Zülfüqar Rüfətoğlu dostlarının xatirəsində: "Bakı üçün darıxırdı"

Zülfüqar Rüfətoğlu

Londonda vəfat edən BBC-nin keçmiş əməkdaşı, tanınmış jurnalist Zülfüqar Rüfətoğlunun dostları onunla bağlı xatirələrini bölüşürlər:

"Səni şəxsən tanımazdan çox-çox əvvəl səndən öyrənməyə başlamışdım"

Könül Xəlilova,

BBC Azərbaycanın redaktoru

Ən son imeylində mənə yazırdın: "Ha deyirəm, Broadcasting House-a gəlim, səninlə rahat söhbət edim, alınmır. Qocalıq bir şey deyil : )". Nur içində yat, əziz Zülfüqar. Səni BBC Azərbaycanca xidmətinin 30 yaşının tamam olduğu ayda itirdik.

Mən BBC-də işləmək üçün Londona gələndə, tez bir zamanda radio bacarıqlarına yiyələnməyə digər həmkarlarım kimi, sənin də böyük köməyin dəymişdi. Amma səni şəxsən tanımazdan çox-çox əvvəl səndən öyrənməyə başlamışdım - bu gün redaktoru olduğum BBC Azərbaycanca xidmətinin və xüsusilə də sənin daimi dinləyicilərindən idim. Mükəmməl səsin və radio aparıcılığın vardı və bu, sonradan BBC jurnalisti olmağımda BBC məktəbinin yüksək professionallığı ilə birlikdə önəmli bir rol oynayacaqdı.

Ustalıqla hazırladığın radio proqramlarla yanaşı, dinləyicin olduğum zamanlarda, radioda sənin tərcüməndə və ifanda bir şeir dinləmişdim. Onu heç zaman unutmadım. Şeir belə idi:

Xoşbəxtlikdən, bədbəxtlikdən, ya da boş yerə,

bu düz sözdür, heç vaxt dönmə köhnə yerlərə

O yerlərin qalmışsa da, daşı, tavanı,

nə sən, nə mən, tapa bilərik axtarılanı

Sən də qardaş, təzələmə, bu köhnə dərdi,

yoxsa, vallah, geyinərəm, keçə çəkməmi

qayıdaram o illərə, kim saxlar məni

O yerləri gözüm görsə, tanıyacaqdır

çünki orda anam gəncdir, atamsa sağdır...

BBC Azərbaycanca xidmətinin proqramları 90-2000-ci illərin bir çox gənc jurnalistləri üçün məktəb idi. Və sən də o məktəbin müəllimlərindən idin. Azərbaycan dilini böyük mühafizəkarlıqla qorumağa çalışırdın, yad müdaxilələrə dözümsüz idin. Bizə bir radio məktəbi qoyub getdiyin üçün, çox sağ ol!

Zülfüqar Rüfətoğlu BBC Azərbaycancanın əməkdaşı Alexey Manvelyanla
Şəklin alt yazısı, Zülfüqar Rüfətoğlu və Alexey Manvelyan - iki dost və BBC Azərbaycanca əməkdaşları

"Mən çox istedadlı bir dostumu itirdim"

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Famil İsmayılov, BBC Ruscanın redaktoru

Mən çox istedadlı bir dostumu itirdim. Onu bir çox illər boyu jurnalist və şair olaraq tanıyırdım. Onun istedadı hər iki sahədə parlayırdı. O zamankı “Azərbaycan” nəşriyyatinin dəhlizlərində də qarşılaşdığımız zaman, biz ironik bir zarafat edirdik: "şair-publisist". Bu, həyatın çətin reallıqlarını görmədən hər bir hekayəni saf bir poeziyaya çevirməyə çalışan "işə yaramayan" həmkarlarımıza verilən bir ləqəb idi.

Amma Zülfüqar fərqli idi. O, özünün poetik daxili aləmini istifadə edərək həyatı bütün çətinlikləri ilə anlatmağa çalışırdı. 1990-cı illərdə o, Yerevana gedən ilk Azərbaycanlı jurnalistlərdən biri idi və orada ermənilərin həyatını və hisslərini öz azərbaycanlı izləyicilərinə çatdırmağa çalışırdı.

O, BBC jurnalisti kimi getmişdi və erməni höküməti onun gələcəyini əvvəlcədən bilirdi (BBC öz müxbirlərinin təhlükəsizliyinə çox ciddi yanaşır).

