Azərbaycan və Ermənistan sülhə hazırlaşır. Bəs xalqlar arasındakı nifrəti necə aradan qaldırmaq olar?

Şəklin mənbəyi, Silk Way Star
- Müəllif, Məhərrəm Zeynalov
- Vəzifə, BBC
- Oxuma vaxtı: 8 dəq
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Artıq bu il Bakı və Yerevan otuz ildən çox davam edən münaqişəyə son qoyacaq sülh müqaviləsi imzalaya bilər. Lakin bütün ermənilər və azərbaycanlıların buna hazır olduğunu demək olmaz.
"İstəyirəm bütün dünyada sülh olsun. Layiq olduğunu əlindən almayacağam, ona görə də Azərbaycandan sənə 12 bal", - 2025-ci ilin noyabr ayında Qazaxıstanda keçirilən Silk Way Star musiqi müsabiqəsinin münsif üzvü və azərbaycanlı müğənni Samirə Əfəndi deyir. Həyəcanlı səslə o, erməni müğənni Saro Gevorqyana müraciət edir.
Azərbaycandan erməniyə yüksək qiymət - nadir haldır, amma Əfəndi daha uzağa gedib onu qucaqlayır.
"Mən ona 12 bal verəndə o, jestlə məni qucaqlamaq istədiyini göstərdi", - Samirə 2025-ci ilin noyabrında yerli mediaya verdiyi müsahibədə bildirib.
O qorxurdu ki, Birinci Qarabağ müharibəsi veteranı olan atası onu başa düşməz. Lakin, Əfəndinin sözlərinə görə, atası özü ona zəng edib və deyib ki, o, heç bir səhv iş görməyib.
Samirə Əfəndi Bakıya qayıdanda təqiblər başladı. "Sizin bu yanlış fikirləriniz, bu ifadələriniz analarımızın xətrinə dəyib", - yerli televiziya aparıcısı ona müharibədə həlak olanların ailələrindən üzr istəməyi tələb edərək deyib.
Mövzu sosial mediada gündəmə gətirildi və müğənni düşmənlə dostluq etməkdə və şəhidlərin xatirəsinə hörmətsizlikdə ittiham edildi.
"Niyə üzr istəməliyəm? Mənə elə gəlir ki, zaman gələcək, insanlar barışacaq", - deyə o, tənqidçilərinə cavab verib. – Məni ilk addımı atdığıma görə qınayırlar".
Ölkələr ötən ilin sonunda ictimai xadimlərdən ibarət rəsmi nümayəndə heyətlərinin səfərlərinin mübadiləsinə başlasalar da, Samirə Əfəndinin bu ilk addımı 30 ildən artıqdır ki, düşmənçilik edən xalqlar üçün hələ də çox cəsarətlidir.
Müqəddəs mahiyyətli münaqişə: nifrət nə qədər dərin kök salıb?
Ermənilərin məskunlaşdığı, Azərbaycan SSR-nin tərkibindəki Dağlıq Qarabağın mənsubiyyəti ilə bağlı mübahisələrdən qaynaqlanan ermənilərlə azərbaycanlılar arasında münaqişə Sovet İttifaqının dağılmasından əvvəl kəskinləşməyə başladı.
İlk böyük zorakılıq hadisələrindən biri 1988-ci ildə Sumqayıt şəhərində ermənilərin qırğınları oldu və bunun ardınca azərbaycanlıların Ermənistandan, ermənilərin isə Azərbaycandan kütləvi şəkildə qovulması başlandı.
1992-ci ildə münaqişə hər iki tərəfdən minlərlə insanın həlak olması və yüz minlərlə insanın didərgin düşməsinə səbəb olmuş tammiqyaslı müharibəyə çevrildi.
Birinci müharibədə (1992-1994) Ermənistan, ikincində isə 2020-ci ildə Azərbaycan qalib gəldi.

Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Bu 30 ilə yaxın müddətdə ömründə heç vaxt qonşu xalqın nümayəndələrini görməmiş və onlara qarşı olduqca real inciklik dolu bütöv bir nəsil dünyaya gəlib və nifrət içində böyüyüb.
Sovet dövrünün sonlarından bəri münaqişənin hər iki tərəfindən jurnalistlər, yazıçılar və şairlərin səyləri ilə Qarabağ ətrafında müqəddəslik kultu inkişaf etdirilib: bölgədəki digər şəhərlərlə müqayisədə gənc olmasına baxmayaraq, Şuşa hər iki xalqa müqəddəs bir paytaxt kimi təqdim edilib.
Tarixi travmalar şişirdilmiş və yenidən uydurulur, cəmiyyətdə isə düşməni məkrləşdirmək kultu tətbiq edilirdi.
Sosioloq Altay Göyüşov Azərbaycan hökumətinin siyasəti haqqında deyir: "Siz 30 ildir bunu edirsiniz, yəni siz, belə desək, erməni vəhşisi obrazını yaradıbsınız. Müəyyən mənada, indi hakimiyyətin özü bu 30 il baş verənlərin girovuna çevrilib".
Ermənilər 1918-ci ilin mart ayında Bakıda baş verən qırğınları, azərbaycanlılar isə həmin ilin sentyabr ayında eyni şəhərdə baş verən erməni qırğınlarını xatırlamırlar. Hər iki tərəf yalnız qurban kimi görünmək istəyir.
Narahatedici faktların təkzibi ilə hər iki ölkənin hakimiyyəti də məşğul olub. Azərbaycan Sumqayıtda ermənilərin qırğınları ermənilərin törətdiyini sübut etməyə çalışıb, Ermənistanda isə 1992-ci ildə Xocalıda dinc əhaliyə qarşı törədilən qırğının azərbaycanlıların özləri tərəfindən törədildiyi nəzəriyyəsi irəli sürülürdü.
Azərbaycanda "erməni" sözü söyüş sayılır, Ermənistanda isə "türk" sözü və buna azərbaycanlılar da daxildir.

Şəklin mənbəyi, Armenia Today
Jurnalist və uzun müddət vətəndaş sülh təşəbbüslərinin iştirakçısı Boris Navasardyan qeyd edir ki, qarşılıqlı kin-ədavət səviyyəsi ən kiçik detallarda belə müşahidə olunur.
"İdmanda, hər hansı beynəlxalq yarışda bir azərbaycanlının bir ermənini və ya bir erməninin bir azərbaycanlını məğlub edib 17-ci yeri tutması, məsələn, gümüş medaldan daha yüksək qiymətləndirilir, - Navasardyan deyir. - Musiqi yarışlarında da təxminən eyni şeyi görürük. Əsas məsələ təkcə yüksək yer tutmaq deyil, bu yer qonşu ölkə nümayəndəsinin tutduğu yerdən yüksək olmalıdır".
Sülhə doğru. Hakimiyyətlər sülhə hazırdırmı?
2025-ci ilin avqust ayında ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderləri, nəhayət ki, sülh müqaviləsinin mətnini təsdiqlədilər. Bu müqaviləyə əsasən, ölkələr qarşılıqlı təhdidlərdən və bir-birinə qarşı ərazi iddialarından imtina etmək öhdəliyini götürdülər.
Saziş hələ imzalanmayıb, lakin bu il baş tuta biləcəyi gözlənilir, əgər Ermənistan, Azərbaycanın təbirincə, onun ərazi bütövlüyünə iddialar ehtiva edən konstitusiyasını dəyişərsə.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin "yeni geosiyasi şəraitdə ölkənin davamlılığını təmin edəcək" yeni bir konstitusiyaya ehtiyacı olduğunu bildirir. O, açıq şəkildə demir ki, Azərbaycanın tələblərini yerinə yetirir.
Artıq ötən ilin sonunda Bakı və Yerevan bir neçə il əvvəl ağlasığmaz görünə bilən ticarəti bərpa etdilər.

Şəklin mənbəyi, Getty Images
Sovet İttifaqının dağılması ilə ölkələr arasında iqtisadi əlaqələr də dağılmışdı və Birinci Qarabağ müharibəsindən sonra bərpa olunmadı. 2017-ci ildə bəzi Ermənistan mağazalarında Azərbaycan almalarının aşkar edilməsi qalmaqala və cinayət işi açılmasına səbəb olmuşdu.
Lakin 2025-ci ilin noyabr ayında Azərbaycan ilk dəfə olaraq öz ərazisindən Ermənistana yük daşınmasına icazə verməyə başladı və dekabr ayında orada benzin satışına başladı.
Görünə bilər ki, ölkələr eyni dərəcədə sülhə hazırdırlar, amma əslində vəziyyət daha mürəkkəbdir.
Paşinyan keçən il mətbuat konfransında ölkəsinin metal vərəqədən kəsilmiş qızılı rəngli xəritəsini göstərərək demişdi: "Ermənistan Respublikasının ərazisi budur. Və bizim bu demarkasiya xəttindən kənarda heç bir iddiamız olmamalıdır. Çünki bu demarkasiya xəttindən kənarda istənilən iddia bizim zəif yerimiz kimi istifadə olunacaq".

