Putinin separatçı DXR və LXR-i rəsmi olaraq tanıması nə deməkdir?

Şəklin mənbəyi, Reuters
Rusiyanın Federasiya Şurası Prezident Putinin müraciətini yekdilliklə dəstəkləyib və Rusiya silahlı qüvvələrinin xaricdə istifadəsinə icazə verib.
Rusiya bazar ertəsi günü Ukraynanın Donetsk və Luhansk regionlarının müstəqilliyini tanıyıb.
Bu, Rusiyanın işğal planları barədə narahatlıqların artmasına səbəb olacaq addım kimi görülür.
______________________________________________________
Bu həftə Rusiya prezidenti Vladimir Putin separatçı regionlar olan "Donbas Xalq Respublikasını" və "Luhansk Xalq Respublikasının" müstəqilliyini tanıyıb.Bu, Ukrayna, Rusiya və Qərb üçün nə deməkdir? Hazırda İngiltərdə mənzillənən təhlilçi Fuad Şahbazov BBC Azərbaycanca üçün təhlil edib.
Prezident Vladimir Putinin bu qərarı Ukrayna ilə münaqişənin həll edilməsinə yönəlmiş Minsk danışıqlarının birdəfəlik tarixə qovuşması ilə bərabər, Rusiyanın da diplomatik müstəvidə məğlubiyyəti deməkdir.
İki ölkə arasında 2021-ci ilin ortalarından başlayan gərginlik bir müddət sonra ABŞ-NATO və Rusiya qarşıdurmasına çevrilərək Soyuq Müharibə dövründən bəri Şərqi Avropa regionun real təhlükə ilə üzləşdiyi bir dövr kimi tarixə düşdü.
Gərginlik fonunda Moskva dəfələrlə özünün "dialoqa və diplomatika həll yollarına" hazır olduğunu vurğulasa da, danışıqlar prosesi demək olar ki, heç bir real nəticəyə gətirib çıxara bilmədi.
Rusiyanın hakim siyasi elitasının açıq-aşkar Ukraynanı hərbi müdaxilə ilə hədələməsi fonunda Moskvanın əsas məqsədi NATO blokuna qarşı sadə qorxu taktikasının bir parçası idi.
Bu ideyaya əsasən Ukrayna NATO üzvlüyü fikrindən daşınmalı və Qərblə arasındakı münasibətlərə müəyyən bir dövr üçün məsafə qoymalı idi.
Lakin bu dəfə gözlənilənin əksinə Rusiyanın qorxu taktikası əks-təsir göstərdi və ABŞ başda olmaqla NATO bloku üzvlərinin Ukraynaya hərbi-iqtisadi yardımlarının daha da intensiv hala gəlməsinə səbəb oldu.
Qərbi Avropada Fransa və Almaniyanın gərginlik ilə bağlı təmkinli mövqedə dayanması və Rusiya ilə sıx təmaslarını davam etdirmələri həm Ukraynada həm də ABŞ-da tənqidlə qarşılansa da digər aparıcı ölkələrin hədə-qorxulara məhəl qoymamaları, göründüyü kimi, Kremldə qeyri-müəyyən bir vəziyyət yaradıb.
Sadə dildə desək, Ukrayna ilə hərbi-diplomatik gərginlik qısa zamanda Rusiya-Qərb qarşıdurmasına çevrildi.
Belə bir mürəkkəb vəziyyətlə qarşı-qarşıya qalacağını gözləməyən Vladimir Putin üçün indiki mərhələdə yeganə çıxış yolu Donetsk və Luhanskdakı separatçı rejimlərin rəsmi olaraq tanınması idi.
Bu qərarın Rusiyanın onsuz da zədələnmiş beynəlxalq imicinə daha da mənfi təsir etməklə bərabər yeni iqtisadi sanksiyaların da xəbərçisi oldu.
