İlham Əliyev üçün Donald Trump prezidentliyi nə deməkdir?

Donald Trump, İlham Əliyev, Mehriban Əliyeva, ABŞ, Azərbaycan

Şəklin mənbəyi, PRESIDENT.AZ

Şəklin alt yazısı, Prezident İlham Əliyev 2017-ci ildə BMT-nin 72-ci sessiyasında ABŞ Prezidenti Donald Trumpın rəhbərliyi ilə təşkil olunan qəbulda iştirak edib.
    • Müəllif, Fərid Həsənov
    • Vəzifə, BBC Azərbaycanca

ABŞ-da noyabrda keçirilən prezident seçkilərində qalib gələn Donald Trump yanvarın 20-də and içərək öz vəzifəsinin icrasına başlayacaq.

ABŞ-da kimin qalib gəlməsi, təkcə amerikalılar üçün deyil, bir çox digər dövlətlər, o cümlədən Azərbaycan hökuməti üçün də əhəmiyyətli idi.

Bu seçkilərdə Donald Trump Prezident İlham Əliyevin qalib görmək istədiyi namizəd idi. Bəs niyə? Səbəblərinə baxaq.

Əliyevdən Trump-a tərif

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində ABŞ-ın yeni seçilən Prezidenti Donald Trump-a "ümidlərin böyük olduğunu" bildirib.

İlham Əliyev bu sözləri ABŞ-Azərbaycan münasibətlərinin gələcək vəziyyəti ilə bağlı danışarkən deyib.

O bildirib ki, Donald Trump rəsmi olaraq vəzifəsinin icrasına başladıqdan sonra ABŞ-Azərbaycan əlaqələrini "strateji səviyyəyə qaldırmaq mümkün olacaq".

Əliyev ABŞ-ın yeni Prezidentinə olan simpatiyasını da gizlətməyib.

"Trump bizim cəmiyyətimizin bölüşdüyü dəyərləri təbliğ edir. Ailə dəyərləri, mənəviyyat dəyərləri - bunları təbliğ edir. Elə bunun [Trump-ın] ailəsinə baxmaq kifayətdir", - Əliyev qeyd edib.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Ötən dekabrda Rusiya televiziyasına müsahibəsində isə deyib ki, ənənəvi dəyərlərə münasibətdə onlar Trumpla "bir qayıqdadılar".

İlham Əliyev ötən ilin iyul ayında ona ünvanlanan "ABŞ-da kimin prezident olmasını istəyərdi" sualına “siyasi mədəniyyət anlayışı” baxımından birbaşa cavab verməyin “doğru olmadığını” bildirsə də, o, Trump-ı mədh edən sözləri ilə onun qalib gəlməsini istədiyini gizlətməmişdi.

İyulun 20-də Şuşada keçirilən bir tədbirdə sualları cavablandırarkən Əliyev deyib ki, ABŞ-da prezident seçkilərində kimin qalib gəlməsi “bütün dünya üçün xüsusi əhəmiyyətə malikdir”.

O, bir çox xalqların və ölkələrin gələcək taleyinin “böyük dərəcədə” ABŞ-ın “birinci şəxsinin verəcəyi qərarlardan asılı olacağını” qeyd edib.

“Mənim fikrimcə, Prezident Trump-ın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər”, - İlham Əliyev deyib.

Azərbaycandan ABŞ-a birbaşa zəng

Donald Trump ilk ABŞ Prezidentidir ki, o bu posta 2016-cı ildə seçildikdən sonra İlham Əliyev birbaşa telefonla zəng edərək təbriklərini çatdırıb.

ABŞ-da bu son prezident seçkisi ərəfəsində İlham Əliyevin Donald Trump-a üstünlük verdiyini göstərən digər bir məqam isə Azərbaycan Prezidentinin bu il iyulun 14-də X sosial media hesabında paylaşdığı statusdur.

Belə ki, Donald Trump-a qarşı sui-qəsdi pisləyən və bunu “siyasi zorakılıq” adlandıran İlham Əliyev Donald Trump-ı iki dəfə “ABŞ Prezidenti” adlandırıb.

