ABŞ-ın yeni Prezidenti Trump hansı məsələlərin həllini vəd edib?

Donald Trump

ABŞ-ın növbəti, 47-ci prezidenti Donald Trumpdır.

Demokratlardan olan rəqibi Kamala Harris Trump-ı təbrik etdiyini bildirib.

Noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçirilib.

İlkin nəticələr açıqlanandan sonra, Floridada tərəfdarları qarşısında çıxış edən Trump deyib ki, "Bu, Amerika xalqı üçün möhtəşəm qələbədir və bu, bizə Amerikanı yenidən möhtəşəm etməyə imkan verəcək" .

Respublikaçılar Partiyasından Donald Trump 2017-2021-ci illər arası prezident olub.

Bu, onun üçüncü namizədliyi idi. Trump 2020-ci ildə keçirilmiş seçkidə Joe Bidenə uduzmuşdu.

Trump prezident kimi 7 məsələni həll etməyi söz verib

Amerikada növbəti dəfə Ağ Evə sahiblik edəcək Donald Trump miqrasiya məsələləri, iqtisadiyyat və Ukrayna müharibəsi ilə bağlı hərəkətə keçməyə söz verib.

1. Sənədsiz miqrantları deport etmək

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Seçki kampaniyası zamanı Trump ABŞ tarixində ən böyük sənədsiz miqrant deportasiyasını həyata keçirəcəyinə söz verib. O, həmçinin özünün ilk prezidentliyi dövründə Meksika ilə sərhəddə hörülməyə başlayan divarın başa çatdırılmasına da söz verib.y

Biden-Harris administrasiyası dövründə ABŞ-ın cənub sərhədlərindən ölkəyə daxil olanların sayı rekord rəqəmlər təşkil edib. Bu rəqəm 2024-cü ildə bir qədər düşüb. Ekspertlər BBC-yə bildiriblər ki, deportasiyalar Trumpın vəd etdiyi miqyasda böyük hüquqi və logistik çətinliklər yaradacaq və bunun iqtisadi artımı ləngitmək ehtimalı var.

2. İqtisadiyyatda, vergi və rüsumlarda dəyişiklik

Exit-poll nəticələrinə görə, bir çox seçici üçün iqtisadiyyat açar məsələ olub.

Trump “inflyasiyanı sonlandırmağa” söz verib. ABŞ-da inflyasiya Prezident Joe Biden dönəmində yüksək səviyyələrə qalxmış, daha sonra təkrar düşmüşdü.

Ancaq bir prezidentin qiymətlərə birbaşa təsir gücü məhduddur. O, həmçinin geniş vergi endirimləri vəd edib. O, bəxşişlərdən vergini götürməyi, həmçinin sosial sığorta ödənişləri üzrə verginin ləğv edilməsini və koorporativ verginin kəsilməsini təklif edib.

Trump, eyni zamanda ticarət kəsirini azaltmaq üçün əksər xarici mallara ən azı 10 faiz yeni rüsumlar təklif edib. O, Çindən idxala əlavə 60 faiz rüsum tətbiq edə biləcəyini də bildirib.

Bəzi iqtisadçılar belə addımların sadə insanlar üçün qiymətləri artıra biləcəyi barədə xəbərdarlıq ediblər.

3. İqlim qaydalarının məhdudlaşdırılması

İlk prezidentliyi dövründə Trump yüzlərlə ətraf mühitin mühafizəsi proqramını geri götürmüşdü və ABŞ Paris İqlim Sazişindən çıxan ilk ölkə olmuşdu.

Bu dəfə Trump yenidən Amerika avtomobil sənayesinə kömək etmək üçün qaydaları məhdudlaşdırmağa söz verib.

Trump Arktika bölgəsi kimi əraziləri neft kəşfiyyatına açmağı və beləliklə də, enerji xərclərini azaltmağı hədəfləyir. Lakin ekspertlər buna şübhə ilə yanaşırlar.

