Stresli olanda niyə daha çox yeyirik?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Kate Bowie
- Vəzifə, BBC
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Stres sağlamlığınızı ciddi şəkildə poza bilər. O, baş və mədə ağrılarına, yuxusuzluğa səbəb ola bilər və həmçinin yemək vərdişlərinizi də dəyişdirə bilər.
Stresli olduğumuz zaman əlimiz çox vaxt şokolada və ya pizzaya uzanır, bəzən isə heç nə yemirik.
Bəs stres iştahamıza niyə təsir edir və bunun qarşısını almaq üçün nə edə bilərik?
Stres nədir?
ABŞ-dakı Yale Universitetinin Fənlərarası Stres Mərkəzinin qurucusu, klinik psixoloq professor Rajita Sinha belə izah edir: "Stres, bir vəziyyətin öhdəsindən gələ bilmədiyinizi hiss etdiyiniz, sizi çox sıxan çətin hallara bədənin və zehnin verdiyi reaksiyadır".
Ətrafınızdakı hadisələr, zehninizdəki narahatlıqlar, eləcə də çox aclıq və susuzluq kimi bədəndə baş verən dəyişikliklər beyninizdə noxud böyüklüyündə olan hipotalamus adlı hissəni aktivləşdirir və bədəninizə təsir edən stres reaksiyasını yaradır.
Sinha bildirir ki, bu "xəbərdarlıq sistemi" bədənimizdəki hər bir hüceyrəni hərəkətə gətirir, nəbzi və təzyiqi artırmaq üçün adrenalin və kortizol kimi hormonların ifrazını hərəkətə gətirir.
Qısamüddətli stres bəzən faydalı ola bilər, məsələn, sizi təhlükədən qaçmağa və ya bir işi son tarixə qədər bitirməyə motivasiya edir.
Amma uzunmüddətli, yəni xroniki stres dağıdıcı təsir göstərə bilər.
Münasibətlər, iş və ya maddi problemlərdən qaynaqlanan xroniki stres yaşayan insanlar depressiyaya düşə, yuxu pozğunluğu yaşaya və ya çəkisi arta bilər.
Stres niyə iştahamıza təsir edir?
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Stres aclığı artıra da bilər, tamamilə azalda da bilər.
"Stresə qarşı qorunmaq (Stress-Proof)" və "Hipersəmərəli (Hyperefficient)" kitablarının müəllifi, nevroloq və göz xəstəlikləri üzrə mütəxəssis Dr. Mithu Storoni deyir:
"İmtahanlara hazırlaşarkən daim ürəyim bulanırdı".
O əlavə edir ki, bunun səbəblərindən biri həzm sistemi, mədə və bağırsaqlar ilə beyin arasında birbaşa əlaqənin olmasıdır.
Stres beyin kötüyünüzdən qarın boşluğuna qədər uzanan vagus sinirinin fəaliyyətini zəiflədə bilər.
Bu sinir beyinlə bağırsaq arasında siqnallar daşıyır və beyinə mədənin dolu olduğu, bədənin enerji ehtiyacları barədə məlumat verir.
Dr. Storoni deyir ki, bu vəziyyət bəzi insanlarda iştahanın tamamilə bağlanmasına səbəb ola bilər.
"Ancaq digər tərəfdən, qısamüddətli stres zamanı beynin şəkərə ehtiyacı olduğunu da bilirik", – deyə o əlavə edir.
Storoni bildirir ki, bu halda bəzi insanlarda şüuraltı, gözlənilməz bir vəziyyətə hazırlaşmaq məqsədilə "enerji ehtiyatlarını artırmaq üçün bir şeylər yeməyə" meyillənə bilər.
Xroniki stres iştahımıza necə təsir edir?
Xroniki stresin təsirləri, sadəcə, ürəkbulanma və ya şəkər yemək istəyilə məhdudlaşmır.
Professor Rajita Sinha bildirir ki, bədənimiz stres altındaykən qan dövranımız şəkərlə dolur və qlükoza səviyyəsini tənzimləyən insulin hormonunun təsiri müvəqqəti olaraq azalır.
Nəticədə, qlükoza enerji istehsalında istifadə olunmaq əvəzinə qan dövranında qalır, bu da qan şəkərinin yüksəlməsinə səbəb olur.
Bu proses uzunmüddətli olaraq xroniki stres yaşayan insanlarda yüksək qan şəkəri səviyyələrinə, insulin müqavimətinə və nəticə etibarilə diabet xəstəliyinə yol aça bilər.
