Putin Əliyevə Ermənistan-Azərbaycan sərhədinin "demarkasiyasına kömək təklif edib"

Putin, Əliyevlər

Şəklin mənbəyi, Azərtac

Şəklin alt yazısı, Bazar günü axşam Putin Əliyevlərlə şam edib

Bakıda rəsmi səfərdə olan Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə Ermənistan-Azərbaycan sərhədinin "demarkasiyasına kömək təklif edib".

İki ölkə lideri Azərbaycan-Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsindən də danışıb, Rusiyanın TASS xəbər agentliyi yazıb.

Putin bildirib ki, əgər onlar Azərbaycan və Ermənistanla sülh sazişinin imzalanmasına nail ola, sərhədlərin müəyyənləşdirilməsinə nail olsalar, "buna çox şad" olarlar, Rusiya mediası bildirib.

Azərtac xəbər verir ki, görüşdə dövlət rəhbərləri iki il əvvəl Azərbaycan ilə Rusiya arasında qəbul edilmiş müttəfiqlik bəyannaməsinin uğurla yerinə yetirildiyini vurğulayıblar.

“Münasibətlərimiz hələ 2022-ci ilin əvvəlində sizinlə imzaladığımız bəyannamə əsasında inkişaf edir, uğurla yerinə yetirilir və sizin bu ilin aprelində Moskvaya səfəriniz zamanı ikitərəfli münasibətlərimizin inkişafına yaxşı təkan verilib. İqtisadi-ticari əlaqələr uğurla inkişaf edir”, - Azərtac Putinə istinadla yazıb.

Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə Rusiyanın 2022-ci ildə, Ukraynaya hücumdan etməsindən iki gün əvvəl imzalanıb.

Həmin bəyannaməyə əsasən, Azərbaycan və Rusiya aktual beynəlxalq problemlərlə bağlı eyni və ya yaxın mövqelər tutmalıdırlar. Həmçinin hər iki ölkə qarşılıqlı maraq kəsb edən məsələlər üzrə BMT, ATƏT, MDB, digər beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərməlidirlər.

Prezident İlham Əliyev bildirib ki, Putinin dövlət səfəri ikitərəfli münasibətlər üçün faydalı olacaq.

“Bu gün gündəlikdə duran məsələləri bir daha müzakirə edəcəyik. Əminəm ki, səfər həm sizin, həm də münasibətlərimiz üçün xoş olacaq”, - Əliyev Putinə deyib, Azərtac yazıb.

Rusiya Prezidenti Putin

Şəklin mənbəyi, Azərtac

Vladimir Putin Azərbaycana avqustun 18-də gəlib və axşam Əliyevlərin evində şam edib, Azərtac yazıb.

Səfər ərəfəsində Kreml bildirmişdi ki, Putin Əliyevlə Azərbaycan və Rusiya arasında müttəfiqlik və strateji əməkdaşlığın inkişafını müzakirə edəcək.

Səfər bazar ertəsi başa çatacaq.