Böyük ehtimalla yeni sanksiyalar Rusiya banklarının və dövlət şirkətlərinin dollar əməliyyatlarından təcrid edilməsi, eləcə də enerji və metallurgiya sahələrini hədəf alacaq.
Bu da öz növbəsində Rusiyanın qlobal maliyyə sistemindən daha də təcrid edilməsinə, xarici investisiya axının daha da azalmasına gətirib çıxaracaq. ABŞ-dan fərqli olaraq isə Avropa İttifaqı (Aİ) üzvlərinin sanksiyalarla bağlı yekun qərarının olmaması Rusiyaya qarşı əlavə sanksiyaların gecikməsinə səbəb ola bilər. _____________________________________________________
ABŞ Prezidenti Joe Biden amerikalılara Donetsk və Luhanska investisiya, ticarət və maliyyələşdirməni qadağan edən sənəd imzalayıb. O, bu barədə sərəncamı Putinin Rusiyanın Donetsk və Luhanskın müstəqilliyini tanımasından dərhal sonra verib.
Ağ Evdən gələn xəbərlərə görə, çərşənbə axşamı günü Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağı gözlənilir.
"Sabah (bu gün) Birləşmiş Ştatlar beynəlxalq hüququn, Ukraynanın suverenliyi və ərazi bütövlüyünü belə açıq şəkildə pozduğuna görə Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək", - ABŞ-ın BMT-dəki səfiri Linda Thomas-Greenfield Təhlükəsizlik Şurasının bazar ertəsi axşamı keçirilmiş iclasından sonra jurnalistlərə deyib.
Sanksiyalar əsasən "Rusiya bankları ilə beynəlxalq ödənişlərə imkan verən ABŞ bankları arasında "müxbir" bank əlaqələrini kəsərək Rusiya iqtisadiyyatına zərər vurmaq məqsədi daşıyır", - Reuters yazır.

"Biz müttəfiqlər və tərəfdaşlarla birgə bəyanat üzərində işləyirik" - bir sözçünün sanksiyalarla bağlı verdiyi məlumatda deyilir. Ağ Evin bu gün tətbiq edəcəyi gözlənilən sanksiyalara Qərb dövlətlərinin də bəzilərinin qoşulacağı ehtimal edilir.
Bu arada Türkiyə Rusiyanın Donetsk və Luhanskın müstəqilliyini tanıması qərarını qəbuledilməz adlandırıb və "rədd etdiyini" bildirib.
İşğal planları barədə narahatlıqların artmasına səbəb
Rusiya Ukraynanın separatçı regionları olan Donetsk və Luhanskın müstəqilliyini tanıyıb. Bu, Rusiyanın işğal planları barədə narahatlıqların artmasına səbəb olacaq addım kimi görülür.
Vladimir Putin "Donetsk Xalq Respublikasının tanınması haqqında" və "Luhansk Xalq Respublikasının tanınması haqqında" fərmanlar imzalayıb, Kreml bildirir.
Tanınmamış "respublikaların" liderləri Rusiya ilə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım müqavilələri də imzalayıblar.
Vladimir Putin sənədləri imzaladıqdan sonra Parlamentdən onları ratifikasiya etməyi istəyib.

Şəklin mənbəyi, Alexei Nikolsky/TASS
Putin xalqa müraciətində nə dedi?
"Müasir Ukrayna tamamilə və bütövlükdə Rusiya tərəfindən yaradılıb", - Vladimir Putin qərarı ilə bağlı xalqa müraciətinin belə başlayıb.
Prezident Putin xüsusilə qeyd edib ki, o Rusiya sovet və kommunist Rusiyası olub.
Tarixlə bağlı çıxışını davam etdirən Putin keçmiş kommunist lideri Vladimir Lenini tənqid edərək onu Ukraynanın "müəllifi və memarı" adlandırıb.
Vladimir Putin xalq müraciətində onu da deyib ki, 1991-ci ildə Sovet İttifaqı dağılanda Rusiya "qəsb edilib".