Şəklin mənbəyi, primeminister.am
Nikol Paşinyan uzun yol keçib: Qarabağla bağlı sərt bəyanatlar verməkdən və Şuşada 1990-cı illərdə şəhərin ermənilər tərəfindən alınmasının ildönümü qeyd edilməsi zamanı rəqs etməkdən tutmuş bölgəyə qarşı hər hansı iddialarından imtina etməyə və hətta Ermənistana tranzit yollarını açdığına görə Bakıya təşəkkür etməyə qədər.
Müxalifət Baş naziri satqın adlandırır və bir neçə il əvvəl ölkədə Azərbaycana güzəştlərə qarşı kütləvi etirazlar baş vermişdi.
Azərbaycan Prezidenti İlham Əliyev isə əksinə, qalib statusundan istifadə edərək nəinki güzəştə getməkdən imtina edir, həm də davakar ritorikadan əl çəkmir.
Ötən ilin noyabr ayında o, 20-ci əsrin əvvəllərinə aid xəritələrə istinad edərək, Ermənistanın Sevan gölünü türk toponimi Göyçə ilə xatırlatdı. O, həmçinin Ermənistan ərazisinə nəzərdə tutaraq "Qərbi Azərbaycan"dan danışmağa davam edir.

Şəklin mənbəyi, GOV.AM
Yerevan hesab edir ki, bu ritorika sülh ideyasına ziddir.
Dekabr ayında Paşinyan Ermənistanın 2023-cü ilin sentyabr ayında Azərbaycanın hərbi əməliyyatı nəticəsində bölgəni tərk edən Qarabağ ermənilərinin geri qaytarılmasını tələb etməməsi müqabilində Bakıya "Qərbi Azərbaycan" ideyasını təşviq etməyə son qoymaq üçün dövlət səviyyəsində razılaşmağı təklif edib.
Əliyev təklifə hələ cavab verməyib.
"Nəzarətsiz əlaqələr."Sülh necə əldə edilir?
Həm Ermənistanda, həm də Azərbaycanda hakimiyyət orqanları onilliklərdir ki, vətəndaş sülh təşəbbüslərinə etimadsız yanaşıblar.
Bakıda müharibə əleyhinə ictimai mövqe tutan azərbaycanlı alim Bəhruz Səmədovun həbsi beynəlxalq yaxınlaşma tərəfdarları üçün ciddi xəbərdarlıq oldu.
Ötən yay o, casusluq ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edildi.
İttihamların əsasını onun erməni həmkarları ilə yazışmaları təşkil edir. Bu yazışmalarda o, Azərbaycanı İkinci Qarabağ müharibəsinə görə qınayır.
İnsan haqları fəalları Səmədovu siyasi məhbus hesab edirlər.
2025-ci ilin payızında Azərbaycan və Ermənistan hakimiyyəti əvvəlcə Yerevanda, sonra isə Bakıda vətəndaş cəmiyyəti nümayəndələrinin görüşlərini təşkil etdilər. Nümayəndə heyətləri humanitar məsələləri, ölkələr arasında iqtisadi əlaqələrin qurulmasını və iki müharibədə itkin düşənlərin birgə axtarışını müzakirə etdilər.
Lakin erməni nümayəndə heyəti əvvəlki illərdə də müstəqil şəkildə azərbaycanlılarla görüşlərdə iştirak edənlərdən təmsil olunsa da, Azərbaycan tərəfində belələri yox idi - heyətə ancaq fəal hökumətyönlü mövqedə olan insanlar daxil idi.
Sosioloq Altay Göyüşov deyir: "Müstəqil Azərbaycan vətəndaş cəmiyyəti təzyiq altındadır; o, müstəqil şəkildə Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb. Bəhruz və ümumiyyətlə akademik dairələr bu konfranslarda öz təşəbbüsləri ilə iştirak etmişdilər. Lakin hakimiyyət istənilən müstəqil təşəbbüsün düşmənidir, hər şey onun nəzarəti altında baş verməlidir".