4. Ukraynada müharibəni bitirmək

Trump Ukraynaya Rusiya ilə müharibədə dəstək olmaq üçün milyardlarla dollar xərclənməsini tənqid etmiş və müharibəyə “24 saat ərzində” müzakirə yolu ilə son verməyi vəd etmişdi.

O, ümumiyyətlə, ABŞ-ın özünü ölkə xaricindəki münaqişələrdən çıxarmasını istəyir. O, İsrailin qatı tərəfdarı olsa da, onu hücumları dayandırmağa çağırıb.

Trump, həmçinin Livandakı zorakılığa son qoyacağına söz verib, lakin detalları açıqlamayıb.

5. Abort qadağasına "yox"

Bəzi tərəfdarlarının istəklərinə zidd olsa da, Trump Kamala Harrislə debatında milli abort qadağasını imzalamayacağını bildirib.

2022-ci ildə bütün ölkə üzrə abort etmək hüququ Ali Məhkəmə tərəfindən ləğv edildi. Ali Məhkəmədə Trump-ın ilk prezidentlik dövründəki təyinatları sayəsində mühafizəkar hakimlər çoxluq təşkil edir. Trump bildirib ki, ştatların öz abort qanunlarını çıxarmaq hüququ olmalıdır.

6. Prokuror Jack Smith-in qovulması

Trump ona qarşı iki cinayət təhqiqatını aparan təcrübəli hakim Jack Smith-i “iki saniyə içində” vəzifədən azad edəcəyini bildirib. Jack Smith 2020-ci il seçkilərinin nəticələrini ləğv etməyə çalışdığını və məxfi sənədləri qanunun tələb etdiyi kimi qorumadığını iddia edərək Trump-a qarşı iki cinayət araşdırmasına başlamışdı. Trump bu ittihamları rədd edir. O, hər iki işin seçkidən əvvəl məhkəməyə getməsinə mane ola bilib.

Trump New-York məhkəməsində biznes sənədlərini saxtalaşdırmaqda təqsirli bilinən ilk prezident kimi Ağ Evə qayıdır.

7. 6 yanvar iğtişaşçılarının əfvi

Trump Joe Biden-in 2020-ci ildəki seçki qələbəsini ləğv etmək üçün Konqres binasına hücuma görə cəza alan bəzi tərəfdarlarını azad edəcəyini bildirib.

Trump-ın təşfiq etdiyinin iddia edildiyi bu hadisələrdə ölənlər olmuşdu. Trump hücumu “önəmsiz” kimi göstərmək istəyib və cəza alan yüzlərcə tərəfdarını “siyasi məhkum” olaraq qiymətləndirib.

O, bir çoxlarının "haqsız yerə həbs edildiyini" desə də, bəzilərinin "bəlkə də nəzarətdən çıxdığını" etiraf edib.

Trump-ı ilk təbrik edənlər arasında Azərbaycan Prezidenti də var

Azərbaycan Prezidenti İlham Əliyev Donald Trump-ı təbrik edərək xatırladıb ki, onun birinci prezidentliyi dövründə Azərbaycanla ABŞ arasında münasibətlər "dinamik və yüksələn xətt üzrə inkişafı ilə səciyyələnib".

İlham Əliyev ümid edir ki, Trump-ın yeni prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaq.

“Əminəm ki, Azərbaycan-ABŞ dostluq münasibətlərinin güclənməsi, ölkələrimizin milli maraqları, o cümlədən milli təhlükəsizlik maraqları əsasında tərəfdaşlığımızın irəli aparılması yolunda bundan sonra da birgə səylər göstərəcəyik”, - Əliyev deyib.

İlham Əliyev bundan əvvəl, açıqlamalarının birində Trump-ın seçilməsini dəstəklədiyini birbaşa bəyam etməsə də, buna eyham vurmuş, Biden adminstrasiyası ilə problemlərdən bəhs etmişdi.

