heç nəyi qalmır. Onlar yeməyə heç nə tapmır, otlaq sahəsi yox olur və su əldə edə bilmirlər”, - Şaban deyib.

Mühacirlərin aqressiyası ilə üzləşən Fələstin icmalarını dəstəkləyən Ariel Moran bildirib ki, Həmasın oktyabrın 7-də İsrailin cənubunda həyata keçirdiyi hücumlardan və İsrailin Qəzzada müharibəyə başlamasından sonra Moşe Şarvitin zorkılığı daha aqressiv formaya çevrilib.

Şarvit özü ilə hər zaman tapança gəzdirirdi, lakin indi o, fələstinlilərə və fəallara döyüş silahı ilə yaxınlaşır və onun təhdidi daha təhlükəli olub, Ariel deyir.

“Hesab edirəm, Moşe Şarvit gördü ki, şans yaranıb və [fələstinli ailələri] buradan uzaqlaşdırmaq üçün növbəti iki ili gözləmək niyyətində deyil. Bir gecədə bunu həll edir. Və bu taktika işləyir”, - Ariel əlavə edib.

Moşe Şarvitin təhdidlərindən sonra Aişə kimi bir çox digər ailələr də evini tərk ediblər.

BMT-nin Humanitar Məsələlərin Koordinasiya İdarəsi Qərb Sahilində mühacirlərin zorakılıqlarının misli görünməmiş həddə çatdığını bəyan edib.

Təşkilat son 10 ayda mühacirlər tərəfindən fələstinlilərə qarşı 1100-dən çox hücumun baş verdiyini bildirib. Oktyabrın 7-dən bugünədək baş verən bu hadisələrdə ən azı 10 fələstinli öldürülüb və 230-dan çox fələstinli yaralanıb.

Fələstinlilər tərəfindən isə ən azı 5 mühacir öldürülüb və 17-si yaralanıb, qurumun məlumatında deyilir.

İsrail, Fələstin

Şəklin mənbəyi, Matthew Cassel / BBC

2023-cü ilin dekabrında, onlar öz evlərindən qovulduqlarını dedikdən iki ay sonra biz öz əşyalarını aparmağa gələn Aişə və onun əri Nabili çəkdik.

Onlar evlərinə çatanda gördülər ki, evləri talan edilib. Mətbəxdəki şkaflar divardakı mismarlarda sallaqlı qalıb, qonaq otağındakı divan bıçaqla deşik-deşik edilib və döşəmə kəsik-kəsik edilib.

“Mən onu [Moşe Şarviti] incitməmişəm. Ona pis heç nə etməmişəm. Mən nə etmişəm ki, o mənə bunları edib?”, Aişə deyir.

Onlar uçuq-söküyü düzəltməyə başlayanda, Moşe Şarvit maşını ilə ora gəldi. Çox keçmədən İsrail polisi və ordusu da ora çatdı. Onlar cütlüyə dedilər ki, israilli sülh fəalları onları müşayiət edəcək və onlara ərazini tərk etməyə kömək edəcək.

“O bu evdə bizim üçün heç nə saxlamayıb”, - Aişə BBC-yə bildirib.

Fələstin, İsrail

Şəklin mənbəyi, Yotam Ronen / BBC

Şəklin alt yazısı, Moşe Şarvit BBC əməkdaşı ona yaxınlaşarkən, başqa şəxs olduğunu deyib.

Biz səslənən iddialara cavab almaq üçün Moşe Şarvitlə əlaqə saxlasaq da, o cavab vermədi.

2024-cü ilin iyulunda BBC cavab almaq üçün şəxsən onun məskunlaşma məntəqəsində ona yaxınlaşdı və Aişə kimi fələstinlilərə öz ərazilərinə qayıtmalarına icazə verib verməyəcəyini soruşdu. O, bizim nə haqda danışdığımızdan məlumatsız olduğunu bildirdi və dedi ki, o, Moşe Şarvit deyil.