İlham Əliyev ABŞ-a "üzüağ" gedir

İlham Əliyev

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Təhlilçilərə görə, İlham Əliyev səfəri öncəsi imicini yaxşılaşdırmağa çağırıb.

Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Washingtonda başlayan Nüvə Təhlükəsizliyi sammitində iştirak edəcək.

O, martın 30-da, Bakı vaxtı ilə 22:50-də ABŞ Dövlət Katibi John Kerry ilə görüşəcək, bu barədə ABŞ Dövlət Departamenti məlumat verir.

Səfərindən öncə, ötən həftə İlham Əliyev amnistiya aktı imzalayıb və Azərbaycanda beynəlxalq təşkilatların "siyasi məhbus" hesab etdiyi 14 nəfər azadlığa çıxıb. Bu həftə isə, insan haqları müdafiəçisi İntiqam Əliyev səhhətindəki problemlərlə əlaqədar şərti azadlığa buraxılıb.

Bu addımı bəzi təhlilçilər prezidentin ABŞ-a səfəri öncəsi, orada soyuq münasibət görməkdən yayınmaq üçün atması ilə izah edirlər.

Azərbaycan insan haqlarının pozulması və prezidentin tənqidçilərinin susdurulmaq məqsədilə həbsə atılması barədə son illərdə beynəlxalq hüquq müdafiəsi təşkilatlarının bəyanatları sərt olub.

İslahata "hazır olmaq"

Azərbaycanda bəzi təhlilçilər hökumətin insan haqlarına dair islahatların keçirilməsinə "hazır olmasına" bir mesaj kimi qəbul edir.

Mehman Əliyev

Şəklin mənbəyi, BBC Azeri

Şəklin alt yazısı, Qeyri-neft sektorunun qurulması üçün azad iqtisadiyyat, azad münasibətlər və məhkəmə aliliyi lazımdır, Mehman Əliyev deyir

Siyasi təhlilçi Mehman Əliyev Azərbaycandakı hazırki iqtisadi durum hökumətin insan haqları sahəsində islahatlara getməyə "məcbur" etdiyini deyir.

"Bu bir mesajdır ki, biz hərəkət edirik. Sizin narahatlığınızı görürük və hesablaşırıq. Bu addımları da atırıq ki, görün biz islahatlara hazırıq", siyasi şərhçi Azərbaycanın bundan başqa çıxış yolu olmadığını vurğulayır.

"Qeyri neft sektorunun qurulması üçün azad iqtisadiyyat lazımdır, azad münasibətlər, məhkəmə aliliyi lazımdır", o əlavə edir.

Politoloq Hikmət Hacızadə isə düşünür ki, insan haqları sahəsində atdığı bu addımlarda Azərbaycan hökuməti "o qədər də səmimi görünmür".

"Bu addımlar yalnız hökumətin öz siyasi və maddi imicini yaxşılaşdırmağa hesablanıb" deyən analitik bunu "borc axtaran" Azərbaycanın daim üzləşdiyi "insan haqları ilə bağlı tənqidlərin" təsiri ilə etməsi ilə əlaqələndirir.

ABŞ konqresində müzakirə olunacaq Azərbaycan rəsmilərinə sanksiyanın tətbiqini nəzərdə tutan layihəni xatırladan siyasi şərhçi ümid edir ki, o istiqamətdə tərəflər arasında danışıqlar aparılacaq və digər "siyasi məhbusların" da azadlığa buraxılması şərti irəli sürülə bilər.

Araz Əlizadə

Şəklin mənbəyi, ITV

Şəklin alt yazısı, Azərbaycan prezidentinin atdığı addımlar Vaşintqon səfərinə hesablanmış hər hansı "siyasi taktika" deyil, "humanist addım"dır, Araz Əlizadə deyir.

"Humanist addım"

Bir həftə əvvəl İlham Əliyevin Washingtona səfər öncəsi Azərbaycandakı vəziyyəti təhlil edən The Economist jurnalı "pulu bitdiyinə görə xarici tənqidçiləri kürü diplomatiyası ilə ələ ala bilməyən prezidentin alternativ olaraq bu addımı atdığını" yazıb.

Millət vəkili Araz Əlizadə isə amnistiya qərarını "insan haqları pozulmayan" ölkənin prezidentinin hər il atdığı "humanist addım" kimi dəyərləndirir.

O,prezidentin atdığı addımların Washington səfərinə hesablanmadığını deyir.

"Azərbaycan müstəqil dövlətdir və prezident bu cür addımları atdıqda xaricdə necə qarşılanacağı onu az maraqlandırır", deyə politoloq qərarların "ədalət göstəricisi" olduğu qənaətdədir.

ABŞ Azərbaycan hökumətinin amnistiya qərarını alqışlayıb və bildirib ki, "insan haqları ilə bağlı fəaliyyətinə görə və ya fundamental hüquqlarından istifadə etdiyi üçün həbsə atıllmış insanları" azad etməklə hökumət müsbət addım atıb.

Son illərdə belə həbslərlə bağlı hüquq müdafiəçilərinin tənqid hədəfinə çevrilmiş Prezident Əliyev ABŞ-a nisbətən "üzüağ" getsə də, Azərbaycanda hələ də bir çox fəallar, siyasətçi İlqar Məmmədov, araşdırmaçı-jurnalist Xədicə İsmayılova həbsdədir.