Sergey Lavrov: “Laçın dəhlizində nəzarət-buraxılış məntəqələrinin yaradılması nəzərdə tutulmur”
Sergey Lavrov: “Laçın dəhlizində nəzarət-buraxılış məntəqələrinin yaradılması nəzərdə tutulmur”

Şəklin mənbəyi, Azərbaycan XİN
Bakıda rəsmi səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Laçın dəhlizində nəzarət-keçid məntəqəsinin yaradılması nəzərdə tutulmur.
O bunu rəsmi Bakının Münhen Təhlükəsizlik konfransında Ermənistanla sərhəddə, o cümlədən Laçın dəhlizində nəzarət-keçid məntəqəsi yaradılması ilə bağlı səsləndirdiyi təklifinə münasibət bildirərkən söyləyib.
Çərşənbə axşamı azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında Sergey Lavrov deyib ki, Laçın dəhlizindən “istisnasız olaraq mülki və humanitar yüklərin və mülki vətəndaşlarının hərəkətinin” təmin olunması vacibdir və onlar da Rusiyanın sülhməramlı kontingentin xətti ilə buna nail olmağa çalışırlar.
“Ancaq dəhlizdən həqiqətən təyinatı üzrə istifadə olunması barədə şübhələri aradan qaldırmaq üçün texniki vasitələrdən istifadə imkanı mövcuddur. Və bu gün biz buna toxunduq, texniki detalların əhəmiyyəti ikinci dərəcəlidir”, - Sergey Lavrov deyib.
Ceyhun Bayramov bildirib ki, Azərbaycan Ermənistanla sərhəddə nəzarət-keçid məntəqəsinin yaradılmas şəffaflığın təmin olunmasına və gərginliyin aradan qaldırılmasına imkan verərdi".
Mətbuat konfransında Avropa İttifaqının Ermənistana göndərdiyi missiyasına toxunan Rusiyanın xarici işlər naziri hesab edir ki, Brüssel Ermənistan və Azərbaycanla münasibətlərindən “sui-istifadə edir”.
"Biz Avropa İttifaqının Ermənistanla, Azərbaycanla münasibətlərindən necə sui-istifadə etdiyini, o cümlədən legitimlik nöqteyi-nəzərindən ciddi şübhə doğuran Ermənistan ərazisindəki qondarma missiyasını həyata keçirməyə çalışdığını, onun funksiyaları, mandatı, müddəti və bu missiyanın Azərbaycan, Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərinə gətirə biləcəyi əlavə dəyər baxımından çoxlu suallar doğurduğunu görürük. Ancaq kimlərlə əməkdaşlıq edib-etməmək tərəflərin suveren seçimidir", - Sergey Iavrov deyib.
Avropa İttifaqı öz uzunmüddətli monitorinq missiyasını fevralın 20-də Ermənistana göndərib.

Şəklin mənbəyi, President.az
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacağına "ümidvar olduğunu" deyib. O, bunu bazar ertəsi Bakıda rəsmi səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə səsləndirib.
Prezident.az yazır ki, İlham Əliyev iki dövlət arasında münasibətlərin nizamlanmasına kömək etməkdə Rusiyanın “xüsusi rolu” olduğunu vurğulayıb.
“Ötən il bu istiqamətdə mühüm səy göstərilib, gələcək sülh müqaviləsinin konseptual xarakterini, məhz iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən sənədlər qəbul olunub. Bu, ötən ilin oktyabrında Praqada və Soçidə qəbul edilmiş sənədlərlə təsdiqlənib. Bu sənədlər sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməldir”, - İlham Əliyev deyib.
Azərbaycan Prezidenti ölkəsinin Cənubi Qafqaza sülhü qaytarmaq üçün Ermənistan tərəfi ilə, “dostumuz və qonşumuz Rusiya tərəfi ilə müsbət və konstruktiv iş aparmaq əzmində olduğunu” bildirib, president az yazıb.
İlham Əliyev bildirib ki, bu bəyannamə mahiyyət etibarilə iki ölkə arasında münasibətlərin “ruhunu və xarakterini, əlaqələrimizin formalaşmış müsbət resursunu əks etdirir, gələcək illərdə qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirir”, -president az yazıb.
Azərtac yazır ki, Rusiya XİN başçısı Sergey Lavrov iki ölkə arasında iqtisadi əməkdaşlığın göstəricisi olan əmtəə dövriyyəsinin rekord səviyyələrə çatmasından və bunun son hədd olmamasından, ölkəsinin Azərbaycanla həm də mədəni əlaqələrin inkişafında maraqlı olmasından bəhs edib.
“Biz rus dilinin dəstəklənməsinə, bunu arzu edən Azərbaycan vətəndaşlarının həm özlərinin rus dilində danışmaları və işdə bu dildən istifadə etmələri, həm də öz uşaqlarına bu imkanı vermələri üçün hər cür şəraitin yaradılmasına görə şəxsən sizin və hökumətinizin diqqətini çox yüksək qiymətləndiririk”, - Sergey Lavrov deyib.
Onun sözlərinə görə, İlham Əliyev rusiyalı həmkarı Putinlə "təkcə ikitərəfli deyil, həm də regional və hətta qlobal xarakter daşıyacaq bir neçə meqalayihənin hazırlanmasını" müzakirə ediblər və “bu layihələrə hər iki ölkənin bir çox tərəfdaşı maraq göstərir”, president.az saytında yazılıb.
Lavrovun səfəri Azərbaycan və Rusiya arasında “Müttəfiqlik qarşılıqlı fəaliyyəti” haqqında bəyannamənin birinci ildönümünə və Münhen Təhlükəsizlik Konfransında Ermənistan və Azərbaycan rəhbərlərinin görüşündən sonraya təsadüf edib.




