Azərbaycan-Ermənistan hökumətləri sülhü inhisaramı alır?

Şəklin mənbəyi, Rusif Huseynov/Facebook
- Müəllif, BBC Azərbaycanca
Azərbaycan və Ermənistan arasında Trump-ın vasitəçiliyilə Washington bəyannaməsi imzalandıqdan bir müddət sonra hər iki ölkənin vətəndaş cəmiyyətləri arasında dialoqlar başlayıb.
Bu dialoqlar Yerevanda, daha sonra isə Bakıda keçirilib.
Görüşlərdə hər iki tərəfdən hakimiyyətə yaxın vətəndaş cəmiyyəti təşkilatları üzvlərinin iştirakı müşahidə olunur. Bəs illərini sülh prosesinə həsr etmiş ekspertlər niyə kənarda qalıb?

Şəklin mənbəyi, Rusif Huseynov/Facebook
BBC-yə danışan bəzi sülh tərəfdarları vətəndaş cəmiyyətləri arasındakı dialoqun sırf hökumətlər arasında razılaşdırılan sülh gündəliyinə əsaslanmasını "sülhü monopoliyaya almaq" cəhdi kimi qiymətləndirirlər.
Uzun illər sülh quruculuğu prosesində ekspert kimi iştirak etmiş və daha sonra "vətənə xəyanət" ittihamı ilə 2014-2016-cı illərdə Azərbaycanda həbs yatmış Rauf Mirqədirov sülh dialoqunda kimlərin vətəndaş cəmiyyətini təmsil etmələrindən asılı olmayaraq, bunu müsbət qiymətləndirdiyini bildirib.
Bununla belə, o deyir ki, hər sahədə olduğu kimi hökumət sülh danışıqlarını da monopoliyaya almağa çalışır.
"Hər iki tərəfdən biz hazırda görürük ki, hakimiyyət bu prosesi öz nəzarəti altına götürməyə çalışır. Azərbaycan cəmiyyətindən fərqli olaraq, Ermənistan cəmiyyətində müxtəliflik var. Azərbaycan tərəfində isə hər şey inhisarlaşıb. Yəni ki, hər şey hakimiyyətdə bir-iki nəfərə bağlıdır, nə desə, o olacaq", - Rauf Mirqədirov BBC-yə deyib.
Yerevan və Bakıda keçirilən görüşdə iştirak etmiş vətəndaş cəmiyyəti nümayəndələri buradakı müzakirələrlə bağlı hələlik ictimaiyyətə təfərrüatlı açıqlama verməyiblər.
Yerevan görüşündən sonra BBC-yə danışan Fərhad Məmmədov deyib ki, tərəflər hələlik detallı açıqlama verməməyi qərara alıb.
Bununla belə o deyib ki, "liderlərin [İlham Əliyev və Nikol Paşinyan – red.] formalaşdırdığı sülh gündəliyinin əsas prinsiplərini paylaşırıq, bölüşürük və dəstəkləyirik".
Ermənistanın hökumət saytı ArmenPress nəşri də vətəndaş cəmiyyətləri arasındakı müzakirələrin "Washington görüşündən sonra formalaşan sülh gündəliyi barədə olacağını" yazıb.