Əliyevin statusunda hər iki halda “keçmiş” sözünü işlətməməsi diqqət çəkib. Bu, sosial mediada bir trenddir, Trump-a loyal olanlar və onun ideologiyasını dəstəkləyənlər onu hələ də Mr. President - Cənab Prezident olaraq çağırırlar.

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

Paylaşımın sonu X

Prezident İlham Əliyevin Trump-a rəğbətinin səbəblərinə baxanda, onların hər ikisinin bənzər dəyər və prinsiplərinə dəlalət edə biləcək biznes keçmişi yada düşür.

Ancaq ən mühüm amillərdən biri 2020-ci ildə Azərbaycanın torpaqlarını geri almaq üçün başlatdığı İkinci Qarabağ müharibəsində Trump-ın erməni lobbisini qəzəbləndirən susqun mövqeyi idi. Ermənistanı fəal şəkildə dəstəkləyən Fransa hökumətindən fərqli olaraq, Ağ Evdən Azərbaycanla bağlı sərt bəyanatlar səslənmirdi. Bu, həm də Trump prezidentliyinin son ayları idi - o, 2021-ci ilin yanvarında Ağ Evi tərk etdi.

Bundan sonra hakimiyyətə gələn Demokratlar Partiyasının namizədi Joe Biden prezidentliyi altında isə Əliyev hökumətiylə ABŞ arasında əlaqələr pisləşdi. Biden adminstrasiyası insan haqlarının pozulmasına və ermənilərin Qarabağdan çıxmasına görə Azərbaycan iqtidarını kəskin tənqid etdi.

Azərbaycan hakimiyyətinin yüksək qatlarında korrupsiya iddialarını araşdırdıqdan sonra həbs olunan jurnalistlər həm də ABŞ və digər Qərb ölkələrindən maliyyələşməkdə günahlandırıldı.

Azərbaycana yardımı bloklayan hüquqi düzəliş qüvvəyə mindi, ABŞ Konqresində Azərbaycan hökumətinə qarşı sanksiyalara çağıran qətnamə layihələri hazırlandı. Və Biden erməni lobbisinin gözləntilərini də doğrultdu - o, Osmanlı imperiyası zamanı ermənilərin kütləvi öldürülməsi və sürgünə göndərilməsini "soyqırım" deyə təsvir etdi.

Emin, Araz Ağalarovlar və Trump

Donald Trump, Araz Ağalarov, Emin Ağalarov, Miss Universe 2013, Rusiya, biznes

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Donald Trump (solda), Araz Ağalarov (ortada), Emin Ağalarov (sağda) 2013-cü ildə Moskvada keçirilən "Miss Universe" tədbirində iştirak ediblər.

İlham Əliyevlə Donald Trump arasında isti münasibətlərin kökünü, əslində onun keçmiş qudası Araz Ağalarovun Trump və onun ailəsi ilə biznes əlaqələrində görənlər var.

Araz Ağalarov müxtəlif illərdə Rusiyanın daşınmaz əmlak konqlomeratı kimi Forbes jurnalının "Dünyanın ən varlı 100 milyarderi" siyahısında fərqli pillələrdə yer alıb.

İlham Əliyevin qızı Leyla Əliyeva 2006-cı ildə Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarovun oğlu Emin Ağalarovla ailə qurmuşdu.

Bu evlilik daha sonra boşanma ilə başa çatdı, amma Trump və oğul Ağalarov arasında iş ortaqlığı başlayanda, hələ ki, mövcud idi.

Azərbaycan əsilli Rusiya estrada müğənnisi və iş adamı Emin Ağalarovun Trump-la münasibətləri 2013-cü ildə, atası Araz Ağalarovun Moskvada Trump-la birlikdə “Kainat gözəli” müsabiqəsi keçirdiyi dövrlərdə başlamışdı.

Bundan sonra Emin Ağalarovun Moskvada reallaşması nəzərdə tutulan Trump Tower layihəsi üçün Trumpla danışıqlar aparmasına dair şayiələr yayılsa da, bu layihə heç zaman həyata keçmədi.