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

Paylaşımın sonu X

Trump-a təbrik edənlər arasında Türkiyə Prezidenti Recep Tayyip Erdoğan da var. O, X hesanında yazıb ki, böyük bir mübarizənin ardınca “ABŞ Prezidenti seçilən dostu Donald Trump-I təbrik edir”.

“Amerika xalqının seçilməsi ilə başlayacaq bu yeni dövrdə Türkiyə-ABŞ əlaqələrinin güclənəcəyini və Fələstin məsələsi və Rusiya-Ukrayna müharibəsi başda olmaqla regional və qlobal böhranların və müharibələrin sona çatacağını ümid edir; daha ədalətli dünya üçün daha çox səy göstəriləcəyinə inanıram”, - Erdoğan deyib.

Trump-ə təbrik edənlər arasında Fransa Prezidenti Emmanuel Macron, Ukrayna Prezidenti Volodimir Zelenski də var.

ABŞ-da prezident seçkiləri 2024-cü il

Bu seçkilər tarixdə necə qalacaq?

  • Donald Trump haqqında cinayət işləri açılmış ilk ABŞ prezidentidir.
  • 78 yaşlı Trump bu vəzifəyə seçilmiş ən yaşlı prezidentdir.
  • Onun vitse-prezidenti, 40 yaşlı JD Vance bu vəzifəni icra edəcək ilk milenyum – Y nəslinin nümayəndəsidir.
  • Vance-in həyat yoldaşı Usha Vance Hindistan irsinə sahib ilk ikinci xanım olacaq.
  • Sarah McBride ABŞ Konqresinə seçilən ilk transseksual şəxs oldu.
  • İlk olaraq, Senat demokratlardan iki qaradərili qadının eyni vaxtda xidmət etdiyini görəcək – Maryland-dan Angela Alsobrooks və və Delaware-də Lisa Blunt Rochester.

Güman edilən nəticələr

Donald Trump, Kamala Harris

Şəklin mənbəyi, Getty Images

Əvvəldən onu deyək ki, prezident seçilmək üçün namizəd bütün ştatlardan 538 seçki kollegiyası səsinin azı 270-ni qazanmalıdır. (Seçki Kollegiyası barədə aşağıda oxuya bilərsiniz).

Hələ ki, hər iki namizəd Respublikaçıları və ya Demokratları dəstəkləməsindən asılı olaraq ştatlarda gözlənilən nəticələri alır. Həlledici nəticələr isə 7 ştatdan asılıdır.

Açıqlanan rəqəmlər güman edilən nəticələrdir:

Kentucky ştatında Trump-a 8 səs verildiyi güman edilir.

Vermont ştatında Harris-in 3 səs aldığı hesab olunur.

İndiana ştatında Trump-a 11 səs verildiyi güman edilir.

Qərbi Virginia ştatında Trump-ın 4 səs aldığı düşünülür.

Cənubi Carolina ştatında Trump-a 11 səs verildiyi güman edilir.

Arkansas-ın da qalibi Trump ola bilər - buradan 6 səs aldığı hesab olunur.

Şimali Dakota (3 səs) və Cənubi Dakota (3 səs) ştatlarında Trumpın qalib gələcəyi proqnozlaşdırılır.

Wyoming ştatı da bu qəbildəndir - 3 səs Respublikaçılara verildiyi güman edilir.

Texas ştatında Trump 40 səs alıb.

Delaware ştatında isə Kamala Harris-in 3 səslə qalib gəldiyi düşünülür.

Louisiana ştatında 8 səs Trump-a verilə bilər.

Rhode Adasında 4 səslə Harris-in dəstəkləyindiyi güman edilir.

New York-da 28 səs Harris-ə verilib.

Demokratların üstünlük təşkil etdiyi Illinois ştatında Harris-ə 19 səs verilib.

Montana (4 səs) və Utah (6 səs) ştatlarında isə Trump-a səs verilib.