Şəklin mənbəyi, Sosial media
"... hökumətlərin davranışı başadüşüləndir"
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Ermənistan Vətəndaş Cəmiyyəti İnstitutunun direktoru Artak Kirakosyan hesab edir ki, sülh danışıqlarında Ermənistan vətəndaş cəmiyyətini təmsil edən şəxslər hökumət tərəfindən seçilib.
Lakin onun fikrincə, dialoq hələ başlanğıc mərhələdə olduğu üçün hökumətlərin davranışı başadüşüləndir.
"Bu pisdir, ya yaxşı? Hazırda demək çətindir. Çünki vətəndaş cəmiyyətlərinin sərbəst görüşünə mane olan müxtəlif amillər var. İlk məsələ Azərbaycan QHT-lərinin maddi resursları yoxdur. Məhdudiyyətlər səbəbindən onlar xaricdən qrant ala bilmirlər. Ona görə də, hər hansı layihə hazırlamaq, görüşlərə qatılmaq onlar üçün çətindir. Yalnız hökumətin icazə verdiyi şəxslər üçün bu imkanlar var. Belə vəziyyətdə mənə elə gəlir, beynəlxalq təşkilatların prosesə cəlb olunması vacibdir və səmərəliliyi artıra bilər", - Artak Kirakosyan bildirib.
Rəsmi Bakı və Yerevan tez-tez bildirirlər ki, onlar sülh prosesini heç bir vasitəçi olmadan aparmaq niyyətindədirlər.
Elə noyabrın 28-də hər iki ölkənin delimitasiya komissiyalarının Qəbələdə vasitəçi olmadan baş tutan görüşü də tərəflərin bu prinsipə önəm verməsi kimi qiymətləndirilə bilər.
Vaxtilə Qarabağ münaqişəsinin tənzimlənməsində iştirak etmiş ATƏT də dekabrın 4-də verdiyi açıqlamada Bakı və Yerevan arasında vasitəçisiz baş tutan görüşləri "yaxşı xəbər" adlandırıb.
Rauf Mirqədirov isə hesab edir ki, hər iki ölkənin vətəndaş cəmiyyətləri arasında sülh dialoqu paralel şəkildə aparılsa, daha səmərəli olar.
Onun sözlərinə görə, hökumət özünə yaxın olan şəxslərlə yanaşı, müstəqil vətəndaş cəmiyyəti üzvlərinin və tənqidçilərin də prosesə qoşulmasına şərait yaratmalıdır.
"Ola bilsin, tənqidi düşüncəli insanların da mövqeyi hökumətin mövqeyi ilə üst-üstə düşsün. Amma bu ona görə vacibdir ki, cəmiyyət bilməlidir ki, bu insanlar siyasi konyekturanın əsiri deyillər", - Mirqədirov qeyd edib.
"Biz qərar verən şəxslər deyilik"
Vaxtilə "Qarabağ Şurası" adlandırılan bir birlik çərçivəsində erməni həmkarları ilə sülh danışıqlarında iştirak edən hüquq müdafiəçisi Arzu Abdullayeva hazırki prosesdə sülh danışıqlarının monopoliyaya alınması fikri ilə razılaşmır.
O hesab edir ki, indiki sülh dialoqunda iştirak edən şəxslər də bu məsələdə təcrübəsi olan şəxslərdir.
"Nə üçün mən bu prosesi də dəstəkləyirəm. Çünki vətəndaş cəmiyyətləri danışığa gedə bilər, ancaq biz qərar verən şəxslər deyilik. Biz cəmiyyəti hazırlaşdıra bilərik və bunu da edirik", - Arzu Abdullayeva BBC-yə deyib.
Bununla belə, o, sülh prosesində nüfuzu olan şəxslərin, müstəqil qeyri-hökumət təşkilatlarının da prosesə qoşulmasının zəruri olduğunu deyib.
O, fikrini QHT-lərin sülh prosesinə müstəqil və kreativ yanaşması ilə izah edib.
Onun sözlərinə görə, bunun üçün ilk növbədə ölkədəki QHT-lərin müstəqilliyi təmin olunmalıdır:
"Azərbaycanda QHT-lərin vəziyyəti yaxşı deyil. Açıq deyək ki, vətəndaş cəmiyyətinin üzvləri təqib olunur. Mən demirəm ki, sülhpərvərliklə məşğul olanlar, ancaq ümumiyyətlə, jurnalistlər təqib olunur və bu yolverilməzdir. Vətəndaş cəmiyyəti düşmən deyil. Vətəndaş cəmiyyətinin potensialı var və bundan istifadə etmək lazımdır", - Arzu Abdullayeva deyib.
Azərbaycan hökuməti isə bəyan edib ki, ölkədə heç kəs siyasi mövqeyinə və fikirlərinə görə təqib olunmur.
Artak Kirakosyana görə, Ermənistanda qeyri-hökumət təşkilatları daha müstəqildir, hakimiyyət nəzarətindən kənardı və azərbaycanlı həmkarlarında da bu müstəqillik olmasa, bu, sülh prosesinə də təsir göstərə bilər.
Onun fikrincə, iki xalqın arasında real sülhün əldə olunması yolu həm də Azərbaycanın quru sərhədlərini açmasında və sadə insanlar arasında ticarət əlaqələrinin bərpa edilməsindədir.
"Görünən odur ki, hökumətlər hələlik iki xalq arasında bu cür təmasların olmasına hazır deyil. İnsanlar hazırdırlarmı?
Bu sualın cavabı fərdlərdən asılı olaraq dəyişir. Ermənistanda elə insanlar var ki, onlar hazırdırlar, elələri də var ki, onlar belə təmaslara tənqidi yanaşırlar.
Digər çatışmayan məqam odur ki, təəccüblü olsa da, hökumətlər arasında sülh prosesi olduqca sürətlə gedir. Lakin bu proses cəmiyyətlə müzakirə edilmədən, onların reaksiyası nəzərə alınmadan baş verir.
Yəni sülh cəbhəsində hazırda öndə olan hökumətlərdir, vətəndaş cəmiyyətləri deyil", - Artak Kirakosyan bildirib.
Bununla belə, o hesab edir ki, əgər hökumətlər ən qısa zamanda vətəndaş cəmiyyəti ilə yanaşı, hər iki ölkədən olan müstəqil ekspert qruplarının da prosesə cəlb olunmasını təmin edərlərsə, bu xalqlar arasında etimad quruculuğuna müsbət təsir etməklə yanaşı, hökumətlərin sülh prosesini monopoliyaya alması iddialarını da dağıda bilər.







