Azərbaycan MN: "Rusiya sülhməramlı kontingenti üzərinə düşən vəzifələri yerinə yetirməlidir"

Rusiya Azərbaycan Ermənistan Dağlıq Qarabağ

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

Qarabağ iqtisadi rayonundakı "qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, təminat və digər hərbi vasitələrin daşınması davam etdirilir", Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.

Bazar günü Qarabağda Rusiya sülhməramlıların nəzarət bölgəsində baş vermiş atışma zamanı hər iki tərəf itki verib. Atışmaya görə tərəflər bir-birini ittiham edir.

Rusiya Müdafiə Nazirliyi insidentdə Azərbaycan tərəfini günahlandırıb və bildirib ki, "Azərbaycan əsgərləri ilə Dağlıq Qarabağın hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş vermiş silahlı toqquşmaya... sülhməramlıların səyi ilə” son qoyulub.

Bundan əvvəl, Azərbaycan Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistandan Qarabağa hərbi ləvazimat və şəxsi heyətin daşındığını bildirmiş, Ermənistan bunu təkzib etmişdi.

Azərbaycan Müdafiə Nazirliyi (MN) çərşənbə axşamı günü yaydığı açıqlamasında vurğulayıb ki, üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Ermənistandan, həmçinin "şəxsi heyətin rotasiyası" həyata keçirilir.

"Martın 5-də erməni hərbi birləşmələrinə məxsus nəqliyyat vasitəsinin Azərbaycan Ordusunun bölmələri tərəfindən yoxlanışı zamanı silah-sursatla tam təchiz edilmiş şəxslərin "pasport və viza" xidməti həyata keçirən polis əməkdaşları kimi təqdim edilməsi riyakarlıqdır", - Azərbaycan MN-nin açıqlamasında deyilir.

Azərbaycan Müdafiə Nazirliyi "insident nəticəsində yaralanan azərbaycanlı hərbi qulluqçulara Rusiya sülhməramlı kontingentinin nümayəndələri tərəfindən ilkin tibbi yardımın göstərilməsi və təxliyə edilməsi barədə yayılan məlumatları da təkzib edib, bu məlumatların "həqiqəti əks etdirmədiyini" vurğulayıb.

"Bu kimi qəbuledilməz halların qarşısının dərhal alınması məqsədilə Rusiya sülhməramlı kontingenti üzərinə düşən vəzifələri yerinə yetirməlidir", - qurum bəyan edib.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Rusiya tərəfindən Azərbaycan MN-nin bu bəyanatına hələlik cavab yoxdur.

Ancaq Rusiya Xarici İşlər Nazirliyi Twitter hesabında "biz Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artmasından ciddi narahatıq. Biz israrla tərəfləri təmkinli olmağa və vəziyyəti gərginləşdirməməyə çağırırıq" deyə yazıb.

Azərbaycan Müdafiə Nazirliyi çərşənbə axşamkı açıqlamasında xəbərdarlıq edib ki, Ermənistan qoşunları Qarabağdan tam çıxarılmalıdır.

"Əks təqdirdə, Azərbaycan bütün imkanlardan istifadə etməklə qeyri-qanuni silahlıların tərksilah edilməsi və zərərsizləşdirilməsi istiqamətində qəti zəruri tədbirlər görmək məcburiyyətində qalacaq", - Azərbaycan Müdafiə Nazirliyi bəyan edib.

Azərbaycan tərəfinin son bəyanatına Ermənistanın cavabı hələlik məlum deyil.

Ötən ilin iyulunda Ermənstan Təhülkəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, Ermənistan öz qoşunlarını Qarabağdan çıxarır, amma sonradan bu məsələnin həllini tapıb-tapmadığı bəlli deyil.

Bazar ertəsi Azərbaycan sərhəddə atəşkəsin pozulduğunu bildirib

Azərbaycan-Ermənistan sərhədinin Daşkəsən, Gədəbəy, Kəlbəcər və Şuşa istiqamətində bazar günündən bazar ertəsinə keçən gecə atışma olub, Azərbaycan Müdafiə Nazirliyi bildirir.

Ermənistan bunu təkzib edib.

Bazar günü Qarabağda Rusiya sülhməramlılarının nəzarət zonasında atışma olub, hər iki tərəf itki verib.

Azərbaycan Müdafiə Nazirliyi bazar ertəsi yaydığı açıqlamada bildirib ki, qarşı tərəf Azərbaycan ərazilərini "müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan fasilələrlə atəşə tutub".

"Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Aşağı Şorca, Əzizli, Zərkənd, Yuxarı Zağalı yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Yellicə, Mollabayramlı, Yuxarı Ayrım və Gədəbəy rayonunun Göyəlli yaşayış məntəqələrində yerləşən mövqelərini" atəşə tutub", - qurumun açıqlamasında deyilir.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan MN-in bu məlumatını "dezinformasiya" adlandırıb.

Azərbaycan Müdafiə Nazirliyi həmçinin bildirib ki, Rusiya sülhməramlı kontingentinin "müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri də atəşə tutulub".

Rusiya sülhməramlılarının rəsmi saytında martın 6-na keçən gecə Qarabağda atəşkəs rejiminin pozulması ilə bağlı məlumat verilməyib.

Azərbaycan Ermənistan Azərbaycan Müdafiə Nazirliyi Qarabağ Kəlbəcər Daşkəsən Gədəbəy

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

Bazar günü nə baş verib?

Martın 5-də səhər saatlarında Qarabağda baş vermiş atışma nəticəsində ümumilikdə beş nəfər həlak olub, bir nəfər yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyi iki hərbi qulluqçusunun şəhid olduğunu açıqlayıb.