Colorado ştatında isə 10 səs Harrisə verilib.

Ohio ştatında Trump-ın 17 səs alacağı güman edilir.

Iowa Seçki kollegiyası 6 səsini Trump-a verib. Eləcə də Kansas ştatında 6 səsin Trump-a verildiyi güman edilir.

Demokratların dəstəkləndiyi California ştatında Kamala Harris 54 səs alıb.

İdaho ştatının 4 səsi isə Trump-ın ola bilər.

Oregon ştatı Harris-ə 8 səs verə bilər.

Washington ştatının 12 səsi də Harris-in ola bilər.

Həlledici ştat hesab edilən Şimali Carolina-da 16 səsin Trump-a verildiyi hesab olunur.

Hawai də 4 səs Harris-ə verilə bilər.

Virginia ştatında da Kamala Harris-in qalib gələcəyi proqnozlaşdırılır - 13 səs.

Daha bir həlledici ştat olan Georgia-da Trump-a 16 səs verilə bilər.

New Mexico-dan 5 səs Harris-ə gəlib.

Michigan-da 15 səsin Trump-a veriləcəyi gözlənilir.

Respublikaçıların Senata nəzarət edəcəyi gözlənilir

BBC-nin amerikalı tərəfdaşı CBS-nin proqnozuna görə, Respublikaçılar Senata nəzarət edəcəklər.

Hələ ki, səslərin çoxunun sayılması qalıb, lakin aydındır ki, Demokratlar bircə səslə öz liderliklərini itirəcəklər.

Demokratlar Qərbi Virginia-dakı zərəri kompensasiya etmək üçün respublikaçıların yerinə keçməyə ümid edirdilər, lakin proqnoza görə, onlar Texasda partiyanın əsas fiqurlarından olan Ted Cruz-a qalib gələ bilməyiblər.

Respublikaçılar Nümayəndələr Palatasında üstünlüyə malik olacağını güman edir.

Bu seçkilərdə Trump və Harris demək olar ki, başabaş yarışıb.

Kamala Harris noyabrın 5-də yeddi həlledici ştatda - Wisconsin, Michigan, Pensylvania, Nevada, Arizona, Şimali Carolina və Georgia ştatlarında radio vasitəsilə vətəndaşları evdən çıxaraq səsverməyə getməyə çağırıb.

İlkin exit-poll nəticəsinə görə, seçicilər prezident kimi kimə səs verəcəyini qərar verərkən ən vacib məsələ kimi demokratiyanın vəziyyətini qeyd ediblər. Ən narahat olduqları məsələ isə xarici siyasət olub. Digər amillərə isə münasibət çoxdan aza doğru belə olub: iqtisadiyyat, abort və immiqrasiya.

Azərbaycandan fərqli olaraq, ABŞ-da exit-pollar seçkinin nəticəsini proqnozlaşdırmır, seçicilərin fikirləri və motivasiyaları haqqında təsəvvür yaradır.

Kamala Harris seçki gecəsini Howard Universitetində təşkil edilən partidə izləyib.

Donald Trump isə seçki gecəsini Mar-a-Lago evində təşkil etdiyi partidə izləyib.

Onun tərəfdarları üçün isə Palm Beach Club-da parti təşkil edilib.

Prezident Joe Biden və Birinci Xanım Jill seçki nəticələrini Ağ Evdə yüksək vəzifəli işçilər və köməkçiləri ilə birgə izləyib.

Donald Trump noyabrın 5-də həyat yoldaşı Melania Trump ilə birgə səs verib, Kamala Harris isə keçən həftə poçtla səs verib.

ABŞ seçkiləri 2024

Şəklin mənbəyi, Getty Images

ABŞ-da prezident seçkiləri: FTB “Rusiyadan qaynaqlanan bomba təhdidlərinin” olduğunu deyir

Noyabrın 5-də ABŞ-da prezident seçkilərində səsvermə davam edərkən bəzi ştatlarda Federal Tədqiqat Bürosu “bomba təhdidləri” olduğunu açıqlayıb. Qurum bildirib ki, təhdidlərin “çoxu Rusiyaya aid domain-lərlə yaradılan e-maillərdən” gəlib.