O, ilk dəfə deyil ki, bu barədə danışır. Vladimir Putin bundan əvvəl bildirmişdi ki, ittifaqın dağılmasını "geo-siyasi fəlakət" adlandırıb.
Putin NATO-nun Ukraynanı "müharibə teatrına çevirdiyini" deyib.
Avropa ölkələrinin reaksiyası nə oldu?
Britaniyanın Baş naziri Boris Johnson deyib ki, Ukraynanın şərqindəki separatçı qurumların tanınması "açıq şəkildə beynəlxalq hüququn pozulması" olar.
"Bu, Ukraynanın suverenliyi və bütövlüyünün kobud şəkildə pozulmasıdır", cənab Johnson deyib. "Bu, Minsk prosesinin və Minsk razılaşmalarının rədd edilməsidir və hesab edirəm ki, bu, çox pis işarə və çox qaranlıq əlamətdir".
Almaniya Kansleri Olaf Scholz Putinin qərarını pisləyib və məsələ barədə Fransa və Ukrayna prezidentləri ilə müzakirə aparıb.
Fransa Prezidenti Emmanuel Macron Ukrayna böhranını müzakirə etmək üçün təhlükəsizlik və müdafiə şurasının təcili iclasını çağırıb.
Cənab Macron bundan əvvəl iki dəfə cənab Putinə zəng edib və Ukrayna barədə danışıb.
Bundan əvvəl Vladimir Putinə xəbərdarlıq edilib ki, o, Ukraynanın separatçı regionlarının müstəqilliyini tanıyarsa, Avropa İttifaqı sanksiya tətbiq edə bilər.
Aİ-nin xarici siyasət üzrə komissarı Josep Borrell daha əvvəl demişdi ki, "ilhaq olarsa, sanksiyalar olacaq, tanınma olarsa, mən sanksiyaları masaya qoyacağam və nazirlər qərar verəcək".
Baş verənlərdən görünür ki, Vladimir Putin xəbərdarlıqlara məhəl qoymayıb. Kreml elan edib ki, Putin bu qərarı barədə Fransa və Almaniya liderlərinə məlumat verib.
Fransa və Almaniya bu münaqişə ilə bağlı Ukrayna və Rusiya arasında əsas vasitəçilərdir.
Putin Donetsk və Luhansk barədə qərarı necə verdi?
Bu gün Prezident Vladimir Putin Rusiyanın Təhlükəsizlik Şurasının təcili iclasında demişdi ki, tanınmamış Donetsk Xalq Respublikası və tanınmamış Luhansk Xalq Respublikası liderlərinin suverenliyin tanınması ilə bağlı müraciətlərinə baxılacaq.
Həmin iclasda Dövlət Dumasının və Federasiya Şurasının spikerləri də tanınmamış DXR və tanınmamış LXR-nin müstəqilliyinin tanınmasına çağırış ediblər. Digər rəsmilər də oxşar fikirlər səsləndiriblər. Xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, həmçinin Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak çıxışlar ediblər.
Putin bildirib ki, Ukrayna hakimiyyəti Minsk razılaşmalarını yerinə yetirmək fikrində deyil. Dmitri Kozak onunla razılaşıb. Putin sözü Təhlükəsizlik Şurası sədrinin birinci müavini Dmitri Medvedevə də verib. Rusiya Federasiyasının keçmiş prezidenti Medvedev çıxışında 2008-ci ildə Cənubi Osetiya və Abxaziyanın tanınması barədə qərarını necə verdiyini xatırlayıb.
Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Vaşinqtonu Ukrayna üzrə əsas müzakirəçi adlandırıb və ABŞ-la danışıqlara çağırıb. Baş nazir Mixail Mişustin gözlənilən sanksiyalardan danışıb, amma Patruşevi də dəstəkləyib. Onlar Moskvanın mövqeyini Vaşinqtona çatdırmağı, əgər "hərəkət" olmasa, əks təqdirdə DXR və LXR-i tanımağı təklif ediblər.