Ancaq sonrakı illərdə Eminin adı daha böyük bir qalmaqalda çəkilməyə başladı - 2016-cı il ABŞ Prezident seçkilərinə Rusiyanın müdaxiləsinə dair istintaq işinin mərkəzində ata və oğul Ağalarovların adı dururdu. Onların özü bu ittihamları rədd edib.

Bakıda “Trump Tower” müəmması

Bakıdakı Trump Tower, ilkin olaraq, lüks otel və yaşayış binası kimi fəaliyyət göstərməsi nəzərdə tutulan, ancaq tikintisi uzun illər yarımçıq qalmış göydələndir.

Qüllə “Trump” adını daşısa da, keçmiş ABŞ Prezidenti Donald Trump-ın şirkəti birbaşa mülkiyyət hüququ ilə yox, əsasən lisenziya və brendinq müqaviləsi ilə cəlb edilib.

Trump Tower Baku, Trump qülləsi, otel, turizm, iqtisadiyyat, çirkli pulların yuyulması, laundramat

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Bakıda yerləşən 33 mərtəbəli Trump Tower

New Yorker nəşrinin yazdığına görə, 2008-ci ildə bu tikilinin hündürmərtəbəli yaşayış binası olacağı nəzərdə tutulsa da, 2012-ci ildə layihəyə dəyişiklik edilib və binanın “ultra-lüks otel”ə çevrilməsinə qərar verilib.

Beləliklə, layihənin ilkin dəyəri 195 milyon dollar təşkil etsə də, dəyişikliklərdən sonra bu rəqəm artıb.

Donald Trump 2014-cü ildə verdiyi açıqlamasında otelin bir il sonra açılacağını və bu otelin dünyanın “ən gözəl tikililərindən biri” olacağını bildirsə də, bu baş verməyib.

2015-ci ildə Donald Trump prezidentliyə namizədliyini açıqladıqdan sonra, o, Bakıda büdcəsi tam bilinməyən tikinti işlərinə görə, dünyanın aparıcı medialarında tənqid olunub.

Bu binanın Azərbaycanda yüksək rütbəli məmurların çirkli pulların yuyulması hədəflərinə xidmət etməsinə dair iddialar da səslənib.

Trump prezident seçildikdən bir il sonra - 2017-ci ildə qüllənin üzərindəki “Trump Tower” yazısı sökülüb.

İnsan haqlarına laqeydlik: Trump-ın Əliyevi məmnun edən tərəfi

İnsan haqları, Azərbaycan, etiraz, aksiya, Bakı

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Fəallar 8 mart 2024-cü ildə Bakıda aksiya keçirib

Azərbaycan hökuməti ölkədə insan haqlarının pozulması, siyasi təqiblər, media azadlığının boğulması kimi tənqidlərə hər zaman sərt reaksiya verib və belə ittihamları rədd edib.

Azərbaycan hakimiyyəti hər zaman Freedom House, Transparency International, Human Rights Watch və digər müstəqil araşdırma institutlarının hesabatını “qərəzli və əsassız” adlandırıb.

"Mən belə ittihamları qəbul etmirəm, çünki onlar fakta əsaslanmır", - Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC-yə müsahibəsində deyib.

Donald Trump öz sələflərindən fərqli olaraq, dünyada demokratiya və insan haqlarının müdafiəsi kimi məsələlərə çox az diqqət ayırıb və daha çox ölkəsinin daxilində olan miqrasiya, azad rəqabət və müstəqil biznes kimi məqamları qabardıb.

Onun hakimiyyəti illərində Əliyev hökumətinə qarşı tənqid və sanksiya təhdidləri də minimuma enib.

Azərbaycan hökumətinin ölkədə insan haqlarına görə tənqid edildikdə, ən çox istifadə etdiyi əks arqumentlərdən biri də Azərbaycan torpaqlarının 30 il ərzində işğal altında olduğu və yüz minlərlə qaçqının olduğu zaman Qərb ölkələrinin, o cümlədən ABŞ-ın “səssiz qalması” iddiasıdır.