Buna baxmayaraq, o zamanlar sərhədçilər, o Azərbaycan pasportunu təqdim etdikdə çaşqınlıq yaşadılar.

Nəhayət, onu buraxdılar və o səfərdə, BBC-nin Ermənistan üzrə müxbiri Aleksey Manvelyan (Azərbaycan dilini mükəmməl bilir) ilə birlikdə çox populyar bir radio serialı ("Atəşkəs kölgəsində") hazırladılar, hələ də nostalji ilə dinlədiyirəm bu proqramı.

İndi düşünün, bir azərbaycanlı olaraq o dövrlərdə Yerevana getmək üçün nə qədər cəsarətə sahib olmaq lazim idi. Zülfüqar böyük bir insan və həyatın böyük bir şairi idi. Və biz onu belə xatırlayacağıq.

Zülfüqar Rüfətoğlu İbrahim Nəbioğlu

Şəklin mənbəyi, İbrahim Nəbioğlu

Şəklin alt yazısı, İbrahim Nəbioğlu və Zülfüqar Rüfətoğlu

"...professora göstərəndə heyrət etdi ki, bu adam bunu necə tərcümə edib?"

İbrahim Nəbioğlu

Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu

Bizim ikimiz Bakıya, Azərbaycana çox bağlı idik. İkimiz də bu düşüncədəydik, belə bir qənaətə gəlmişdik ki, biz Bakını Bakı olduğu üçün sevmirik. Biz Bakıya insanları, vətəndəki ünsiyyətimiz, ata-anamızın məzarları bağlayır.

Zülfüqarın yazısı da şeirləri kimi qüsursuz idi, onun yazdığı mətnləri çox az insan kağıza tökə bilər...

İki möhtəşəm səs var Azərbaycan tele-radio məkanında - Aydın Qaradağlı və Zülfüqar Rüfətoğlu.

Zülfüqar mənə çox şeirlər ithaf edib. Təəssüf ki, şeirlərin hamısında kədər var, acı var, qürbət var. O, daxilən xoşbəxt idi, çünki çox istedadlı idi və bunun fərqindəydi. Amma bunu göstərə bilmirdi.

Nə qədər mütaliə etməyi sevsəm də, şeir oxumağı çox sevmirəm. Zülfüqar mənə şeiri sevdirmişdi. O qədər gözəl yazırdı ki... İngilis dilindən çox gözəl tərcümələr edirdi. Robert Rodney Ruelas adlı bir irlandiyalı şairin şeirini tərcümə etmişdi, burda ingilis ədəbiyyatı üzrə bir professora göstərəndə heyrət etdi ki, bu adam bunu necə tərcümə edib? Şeir indi qabağımdadır:

Səsi batırsaydı sənsiz darıxmaq,

Dünya danışmazdı, səssiz olardı.

Yağmur yağdırsaydı sənsiz darıxmaq,

Dünyanın hər yeri dəniz olardı.

Bu dəqiqə də tüklərim biz-biz olur bunu oxuyanda. Bunu adam necə sevgiylə tərcümə edib...

İşığı udsaydı sənsiz darıxmaq,

Kəhkəşan ələmə çevrilməzdimi?

Yəni aləmə yox ha, ələmə çevrilməzdimi? Hər sözün üstündə oynayırdı.

Mənə göndərirdi ki, ona bəh-bəh deyim. Məsələn, deyəndə ki, burda nə oyun çıxarmısan, bu onun xoşuna gəlirdi. Yaxşı sözə ehtiyacı vardı. Londonda, qürbətdə bu ünsiyyətə ehtiyacı vardı. Qürbətdə ona çətin idi. Bakı üçün darıxırdı, Bakı onun üçün çoğtafi yer deyildi, o, burdakı insanlar üçün darıxırdı. Onun ən böyük problemi ünsiyyət problemi idi. Onun dostları ilə, tanışları ilə, getdiyi kababxananın kababçısı, çayxananın çayçısı ilə ünsiyyətə ehtiyacı vardı.

Zülfüqarın cismi Londonda idi, ürəyi Bakıda...İndi məzarı da Londonda olacaq...

Qürbət onun taleyi idi, qürbətsiz da yapa bilmədi, köçə bilmədi Bakıya.