Şəklin mənbəyi, Delegation of the European Union to Azerbaijan
2024-cü ilin oktyabr ayında ermənilərin yarıdan çoxu Azərbaycanla sülh ideyasını dəstəkləyib, Beynəlxalq Respublikaçılar İnstitutunun tədqiqatında bildirilib.
Eyni zamanda respondentlərin 38 faizi sülhü arzuolunan, lakin əlçatmaz bir məqsəd, 33 faizi isə arzuolunmaz və əlçatmaz hesab edib.
Azərbaycanda belə sorğu aparılmayıb.
Erməni jurnalist və uzun illər Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlərdə iştirak etmiş Mark Qriqoryan deyir ki, xalqlar arasında barışığa nail olmağın ən yaxşı yolu onlara ticarət etməyə və danışmağa imkan verməkdir.
"Edilməli olan əsas şey yolların açılmasıdır ki, dövlətlər deyil, adi insanlar sərhəddə ünsiyyət qura və alış-veriş edə bilsinlər", - o deyir.
Qriqoryan 2000-ci illərin əvvəllərində Gürcüstanın Ermənistanla sərhəddə yerləşən Sadaxlo kəndində fəaliyyət göstərən böyük bir topdansatış bazarını xatırlayır.
Orada minlərlə insan alış-veriş edirdi və ora, bir növ sülhün məişət simvolu idi.
"Jurnalistlərin görüşlər yaxşıdır, amma məhsuldarlıq baxımından, düşünürəm ki, sərhədyanı ticarət onlardan daha üstün olacaq", - Qriqoryan deyir.
İnsan haqları fəalı və Qarabağ münaqişəsi üzrə ekspert Arif Yunusun fikrincə, ilk növbədə "Qərbi Azərbaycan" haqqında danışmağa və etnik nifrət ritorikasına son qoymaq və dövlət nəzarətindən asılı olmayan əsl xalq diplomatiyasının mövcud olmasına imkan vermək lazımdır.
Ancaq o, eyni zamanda bunun Azərbaycan tərəfindən mümkün olmasına şübhə ilə yanaşır.
"Sabah azərbaycanlılar ermənilərlə nəzarətsiz əlaqələrə başlayacaqlar - bu o deməkdir ki, sən erməni xüsusi xidmətləri ilə ünsiyyətdə olacaqsan, yəni potensial olaraq, sən erməni casususan", - o, Azərbaycan hakimiyyətinin məntiqini belə şərh edir.
"Onlar (Azərbaycan hakimiyyəti – BBC) sərhədi öz vətəndaşları üçün açmırlar", - deyə Arif Yunus pandemiyadan bəri qüvvədə olan quru sərhəd qadağasını xatırladır. – Siz də istəyirsiniz ki, onlar ermənilər üçün sərhədi açsınlar".

Şəklin mənbəyi, AZERTAG
BBC Azərbaycan Xarici İşlər Nazirliyindən, Təhsil Nazirliyindən və Prezident Administrasiyasından bu mətndə sadalanan və sülh prosesinə təsir göstərə biləcək amillər barədə şərh vermələrini xahiş edib, lakin cavab almayıb.
Ermənistan Xarici İşlər Nazirliyi də sorğumuza cavab verməyib.
Uzun və qanlı müharibədən sonra xalqların barışması uzun illər çəkən və çətin prosesdir.
Bu, Balkan ölkələrinin nümunəsində aydın görünür, çünki burada xalqlar 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində baş verən qanlı etnik münaqişələrə baxmayaraq, qonşuluq və ticarət etməyi öyrəniblər.
Eyni zamanda, bir çox travma və fikir ayrılıqları hələ də işlənməmiş və həll olunmamış qalır, o cümlədən öz tarixlərinə kifayət qədər tənqidi yanaşmanın olmaması səbəbindən.
"Barışıq prosesində uğurlardan daha çox uğursuzluq var. Ermənilər və azərbaycanlılar öz formullarını, öz yollarını tapmalıdırlar", - Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunun (Chatham House) Qarabağ üzrə eksperti Laurence Broers deyir.
O, elitaların hazırkı yaxınlaşma prosesini "qeyri-ardıcıl, fasiləli, lakin son vaxtlara qədər hələ də ağlasığmaz" adlandırır.
O, cəmiyyətin bu prosesdə iştirak etməməsinə diqqət çəkir.
"Hərgünkü sülhün elə bir konsepsiyası var ki, orada siz müdaxilə etmirsiniz, ancaq bir-biri ilə qarşılıqlı əlaqədə insanların praqmatizminə güvənirsiniz, - Broers deyir. – Və biz Gürcüstanın Sadaxlo bazarının nümunəsindən bilirik ki, onlara mane olmasalar, ermənilər və azərbaycanlılar çox yaxşı yola gedərlər".



