Bundan əlavə, çəki artımı da bədəni iştahdakı dəyişikliklərə qarşı daha həssas edir.
Ümumiyyətlə, bədənində artıq yağ olan insanlarda insulin müqavimətinin yaranma ehtimalı daha yüksəkdir. Bu isə stres zamanı beyin hüceyrələrinin daha çox şəkər istəməsinə gətirib çıxarır.
Prof. Sinha deyir:
"Bir şey digərinə səbəb olur. Bu bir qısır döngüdür və içərisinə düşdükcə ondan çıxmaq daha da çətinləşir".

Şəklin mənbəyi, Getty Images
Stres səbəbindən yeməyi necə dayandıra bilərik?
Dr. Mithu Storoniyə görə, stresli olacağınızı əvvəlcədən bildiyiniz intensiv bir dövrə girməzdən əvvəl stresin idarə olunması ilə bağlı planlar qurmaq, artıq yeməkdən yayınmağın ən təsirli yollarından biridir.
O, xüsusilə yuxunun həyati əhəmiyyət daşıdığını vurğulayır:
"Yuxuya həqiqətən diqqət yetirməyi tövsiyə edirəm, çünki yuxu stres reaksiyasında iştirak edən üç orqanı bərpa edir".
Yuxu beynin hipotalamus hissəsini, eləcə də hipofiz və böyrəküstü vəzləri yenidən tarazlaşdırır və stres hormonlarının istehsalını dayandırır.
Dr. Storoni bildirir:
"Əgər yuxusuzsunuzsa, şəkərli qidalara tələbatınız artır, çünki yuxusuzluq beyninizin daha çox enerji istəməsinə səbəb olur".
O, həmçinin qeyd edir ki, məşq həm stresdən rahatlaşma qabiliyyətinizi, həm də beyin funksiyalarınızı gücləndirir.
Yəni, yüksək təzyiq altında qalacağınız bir dövr yaxınlaşırsa, yuxu, fiziki fəaliyyət və planlı davranış kimi əsas vərdişlərə diqqət yetirmək, stres nəticəsində yaranan həddindən artıq yemə meylini azaltmağa kömək edə bilər.
Stresli olduğumuzda hansı qidalardan uzaq durmalıyıq?
Professor Rajita Sinha, stresli olduğumuz zaman çoxlu miqdarda şəkər qəbul etməməyin ən sadə yolunun zərərli, hazır qidalar almamaq olduğunu vurğulayır:
"Bu çox praktik bir yanaşmadır. Onları əlinizin altında saxlamayın, çünki yemək istəyi yaranacaq və stres altında bundan çəkinmək çətin olacaq".
O əlavə edir ki, aclıq və şəkər istəyini azaltmağın ən yaxşı yollarından biri gün ərzində sağlam və kiçik porsiyalarda yeməkdir.
Pizza və ya şəkərli qəlyanaltılar kimi sadə karbohidratlardan uzaq durmaq da vacibdir, çünki onlar qan şəkərini sürətlə yüksəldir.
Bunun əvəzinə, ət, paxlalılar, balıq kimi zülal baxımından zəngin qidalar və tam taxıllı karbohidratlar daha sağlam alternativlər sayılır.
Digər mühüm məsələ isə alkoqol qəbulunun azaldılmasıdır.Bəzi insanlar stresdən qurtulmaq üçün alkoqola üz tutur.
Dr. Mithu Storoni deyir: "Əgər stresli olduğunuzda alkoqol içməyə meyllisinizsə, bu dövrlərdə onu azaltmaq çox faydalı olacaq."

Şəklin mənbəyi, Getty Images
"Cəmiyyətlər stres və qidalanma problemi ilə mübarizə aparmaq üçün yaxşı üsullar inkişaf etdirib. Bəzən bu, sadəcə birlikdə yemək və ya birlikdə yemək bişirmək deməkdir", - Prof. Sinha qeyd edir.
O əlavə edir: "Stres və yemək arasındakı əlaqəni düzəldə bilmək və qida ilə münasibətimizi yenidən qurmaq üçün bəzi əsas prinsiplərə qayıtmağımız lazım olduğunu düşünürəm".
Professor Rajita Sinha və Dr. Mithu Storoni fikirlərini BBC-nin "Food Chain" proqramında Ruth Alexander ilə söhbət zamanı bölüşüblər.