“Hələlik bomba təhdidlərinin heç biri doğru çıxmayıb”, FTB bildirib.

Rusiya bu iddialarla bağlı hələlik açıqlama verməyib.

FTB qeyd edib ki, seçkilərin tamlığını qorumaq onların ən əsas prioritetləridir və buna görə də, qurum ştat və yerli hüquq mühafizə orqanları ilə yaxından işləyir.

Bomba təhdidlərinə görə, Georgia və digər ştatlarda seçki prosesi müvəqqəti təxirə salınsa da, sonradan bərpa edilib.

Seçki prosesində təxirəsalmalara görə, həmin ştatların məhkəmə orqanları seçkinin vaxtının uzadılmasına qərar veriblər.

Namizədlərin platforması:

Kamala Harris abort hüququnu müdafiə edir və işləyən ailələr üçün yemək və mənzil xərclərini azaltmağı vəd etmişdi.

Donald Trump sərhədi bağlayacağını vəd etmiş və trilyonlarla verginin azaldılmasını təklif etmişdi.

Bütün dünyada maraqla izlənən ABŞ seçkilərində seçicilər, həmçinin həyatlarına təsir edən qanunların qəbul olunmasında açar rol oynayan Konqres üzvləri üçün də səs verib. Bəzi ştatlarda isə abort hüququna dair seçkilər keçirilib.

Seçki günündən əvvəl 82 milyon insan səs verib.

ABŞ-da 18 yaşından yuxarı bütün vətəndaşlar səs verə bilərlər.

ABŞ-da prezident seçkiləri qaydaları:

Namizədlər kim idi?

ABŞ siyasətində iki partiyanın hakimiyyəti var - Demokratlar və Respublikaçılar.

Demokratlar liberal siyasi partiyadır. Bu partiyanın gündəliyini əsasən vətəndaş hüquqları, geniş sosial təhlükəsizlik şəbəkəsi və iqlim dəyişikliyinə qarşı tədbirlər təşkil edir.

Respublikaçılar isə mühafizəkar siyasi partiyadır. GOP (Böyük Köhnə Partiya) olaraq da tanınan bu partiya, daha aşağı vergiləri, hökumətin rolunun kiçildilməsini, fərdi silahlanma haqlarını, miqrasiya və abort mövzularında daha sərt məhdudiyyətləri müdafiə edir.

Respublikaçılar Partiyasında keçmiş Prezident Donald Trump rəqiblərinə böyük fərqlə qalib gələrək, partiyanın dəstəyini qazandı və Wisconsin-də təşkil olunan partiya konqresində Respublikaçıların rəsmi namizədi oldu.

Demokratlar Partiyasının namizədi Joe Biden prezidentlik dövrünün vitse-prezidenti Kamala Harrisdir. O, Prezident Joe Biden-in namizədlikdən çəkilməsindən sonra yarışa qatıldı və Chicago-da təşkil olunan konqresdə aldığı təsdiqlə namizədliyi rəsmiləşdi.

Prezidentlik yarışında bəzi müstəqil namizədlər də olub. Keçmiş prezident John F Kennedy-nin qardaşı oğlu Robert F Kennedy Jr. da bunlardan biri idi; lakin sonradan o, namizədliyini Trump-ın xeyrinə geri götürüb.

ABŞ seçkiləri necə bir sistemə malikdir?

Bu iki partiya bütün ştatlarda önseçkilər və partiya qurultayları təşkil edərək, sədr namizədi müəyyənləşdirir.

Namizədlərin müəyyən olunmasında partiyalar arasında bəzi fərqlər var. Bu proses də ştatdan-ştata dəyişir.