Washington-un 2023-cü ildə Azərbaycana hərbi yardımların dayandırılmasını nəzərdə tutan 907-ci düzəlişi, Azərbaycanda insan haqlarının pozulmasını əsas gətirərək qüvvədə saxlaması Bakını qəzəbləndirən digər məqamdır - Trump prezidentliyi zamanında və ondan öncə də, bu düzəliş qüvvədə deyildi, bəzi tənqidçilər Biden hökumətinin qərarını belə "gecikmiş" hesab edir.

Keçən ilin noyabrında ABŞ Dövlət Departamenti bəyanat yayaraq bildirib ki, “Azərbaycan-Ermənistan sülh danışıqlarında inkişafa nail olmadığı halda” 907-ci düzəlişin ləğv müddəti uzadılmayacaq.

İlham Əliyev isə bu ilin oktyabrında bir çıxışında ABŞ-ın 907-ci düzəlişlə bağlı qərarını Pentaqonun Əfqanıstandan çıxması ilə əlaqələndirib.

O bildirib ki, bu düzəliş ABŞ Konqresində Azərbaycan əleyhinə 1992-ci ildə qəbul olunub və 2001-ci ilədək qüvvədə qalıb.

“Sanksiyalar 2001-ci ildə aradan qaldırıldı. Nə üçün? Çünki onların (ABŞ-red.) Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı, işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı. Onlar ki Əfqanıstandan qaçdılar, - özü də bütün dünyanın gözü qarşısında, - bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi”, - İlham Əliyev bildirib.

Seçkilərdə qalib olan Donald Trump bu sanksiyanı yenidən aradan qaldırıb-qaldırmayacağı ilə bağlı hələlik açıqlama verməyib. Lakin onun Truth sosial media hesabında Qarabağ erməniləri ilə bağlı yazdıqları Azərbaycanda bir çoxları üçün gözlənilməz olub.

İlham Əliyev, Şuşa, media, ABŞ,

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İlham Əliyev Şuşada keçirilən Qlobal Media Forumda xarici jurnalistlərin suallarını cavablandırıb

Trump-dan "Artsax" şərhi

Donald Trump, Kamala Harris, Qarabağ, etnik ermənilər, deportasiya

Şəklin mənbəyi, TruthSocial

ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca, namizədlərin bir-birində "qüsur" axtarıb aşkarlaması da gərgin səviyyədə idi.

Məsələn, Donald Trump sosial media hesabında rəqibi Kamala Harrisi etnik ermənilərin Qarabağdan köçürülməsinə göz yummaqda ittiham edib.

“Kamala Harris 120 min xristian erməni Artsaxdan məcburi şəkildə və dəhşətli formada köçürülən zaman HEÇ NƏ etmədi. Əgər Kamala Harris ABŞ-ın prezidenti olsa, dünyanın heç bir yerində xristianlar təhlükəsiz olmayacaqlar. Mən prezident olsam, təqibə məruz qalan xristianları müdafiə edəcəm, zorakılıq və etnik təmizlənmənin dayanması üçün işləyəcəm və Ermənistanla Azərbaycan arasında SÜLH yaradacam”, - Trump sosial media hesabında yazıb.

Trump ABŞ-ın erməni icmasına Kamala Harris-dən fərqli olduğunu göstərmək istədiyi bu bəyanatda Azərbaycanın adını birbaşa çəkməyib və İlham Əliyevin də təqdir etdiyi kimi, müharibə olmayacağından danışıb.

Azərbaycan hökuməti Donald Trump-ın bu açıqlamasına, hələlik heç bir rəsmi reaksiya verməyib.

Amma İlham Əliyev ABŞ prezident seçkisi ərəfəsində forumların birində bildirib ki, ABŞ-da "anti-Azərbaycan fəaliyyətinin bir hissəsi prezident seçkiləri ilə bağlıdır" və "ermənilərin səslərini istəyirdilər".

Əliyev əlavə etmişdi ki, o, seçkidən sonra ABŞ-da Azərbaycanın potensialı, rolu haqqında "daha yaxşı anlayış" olacağına ümid edir.