Ermənistan mediasının məlumatına görə, tanınmamış "Dağlıq Qarabağ Respublikasının" üç polis əməkdaşı həlak olub, biri yaralanıb.

Azərbaycan və separatçı "DQR" atışmaya görə bir-birini ittiham edib.

Azərbaycan Müdafiə Nazirliyi atəşin "qarşı tərəfdən açıldığını" bildirib.

Ermənistan mediası hadisənin Azərbaycan Silahlı Qüvvələrinin "diversiya qrupunun hücumu nəticəsində" baş verdiyini yazıb.

Ermənistan tərəfinin paylaşdığı foto

Şəklin mənbəyi, Armenpress

Azərbaycan MN-nin məlumatına görə, "Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub."

Nazirliyin məlumatına əsasən, martın 5-də səhər saatlarında "daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib."

Rəsmi Yerevan Azərbaycanın versiyasını "absurd" adlandırıb

Ermənistan tərəfinin paylaşdığı foto ermənistan Azərbaycan Şuşa Kəlbəcər Gədəbəy Daşkəsən

Şəklin mənbəyi, Armenpress

"Azərbaycanın irəli sürdüyü rəsmi versiya absurddur", Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

Rəsmi Yerevanın "Dağlıq Qarabağ polisində" hadisənin videosunun olduğunu bildirib.

Yerevan iddia edir ki, həmin video "Azərbaycan diversiya qrupunun" Stepanakertdən (Xankəndi) "Dağlıq Qarabağa" gedən UAZ mikroavtobusuna "hücum etdiyini sübut edir".

Hadisəni "Azərbaycan diversiya qrupu" törədib - Ermənistan XİN

Rəsmi Yerevan Qarabağda bugünkü hadisənin “Azərbaycan diversiya qrupu tərəfindən" törədildiyini iddia edib.

Ermənistan Xarici İşlər Nazirliyi hesab edir ki, Azərbaycan “Laçın dəhlizini təcrid etməklə yanaşı Dağlıq Qarabağda humanitar fəlakət yaradaraq," Qarabağdakı erməni əhalisinə "qeyri-insani yaşayış şəraiti yaradır”.

“Qarabağ polisində olan video görüntülər sübut edir ki, Azərbaycan diversiya qrupu dörd DQR polis əməkdaşı ilə xidməti məqsədlərlə Stepanakertdən Hin Şen və Mets Şen kəndlərinə yollanan UAZ-a hücum edib. Avtomaşında sənədlərdən və tabel silahından başqa heç nə olmayıb”, - məlumatda deyilir.

Ermənistan XİN-in məlumatında qeyd olunub ki, "fevralın 28-də Azərbaycan Silahlı Qüvvələri torpaq işləri ilə məşğul olan Martuni rayonu Mürişen kəndinin mülki sakini istiqamətində atəş açıb."

Azərbaycan tərəfindən "atəşkəs rejiminin pozulması martın 2-si və martın 2-dən martın 3-nə keçən gecə Əsgəran, Martakert (Ağdərə) və Martuni (Xocavənd) istiqamətlərində də qeyd olunduğu" bildirilib.

Ermənistan XİN-in bəyanatında deyilir ki, Azərbaycanın hərəkətləri "faktiki olaraq Bakının regionda sülh və sabitliyin bərqərar olunmasına dair qeyri-səmimiliyini nümayiş etdirir”.

Ermənistan Respublikası beynəlxalq ictimaiyyəti, regionda “həqiqi sülhün bərqərar olunmasında maraqlı olan ölkələri və beynəlxalq təşkilatları Azərbaycanın güc tətbiq etməsini və güc tətbiq etmə hədəsini, eləcə də dəfələrlə genişmiqyaslı hərbi əməliyyatlar təhrik etmək məqsədilə təxribatılarını pisləməyə və Azərbaycan tərəfindən öz beynəlxalq öhdəliklərinin pozmasının qarşısını almaq üçün fəal addımlar” atmağa çağırıb.

“Yaranmış şəraitdə Laçın dəhlizinə və Dağlıq Qarabağa beynəlxalq faktaraşdırıcı qrupun göndərilməsi həyati zərurətə çevrilir”, - Ermənistan XİN-in bəyanatında deyilib.

Bakı erməni silahlılarını "dərhal çıxarmağı tələb edir"

Azərbaycanın Xarici İşlər Nazirliyi Qarabağda bugünkü insidentlə bağlı məlumat yayıb.

"Azərbaycan tərəfi bu kimi hərbi təxribatların qarşısını almaq məqsədilə üçtərəfli Bəyanatın icrasının təmin edilməsini, Ermənistandan qeyri-qanuni silah və sursatın, şəxsi heyətin və minaların daşınmasına son qoyulmasını, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini dərhal çıxarmağı tələb edir", məlumatda deyilib.

Bakı Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış rejiminin labüd olduğunu deyir

"Bu əməllər Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü bir daha sübut edir", bugünkü hadisə ilə əlaqədar Azərbaycan XİN-in məlumatında qeyd olunub.

Eyni fikir Azərbaycan MN-in bəyanatında da vurğulanıb: "Bu gün baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir".

MN xatırladıb ki, "Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur".

"Xatırladırıq ki, Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktları bundan əvvəl də müəyyən olunmuşdur", rəsmi məlumatda deyilib.

Azərbaycan MN-i Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırıb ki, "üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir."

Bakı Rusiya sülhməramlı kontingentinin komandanlığına "bir daha" xatırladıb ki, "başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti surətdə yolverilməzdir."