Seçkini qazanan ən çox səs verilən namizəd olmaya bilər.

Hər iki namizəd 50 ştatda təşkil olunan Seçki Kollegiyası seçkilərini qazanmaq üçün yarışır.

Hər bir ştatda əhali sayından asılı olaraq müəyyən sayda seçki kollegiyası səsləri var. Ümumilikdə 538 səsdən söhbət gedir və qalibə azı 270 səs lazımdır.

Seçicilər qeydiyyatda olduqları ştatın Seçicilər Kollegiyasına göndərəcəyi nümayəndələri, nümayəndələr isə prezidenti və vitse-prezidenti seçir.

İki ştatdan başqa, digərlərində seçkini qazanan namizəd bütün kollegiya səslərinə sahib olur.

Maine ve Nebraska ştatlarında isə nümayəndələr namizədlərin aldığı səs nisbətinə görə paylaşdırılır.

Ştatların əksəriyyəti bu və ya digər partiyaya meyllidir. Buna görə də diqqət hər iki namizədin qalib gəlmək şansı olan təxminən 7 ştata yönəlib. Bu ştatlar “döyüş meydanı” və ya dəyişkən ştatlar kimi də tanınır.

Önəmli olan nümayəndələrin sayı olduğu üçün, ümumilikdə ölkədə ən çox səs toplayan namizədin prezident seçilməməsi də baş verə bilər.

Bunun sonuncu nümunəsi 2016-cı ildə baş verdi. Demokratlar Partiyasının sədr namizədi Hillary Clinton, ümumilikdə ölkədə Respublikaçıların namizədi Donald Trump-dan 3 milyondan çox səs alsa da, yetərli nümayəndə sayı olmadığı üçün seçilmədi.

ABŞ seçki

Şəklin mənbəyi, Getty Images

ABŞ-da eyni vaxtda başqa hansı seçkilər keçirilir?

Bütün diqqət kimin prezident seçiləcəyinə yönəlsə də, Konqresin yeni üzvləri də bu seçkilərdə seçilir. Konqres bütün 435 yerin seçiləcəyi Nümayəndələr Palatasından və 34 yer üçün yarışılan Senatdan ibarətdir.

Respublikaçılar hazırda xərc planlarını təsdiqləyən Nümayəndələr Palatasına nəzarət edirlər. Hökumətdəki mühüm təyinatlara səs verən Senat isə Demokratların əlindədir. Bu iki palata qanunlar qəbul edir və hər iki palata da hakim partiya ilə Prezident arasında narazılıq olduğu anda Ağ Evin planlarını yoxlaya bilər.

Seçkinin nəticələri nə vaxt bilinəcək?

Adətən seçkinin qalibi seçki gecəsi elan edilir. Lakin 2020-ci ildə bütün səslərin sayılması bir neçə gün çəkdi. Əgər prezident dəyişikliyi olarsa, seçkidən sonrakı dönəm keçid dövrü kimi tanınır.

Bu, həm də nazirlərin, yeni idarəedicilərin formalaşması və yeni dönəm üçün planlar qurulması dövrüdür.

Yeni prezident nə vaxt fəaliyyətə başlayır?

Çərşənbə axşamı, 5 noyabr 2024-cü ildə seçiləcək 2025-ci ilin yanvarından Ağ Evdə dörd il müddətinə prezident vəzifəsini icra edəcək.

Prezident yanvar ayında Washington-dakı Konqres binasının pilləkənlərində təşkil olunan andiçmə mərasimi ilə rəsmən vəzifəsinin icrasına başlayır.

Prezidentin bəzi qanunları təkbaşına qəbul etmək səlahiyyəti olsa da, əksər hallarda qanunların qəbulu üçün o, Konqreslə işləməlidir.

ABŞ liderinin dünya səhnəsində ölkəni xaricdə təmsil etmək və xarici siyasət yürütmək üçün böyük azadlığa malikdir.